«Artıq birləşmiş
truppada ögey-doğmalıqdan
söhbət gedə bilməz»
Mübariz Həmidov: «Teatrın
direktoru olduğuma görə hər hansı rejissordan rol istəsəm,
mənə verər. Amma bunu heç vaxt etmərəm…»
Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrı YUNESKO-nun nəzdində
Uşaq və Gənclər teatrları Beynəlxalq
ASSİTECİ-nə üzv olub. Beynəlxalq Təşkilatın
İcraiyyə Komitəsi Fransada keçirilən
qurultayında böyük səs çoxluğu ilə
teatrın ASSİTECİ-in üzvlüyünə qəbul
edib.
Teatr
eyni zamanda bu nüfuzlu təşkilatın Azərbaycan Milli Mərkəzi
elan olunub. Teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov
isə ASSİTEC-in Azərbaycan Milli komitəsinin sədri vəzifəsinə
təyin olunub.
M.Həmidov
qəzetimizə müsahibəsində Milli mərkəzin əsas vəzifələri
barədə danışıb.
Avropaya qapı
- Bu
nüfuzlu təşkilata üzv olmaq çox mühüm
hadisədir. Bizim teatr 1965-ci ildə həmin təşkilatın
üzvü olub. Təşkilata üzv olmaq üçün sənədləri
hazırlayarkən o dövrün arxiv materialları ilə
tanış olduq. Məlum oldu ki, GTT o zaman SSRİ TXİ-nin tərkibində
həmin təşkilatın üzvü olub. Teatrın o
zamankı direktoru Zəfər Nemətov burada Zaqafqaziya
uşaq teatrları ilə bağlı beynəlxalq konfrans
keçirib və orada müxtəlif tamaşalar
oynanılıb. Müstəqillik dövründə isə həmin
təşkilata üzvlük haqqında müraciət olmamışdı.
Keçən il Bakıda I Bakı Beynəlxalq Teatr
Konfransı keçiriləndə biz orada müxtəlif
danışıqlar apardıq. Konfransın əsas təşkilatçılarından
olan Şaiq Səfərov bu təşkilata üzv olmaq barədə
mədəniyyət və turizm nazirinin müavini Ədalət
Vəliyevə təklif verib. Mən həmin təklifi dəstəklədim
və lazım olan sənədlər hazırlanıb təşkilatın
İcraiyyə Komitəsinin baş katibinə göndərildi.
Mayın sonlarında teatrımızın həmin təşkilata
üzvlüyü haqqında xəbər aldıq. Müxtəlif
dövlət qurumları və müəssisələri, həvəskar
kollektivlər və fərdi üzvlər təşkilatın
üzvlüyünə daxildir. Biz də ayrı-ayrı
kollektivləri və üzvləri razılaşdırdıq
və onlar bizim tərkibimizdə həmin təşkilatın
üzvü seçildilər. Daha sonra idarə heyəti təyin
etdik. İlk növbədə bizim teatrın Avropaya
qapısı açıldı. ASSİTECİ-ə üzv
olan xarici ölkə teatrları ilə
qarşılıqlı qastrol səfərlərinin, beynəlxalq
teatr festivallarının və treninqlərin, konfransların,
habelə ustad dərslərin keçirilməsini təşkil
etmək, xarici ölkə teatr mütəxəssislərinin
Azərbaycana dəvət edilməsinə yardımçı
olmaq və s. məsələlər təşkilatın
qarşısında duran işlərdir. Baş katib tərəfindən
bizə təklif gəldi ki, əgər razılıq verəriksə
təşkilatın növbəti qurultayı gələn il
Bakıda keçirilsin. Qurultayın Bakıda keçirilməsi
dövlət səviyyəsində həll olunmalıdır. Mən
onlara dedim ki, gələn il bizdə «Avroviziyon-2012»-nin tədbirləri
keçiriləcək və buna hazırlıq işləri
aparılır. Ola bilsin ki, bu tədbir daha növbəti il
üçün nəzərdə tutulsun. Amma bugünlərdə
təşkilatın bir nümayəndəsi Bakıya səfər
edib. Mərkəzin fəaliyyəti ilə tanış olmaq, həmçinin
ümumiyyətlə, Azərbaycan teatrları haqqında məlumat
əldə etmək fikrindədir. Qeyd edim ki, noyabr ayında
bizdə Beynəlxalq Kukla Teatrları Festivalı keçiriləcək
və olsun ki, onlar noyabrda gəlsinlər. Hazırda işi
hansı istiqamətdə qurmağımız
üçün Nizamnaməni gözləyirik.
- Üç teatrın birləşməsi ilə
başlayan islahatın nəticəsi barədə nə deyə
bilərsiniz? Söz-söhbətlərə son qoyulub deyəsən...
- Bəzən
deyirdilər ki, Kamera Teatrı, Gənclər Teatrı
ayrıca fəaliyyət göstərirdi və öz repertuarları
vardı. Əslində bu fəaliyyət özünü
doğrultmurdu. Çünki heç birinin binası,
maddi-texniki bazası yox idi. İslahat onlara hər cür şəraiti
olan rahat bina, isti salon, təmiz səhnə, müasir texniki
avadanlıq, şəhərin mərkəzində gözəl
bir ünvan verdi. Artıq həmin kollektivlər
uyğunlaşaraq işləyir. Prezident İlham Əliyevin
“Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət
Proqramı çərçivəsində bu məsələlər
pilə-pillə həll olunur. Bu islahatlar həmçinin
insanların şüurunda da aparılmalıdır. Təbii
ki, heç bir sərəncam, əmr və fərman
insanın beynini dəyişmir. Teatr sənətini sevən
adam müəyyən çətinliklərə dözməlidir.
Şekspir dövründən başlayaraq bu günə qədər
teatrlarda həmişə problemlər də, sevincli anlar da
olub. Yaradıcılıq axtarışdır. Bəzən zəif
tamaşa da alına bilir. Bizim teatr ənənəsi olan sənət
ocağıdır. Bu teatrda hansı böyük sənətkarlar
işləməyib? Həmin ənənə bu gün də
davam edir. Cənnət Səlimovanın teatra baş rejissor təyinatını
mən çox düzgün hesab edirəm. Artıq birləşmiş
truppada ögey-doğmalıqdan söhbət gedə bilməz.
Bəzən yazılarda narazılıqla qeyd olunur ki, əsas
rolları Kamera Teatrının artistləri oynayır və
s. Bütün tamaşalarda hər
üç teatrın aktyorları iştirak edir. Hamı
baş rolu oynaya bilməz ki. Hər kəsin qabiliyyətinə
görə rol verilir. Rejissorun da təcrübəsi ondan ibarətdir
ki, o, hər kəsə çəkə biləcəyi qədər
yük verir.
88 aktyorun məşğulluğu
- Nə üçün yaş
senzi aktyorlara şamil edilmir?
-
Yaradıcılıq fərqli sahədir. Aktyor var ki, 70
yaşı var, amma çox yaxşı formadadır. Aktyor var
ki, yaşı 60-a çatmayıb, amma müəyyən xəstəliklərə
məruz qalıb. Bu gün ölkədə ən
böyük truppası olan bizim teatrdır. Hazırda teatrda 88
aktyor çalışır. Onların arasında müxtəlif
yaş təbəqəsinə məxsus aktyorlar var. Bu qədər
adamı məşğul etmək lazımdır. Əgər
sabah truppanın islahatlarını keçirməli olsaq və
yaş, iş prinsipi və s. məsələləri
qaldırsaq, müəyyən aktyorlar bu qrafaya uyğun gəlməyəcək.
Ancaq biz onlara «Müqaviləyə keçin» və ya «Ərizə
yazıb gedin» deyə bilməyəcəyik. Onlar da «Bizə
iş verin, sübut edək ki, normanı niyə
doldurmamışıq» - deyəcəklər. 90-a yaxın
adamı da işlə təmin etmək çətindir. Əslində
bizim teatrda 35-40 işlək aktyor olmalıdır.
- Bir mövsüm ərzində
hazırlanan 7-8 tamaşada bu qədər aktyoru işlə təmin
etmək olurmu?
-
Mövsüm ərzində 8 tamaşa hazırlanıb.
Çalışırıq ki, maksimum dərəcədə
aktyorların hamısı məşğul olsun. Fərqi
yoxdur, kütləvi səhnələr, epizodik rollar, ikinci dərəcəli
rollar olsun. Əgər pyesdə 20 nəfər oynayırsa, bir
o qədər də dublyor olur. Çox hallarda isə biz bir
rola 4 ifaçı da veririk. 4 dublyor tamaşa
üçün qoyulan vaxtın uzanması, əlavə vəsait
deməkdir. Ən realı isə hər obraza iki dublyorun
olmasıdır. Burada məşğulluq nisbətən nəzərə
alınır, həm də aylıq tamaşa ərzində
aktyorun bir problemi yaranacağı təqdirdə dublyor onu əvəz
edir.
- Artıq builki mövsüm sona
yaxınlaşır. İşinizdən razı
qaldınızmı?
- Bu
il təhvil verdiyimiz xalq nağılı «Göyçək
Fatma» məni qane etdi. Tamaşa gözlədiyimdən də
artıq marağa səbəb oldu.
Tamaşaçıların davamiyyəti çox yüksək
idi. Plandan əlavə hazırladığımız Vaqif Əlixanlının
«Əcəl atı» tamaşasını təhvil verdik. Vətənpərvərlik
mövzusunda olan bu tamaşanı 30 dəfədən çox
oynadıq. Tamara Vəliyevanın «Mənim ağ göyərçinim»,
Əli Əmirlinin «Mən səni sevirəm» tamaşası da
çox yaxşı qarşılandı. Biz məhsulu tamaşaçı
üçün hazırlayırıq. Əgər
tamaşaçı razı qalırsa, deməli, iş
alınıb. Bu mövsüm rəy kitabı
hazırlatdım. Tamaşaya baxan, ümumiyyətlə,
teatrın ab-havası haqqında hər kəs ora fikrini
yazmaqda azaddır. Çox adam tamaşadan sonra mənə rəylərini
bildiriblər və bu barədə çoxlu fikirlər də
dərc olunub. Bütün yazılanlar hər dəfə sonu
müzakirə olunur. Sonra müzakirələrin nəticəsini
truppaya da çatdırırıq. Bu, bir növ işimizi
daha yaxşı qurmağa kömək edir.
- Bir çox teatrlar xarici ölkələrdən
rejissorlar dəvət etməklə tamaşalar
hazırlayırlar. Bu layihənin hansı müsbət nəticələri var?
-
İki il öncə bu layihəni biz ilk dəfə həyata
keçirmişik. Belarus teatrından Natalya Başovanı dəvət
etmişdik və o, burada «Şelkunçik»i Azərbaycan dilində
hazırladı. Tamaşanın müsbət nəticəsi o
oldu ki, aktyorlarımızdan tutmuş səhnə maşinistlərinə
qədər hamısı həmin tamaşanın
iştirakçısı oldu. Yeni il şənlikləri ərəfəsində
biz həmin tamaşanı hər gün iki seans oynadıq. Bu, tərtibat etibarı,
mükəmməl aktyor oyunu və rejissor işi ilə teatrımızda
ən ağır tamaşa sayılır. Hazırda
Tumanaşvili adına Teatrın baş rəssamı Şota
Qlurdjidze «Romeo və Culyetta»
tamaşasının tərtibatını, kostyum eskizlərini
və işığını qurmaq üçün teatra dəvət
olunub. Tamaşanın rəqslərini və döyüşləri
qurmaq üçün Rusiyanın Əməkdar incəsənət
xadimi Sergey Qrisayı dəvət etmişik. Bunlar da beynəlxalq
layihələrdir. Bundan əlavə, Ankara Cocuq
Teatrının baş rejissoru Ülviyyə Karaca ilə «Keçəlin toyu» adlı
nağıl-tamaşa hazırlamaq qərarına gəlmişik.
Onunla bərabər bir neçə teatr xadimi də gəlməlidir.
Tamaşa dövlət sifarişi olmalıdır. Bundan əlavə,
çalışırıq ki, bizim rejissorlar da digər
teatrlarda tamaşalar hazırlasınlar. Məsələn,
teatrın quruluşçu rejissoru Nicat Kazımov «Azdrama»da
«Kabuslar» tamaşasını hazırlayır. Nicat Kazımov
Ankarada olarkən onların bir neçə teatrından
tamaşa hazırlamaq üçün dəvətlər
alıb. Ağaxan Salmanlının
Mingəçevir teatrının təmirindən sonra
orada uşaq tamaşası hazırlamağından
ötrü danışıqlar aparılır. 21-ci əsrin
teatrı bir yerdə saya bilməz. Yəqin ki, bundan sonra daha rəngarəng
layihələr reallaşdıracağıq.
Qızıl balığa deyərdim
ki...
- Əgər əlinizdə
böyük imkanlar olsa, teatrınızda hansı intibahı
yaradardınız?
-
Artıq həm dövlətimiz, həm də Mədəniyyət
və Turizm Nazirliyi teatrlara lazım olan şəraiti
yaradır və diqqəti göstərir. İnanın ki, 4 il
bundan əvvəl teatra tamaşaçı gəlmək istəmirdi.
Aktyorlar burada şəraitsizlikdən xəstəlik
tapdılar. Hazırda teatrlarımıza yaradılan şərait
isə bizi daha məsuliyyətli olmağa
çağırır. Əgər dediyiniz qızıl
balıqdan arzu istəsəm ilk
növbədə truppa üçün əlavə bina
xahiş edərdim. Qrim otaqlarımız teatrın 90 aktyorunu
yerləşdirmək iqtidarında deyil. Digər xahişim isə
xarici festivallara gedəndə mürəkkəb quruluşlu
tamaşaları aparmağa köməklik etməsi ilə
bağlı olardı. Bu, böyük vəsait tələb
edir. Güman edirəm ki, zaman gələcək bunlar da həll
olunacaq.
- Bir neçə il bundan əvvəl
sizlə görüşəndə «Aktyor kimi səhnəyə
çıxmaq istəyirsinizmi» - deyə soruşmuşdum onda
cavab vermişdiniz ki, «Əgər mənə münasib rol versələr,
oynayaram». Həmin zaman çoxmu uzaqdadır?
- Təbii
ki, teatrın direktoru olduğuma görə hər hansı
rejissordan rol istəsəm, mənə verərlər. Amma bunu
heç vaxt etmərəm. Əgər tamaşa hazırlayan
rejissor özü hiss edərsə və «Bunu mütləq siz
oynamalısınız» - deyə məni inandıra bilərsə,
onda imtina etmərəm. Sözün düzü, rejissorlar tərəfindən
1-2 dəvət olub. Demişəm ki, mən hələ
hazır deyiləm. Çünki 1999-cu ildən səhnədə
olmamışam. Hələ özümü hazır bilmirəm.
Yaxın zamanlarda əsaslı bir təklif olsa və mən də
özümü hazır bilsəm, yəqin ki,
razılaşaram. Hələlik isə teatrın işləri
çox olduğundan rejissor gəlib desə də imkan yoxdur.
Yaradıcılıq elə bir sahədir ki, ona çox vaxt sərf
etməlisən. Ancaq inanıram ki, o zaman gələcək.
Çünki yaradıcı insanın ürəyində həmişə
o yanğı olur.
Təranə Məhərrəmova
Kaspi.- 2011.- 9 iyun.- S. 12.