Azərbaycanda festival üçün film çəkən rejissorlar
çoxdur
Rəşad Qasımov: “Münsiflər
heyəti kinodakı yeniliyimizi qiymətləndirdi”
Başqırdıstanın Ufa şəhərində
keçirilən “Torpaq
və insan” Beynəlxalq kinofestivalı
başa çatıb.
Azərbaycan, Almaniya, Rusiya, Qazaxıstan, Türkiyə və digər ölkələrin
iştirak etdiyi festivalda audiovizual məhsullar nümayiş olunub. Ölkəmizi festivalda “Bir addım” qısametrajlı
bədii filmi təmsil edib. 2009-cu ildə Mədəniyyət
və Turizm Nazirliyinin keçirdiyi “Bu
meydan, bu ekran” müsabiqəsinin qalib kino layihəsi
kimi istehsal olunan film festivalın “Qısametrajlı bədii
film” nominasiyasında “Ən
yaxşı səs rejissoru işinə görə” diplomuna layiq görülüb.
Filmin prodüseri Rəşad
Qasımov qəzetimizə
müsahibəsində filmin
qazandığı uğurdan
danışıb.
Korluğuna vurulan insan
- Biz filmi festivala qısametrajlı bədii
film kimi təqdim etmişdik. Ancaq film gözləmədiyimiz başqa
bölmədə - “Ən
yaxşı səs rejissoru işinə görə” diplomuna layiq görülüb. Filmin səs rejissoru Rasim Mehdiyev idi. Filmlər
adətən əsas nominasiyalar üzrə təqdim olunur. Daha sonra isə
fərdi göstəricilər
üzrə – rejissor, prodüser, operator, aktyor və aktrisa, səs rejissoru və montaj nominasiyaları üzrə
təqdim olunur.
Festival təşkil olunanda
filmin texniki göstəricilərinə ayrıca
baxılır. Yəqin
təşkilatçılar filmin səsini daha çox bəyəniblər. Biz adətən
filmlərə öz kinoteatrlarımızda baxırıq.
Festivallarda isə böyük kinoteatrlarda texniki göstəriciləri
daha yaxşı qiymətləndirməyi bacarırlar.
- Bu film daha hansı festivallarda iştirak edib?
- Film Serbiyada «Jürinin xüsusi mükafatı», Ukraynada 8-ci İrpen kinofestivalında «Ən yaxşı film” nominasiyasında
ikinci yerə layiq görülüb. Bundan əlavə, ekran əsəri bir çox festivalların konkurs nominasiyasında iştirak
edib.
- Filmin süjeti indiyə qədər iştirak etdiyi festivalların münsiflərində hansı
marağı doğurub?
- Filmin qəhrəmanı Yusif gözlərini itirmiş bir şəxsdir. Onun gözlərini itirməsi
ailəsi üçün
böyük faciə olur. Filmin gedişatı
boyu onun gözünə mələk
qismində bir məxluq görünür.
Bu, onun korluğudur. Filmin ilkin adı
da «Kor və
korluq» idi. Qəhrəman öz korluğuna vurulur. Əgər onun gözləri açılarsa,
o, gözləri qarşısına
gələn həmin məxluqu itirə bilər. Ona görə də gözünün açılmasını
istəmir. Həyat elə gətirir ki, Yusifin gözünün
müalicəsi tapılır
və o, gözlərini
açınca həyat
yoldaşını görür,
həmin məxluqu isə itirir.
Düzdür, korluqla bağlı
çoxlu filmlər çəkilib. Ancaq kiminsə öz korluğuna vurulması kinoda yenilik idi. Münsiflər heyəti elə bunu qiymətləndirib.
Nəyə qadir olduğumuzu
yoxlayırıq
- Prodüser kimi sizin filmdə rolunuz nədən ibarət olub?
- Bizdə prodüser anlayışı bir qədər fərqlidir. Mən filmin rejissoru Fariz Əhmədovla bundan əvvəl bir neçə filmdə işləmişəm. Əgər
pulu bizə nazirlik verirsə, demək biz icraçı
prodüserik. Əgər
nazirlikdən pul almağı bacarmışıqsa,
demək işimizi yaxşı görmüşük.
“Bu meydan, bu ekran” müsabiqəsinə
60 iş təqdim olunmuşdu və yalnız 5 layihə qalib gəldi. Bizim 2 layihəmiz qalib oldu. Bunlar
eksperimental filmlərdir.
Tammetrajlı filmin büdcəsi bir milyon manatdır. Biz isə 30 min manata qısametrajlı film çəkirik.
Üstəlik, bu məbləğdən vergi
də tutulur.
- Onda belə çıxır ki, vəsait çox olacağı təqdirdə, siz tammetrajlı film də çəkmək istəyərsiniz?
- Kino sintetik sənət növüdür.
Film uğurlu da, uğursuz da alına bilər. Elə dahi rejissorlar
olub ki, çəkdikləri bir
film bütün dövrlərin
filmi sayılıb və ondan sonra
heç bir film çəkməyib. Məsələn,
Orson Uellsin “Vətəndaş
Keyn” filmi ən yaxşı film sayılıb.
Ancaq ondan sonra çəkdiyi filmlərə görə
tamaşaçı toplaya
bilməyib. Biz “Bir addım”dan sonra festivallarda uğur qazanan «Miras» adlı film də çəkmişik. Bu filmi
öz vəsaitimiz hesabına başa çatdırdıq. Həmin
film daha çox festivalların qalibi olub.
- Siz filmi çəkəndə
onun yalnız festivala gedəcəyini nəzərdə tutursunuz?
- Film
festival üçün çəkilmir.
Biz ilk növbədə özümüzün
nəyə qadir olduğumuzu yoxlamaq üçün çəkirik.
Əgər özümüzün
nəyə qadir olduğumuzu beynəlxalq festivallarda yoxlayırıqsa,
bu o demək deyil ki, biz festivallar
üçün film çəkirik.
Bu həm də o deməkdir ki, bizim baxışımız,
dünyagörüşümüz xarici auditoriya tərəfindən necə
qəbul olunur. Amma festival üçün
çəkən rejissorlar
Azərbaycanda çoxdur.
Baş tutmayan möcüzə
- Bir rejissor kimi
necə fikirləşirsiniz,
dünya kinosunda möcüzə gözlənilirmi?
- Açığını desəm,
dünya kinosunda möcüzə baş verdi. Ancaq dünya
kinematoqrafiyası tərəfindən
yaxşı qəbul olunmadı. «Avatar» filmi sübut etdi ki, lazım gələrsə, kompyuter
texnologiyalarının köməyi
ilə film yaratmaq olar. Filmin yaradıcı
heyəti bunu bacardı və dünyaya sübut elədi. Ancaq yaxşı ki, bu, uğur qazanmadı.
Yoxsa kinematoqrafiyanın
insanların əlindən
alınıb müasir
texnologiyaların əlinə
verilməsi başlayacaqdı...
Təranə MƏHƏRRƏMOVA
Kaspi.- 2011.- 11-13 iyun.- S.12.