Sevinc
Çılğın. ÇƏRƏNÇİNİN
MƏKTUBLARI
(Hekayə)
“Çoxdandır ki, sənə
yazıb hər şeyi demək istəyirəm. Sənə boşuna ümid verib özümü də,
səni də aldadıram. Əslində təzədən
başlayıb əvvəlki sözləri təkrar etməyin
də mənası yoxdur. Özün də
bilirsən ki, xətrini nə qədər istəyirəm.
Amma sənə ərə gəlməyə bu bəs
eləmir. Bu iş mərhəmətlə-filan olan
şey deyil.
Dayın arvadı bizimkilərə bir-iki aya
qayıdacağını deyib. Hamı səni
gözləyir. Desəm məndən
başqa, üzülüb-eləmə. Yəni
ki, ümidlə qayıdıb yox eşidəcəyini
düşündükcə, daha bir-iki ay da orda qalıb
unutmağını istəyirəm.
Ötən bir-iki görüşün xəyalına
uyub özünü bədbəxt eləmə. Unut məni.
Unut getsin…
Bizimki də gələsidir yaxınlarda. Neynim, unuda
bilmədim. Kənddən xəbər gətirən Fərhad
əminin kiçik oğlu dedi ki, gələn yaza ümid yeri
var. Sözüm ondadır ki, sən də
daha ümid eləmə. Bir parça daş bil
məni, keçib getsin.
Salamat qal!” – təxminən belə bir məktub
yazmaq istəyirdim ona. Gecə vermişdim bu qərarı.
Tənbəllik eləməyib oturub yazdım da.
Ama adi dəftər vərəqi tapa bilmədim.
Əlimi uzadıb stolun üstündəki
salfetlərdən bir neçəsini götürüb
cızmaqara elədim. Soyuducunun səsi əsəblərimlə
oynayırdı. Qazı da söndürməmişdilər.
Bu dəfə tənbəllik edə bilmədim.
Durub bütün səsləri kəsdim. “Cəhənnəmə xərəb olsun ət də,
toyuq da” – bəyəm gecənin bu aləmi başqa şey
düşünmək olardı? Mən də
elə bunu düşündüm. Yerimə
girsəm də, yatmaqdansa qurcalandım. Nənəm
həmişə yuxudan duran kimi uzun-uzadı yuxu
danışardı. Yata bilmədiyi gecələrin
səhərisə “balam, ilan vuran yatdı, mən yata bilmədim
bu gecə” – deyərdi. Yəqin ki, bu gecə
də bütün ilan vuranlar yatmışdı.
Yuxarıda yazdığım qaralama məktubu
başımın altına qoydum. Sonra bir də
açıb oxudum. Sonra bir də
başımın altına qoydum. Qərar verə
bilmirdim – “bunu göndərmək lazımdı, ya yox?!”. Sonra fikirləşdim ki, hələ bir səhər
durum, baxım görüm, sabah da bu fikirdə
olsam, göndərərəm. Deyəsən,
sonra yatmışam ki, daha heç nə yadıma gəlmir.
***
Bu evdə yatmaq zülmdü, zülm. Səhərlə
bir yerdə bizimkilər soyuducunu da açırlar. Çaydanın altı yanır, tava isinməkçün
qazın gözünə qoyulur, mən də
gözümü açıram. Ay yatdun ha bundan sonra…
Bizim evimiz çoxadamlıdır. Adamların hamısına
yer olmasa da, yerlərin hamısında adam
olur. Oturub saysaq, beş-altı ailə
yaşayır bu mənzildə. Qohum
sarıdan korluq çəkmərik. Bəlkə
inandırıcı olmaz, ama yalan deyənin atasına lənət.
Allah verən günün səhərini də,
axşamını da ərə getməkdən başqa elə
də böyük bir arzum olmur desəm, qınanmayım gərək.
Artıq tez-tez düşünməyə
başlamışam ki, mətbəxi yataq otağıyla əvəz
etməyin vaxtı keçir. Yaşım
da yerində dayanmayıb. Birini qapazlayıb
ərə getmək lazımdır. İntəhası…
Bu intəhasız iş ötmür ki, ötmür. Gecələri fəlsəfə doğrayıb,
gündüzləri ona-buna ümid verməyi vərdişə
döndərmişəm artıq. Unutmaq da
biyardır elə bilirsən bu diyarda. Hər axşam…
***
Bizim evin damı srağa gün damıb da qanımızı
qaraltdı.
Düz on beş il bundan əvvəl Qamboy
kişinin əlindən çıxmışdı bu dam.
Kişi elə on beş ilə də zamin
durmuşdu. Ötən günorta atam Qamboy
kişini dartıb yenə gətirdi. Deyir,
çıx dama, bir çarə qıl. Düz
yollarda yanını əyə-əyə yeriyən Qamboy
kişinin bu evin ikinci mərtəbəsinə necə
dırmaşacağını maraqla izləməkdən
ötrü həyətimizdə “ailə üzvlərimizdən
ibarət” mitinq elədik. Yaşı
yetmiş ikini haqlamış bu adamın “dərələrdən
sel kimi, təpələrdən yel kimi” adlayıb evin
damından üzüaşağı baxdığını
görəndə gözlərimiz kəlləmizdə idi.
Atam aşağıdan yuxarı dilləndi:
– Qamboy kişi, evin üstündəki o ceyranı
görürsən?
–
Görürəm, qadası. Noolub ki? –
Qamboy kişi yuxarıdan aşağı.
–
Üstünü yazdığın yadındadı? – aşağıdan yuxarı.
– Həəə,
yaddan çıxarmı, qadası?! – yuxarıdan
aşağı.
– Dəyiş
onu. – aşağıdan yuxarı.
– Nəyi?
Ceyranı? – yuxarıdan
aşağı.
– Yoo. Ceyranın üstündəkini. – aşağıdan yuxarı.
– Niyə,
qadası? – yuxarıdan aşağı.
–
Vaxtı keçib. – aşağıdan
yuxarı.
– Nəyin,
qadası? – yuxarıdan aşağı.
–
Oğlum böyüyüb… – aşağıdan yuxarı.
– Əcəb
eləyib! – yuxarıdan aşağı.
– Daha onun
adını yaz ora. Bu gün-sabah evləndirəsiyik.
Vaxtı çatanda o
da dəyişər…
– aşağıdan yuxarı.
– Bə sənin
adın, qadası, adın illərdi burda yaşayır. Bu yerlərə
baş çəkən
tapılanda Əsədin oğlu Səmədin ceyranlı evi deyib də
itmiş küçələri tapırlar. Deyirsən
indi bələdçilik eləməsin bu ceyranın? – yuxarıdan aşağı.
– Yenə
edər də, nə dəyişir ki. İndi də deyərlər
Səmədin oğlu Əsədin
ceyranlı evi. Zad deyil, babam eləyib –
aşağıdan yuxarı.
Qamboy kişi bir ürəkdən güldü, gəl
görəsən. Atam yenə aşağıdan yuxarı:
– Qamboy kişi, istəyirəm illərlə Əsədin
oğlu Səmədin ceyranlı evi daha Səmədin oğlu
Əsədin ceyranlı evi olsun də.
Gülüşünün axırı dərin bir aha
dönən Qamboy kişinin deyəsən, üzü
qaraldı.
Qamboy kişi yuxarıdan aşağı…
***
İki
gündür evimizin kandarını qanun keşikçiləri
qoruyur kimi görsənsə də, sual-cavab olunmaqdan atam az qala qovacaq onları. Amma birtəhər
dözüb yola verməyi əmim məsləhət bildi ona.
Necə olmasa, bizim həyətin “məhsuludur”
bu “cinayət”. Anam da dünəndən
aylarla qapımızı döyməyən, indi ürəyi
yandığından ah-uf edən qonşularımıza hadisəni
hər nağıl edəndə ağlayır. Deyir –
balamın adını yazaceydi ora. Səmədin
oğlu Əsədin… – daha dalını deyə bilmir.
Kövrəkdi anam…
***
Sabah qardaşım qıza baxmağa gedəcək. Hansı
qıza? Keçən həftə Əhmədin
toy kassetinə baxanda xalamın qonşusunun qızını
göstərdilər ona – o qıza. Deyir, əsilli-nəsilli
qızdı. Atası, anası da
yaxşı adamdı. Bir də
özündən kiçik bacısı var. Səkkizinci sinifdə
oxuyur. Qızın da vur-tut on yeddi
yaşı var. Halal süd əmib. Doqquzuncu
sinifdən çıxarıb evdə oturdublar. Evcanlıdır. Yaxşı
biş-düş bacarır. Qızın
bir eybi var, o da eyibsizliyidir. Anam deyir bizə
də beləsi lazımdı. Deyir, oğlum aydan arı,
sudan durudur. Sabah
qardaşım qızla bir-iki kəlmə kəsməlidir.
Yaxşı kəssə, bir həftəyə
anam, xalam gedib istəyəcəklər. Evimizə gəlin
gələcək…
O gecə
yazdığım məktub vardı ha, səhəri əl-üzümü
yuyanda cırıb atdım. Göndərməyə
ürəyim gəlmədi. Üstəlik qardaşım
da evlənir axı…
***
“Əsədin oğlu Səmədin ceyranlı evindən
o gün əli xonçalı çıxdılar. Deyəsən,
böyük gədəni evləndirirlər. Deyirlər, qız yaxşı yerdəndir” – məhəlləmizin
son günlər ən sevimli söz-söhbətidir. Kim bizlərdən birinə rastlasa, qızın kimlərdən
olduğunu xəbər alır birinci. Anam
öyrədib ki, soruşan olsa, bəy nəslindəndir deyək.
Bizlərdə böyük sözündən çıxmaq
çörəyə təpik atmaq kimi bir şeydi…
***
Telligilə falçı gəlib. Kasaya su
töküb fala baxır. Elə bilirsiz
anam getmədi? Getdi də, gəldi də.
Telli arvadın qonağı deyib ki, evimizdə cadu var.
“Qızıvun bəxtin bağalayıblar” – anam elə
yana-yana dedi ki onun dediklərini. Deyir, həyətimizdə
ağacın altına basdırıblar. Bir-iki
günə gəlib cadunu tapıb
çıxartmalıdır.
***
“Salam. Necəsən? Adətən sevgi
məktubları belə başlamır. Necəsənin
yeri yoxdu, bilirəm. Ama birtəhər
başlamaq lazımdı axı sözə.
Mən qərarımı vermişəm. Ona məktub
yazıb hər şeyi başa saldım. Dedim,
bizimki tutmaz. Dedim, səni unuda bilmirəm – onu yox a, səni.
Dedim, bu qədər mərhəmətli, alicənab olub məni
istəmə. Hamısını dedim. Daha
doğrusu, yazdım. Noolsun?! – göndərə bilmədim. Cavab da almadım…
Qardaşımın toyu oldu. Gələn ayın
14-ü gəlin gətirəsiyik. Hamı
Əsəd oğlu Səmədin ceyranlı evindən
danışır buralarda. Atam hər
şeyi təzələyib. Evimizə gəlin
gələcək axı. Qardaşımın
otağından daşınmışıq. İndi onlarçun hazırlanıb.
Eh…Necə
utanmıram e. Bayaqdan elə özümdən
danışıram. Sən neynirsən? Nə var, nə yox? Anan-bacın?
Hamısı yaxşıdır? Salam söylə. Bəlkə gələn
yay gələ bildik. Bu yay daha
başımız qardaşımın xeyir işinə
qarışdı da. Dayıdostun yaza biz tərəflərə
keçəcəyini dedi…
Nə isə…
Daha bəsdir. Yordum səni
deyəsən, hə?
A-a, yaxşı yadıma düşdü. Qamboy kişi
yadındadı? Keçən ay kişini yola
saldıq o dünyaya. Allah o
dünyasını versin. Bir gün gələn
bir gün gedir də. Neyləməli…
Yaxşı,
Salamat qal!”.
Yox, bunu da göndərmədim. Axşam samovar qaynadanda
kibrit vurdum bu məktuba. Göndərə
bilmədim yenə. Kim bilir, indi
çoxdandı məktub-zad da yazmıram deyə nə
alıb-verir dalımca. Yəqin bibimin
“Qızı yaxşı yerdən istəyirlər”
sözündən sonra nigarançılığı da var.
Amma heyif. Gərək
yazdığımı göndərəydim. Eh… o birisinə
də göndərmədim. Əsgəri bitirməyinə az qalıb. Gələr,
üzünə deyərəm. İndi
ürəyinə salar gədə.
***
Bir kilo düyü işlətdi Telli arvadın
qonağı.
Bəxtimi açdı bu gün. Deyir, bundan sonra qapımızı döyəcəklər.
Ondanmış ki, adımı çəkib
yaxın gələn olmur. Qırıldı tilsim…
***
“Əzizim, Mələk!
Haralardasan? Mən yazmasam, yazmırsan a. Tərsliyimə
salıb daha mən də yazmayacağam a deyəsən.
Ay qız, elə bil buralardan getməmisən heç. Yoxsa qılınc qınından çıxıb
qınını bəyənmir daha?!
Xəbərin olsun ki, bizimki yaz aylarında bura gəlmək
fikrindədir.
Yəqin, məndən ötrü gəlir.
Amma bir kəlmə də olsun yazıb eləmir.
O birini də gözləyirəm – yox deməyə dilim necə gələcək,
bütün günü onu götür-qoy eləyirəm. Evdəkilər də gəlin hayındadırlar.
Əsəd evlənir. Əvvəllər
yenə arada-bərədə mən yada düşərdim, ərdən-zaddan
söz salan olardı. İndi hamı dilini
udub. Mənə söz çatanda ara
qatılır.
Hə, yeri düşmüşkən, Telli arvadın
qonağı gəlmişdi. Bəxt
açanmış. Mənimkini də
açdı, bacı. Deyir, indən belə
qapımız hələ çox döyüləcək.
Deyir, sən də yaxşı-yaxşı
götür-qoy elə. Minindən birini
seç.
Neysə
daha… Uşaqları öp yerimə. De ki, bu yaz xalalarının toyuna gətirəcəksən
onları.
Gülə-gülə…”
***
Səhər duran kimi ilk işim Fərhad əminin
kiçik oğlunu çağırtdırmaq olacaq. Məktubu
konvertə qoyub yola salacağam. Sonra da
Telli arvadın qonağının tapşırdığı
otlardan dəmləyib evin o yan-bu yanına səpməliyəm.
***
Səhər yeməyi süfrədə idi. Əsədə
çay süzürdüm. “Gedim-gəlim
sonra yeyərəm” – deyəndə “Fərhadın oğlu
özü gələcək. Axşam zəng
edib “kənddən məktub var” – deyib – deyə qardaşım
dilləndi. Ürəyim ovcuma
düşdü. Samovarın kranı əlimdə
qaldı. Birtəhər özümü ələ
alıb, Əsədə baxdım. Suala
döndüm.
***
“Hörmətli Səməd kişi və ailəsi!
Sizi
oğlum …..in toy məclisinə dəvət
edirəm.
Məclis
14 sentyabr 2007-ci il saat 17:00-da keçiriləcək.
Ünvan:
Sevinc xeyir evi.
Hörmətlə:
…..”
***
Mələk məktub almadı….
Çılğın Sevinc
Kaspi.- 2011.- 11-13 iyun.- S.15.