“Muğam
Televiziya Müsabiqəsi
- 2011” başa çatdı
Mirələm Mirələmov və Səbinə
Ərəbli müsabiqənin birincisi olub. Məmməd Nəcəfov, Kamilə Nəbiyeva
ikinci, Ariz Hüseynov və Nigar Şabanova üçüncü
yerə layiq görülüblər
“Muğam
bütün dövrlərdə
yaşayıb. Muğam siyasi,
ictimai və iqtisadi durumdan asılı olmayaraq mədəniyyətimizdə
öz yerini qoruyub saxlayıb. Təbiət hər zaman təkrarsız canlandığı kimi, muğam sənəti də
heç bir sərhədlərə
sığışmayan, azad, özü-özündən bəhrələnən
bir sənətdir". Bu fikirləri Heydər Əliyev Fondunun
prezidenti, millət vəkili Mehriban Əliyeva Heydər Əliyev Fondunda
“Azərbaycan muğamı”
multimedia toplusunun və “Muğam aləmi” nəşrinin təqdimat
mərasimində söyləyib. Ölkəmizdə bu qədim musiqi
sənətinə olan diqqət
və maraq gün-gündən artır.
Dövlət başçısının sərəncamı əsasında Beynəlxalq Muğam Mərkəzinin inşası, beynəlxalq müsabiqələrin keçirilməsi, kompakt disklərin hazırlanması, elmi simpoziumların təşkili və eyni zamanda, muğamın YUNESKO səviyyəsində təbliği muğamlarımıza olan marağı daha da artırır, insanların, xüsusilə də, gənc nəslin bu qədim sərvətimizə olan sevgisini dərinləşdirir.
Heydər Əliyev Fondu 2005-ci ildən davamlı olaraq "Azərbaycan muğamları" layihəsini uğurla həyata keçirir. 24 virtuoz muğam ustadının ifaları toplanmış "Qarabağ xanəndələri" musiqi albomu böyük maraqla qarşılanan ilk və uğurlu layihədir. Fond tərəfindən 2008-ci ildə hazırlanmış "Muğam ensiklopediyası" qədim musiqi irsimizin qorunması və inkişafı yolunda sanballı nəşr kimi dəyərləndirilir.
Ölkədə muğam müsabiqələrinin keçirilməsi isə artıq ənənəvi xarakter alıb. Xalq arasında böyük populyarlıq qazanan bu müsabiqələrin auditoriyası təkcə Azərbaycanı deyil 50 milyondan artıq soydaşımızın yaşadığı dünya ölkələrini də əhatə edir. Heydər Əliyev Fondu və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun dəstəyi, Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən və 4 ay davam edən 3-cü Televiziya Muğam Müsabiqəsi muğamlarımıza olan maraq və sevgini bir daha təsdiq etdi. Müsabiqənin keçirildiyi günlərdə bütün türk dünyasının, eləcə də, Avropa və Asiyanın nəzəri doğma Bakıya yönəldi. Layihənin əsas məqsədi öncədən olduğu kimi, qədim Azərbaycan muğamını təbliğ etmək, zəngin muğam məktəbi üçün yeni səslər axtarmaq və gənc ifaçılar üçün potensiallarını tam şəkildə reallaşdırmalarından ötrü şərait yaratmaqdan ibarətdir.
Milli sərvətimiz
Qeyd edək ki, Muğam televiziya müsabiqəsi ilk dəfə 2005-ci ildə keçirilib. “Muğam - 2005” televiziya müsabiqəsi dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun 120 illik yubileyi münasibətilə təşkil olunub və “Azərbaycan Mədəniyyətinin Dostları Fondu” və “Space TV”-nin birgə layihəsi əsasında keçirilib. Müsabiqəsinin qalibləri Təyyar Bayramov, Babək Niftəliyev, İlkin Əhmədov, Pərvaz İbrahimli, Vəfa Orucova, Bəyimxanım Mirzəyeva bu gün muğam sənətimizi layiqincə təmsil edirlər.
İkinci Muğam televiziya müsabiqəsi də 2007-ci ildə Heydər Əliyev Fondunun dəstəyi və “Azərbaycan” Mədəniyyətinin Dostları Fondunun layihəsi əsasında keçirilib. 3 ay davam edən müsabiqəyə bütün bölgələr təmsil olunaraq 160-a yaxın gənc qatılıb. Münsiflər heyətinin yekdil qərarı ilə birinci yerə Elməddin İbrahimov və Güllü Muradova layiq görülüb. “Muğam televiziya müsabiqəsi–2007” qaliblərinin qala-konsertində Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da izləyib. Azərbaycan prezidenti konsertdən sonra səhnə arxasında gənc ifaçılarla görüşüb. Dövlət başçısı: “Muğam bizim milli sərvətimizdir. Azərbaycan xalqının sərvətidir. Bu aylar ərzində bütün Azərbaycan xalqı muğam sənətini daha da dərindən dərk edə bildi. Artıq bu müsabiqə ənənəvi xarakter daşıyır. Əminəm ki, bundan sonrakı illərdə də bu müsabiqə keçiriləcək və beləliklə muğam yaşayacaq, inkişaf edəcək. Artıq əminliklə demək olar ki, Azərbaycanda muğam sənəti özünün yeni bir inkişaf mərhələsinə qədəm qoyub».
Gərgin yarışma
Müsabiqəni milyonlarla tamaşaçı maraqla izləyib. Müsabiqənin mərhələləri həmçinin Bakının ayrı-ayrı rayonlarında, o cümlədən “Qarabağa dəstək” devizi altında Ağcabədi, Horadiz, Xırdalanda keçirilib. Gənc ifaçılar dinləyiciləri gah Məhəmməd Füzulinin, Məmmədhüseyn Şəhriyarın, Əliağa Vahidin və b. şairlərin qəzəllərini həsr olunmuş bir-birindən gözəl, yadda qalan ifalarla, gah Qarabağ şairlərinin qəzəl və şeirlərinə bəstələnmiş muğam və mahnılarla, gah da xalq mahnıları, təsniflərlə məftun etdilər. Müsabiqə həmçinin Xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Ağaxan Abdullayev, Mənsum İbrahimov, Səkinə İsmayılova, Ramiz Zöhrabov və layihə rəhbəri, Əməkdar İncəsənət xadimi Nadir Axundovun iştirakçılara tutduqları irad və nöqsanlarla da yadda qaldı. Dəfələrlə qeyd olundu ki, dünyanın heç bir ölkəsində muğam sənətinə, folklor nümunələrinə bu qədər diqqət və qayğı göstərilmir. Müsabiqə iştirakçılarına öz üzərlərində daha çox çalışmaqları tövsiyə olunmaqla onlar üçün hər cür şərait yaradıldığı da diqqətə çatdırıldı. Müsabiqənin hər mərhələsi iştirakçıların gərgin mübarizəsi ilə yadda qaldı. Yarışmanın şərtlərinə görə, ən az xal toplayan iştirakçı müsabiqənin növbəti mərhələsinə adlaya bilmədi. Bununla belə, onların ifaları da tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. Azərbaycan Televiziyası öz növbəsində onların səslərinin yazılmasına, disklərinin buraxılmasına və s. yardımçı olacaq.
16 həftənin
həyəcanı
Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən “Muğam Televiziya Müsabiqəsi- 2011” layihəsi iyunun 10-da başa çatıb. Müsabiqənin final mərhələsi Dövlət Akademik Milli Dram Teatrında keçirilən möhtəşəm tədbirlə yekunlaşıb. Fevralın 14-dən etibarən 4 peyk vasitəsilə bu mədəni tədbiri 16 həftə ərzində canlı yayımla, Azərbaycan Televiziyası ilə yanaşı, Mədəniyyət kanalı da tamaşaçılara təqdim edib. Bütün dünya tamaşaçıları tərəfindən maraqla izlənilən müsabiqədə 500 iştirakçı arasından seçilən 20 ifaçıdan finala 6 nəfər vəsiqə qazanıb. Münsiflər heyətinin yekdil qərarı ilə müsabiqədə fərqlənən daha 13 iştirakçı diplomlarla təltif olunub. O cümlədən, özünəməxsus ifa tərzi ilə seçilən Mustafa Mustafayev “Tamaşaçı rəğbəti” diplomuna layiq görülüb. Mirələm Mirələmov və Səbinə Ərəbli müsabiqənin birincisi olub. Məmməd Nəcəfov, Kamilə Nəbiyeva ikinci, Ariz Hüseynov və Nigar Şabanova üçüncü yerə layiq görülüblər.
Gecədə bu möhtəşəm musiqi bayramında Azərbaycan muğam sənətinin qorunub saxlanılmasında, təbliğində və inkişaf etdirilməsində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın əvəzsiz xidmətləri xüsusi vurğulanıb.
Estafet etibarlı əllərdə
3-cü Muğam müsabiqəsi də böyük uğurla başa çatdı və bir daha muğamın möhtəşəmliyini hamı üçün təsdiqlədi. Müsabiqə bir daha sübut etdi ki, muğam Azərbaycanda ən sevilən, ən dəyərli musiqi janrlarından biridir. Muğam müsabiqəsi muğamlarımızın etibarlı əllərdə olduğuna bir daha əminlik yaratdı. Heç şübhəsiz, bu gənclər hər zaman muğamımızın təbliği istiqamətində sələflərimizin yolunu uğurla davam etdirəcəklər.
Biz də çoxmilyonlu muğamsevərlərin təbriklərinə qoşularaq müsabiqənin bütün iştirakçılarını, xüsusilə laureatları, uğurları münasibətilə təbrik edirik!
Təranə Məhərrəmova
Kaspi.-2011.- 14 iyun.- S.9.