Ümummilli lider Heydər Əliyevin bir tarixi müsahibəsi 

 

Ulu öndər Moskvadan Vətənə döndükdən sonra verdiyi ilk müsahibədə səsləndirdiyi fikirlər indidə aktuallıq doğurur

 

21  il əvvəl - 1990-cı  ilin iyununda ümummilli lider Heydər Əliyev Moskvada təqib və məhrumiyyətlərə son qoyaraq Azərbaycana qayıdanda onu qarşılayanlar  arasında Saatlı rayonunda çıxan "Dönüş" qəzetinin şöbə müdiri Fəxrəddin Ağamirzəyev də var idi. Xalqımızın böyük oğlu misilsiz quruculuq işləri apardığı Bakıda o vaxtkı rəhbərliyin soyuq və biganə münasibəti ilə üzləşib doğulduğu  Naxçıvan şəhərinə üz tutanda az sonra Fəxrəddin muxtar respublikaya gedərək,   zəmanənin böyük siyasi və dövlət xadimindən geniş müsahibə götürmüşdü. "Dönüş" qəzetinin 23, 25 və 28  avqust 1990-cı il tarixli nömrələrində çap olunmuş bu müsahibə Heydər Əliyevin informasiya blokadasına alındığı, susmağa məcbur  edildiyi bir vaxtda misilsiz bir əks-səda doğurdu. Ulu öndərin Kommunist Partiyası  rayon komitəsinin orqanı olan qəzetdəki bu müsahibəsi respublikada əldən-ələ gəzdi,  adamların diqqətini Naxçıvana yönəltdi. Jurnalist isə "öz xahişi ilə işdən çıxmağa"  məcbur edildi, qərəz və hədə-qorxulara hədəf oldu.

21 il əvvəl rəsmi mətbuata çıxarılmış həmin müsahibə ulu öndər Heydər Əliyevin həyatının ən çətin və məsul dövrlərindən birinə işıq salır, günümüz üçün də aktuallıq daşıyır. 15 iyun - Qurtuluş Günündə ulu öndərin tarixi müsahibəsini "Kaspi"nin oxucularına müəyyən ixtisarlarla təqdim edirik.

 

-Yoldaş Əliyev, Siz söhbətlərinizdə xalqımızı narahat edən Qarabağ haqqında bildirmisiniz ki, Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafında süni yaradılmış məsələləri tez bir vaxtda qaydasına salmaq olardı. Lakin respublikanın keçmiş rəhbərliyi və ittifaq rəhbərliyinin qətiyyətsiz mövqeləri bu məsələni daha da çətinləşdirdi. Söhbət gedir ki, Sizin rəhbərliyiniz dövründə erməni millətçiləri DQMV-ni Ermənistana birləşdirmək məsələsini qaldırmışlar və Siz dərhal onları susdurmusunuz. Mümkünsə bu barədə.

-Bəli, Dağlıq Qarabağ məsələsinin erməni millətçiləri tərəfindən keçmiş dövrlərdə bir neçə dəfə qaldırılması halları olub. Və mən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə rəhbərlik etdiyim dövrdə də erməni millətçiləri tərəfindən, xüsusən Ermənistanda yaşayan erməni millətçiləri və əsasən Dağlıq Qarabağda anadan olmuş adamlar Dağlıq Qarabağın Ermənistana verilməsi məsələsi barədə cəhdlər ediblər. Onlar cürbəcür məktublar yazıb Moskvaya göndərib bu tələbləri irəli sürməyə çalışıblar. Ancaq bu məsələlərin hamısının qabağını o vaxtlarda almağa nail ola bilmişik. Və onların bu niyyətləri, arzuları ancaq məktub yazmaqdan ibarət olub. Ondan o tərəfə keçə bilmirdilər. Mən Mərkəzi Komitəyə rəhbərlik etdiyim dövrdə bu məsələlərə çox ciddi fikir verirdim və Dağlıq Qarabağ Muxtar Vilayətinin həyatı həmişə mənim diqqət mərkəzimdə olmuşdur. Ona görə də orada baş verən lap xırda hadisələr də bizə məlum olubdur. Mən vaxtında bunların haqqında ölçü götürürdüm. Və onların genişlənməsinə mümkünat vermirdim. Buna görə də mən qətiyyətlə demişəm, yenə də deyirəm ki, Dağlıq Qarabağ haqqında 1987-ci ilin ikinci yarısında başlanılan kampaniyanın qarşısını elə o vaxt almaq mümkün idi. 1988-ci ildə də bu problemi həll edib tamamilə Dağlıq Qarabağ məsələsini aradan götürmək mümkün idi. Ancaq çox təəssüf ki, bu sahədə həm Azərbaycan respublikasının keçmiş rəhbərləri, həm də Ümumittifaq rəhbərləri lazımi tədbirlər görməmişlər. Və məhz bunun da nəticəsində Dağlıq Qarabağ məsələsi get-gedə şişmiş, çox əcaib şəkil almış, indi də iki respublika arasında, iki millət arasında böyük ziddiyyət yaranmasına səbəb olmuşdur.

- Dağlıq Qarabağ məsələsi bütün respublikamızın əhalisini ciddi narahat edir, erməni milləti bizim xalqımızı təcavüz vəziyyətinə salır. Bu məsələdə siz çıxış yolunu nədə görürsünüz?

   -Çıxış yolu çox aydındır. Burada sözlə yox, əməllə çıxış yolu axtarmaq lazımdır. Bir sözlə, gərək konkret fəaliyyət göstərilsin. Çünki cürbəcür sözlər, deklorasiyalar-bunlar əyər həyata keçirilmirsə, onda demək çıxış yolu da tapılmır. Çıxış yolu birdir, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz bir hissəsidir. Dağlıq Qarabağ Azərbaycanın tərkibində olub və gələcəkdə də daim olmalıdır və Dağlıq Qarabağda vəziyyəti ancaq bu şərtlə həll etmək olar. Bunun başqa yolu yoxdur.

   -Məlumdur ki, sizin haqqınızda çoxlu şayiələr gəzir. Siz bunları eşidirsinizmi?

   -Bilirsinizmi, şayiələri adətən ayrı-ayrı insanlar yaradırlar. Və bəzən də onları haradansa götürüb uydururlar, heç bir əsası olmadan. Ona görə mən buna belə yanaşıram ki, rəhbər səviyyədə olan şəxslər haqqında həmişə şayiələr yaranıbdır. Mən də uzun müddət Azərbaycan Respublikasının rəhbəri olmuşam. Sonra bir neçə il Moskvada yüksək səviyyədə fəaliyyət göstərmişəm. Odur ki, haqqımda cürbəcür şayiələrin yaranıb yayılması mənim üçün o qədər də təəccüblü deyil. Çünki bu, bəzi insanlara xas olan keyfiyyətdir. Mənim haqqımda böhtanlar olubdur, bu böhtanların bir hissəsi ayrı-ayrı mətbuat orqanlarında dərc olunub, bir hissəsi də ağızdan-ağıza şayiə kimi yayılıb. Mən bunların hamısına, necə deyərlər nifrət edirəm. Çünki bunlar hamısı yalandır, uydurmadır, böhtandır və bu cürə şayiə yayanları mən şəxsiyyətsiz adam kimi qəbul edirəm.

   -Sizin tərəfdarlarınız olduqca çoxdur. Əleyhdarlarınız da var. Onlara sözünüz.

   -Mən tərəfdarlarıma öz minnətdarlığımı bildirirəm. Ancaq əleyhimə olan adamlara isə demək istəyirəm ki, onların heç birisinin ədalətli olaraq mənim əleyhimə çıxmalarına heç bir əsasları yoxdur. Mən əleyhimə söz gəzdirən, fikir söyləyən hər bir adamla görüşüb ona sübut etməyə qadirəm ki, onun mənim haqqımda yaydığı böhtanlar, yaxud da ki, mənim haqqımda pis fikirlərdə olmasına əsas yoxdur. Mən respublikanın rəhbəri olmuşam, özü də həmişə prinsipial mövqe tutmuşam. Xalqın mənafeyi üçün çalışmışam, xalqın hər bir sadə adamının hüquqlarını qorumaq üçün çalışmışam. Və belə bir gərgin, mübariz işdə şübhəsiz ki, ayrı-ayrı adamlar istədiyi mövqelərdən uzaqlaşıblar, bəzən də məsələn, istədiyim niyyətləri həyata keçirə bilməyiblər. Onlar buna görə məndən narazıdırlar. Ancaq onlar özləri-özlərinə ədalətlə yanaşsalar, onlarda özünütənqidi keyfiyyət olsa, onlar bu öz xırda insani hisslərindən bir az yuxarıya baxsalar gərək mənim əleyhimə olmasınlar.

   -Son 70 ildə Azərbaycan tarixində hələ açılmamış səhifələr var ki, bu, xalqımız üçün bir sirdir. Sizin bu barədə sözünüz.

   -Bəli, mən də belə fikirdəyəm ki, Azərbaycan xalqının tarixində hələ açılmamış səhifələr çoxdur. Mən Azərbaycan Respublikasına rəhbərlik etdiyim dövrdə Azərbaycanın tarixi ilə daim maraqlanmışam. Bir çox tarixi məlum olmayan materiallarla arxivdən öyrənib tanış olmuşam, ona görə də Azərbaycanın elə bu 70 illik tarixində açılmayan səhifələrin olduğu mənə hələ indi yox, bir çox illər bundan qabaq da məlum idi. Və bizim işlədiyimiz dövrdə də hələ xalq üçün tamamilə aşkar olmayan faktlar vardır. Azərbaycan respublikasının vəziyyəti, ona olan cürbəcür səviyyələrdə münasibət, bunlar şübhəsiz ki, vaxtilə açılmalıdır. Mən belə güman edirəm ki, vaxt gələcək bunların hamısı açılacaq.

   -Respublikamızın gələcəkdə tam suverenliyinə, onun müstəqilliyinə inamınız varmı? Bu mübarizədə xalqa məsləhətiniz.

   -Mütləq. Azərbaycan Respublikası müstəqil olmalıdır, suverenliyini təmin etməlidir. Ərazi toxunulmazlığını və siyasi, iqtisadi suverenliyini təmin etməlidir və mən buna böyük ümid bəsləyirəm. Belə hesab edirəm ki, buna nail olmaq Azərbaycan xalqının özünün ixtiyarındadır. Azərbaycan xalqı özü buna nail olmalıdır, heç kəs ona belə bir azadlığı verməyəcəkdir.

   -Birinci katib olduğunuz illərdə aşağıların sizi tənqidlərinə münasibətiniz necə olub?

   -Mən həmişə tənqidin və özünütənqidin inkişafı üçün çalışmışam. Heç vaxt mənim fəaliyyətimə tənqidi münasibətə qarşı pis rəftarda olmamışam. Çünki hər bir tənqiddən gərək rəhbər özü üçün nəticə çıxara.

   -Gündəlik rejiminiz necədir?

   - Səhər tezdəndən gecə yarısına qədər xalqla, camaatla görüşmək, söhbət etməklə, cürbəcür suallara cavab verməklə günüm keçir. Mütaliə edirəm, mətbuata baxıram, çoxsaylı yazılar oxuyuram. Bunlarla məşğulam.

   -Əgər həyatınızı yenidən başlamalı olsaydınız yenə də siyasi aləmə girişərdinizmi? Əgər yenə əvvəlki yolu tutsaydınız mövqeyiniz və platformanız necə olardı?

   -Mən çox gənc vaxtlarımdan siyasi işlə məşğul olmuşam. Ona görə də siyasi iş mənim üçün peşə olubdur. Mən belə hesab edirəm ki, (gülür-müəl.) yenidən gənclik dövründən yaşamağa başlasaydım yenə də siyasətlə məşğul olardım. Başqa mən özüm üçün peşə görə bilmirəm. Tutduğum mövqe elə həmin mövqedir. Mən indi müəyyən qədər elə siyasi fəaliyyətə başlamışam. Mövqeyim indi məlumdur hamı üçün. İndi bu günün tələbləri, xalqımızın yeni məqsədləri uğrunda mübarizəsi yolu ilə gedirəm. Mən həyata həmişə dialektik nöqteyi-nəzərdən yanaşmışam. O dövrün siyasi fəaliyyəti bir cür idi. Ancaq indiki dövrün siyasi fəaliyyəti başqa cürdür. Ona görə indi o dövrün üsul-idarəsini, üslubunu indiki dövrə tətbiq etmək fikrində deyiləm. İndi tamamilə başqa cürdür və indiki dövrün tələblərinə uyğun olaraq müəyyən qədər siyasi fəaliyyət göstərirəm.

   -İndiki bu qarışıq zamanda, açıq-aşkar təkləndiyimiz məqamda xalqımıza tövsiyəniz. Əlbətdə, xalqın narahatlığına səbəb amillər Sizə də aşkardır.

   -Gərək indi xalq bütün gücünü, qüdrətini bir yerə toplasın. Xalq üçün ən təhlükəli olan məsələ erməni millətçilərinin Azərbaycana təcavüzüdür. Xalq gərək bax bundan özünü qorusun. Əgər xalq özünü qoruyub suverenliyini, ərazi bütövlüyünü təmin etmiş olsa, başqa məsələlərin hamısı xırda-xırda həll olunacaqdır.

 

 

Kaspi.-2011.- 15 iyun.- S. 6.