“Sənətim
olmasaydı, Allah bilir kimin şilləsinin altında
olardım”
Aktirisa Ülviyyə Əliyeva:”Elə
bil alnıma yazılıb ki, mən həmişə ər üçün
özünü öldürən öldürən
qızı oynamalıyam”
Gənc aktrisa Ülviyyə Əliyeva
tamaşaçılara milli seriallarda oynadığı
rollardan tanışdır. Onun bir qədər
sadəlövh, şən, qayğısız Keyxanımı
və Maralı tamaşaçı diqqətini çəkə
bilib. Modern.az-a müsahibəsində Musiqili
Komediya Teatrının gənc aktrisası özü ilə
bağlı maraqlı məqamlara toxunub. Aktrisa
ilə müsahibəni təqdim edirik.
- Ülviyyə xanım aktrisa olmağı
uşqalıqdan arzulamısınız?
-
Doqquzuncu sinfə kimi həkim olmaq istəyirdim, sonra da iş
elə gətirdi ki, oxuduğum 86 nömrəli məktəbdən
Tolstoy küçəsindəki 1 saylı məktəbə
getdim. Bu dəyişiklik fikrlərimi də dəyişdi.
Artıq 10-cu sinifdə xarici dillərə getmək
fikrindəydim. Xarici dillərə
qarşı çox böyük həvəsim var idi, bəlkə
də məşğul olsaydım, poliqlot olardım. Amma
evimizdəki fotoalbom fikrimi dəyişdi... Şəkillərimə
baxırdım. Bütün şəkillərimdə
səhnədə ya şeir deyirdim, ya da rəqs edirdim. Nə isə çəkirdi məni. Beş yaşından etibarən anam məni Opera və
Balet Teatrına, Rus Dram Tetrına aparırdı. Bütün tamaşalara getmişəm, elə bir
tamaşa olmayıb mən ona baxmayım. Həftənin
üç günü teatrın birinci sırasına
aktyorları yaxından görmək, səhnənin iyini hiss
etmək üçün bilet alırdım, ən çox da
Rus Dram Teatrına.. Artıq
11-çi sinifdə qərara aldım ki, aktrisa olum. Təbii ki, anam qəti etiraz etdi. Anam ümid edirdi ki, mən Xarici Dillərə gedəcəyəm.
Anamın təkidi ilə Xarici Dillər
İnstitutna imtahana getdim. Qəsdən
heç nə yazmadım. Kəsildim.
Bir il anamla, evdəkilərlə mübahisələrlə
keçdi. Anamdan başqa bütün ailə
üzvlərim istəyirdi ki, mən incəsənətə
gedim. Həmin o bir il müddəti məni
ciddi sınaqlara məruz qoydu. Anam mənə dedi ki, “sənə
bir şərtlə aktrisa olmağa icazə verəcəyəm”.
Dedi, “əvvəlcə səni teatra işə düzəldim.
Xoşuna gəlsə, icazə verərəm sənədlərini
İncəsənət Unversitetinə verərsən”. Bilirsinizmi, nəslimizdə incəsənətdə
olan yoxdur. Mən birinci idim. Ona
görə hamıya bir az qəribə gəlirdi
mənim istəyim. Anamın niyyətindən isə
bu yaxınlarda xəbər tutmuşam. Sən
demə anam belə fikirləşib ki, “teatr başdan ayağa
intiriqadı. Qız bu intiriqaları
görüb qorxar fikrini dəyişər, ordan qaçar”.
Sizə deyim ki,
baxmayaraq ki, mən qalmaqal, şou-biznes verlişlərinin
qəhrəmanlarını canlandırıram, amma qətiyyən
qalmaqallı insan deyiləm. Nə isə... Anam
məni Dövlət Gənclər Teatrına işə
düzəltdi. Rəhmətlik
Hüseynağa Atakişiyevin rəhbəri olduğu
teatrın çox gözəl və kiçik kollektivi var
idi. Deyim ki, mərhum Hüseynağa müəllim
sənətdə aktrisa kimi yetişməyim üçün
ilk təməlimi atıb. Orada işləyə-işləyə
sənədlərimi verdim Mədəniyyət və İncəsənət
Universitetinə. Qabiliyyət imtahanlarında xalq artisti
Yaşar Nuri məni yoxladı, dedi “istedadın var”. Beləcə qəbul olundum.
- Teatrda müəllimləriniz kim olub?
- Xalq
artisti Afaq Bəşirqızı mənim sənətdə
müəllimim olub. Dövlət Gənclər Teatrında 3 il, Müsiqili Komediya Teatrında isə
artıq 10 ildir ki, çalışıram. 12
ildir ki, Afaq xanımdan öyrənirəm. Demək olar ki, o mənim sənətdə
anamdır. Sənətdə “atam” isə rəhmətlik
Hüseynağa Atakişiyev olub. Allah
Hüseynağa müəllimə rəhmət eləsin,
çox böyük rejissor idi. Afaq xanıma can
sağlığı versin, Afaq xanım teatrdakı
bütün gənclərə, dəstək olur.
- Teatrda ilk rolunuz hansı olub?
- Dövlət Gənclər Teatrında. İlk kicik
rolum “Tıq-tıq xanım” tamaşasında olub. Burada iki rolu –Tıq-tıq xanımı və
atlını oynayırdım. Böyük
rolum isə Cəlil Məmmədquluzadənin “Ölülər”
tamaşasında olub. Kefli İsgəndərin bacısı Nazlını
oynayırdım. Anam tamaşaya baxdı. Dedi ki, “qızım
istedadın var imiş...”. Ondan sonra mənə
xeyir-dua verdi. “Ölülər”
tamaşası mənim teatra vəsiqəm oldu.
- Niyə məhz Musiqili Komediya
Teatrını seçdiniz? Öz istəyinizlə gəlmisiniz,
yoxsa təsadüf oldu?
- Hələ
İncəsənət Universitetinə qəbul olarkən
Hüseynağa Atakişiyevin məsləhəti ilə
Musiqili komediya aktyoru fakültəsinə daxil olmuşdum. Heç ağlıma gəlmirdi ki, mənim səsim
var. İncəsənət Universitetində bəzi sirlərim
açıldı. Birinci kursda müəllimiz
Yaşar Nuri olub. Sonra işləri ilə
bağlı Yaşar Nuri işdən çıxdı. Bizim kursu Afaq xanıma verdilər. İkinci
kursdan Afaq xanım dedi ki, “Musiqili Komediya Teatrına gəl”. Gənclər
Teatrında üç il işlədiyim
balaca kollektivə öyrəşmişdim, Musiqili Komediya
Teatrına getməyə qorxurdum: böyük kollektiv,
orkestr... Qorxurdum ki, məndə alınmaz,
intriqalar olacaq. Günlərin birində dərsdən
icazə alıb teatra təqdimata getmişdim. Dərslə bağlı sinif nümayəndəsinə
zəng vurmuşdum. Dedi ki, “Afaq xanım dərsdə
elan edib ki, səni “Muzkomediya”ya keçirir”. Dedim “nə
danışırsan, mən istəmirəm, getmirəm”. Çox qorxurdum. Ümumiyyətlə,
riski sevən insan deyiləm. Bir addım
atmaq üçün 100 dəfə fikirləşməliyəm,
milyon insandan məsləhət almalıyam. Çox şükür ona görə də bu
günə kimi həyatda heç bir səhvim olmayıb.
Səhəri günü dərsə gəldim,
öz -özümə “Afaq xanıma deyəcəm ki, mən
istəmirəm, orkestr, böyük kollektivlə işləməkdən
qorxuram” söylədim.
Dərsdə
Afaq xanım dedi ki, “qızım sən keçirirəm
“Muzkomediya”ya”. Bir kəlmə ilə dedim “baş üstə”.
Elə bil dilim-ağzım bağlandı. Dərsdən
çıxıb Hüseynağa Atakişiyevin yanına
getdim. Hüseyağa Atakişiyev “qızım xeyirli olsun, sənin
yerin oradır” deyib, sənədlərini verdi. Rəhmətlik
Hacıbaba Bağırovun yanına gəldim, səndlərimi
qəbul etdi. Hər şey su kimi getdi.
Elə bil belə də lazım idi. Beləcə, Musiqili Komediya
Teatrında işləməyə başladım. Peşman da deyiləm. Bu teatrdan çox şey öyrənmişəm,
çox şükür ki, qorxduğum şeylər
olmadı. Çox mehriban kollektivimiz var.
- Teleşouda
yaratdığınız Keyxanım obarzı
tamaşaçıların rəğbətini qazanb. Deyəsən bu rolla populyar olmusunuz?
- Mənim
işlərimdə
bu günə kimi heç nə planlı şəkildə
olmayıb. Etiraf edim ki, incəsənətə
gələndə arzulamışam ki, populyar olum,
tanınım. Kim istəməz ki?! İnstitut illərində hamını kütləvi
səhnələrə, kiçik çəkilişlərə
dəvət edirdilər. Mən boyu
balaça, yumru bir qız idim. Gözəl görkəmli
qızların fonunda balaca, yumru bir qız... Məni
gec görürüdülər.
Rafael və Coşqunla Gənclər Teatrında
çalışırdıq. “Hərənin öz
payı, öz tayı” filmi çəkilirdi. Rafaelgil də mənim namizədliyimi verdilər ki,
“belə bir aktirisa var, bəlkə yoxlayasanız”.
Rejissor mənə baxdı və dedi ki, “olar”. Film
10 günə çəkildi. Təmtəraqla
Respublika Sarayında təqdimat oldu. 3 gün filmin
premyerası oldu.. Zal
ağzınacan dolu olurdu. Vəssalam, bundan
sonra uzun sürən sakitlik başladı. Beləcə
1 il keçdi. Birdən-birə
filmə elə maraq oyandı, məəttəl qaldım.
Hara gedirdim “aaa Çiçək,
Çiçək” deyə çağırırdılar.
Çiçək obrazında məni “SOY Prodakşn”
gördü, ondan sonra məni “Çal-çağır”
verlişinə Toppuş bacının baldızı olan
Keyxanım obrazına dəvət etdilər. Beləcə
Çiçək obrazı mənə televiziyaya yol
açdı.
- “Aramızda qalsın”
serialında oynadığınız Maral obrazı da diqqət
çəkir. Oynadığınız
Maral obrazından razısınız? “R”-nı
“y” ilə əvəz etmək çətin olmur ki?
- Mən
heç vaxt özümdən razı olmamışam. Hər zaman özümdə nəsə bir səhv
tapıram. Amma deyəsən
tamaşacıların xoşuna gəlir. Çox
çətin olur. Səhər-səhər
çəkilişə gələndə hərdən
çaşıram. Rejissor “stop” deyəndə bilirəm
ki, səhv demişəm. Günün sonuna
doğru öyrənirəm “y” ilə danışmağa.
Evə gələndə başlayıram “y” ilə
danışmağa. “Burda və indi” verlişində
“boxca xəbərləri”ndə çaşıb
”y” deyirəm. Sonra birdən deyirəm ki, mən
niyə “y” ilə danışmalıyam. Bir
məqamı da deyim ki, “y” ilə danışmaq mənə
çox kömək olub. Serialın
çəkilişlərinə başlayanda fikirləşirdim
ki, obrazda nə tapım ki, maraqlı alınsın. Əslində Çiçək, Maral və
Keyxanım bir-birinə çox oxşayır. Çünki ikisində ərə getmək
üçün özlərini öldürürlər.
Bu üç obraz mənim xaraktrerimə ziddir.
Elə bil, alnıma yazılıb ki, mən həmişə
ər üçün özünü öldürən
qızı oynamalıyam. Sonradan “y” bir tapıntı oldu
ki, bir az fərqli obraz yarada bilək.
- Serialın Türkiyədə
uğurla gedən “Çocuqlar duymasın”ın plagiatı
olması barədə ittihamlar səslənir. Sizin bu fikrə
münasibətiniz necədir?
- Bu
serialın ideyası əslində Türkiyəyə məxsus
deyil. Layihə
İngiltərənindir. Ümumiyyətlə, televiziyadan bir az başı
cıxan insanlar bilir ki,
“Milyoncu”, “Kim kimdir”, “Zəif bənd” verilişləri
İngiltərədən gələn proyektlərdir,
Türkiyədə də gedir, Rusiyada da, bizdə də... “Çocuklar duymasın” da istisna deyil. Əvvəl Türkiyə çəkib, Türkiyədən
sonra biz çəkmişik. “Çocuklar
duymasın” ağıllı bir addım atdı, film necə
ildir gedir, artıq reytinqi düşmüşdü. Səhv
etmirəmsə, reytinq cədvəllərində 9 idi və
bizimlə bu qalmaqalları başlandıqdan sonra internetdə
xəbərlər getdi ki, guya bizi məhkəməyə
verdilər, ondan sonra da onların reytinqi qalxdı 13-ə. Bu
bu idi, başqa heç nə yox idi.
“Aramızda
qalsın” serialı başlayanda “Çocuklar duymasın”a
oxşayırdısa, getdikcə, personajlar inkişaf etdikcə,
oxşarlıq itir. Mən özüm də
baxıram. “Çocuklar duymasın”da nə
Əjdər əmi var, nə Dilbər xala. Dilbər xala var, amma həmin Dilbər xala deyil.
Səidə xanıma heç kim çata
bilməz. Türklərdə evin qulluqcusunun hərdən
bir-iki kəlmə replikası ya olar, olmaz. Üstünlük baş qəhrəmanlara verilir.
Amma bizdə rejissorlar elə ediblər ki, istər
Maral, istər Dilbər, Əjdər eyni dərəcədə
üzdədir. Maraqlı olardı ki,
“Çocuklar duymasın”ın hansısa sözləri dillər
əzbəri olsun.
Bu yaxınlarda Firuzla Əjdər əminin dediyi repə
kilip çəkmişdilər. “Tavaxal elə, tavaxıl elə, l
love you my baby”... Dünən axşam çəkilişdən
gəlirəm bir uşaq bunu oxuyur..
İndi Azərbaycanda çəkilən “Aramızda
qalsın” teleserialı tamaşaçılardan gələn rəylərdən
deyirəm ki, “Çocuklar duymasın”dan qat-qat
güclüdür. Çünki, orda Cəsarət, Aslan,
Yeganə, Dilbər, Əjdər də var, Vəfa xanım
Zeynalova çox gözəl oynayır. Kimi görürsən
ən azından “işləyirik,
işləyirik, işləyirik” sözlərini deyir, çox
sözlər dillər əzbəri olubsa, deməli
tamaşaçıların rəğbətini
qazanmışıq. “Aramızda qalsın” daha
maraqlı, daha rəngarəngdir.
- “Çocuklar duymasın”a dəvət alsanız, gedərdiniz? O filmdə bəzi səhnələr
canlı yayınlandı, “Aramızda qalsın”da da belə bir
yenilik ola bilərmi?
- “Aramızda qalsın” daha güclüdür deyə,
getməzdim. Başqa serial olsa, gedərdim. Niyə
güclünü qoyub zəifə gedim. Bu
mənim subyektiv fikrimdir. Ona görə yox
ki, mən bu filmdə oynayıram. Amma
başqa seriallarda oynamaq istəyərəm. Niyə də olmasın. “Çocuklar
duymasın”a bir-iki dəfə baxmışam
darıxdırıcı olub. Təbii ki,
zövqlər müxtəlifdir, bəlkə də kiməsə
maraqlı gəlir.
Deyim ki, eksperimentləri sevirəm.
Hər şey ola bilər, sabah Maral
başını keçəl qırxdırıb efirə
çıxa bilər, o ki, qaldı canlı
yayınlanmağa.
- Oynadığınız Maral və Keyxanım
ailə qurmaq üçün Allah bəndəsi axtarır, bəs
Ülviyyə Əliveya necə?
- İtirmişəm ki, axtarım. Amma hər gənc
qız kimi qismətimi gözləyirəm. Onun da vaxtı, zamanı, Allahın
yazdığı yazı var. Axtarmaqla deyil. Təbii ki, gənc
xanım kimi mən də istəyirəm ki, ailəm,
övladlarım olsun... Öz evimin xanımı
olum.
- Ailə və iş,
seçim qarşısında qalsanız, hansını
seçərdiniz?
- 4 il
bundan əvvəl qətiyyətlə deyirdim ki, mən
heç vaxt ailəmi
sənətimə qurban vermərəm. İndi
də belə fikirləşirəm. Amma 50
%-lə. Çünki,
yaşadıqlarım fikirlərimi dəyişib. İndi mənim karyeram var, əziyyət çəkib
bura kimi gəlmişəm. Həyatda
heç kimə etibar yoxdur. Nə qədər
sevsən də. Elə bir an gəlir
ki, o insan yox olur sənin həyatından. Əgər mənim
sənətim olmasaydı, Allah bilir evin bir güncündə,
kiminsə şilləsinin altında olardım. Ən
azından kiminsə əlinə baxardım. Heç kimə görə mən sənətimi
atmaram. Çünki, vaxt olub mən kiməsə görə,
sənətimə xəyanət etmişəm... Sonda o mənə xəyanət etdi, amma sənətim
yox. Bir müddət qismən sənətdən
uzaq dümüşəm. Bir az da
davam etsəydi, mən sənətdən tamamilə uzaq
düşərdim. Allah elə etdi ki, son
addımda məni o dərədən çıxardı.
Sədaqət SÜLEYMANOVA
Kaspi.-
2011.- 15 iyun.- S. 13.