Orta məktəblərdə
nəsil dəyişməsi necə gedəcək?
Ekspertlərin
fikrincə, təcrübəli yaşlı müəllim təcrübəsiz
gənc müəllimdən məktəb üçün daha
əhəmiyyətlidir
Təhsil
Nazirliyinin açıqladığı siyahıya əsasən,
65 yaşlılarla bağlı yeni qanunun şamil olunacağı
və orta məktəblərdə çalışan təhsil
işçilərinin sayı 17 471 nəfər müəyyənləşdirilib.
Bu gün prosesin yalnız orta məktəbləri əhatə
etməsi təhsil mühitində birmənalı
qarşılanmır.
Azərbaycan təhsilinə
mentor təklifi
Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin proqramlar üzrə direktoru Elmina Kazımzadə hesab edir ki, 65 yaşında müəllimin təqaüdə məcburi şəkildə göndərilməsi üçün ilk növbədə keçid dövrü olmalıdır: ”Məsələn, ucqar rayonları götürsək, ola bilsin ki, ucqar kənd məktəbində cavan müəllim yoxdur. Son dövrdə ancaq 64-65 yaşında olan müəllimə ibtidai sinifdən birinci sinfi götürüb, o da bu sinfi aparacaq. Ucqar rayonda 65 yaşlı müəllimi məktəbdən kənarlaşdırmaq o deməkdir ki, ya yuxarı sinfin müəllimi, ya da kimsə həmin sinfi götürməlidir. Ona görə də bir nəsildən digər nəslə keçid dövrü - peşəkarların arasında müəyyən əlaqələr olmalıdır. Yəni məktəb direktoru, yerli təhsil şöbəsi bilməlidir ki, onun ehtiyat qrupu var, gənclər həmin sinifləri götürə bilərlər. Yeni kadrların cəlbinə hazırlıq görülməli, məktəblər, yerli idarəetmə orqanları təhsil müəssisələrinə gəncləri cəlb etməli, gənc kadrları həvəsləndirməlidirlər”. E.Kazımzadənin sözlərinə görə, beynəlxalq təcrübədə də müəllimin yaşına deyil, onun böyük, zəngin pedaqoji təcrübəsinə üstünlük verilir. Azərbaycanda da uyğun təcrübə əsasında pedaqoji fəaliyyətindən uzaqlaşdırmayaraq yaşlı nəslin təcrübəsindən yararlanmaq olar: ”Bu təcrübəyə əsasən, yaşlı müəllimlər sinif müəllimi kimi dərs yükündən azad edilə bilər. Amma o məktəbdə qalaraq mentor - məsləhətçi kimi çalışmalı, gənc müəllimlərə pedaqoji layihələrin icrasında yardımçı-məsləhətçi kimi işləyə bilər. Amma Azərbaycan təhsilinin indiki vəziyyətində indi də təzə bir mentor vəzifəsini tətbiq etmək çətindir. Mənə belə gəlir ki, buna hazır olmaq lazımdır”.
Yaxşı
müəllimi cəlb etmək üçün icmalardan
gözlənilən təşəbbüs
Gənclərin stimullaşdırılmasına da toxunan direktor kadrlarla bağlı dövlət proqramına yenidən baxılmasını vacib sayır: ”O proqram zənginləşdirilməli, xüsusilə maliyyə məsələlərinə diqqət edilməlidir. Bəzi hallarda isə gələn gənc müəllimlərə yerli orqanlar artıq yer qalmadığını bildirirlər. Ona görə də bu, mərkəzləşmiş şəkildə yox, daha çox yerli icmaların məsuliyyəti olmalıdır. Təşəbbüs və maliyyə də onların əlində olmalıdır. Yaxşı müəllimi cəlb etmək üçün daha çox təşəbbüsü da onlar göstərməlidir. Ola bilər ki, bələdiyyə xüsusi fond yaratsın və ya məktəb öz kəndindən maraqlı ixtisası olan məzunları işə cəlb etsin”.
Ali məktəb müəllimlərinin prosesdən kənar qalmasına gəlincə, xarici təcrübəyə istinad edən E.Kazımzadə zəngin təcrübəli professor, müəllimlərin təzə yaradılan universitetlərə göndərildiyini deyir: ”Onlar üçün orada xüsusi şərait yaradırlar. Məsələn, ona xüsusi bir mükafat verilir, ali təhsildən uşaqlaşdırmayıb onun təcrübəsini tətbiq edirlər”.
“Yaşlı nəsillə
gənc nəsil arasında çox böyük uçurum
var”
“21-ci əsr Təhsil Mərkəzi”nin sədri, fəlsəfə doktoru Etibar Əliyev isə hesab edir ki, yeni qanun orta məktəb müəllimləri ilə yanaşı, ali məktəb müəllimlərinə də şamil olunmalı idi: ”Çünki hər ikisi pedaqoq sayılır. İndiki vəziyyətimizdə bu, qəbul olunmamalı idi. Çünki yaşlı nəsillə gənc nəsil arasında çox böyük uçurum var. 10-15 ildə müəllim olmaq istəyən vətəndaşların sayı xeyli azalıb. Müşahidələrimiz göstərir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi imtahanlarda abituriyentlər müəllim peşəsini demək olar ki, axırıncı yerdə yazırlar. Bunların çoxu qadın cinsindən olanlardır”. E.Əliyev hesab edir ki, 65 yaşdan yuxarı müəllimlərin keçdikləri dərslər keyfiyyət baxımından gənclərin keçdiyi dərslərdən fərqlənə bilər: ”Məsələ ondadır ki, təcrübəli yaşlı müəllim təcrübəsiz gənc müəllimdən məktəb üçün daha əhəmiyyətlidir. Yəni 65 yaşına çatanlar çox ciddi təhsil alıblar və çoxillik pedaqoji təcrübələri var. Çox heyf ki, bizdə yaşlı nəslin gənc nəslə öz təcrübəsini, texnikasını öyrətmək ənənəsi çox zəifdir, bunu inkar etməməliyik”.
“Canlarında sanki bir xof olub ki...”
E.Əliyev
dünyanın heç bir yerində müəllimlər
üçün yaş həddi baryerinin
olmadığını da deyir: ”Fiziki cəhətdən zəifləyən,
pedaqoji prosesdə fiziki imkanları çatmayan müəllimlər
məktəbdə əsasən məsləhətçi vəzifələrini
tuturlar. Öz təcrübələrini bölüşmək,
eyni zamanda gənc nəslin daha yaxşı dərs deməsi
üçün müəyyən məsləhətlər
verirlər. Amma bu gün bizim ali məktəblərdə vəziyyət
həddindən artıq kirtikdir”. E.Əliyev bunu ali məktəblərdə
müəllim heyətinin yaşının əsasən 60-dan
yuxarı olması ilə izah edir: ”Bizdə qəribə bir
tendensiya var. Bu da dünyanın heç bir yerində rast gəlinmir.
Məsələn, 30-40 il kafedra müdiri işləyən
yaşlı insanlar imkan verməyiblər ki, gənclərdən
hansısa elmlər doktoru, alimlik dərəcəsi alsın.
Canlarında sanki bir xof olub ki, gənclər onların yerini
tutacaqlar. Buna görə də kafedralara diqqət yetirsəniz
görəcəksiniz ki, yaşlı nəslə bir az
yaxınlaşan orta nəsildən bir qisim var. Gənclər
isə həddindən artıq azdır”. Bunun digər səbəbləri
təhsilin hər iki piləsində – orta və ali təhsildə
əməkhaqqının həddindən artıq
aşağı, yəni 150 manatdan 350 manata qədər
olması ilə izah edilir: ”İndiki bazar şəraitində
bu əməkhaqqı ilə insanların yaşaması
qeyri-mümkündür. Eyni zamanda, hansısa kredit
götürmək, mənzil və s. kimi məsələlərdə
müəllimlərə heç bir güzəşt yoxdur.
Halbuki sovetlər vaxtı müəllimlər
üçün xeyli güzəştlər nəzərdə
tutulurdu. İnsanlarda bir pessimizm var”.
Müəllim tərbiyəçi
funksiyasından niyə imtina edir?
Vəziyyətdən
çıxış yolu kimi isə müəllim peşəsinə
münasibət, müəllim obrazını dəyişmək
təklif olunur: ”Bu peşəyə gənclərdə həvəsi
artırmaq lazımdır. Bunun üçün isə bir
sıra güzəştlər tətbiq olunmalı, ən
azından maaşlarda əməkhaqqı dəyişiklikləri
olmalıdır. Çox təəssüflər olsun ki,
artıq məktəblərdə qadınlaşma prosesi gedir.
85 faiz kişilər əməkhaqqının az olması
ucbatından məktəbi tərk ediblər. Məktəblərdə
təhsilin keyfiyyətinin aşağı olmasının əsas
səbəblərindən biri elə budur”.
Ekspert az
məvacibin təhsil üçün başqa fəsadlar da
yaratdığını deyir: ”Aşağı əməkhaqqı
görün, hansı əks təsirləri yaradır. Birinci,
müəllimi dərsə çox könülsüz
yanaşır. İkinci, əlavə təhsilə can
atır. Ən ciddi məsələlərdən biri isə
sovet vaxtı müəllimin əməkhaqqı yüksək
olduğundan hər bir müəllim tərbiyəçi
funksiyası daşıyırdı. İndi müəllim
artıq o tərbiyəçi funksiyasından imtina edib. Hətta
müəllimlərin yanında uşaqlar qeyri-etik
davranışlara yol verir, siqaret çəkirlər. Müəllim
ona heç bir reaksiya vermir. Çünki elə mühit
yaranıb ki, müəllimlər həddindən artıq
laqeydləşiblər. Bu, bizim indiki təhsil sistemi
üçün çox pis haldır”. E.Əliyev hesab edir ki,
yaşlı nəsillə gənc nəslin əməkhaqlarında
dəyişikliklər edilməsi mümkün deyilsə, onda
pedaqoji məktəbləri bitirənlərə 5-10 il güzəştlər
olmalıdır. Bu güzəştlər onların müəllim
sənətinə can atmasına kömək edə bilər:
”Əks təqdirdə, bu itkidə yaş fərqi get-gedə
kritik ana qədər özünü büruzə verəcək.
Bu da bizim təhsil sistemimiz üçün çox pisdir. Bu
hal özünü orta məktəblərdə də, ali məktəblərdə
də göstərir. Digər tərəfdən, deyərdim
ki, ən çox pedaqoji ali məktəblər Azərbaycandadır.
Müəllimlər İnstitutunun bütün rayonlarda
filialı var. Azərbaycan Pedaqoji Universiteti, Bakı Dövlət
Universiteti, Gəncə, Naxçıvan Dövlət Pedaqoji
Universiteti pedaqoji kadrlar hazırlayır. Kütləvi olaraq
pedaqoji ixtisaslara tələbə qəbulu həyata
keçirilir ki, bunların da əksər hissəsi müəllim
işləmək istəmirlər. Nəticədə də məktəblərdə
belə uçurum yaranır”.
Həqiqət İSABALAYEVA
Kaspi.-2011.- 15 iyun.- S. 8.