GƏNC
ŞAİR V.Ş.
(Hekayə)
Onun
haqqında xatirələrim bu ilin baharı hüdudundan kəm
olub. Hansısa ədəbi gecələrdən biriydi-antraktdan
istifadə edib bu darıxdırıcı tədbiri tərk
etmək istəyirdim. Lakin binanın pilləkanlarını enərkən
arxamda ayaq səsləri eşitdim və geri çönərkən
ilk dəfə onu gördüm. O, məndən iki pillə
yuxarıda ayaq saxlayıb özünü təqdim etdi:
-Mənim
adım Vasili Şişkovdur. Mən şairəm…
Bu, əsl
rus görkəmli –enli dodaqlı, boz gözlü, gur səsli,
möhkəm bədənli gənc idi.
-Mən
sizinlə bir məsələ barədə məsləhətləşmək
istərdim,- o davam elədi,- mümkünsə, bir vaxt təyin
edib görüşərdik.
Bu
cür təkliflərlə bir o qədər də tez-tez
rastlaşmadığıma görə razılıq verdim və
qərara aldıq ki, sabah o, mənim qaldığım
mehmanxanaya gəlsin.
Ertəsi
gün təyin etdiyimiz vaxt yaxınlaşanda mən
mehmanxananın holluna düşdüm. Bura nisbətən
sakitlik idi. Yalnız qalxıb-enən liftin
xırıltılı səsi eşidilirdi. Küncdə isə
dörd alman qaçqını oturub yeni pasport almaq
qaydalarını müzakirə edirdilər.
Şişkov çox ciddi görkəmdə qapını açıb mehmanxanaya daxil oldu və holla göz gəzdirən kimi məni gördü. Bu an bütün görüşənlərə xas olan şərti və süni təbəssüm onun üzündə peyda olmadı, bu mənim xoşuma gəldi. Mən belə təbəssümdən nədənsə, çox qorxuram. Hərçənd, özüm də bu axmaq adəti hələ tərgidə bilməmişəm.
O, mənim yanımda əyləşən kimi qalın bir dəftər çıxarıb qarşıma qoydu.
-Əvvəlcə gərək ki…- iri gözlərini mənə zilləyib sözə başladı,- sənəd göstərmək lazımdır, düzdür? Hökümət idarəsində mən öz pasportumu göstərdim, lakin sizə şəxsiyyətimi təsdiq etmək üçün yalnız bunu, şeir dəftərimi təqdim edə bilərəm.
Mən dəftəri açdım. Gəncin sərt
və azca sola əyilmiş xəttindən saflıq və
istedad ətri gəlirdi. Lakin nəzərlərim sətirlərin
üzərində gəzişən kimi, ilkin təəssüratım məyusluqla əvəz olundu. Dəhşətli
dərəcədə zəif idilər, istedadsızcasına
yazılmış bu şeirlərə süni allimetrasiya,
bazar cah-cəlalı, savadsız qafiyələrin
bolluğundan sanki qabıq çəkilmişdi. Bu da onun
istedadından çox qafiyəpərdazlığından xəbər
verirdi.
Mövzular barədə heç danışmağa dəyməz. Müəllif ilham pərisinin qarşısına çıxan hər bir şeyi eyni coşqunluqla vəsf edirdi.
Bu şeirləri ardıcıl olaraq oxumaq əsəbi adam üçün əsl işgəncəydi, lakin həmsöhbətim gözlərini mənə zilləyib hər növbəti mütaliə predmetini çox diqqətlə izlədiyinə görə mən hər səhifədə müəyyən qədər yubanmalı oldum.
-Hə, necədi?- Mən oxuyub qurtarandan sonra o, soruşdu. –Məncə, o qədər də pis deyil, hə?
Başımı qaldırıb ona baxdım. Onun yüngülcə parıldayan sifətində heç bir narahatçılıq əlamətləri hiss olunmurdu.
Mən
cavab verdim ki, şeirlər çox pisdir. Şişkov
ağzını marçıldadıb dəftəri
götürdü və cibinə qoydu.
-Bu
yazılar mənim deyil. Daha doğrusu, özüm
yazmışam. Amma elə-belə.
Bu otuz şeirin hamısını mən bu səhər
yaratmışam və sizə deyim ki, qrafomanların ədəbi
məhsullarını təqlid etmək olduqca iyrənc bir
işdir. Lakin mən artıq əmin oldum ki, siz rəhmsiz və
düz danışansınız.
Heç kimin xətrinə dəyməmək
üçün yalandan tərifləmirsiniz. Sizə inanmaq
olar.
Qoltuğundan
daha çox sürtülmüş ikinci bir dəftəri
çıxarıb mənə uzatdı.
-Budur mənim
əsl pasportum. Heç olmasa, bir şeir oxuyun və məncə,
bu artıq kifayət edəcək. Lakin anlaşılmazlıq
olmaması üçün qabaqcadan xəbərdar edirəm
ki, mən sizin şeirlərinizi sevmirəm, qaranlıq və
sakitlik arzu edilən vaxt araya girən
bərk danışıq, yaxud güclü bir işıq kimi
sizin kitablarınız da məni qıcıqlandırır.
Bununla belə, siz sanki sırf fizioloji cəhətdənmi, ya
nədən yazıçılığın hansısa
mübhəm sirrindən, yaxud yazı tablosunun hansısa əsas
rənglərindən xəbərdarsınız. Məncə,
siz malik olduğunuz bu vacib, nadir bilgiləri heçə-puça
sərf edirsiniz. Sanki çox güclü mühərriki olan
idman maşınıyla çoxmilyonlu bir şəhərə
girmisiniz və bilirsiniz ki, bu basırıq küçələrdə
sürəti artırmaq heç cür mümkün olmayacaq.
Lakin yenə
də deyirəm, qeyd etdiyim sirlərə bələd
olduğunuz üçün sizinlə hesablaşmamaq
mümkün deyil. Buna görə də bir işdə sizin
köməyinizə ehtiyacım var. Ondan qabaq isə zəhmət
olmasa, bu dəftərə də göz gəzdirin.
(Boynuma
alıram ki, yaradıcılığımın qəfil və
gözlənilməz xarakteristikası mənə həmsöhbətimin
təşkil etdiyi balaca yalandan daha ədəbsiz
görünürdü. Məni maraqlandıran o idi ki, görəsən
Şişkov bütün xudbin ədəbiyyatçılara
öz kəskin fikirlərini bu cür açıqcasına
bildirir, yoxsa yalnız məni buna layiq görüb? Nəhayət,
qərara gəldim ki, şeirlərlə bağlı bu
uşaqvari fokus həqiqəti öyrənmək istədiyindən
doğduğu kimi, onun öz
yaradıcılığı haqqında fikirlərini
açıq deməsi də yəqin ki, aramızdakı
açıqlığın sərhədlərini genişləndirmək
istəyindən irəli gəlir.)
Parodiyada
daha da genişləndirilmiş
çatışmazlıqların, əyri-əskiklərin əlamətlərini
originalda görəcəyimdən nədənsə qorxdum,
lakin narahatçılığım əbəs imiş. Şeirlər
doğurdan da gözəl idi- ümid edirəm ki, gələcəkdə
bu şeirlər barədə daha ətraflı
danışmağa dəyər.
Mən
şeirlər barədə yüksək fikirlərimi bildirib əlavə
etdim ki, bəzi misralarda heca batıqlığı hiss olunur…
-Bilirsiniz
nə var –Şişkov dedi –Əgər mənim poeziyamı həqiqətən
də boş şey hesab eləmirsinizsə, onda qoy dəftərim
sizdə qalsın. Mənim başıma min cür iş gələ
bilər, həm də hərdənbir çox axmaq fikirlərə
düşürəm. Nə isə… Mən sizin
yanınıza başqa bir məsələdən ötrü
gəlmişəm. Maraqlı bir jurnal təsis etmək istəyirəm,
şənbə günü iclas keçiriləcək və
son qərar qəbul olunacaq. Hərçənd ki, dünyəvi
problemlərin sizi çox da narahat etməsinə inanmıram,
lakin məncə, mənim jurnal ideyam sizi sırf üslub
baxımından maraqlandıra bilər. Onun üçün də
inanıram ki, tədbirimizdə iştirak edəcəksiniz.
Onu da qeyd edim ki, yığıncaqda (məşhur bir
yazıçının adını çəkir)… da və
başqa tanınmış bir sima da iştirak edəcək.
Bilirsiniz, mən elə bir həddə gəlib
çatmışam ki, mütləq daxilimə
yığılan enerjini boşaltmalıyam. Yoxsa başıma
hava gələcək. Mənim artıq otuz yaşım tamam
olmaq üzrədir. Gəncliyimi Balkanlarda və Avstriyada yelə verəndən sonra
Parisə köçmüşəm. Mətbəədə
cildçi, yığıcı işləmişəm, bir
müddət hətta kitabxanada da baş qatmışam,- bir
sözlə, həmişə kitabların əhatəsində
olmuşam. Bununla belə, çox səmərəsiz həyat
yaşamışam. Amma son vaxtlar içimdə elə sərsəm
bir ehtiras oyanıb ki, mən nəsə eləməliyəm,
bu çox əzabverici bir hissdir. Axı siz özünüz
görürsünüz ki, ətrafımızda nə qədər
əclaflıq, iyrənclik peyda olub. Mənim nəsildaşlarım
isə buna heç etiraz da eləmirlər, sanki heç bir
şey görmürlər. Amma mütləq nəsə eləmək
lazımdır, hava-su kimi lazımdır. Məni düzgün
başa düşün, mən camaatı bezdirən
hansısa möhtəşəm, əzəmətli işlərdən
danışmıram. İnsanların hər gün
gördüyü, lakin əhəmiyyət vermədiyi
milyonlarla xırda şeyləri nəzərdə tuturam.
Axı bu xırdalıqlar əslində böyük vəhşiliklərin
rüjeymidir. Misalçün, bu yaxınlarda bir ana öz iki
yaşlı qızını hamam vannasında boğub
öldürüb, hələ üstəlik, isti suyu hədər
yerə boşaltmamaq üçün özü də vannaya
girib çimmişdi. Mətbuat bu barədə
yazmışdı. Axı bu əsl vəhşilikdi!
Şənbə
günü mən onun tədbirinə bir qədər gecikdim və
onun kasıb görünüşlü otağına daxil
olanda artıq dəvət olunanlardan hamısının
yığışdığını gördüm.
Yalnız həmin məşhur yazıçı yox idi. Yerdə
qalanlar isə- yanında qara breloka oxşar qaraqabaq, balacaboy əri
əyləşmiş yekəpər qadın, köhnə pencək
geyinmiş iki cənab və
diribaş bir kürən (bu, deyəsən gənc şairin
dostu idi)- heç biri mənə tanış deyildi. Mən
içəri daxil olandan bir dəqiqə sonra qapı zənginin
səsi gəldi və gənc sevinc içində ayağa
qalxmaq istədi, lakin məlum oldu ki, bu qonşu qapının
zəngiymiş. Başa düşdüm ki, gənc dostum həmin
yazıçının gəlişini səbirsizliklə
gözləyir. Bunu görcək mən səmimi-qəlbdən
arzu elədim ki, o məşhur yazıçı həqiqətən
gəlib çıxsın. Lakin çox gözləsək də
o, gəlib çıxmadı.
Nəhayət,
Şişkov gözləməkdən bezib ayağa qalxdı və
sözə başladı. O, “Zillətin və iyrəncliklərin
icmalı” adlanacaq bu jurnalın ayda bir dəfə xırda
naqislikləri, murdarlıqları əks etdirəcəyini
söylədi. Bundan əlavə, Şişkov qeyd elədi ki,
mənim hesablamalarıma görə, bu cür jurnal maddi cəhətdən
heç vaxt özünü doğrulda bilməyəcək.
Yekəpər
qadının əri pensnesini çıxarıb qeyd etdi ki, əgər
insanların əzab-əziyyət çəkməsinin
qarşısını almaq istəyiriksə, jurnal
üçün nəzərdə tutulan məbləği
ehtiyacı olanlara paylasaq daha yaxşı olar. Jurnalın maddi
təminatı məhz bu cənabın boynunda olduğuna
görə Şişkovun üzərində
narahatçılıq soyuğu hiss olundu,
büzüşdü elə bil.
Bundan
sonra ev sahibinin kürən dostu da ayağa qalxıb
Şişkovun dediklərini daha ətraflı xırdaladı
və mənim rəyimi soruşdu. Mən gənc şair
dostumun üzündəki yazıq ifadəni görüb
proyektin lehinə çıxış etdim.
Bir azdan
dağılışdıq.
Bir
neçə gün sonra o yenə mənim qonağım oldu.
Mənim sualıma Şişkov belə cavab verdi ki, jurnal
ideyası qəbul olunmayıb və o, artıq bu barədə
heç fikirləşmir.
-Mən
sizə ayrı şey demək istəyirdim. – Utancaq bir
sükutdan sonra Şişkov əsas
fikrini açıqladı. – Mən artıq qərara gəlmişəm.
Mənim bu əhvalda olmağımın səbəbi yəqin
ki, sizinçün maraqlı olmaz. Nə lazımdısa mən
sizə yazdığım məktubda demişdim. İndi isə
məsələ daha geniş, daha ümidsizdir. Neçə
müddətdir ki, mən hər şeyi yarımçıq
qoyub itmək, çıxıb getmək barədə
düşünürdüm. Getmək istəyirdim, Afrikaya,
yaxud hansısa başqa müstəmləkə əyalətlərinə.
Lakin sonra fikirləşdim ki, əgər əqrəblərin
və palmaların içində, yağışlı Parisdə
bu fikirlər məni tərk etməyəcəksə, bundan
ötrü Herkules əzabı çəkməyə dəyməz.
Bəlkə Rusiyaya qayıdım?
Yox, bu, alova girmək kimi bir şeydir. Monastramı gedim?
Din mənim nəzərimdə çox
darıxdırıcıdır və mənim gerçəklik
hesab etdiyim aləmi onlar ötəri yuxu sayır. Arabir
ölüm hökmünün icrası… Mənim fikrimsə elə iyrənc
bir şeydir ki, mən heç zaman öz cəlladıma
çevrilə bilmərəm. Deməli, yalnız bir çarə
qalır- əbədi yox olmaq, ərimək…
Bundan
sonra mənə verdiyi dəftəri hələ
saxlayıb-saxlamamağımla maraqlandı və şlyapalı,
makentoş plaşlı bu enlikürək, qamətli gənc
ayağa qalxdı. Bu təmiz, saf, kədərli adama mən nə
cavab verəcəyimi, necə kömək edəcəyimi
bilmirdim, o da məndən nəsə cavab gözləmədən
sağollaşıb çıxdı.
Bir həftədən
sonra mən bir işlə əlaqədar Parisi tərk etdim və
geri dönməyimin elə ilk günündə, küçədə
Şişkovun kürən dostuyla rastlaşdım. O, mənə
çox qəribə bir hadisə danışdı:
Bir ay
bundan əvvəl “Vasya” öz
kiçik əmlakını da qoyub
qəfildən yoxa çıxıb. Polis onun barəsində
heç bir şey öyrənə bilmədi…
Hə, adətən
kriminal romanların müqəddiməsini təşkil edən
bu hadisəylə mən Şişkov barədə hekayəni
bitirirəm. Onun kürən dostundan aldığım cüzi
bioqrafik məlumatları yazıb götürdüm- bəlkə
gələcəkdə gərək oldu. Maraqlıdı,
görəsən o, harda itib-batıb? Ümumiyyətlə,
onun söylədiyi “əbədi
yox olmaq, ərimək” sözlərinin nə mənası ola
bilərdi?
Doğrudanmı
o, bu sözlərlə öz yaradıcılığında əriməyi,
öz şeirlərinin içində yox olmağı və öz
dumanlı şəxsiyyətindən nişanə olaraq
yalnız bu şeirləri saxlamaq istəyirdi? Görəsən,
gənc şair dostum bu “qeyri-adi
məzarın şəffaflığını və möhkəmliyini” düzgün hesablaya bilibmi?
Vladimir Nabokov.
Çevirdi: Kənan HACI
Kaspi.- 2011.- 18-20 iyun.- S.19.