"Onları yol apardı" (Hekayə)
Veysəl
dəli deyildi. Sadəcə, o, yola çıxmaqdan qorxurdu.
Qorxurdu
ki, yol onu aparar. Bu qorxu birdən-birə yaranmamışdı,
səbəbkarı da özü deyildi.
Hər
şey yavaş-yavaş cərəyan etmişdi və
bütün olanlar onun uşaqlıq vaxtlarından
başlamışdı.
Onun iki
yaşı vardı, ancaq, hələ danışa bilmirdi.
Onların
evləri yol kənarında yerləşirdi. Atası evdə
olanda o, gününü atasının dizi dibində,
maşının açarları ilə oynayaraq
keçirirdi. Bu onun xoşuna gəlirdi.
Demək
olar ki, ən sevdiyi məşğuliyyəti elə bu idi.
Atası evə girən kimi, Veysəl işarə
barmağını qaldırar, atası da cibindən
açarları çıxarıb ona verərdi.
Amma, bir
gün atası evə gəlmədi. O gündən sonra da
Veysəl, atasını heç görmədi.
Atası
gedəndən sonra bütün günü anasının ətəyindən
yapışardı. Anası isə Veysələ o gün sadəcə
bir söz demişdi: “Heç vaxt yola çıxma, yol səni
də aparar”.
Həmin
gün Veysəlin və anasının gözünə yuxu
girmədi.
“Yol” onun
öyrəndiyi ilk söz idi. Amma, anası Veysələ
başqa sözlər öyrətməyə
çalışırdı. “Yol” sözünü dilinə gətirməyi
isə qadağan etmişdi.
Anası
inanırdı ki, Veysəlin atasını yol aparıb.
Başqalarına görə isə bu, sadəcə bir
maşın qəzası idi.
Veysəlin
oyuncaqları arasında maşın yox idi.
O, taxtadan
düzəldilmiş oyuncaq heyvanlarla böyüyürdü.
Beş yaşı olanda, yol kənarında uşaqlarla futbol
oynamağa başladı. Amma, meydança kiçik
olduğuna görə top tez-tez yola düşürdü.
Uşaqlar
öz aralarında sözləşmişdilər – top yola
düşəndə onlar növbə ilə topu
götürməyə gedirdilər. Veysəl isə qorxurdu.
Sonralar, futbol oynamadı, heç uşaqlar da onunla oynamaq istəmirdi.
Günlərini
anasının ətəyi dibində keçirdi, taxtadan
düzəldilmiş oyuncaq heyvanlar da onu tək qoymurdu.
Demək
olar ki, həmişə susurdu. Çünki o, ancaq yol və
atası haqda danışmaq istəyirdi. Amma qorxurdu, deyə
bilmirdi.
Hərdən
anasına söz deyirdi, bəzən sual da verirdi. Bir gün
qorxa-qorxa anasına dedi, “Mən yol polisi olacağam”. Anası
isə heç bir cavab vermədi.
Həmin
gün Veysəlin və anasının gözünə yuxu
girmədi.
Daxili
qorxularına qalib gəlmək bir tərəfə qalsın,
o heç qorxuları ilə üzləşmək belə istəmirdi.
Buna
görə də, Veysəl, qışı sevirdi, qarı
sevirdi. Çünki, qar yağanda bütün yolların
üstü örtülürdü.
O öz
qorxuları ilə üzləşmək məcburiyyətində
qalmırdı. Veysəl həyatında bir dəfə qorxularına
üstün gəlmək istəmişdi – yol polisi olmaq istəyəndə.
Məktəbə
gec getdi. Doqquz yaşında birinci sinifə
başlamışdı. Bütün sinif yoldaşları
ondan iki – üç yaş kiçik idi. Veysəl isə
bunun səbəbini bilmirdi.
Bir
gün dərsə gedəndə o, qonşuluqda yaşayan iki
qadının söhbət etdiyini gördü, Veysəl
onların yanından keçəndə isə bir söz
eşitdi, “Anası kimi o da dəlidir, atası, yaxşı
ki, bu dəlilərin arasından canını
götürüb qaçdı”.
Bu
sözü deyəndə qadın ona baxırdı, bunu Veysəl
də görmüşdü.
Evə gələndə
Veysəl anasına heç nə demədi. Amma, axşama kimi
də səbr edə bilmədi.
Sonda maraq
ona qalib gəldi və anasından, səhər qadınlardan
eşitdiyi sözün mənasını soruşdu. Anası
isə heç bir cavab vermədi.
Həmin
gün Veysəlin və anasının gözünə yuxu
girmədi.
Veysəl,
öz sinif yoldaşlarını sevmirdi. Çünki, onlar
Veysəli lağa qoyur, ona dəli deyir, böyük
qırmızı papağını onun başından
çıxarıb bir-birilərinə atırdılar.
O, öz
məktəb yoldaşlarını da sevmirdi.
Hamı
onu əsəbləşdirməyə, dolamağa
çalışır, pilləkanlardan qalxanda ona badalaq
verirdilər.
Veysəl,
ümumiyyətlə, “yoldaş” sözünü sevmirdi,
kökü “yol” olan sözləri sevmirdi...
Müəllimləri
də onu sevmirdi. Çünki, Veysəl dərslərini
yaxşı oxumurdu, daha doğrusu, başa
düşmürdü.
Bunun səbəbi,
onun müəllimlərinə aydın idi – Veysəl əqli cəhətdən
gec inkişaf etmiş uşaq idi, elə bu səbəbdən
də o məktəbə gec başlamışdı.
Onlar bir
neçə dəfə Veysəlin anasına uşağı
məktəbdən çıxarmağı xahiş
etmişdilər, çünki, bunun Veysələ heç bir
xeyri dəymirdi, amma anası Veysəlin məktəbə davam
etməsi üçün müəllimlərə
yalvarmışdı.
Bununla
yanaşı, o, demək olar, hər gün dərsə
gecikirdi. Amma, Veysəlin dərsə gecikməsinin səbəbini
müəllimləri bilmirdi.
Düşünürdülər
ki, o yatıb qalır. Səbəb isə başqa idi və
çox sadə idi: dərsə vaxtında getmək
üçün o, mütləq evin yanındakı
böyük yolu keçməli idi, həyatı boyu
qorxduğu tək məvhumu ayaqlamalı idi.
Anası
ona “Yola çıxma, yol səni də aparar” demişdi. Veysəl
qorxurdu. Buna görə də o, bir neçə kilometr piyada
getməyə məcbur idi.
Çünki
bu yol, evlərindən bir neçə kilometr aralıda torpaq
yola çevrilirdi, uzaqdan baxanda isə heç yola
oxşamırdı.
Veysəl
hər gün kəndin bu tərəfinə gələr, yolun
torpağa çevrilmiş hissəsindən keçər və
yenidən yolun o biri tərəfi ilə geriyə - məktəbə
doğru addımlayardı. Buna görə də, dərsə
gecikirdi.
O bilirdi
ki, müəllimləri onun gecikməyindən şikayətçidirlər.
Bir gün o, anasının yanına gəldi. “Mən yolu kəndin
o biri ucundan yox, elə burdan keçmək istəyirəm” –
dedi. Anası isə heç bir cavab vermədi.
Həmin
gün Veysəlin və anasının gözünə yuxu
girmədi.
Sonra o, məktəbdən
də çıxdı. Bütün gününü yol kənarında
keçirirdi.
O, yol kənarında
böyüdü. Veysəl yolların harada kəsişdiyini,
hansı yolun hara getdiyini dəqiq bilirdi, yol boyu yerləşən
bütün məntəqələrin adları da onun əzbərində
idi.
Yoldan
keçən maşınlar ona yaxınlaşar, söz
soruşar, dəqiq cavablarını alıb ona təşəkkür
edər və yollarına davam edərdilər. Amma, o, hələ
də yola çıxmamışdı.
Qorxurdu
ki, yol onu da aparar.
O
özü çox qəribə insan idi. Qəribə olan bir
şey daha vardı – “yol aparmaq” nə idi? Bunu Veysəlin
özü də bilmirdi, sadəcə qorxurdu.
Qorxurdu
ki, yol onu da aparar. O, bu məsələ haqda çox
düşünmüşdü. Yollar insanı necə
aparır? Yola çıxan insanı küləkmi sovurub
özü ilə aparır? Yoxsa, ayağının
altındakı yolmu insanı özünə çəkir?
Ümumiyyətlə,
yollar insanı niyə aparır? Axı, onun oyun
oynadığı uşaqlar, sinif yoldaşları, məktəb
tanışları da hər gün bu yoldan dəfələrlə
keçirdi.
Yol
onları niyə aparmırdı? Bir dəfə Veysəl
anasından bütün bu sualların cavabını
soruşmuşdu.
Qəribə
olan bir şey daha olmuşdu, bu dəfə anası
susmamışdı. Həmin gecəni Veysəl də,
anası da yaxşı yatmışdılar. Anası
demişdi ki, “Yolu keçə bilən insanlar pis
insanlardı.
Onlar, yolu
ayaqlayır, onu tapdalayır, bəzən tüpürür,
onu aşağılayırdılar. Yollar isə onu sevən
insanları aparır”.
Anası
başqa bir söz deməmişdi. Həmin gün başqa qəribə
bir şey olmadı. O, hələ də, bəzi
suallarının cavabını bilmirdi.
Yollar
insanı necə aparır? Sol ayaq dabanının arxası ilə
sağ ayağının topuğuna vura-vura Veysəl bu haqda
düşünürdü.
Hər
şey öz qaydasında idi, kəndin bütün
uşaqları yolu keçəndə ona sataşır, Veysəl
yola qədər onların arxası ilə qaçır, yola
çatanda dayanırdı.
Sanki, onun
ayağına kəndir bağlamışdılar və bu kəndir
onu yola çıxmağa qoymurdu. Uşaqlar yolun ortasında
dayanıb onu lağa qoyur, hərdən daş da
atırdılar.
Bəzən,
elə olurdu ki, dərsə gedən uşaqlardan ən cəsarətlisi
onun böyük qırmızı papağını
götürüb yola tərəf qaçır, dərsdən
qayıdanda yenidən onun papağını özünə qaytarırdı.
Amma, bütün hallarda məktəbli uşaqlar ondan
qorxurdular.
O isə,
yoldan qorxurdu. Qorxurdu ki, yol onu da aparar.
Həqiqətən
də, onun ayağında bir kəndir vardı, gözə
görünməyən qorxusu onun ayaqlarını
bağlamışdı.
Amma, o istəmirdi
ki, uşaqlar ondan qorxsunlar. O istəmirdi ki, uşaqlar onu
lağa qoysunlar, böyük qırmızı
papağını başından götürüb onu
dolasınlar. Bu haqda anasına da dedi. Qəribə bir şey
olmadı. Anası heç bir cavab vermədi.
Həmin
gün Veysəlin və anasının gözünə yuxu
girmədi.
“Yola
çıxma, yol səni də aparar” – hər gün
olduğu kimi bu gün də evdən çıxanda anası
Veysəl dönə-dənə tapşırdı. “Yola
çıxma, yol səni də aparar”.
Veysəl
dəli deyildi. Sadəcə, o, yola çıxmaqdan qorxurdu.
Qorxurdu ki, yol onu aparar. Bu qorxu birdən-birə yaranmamışdı,
səbəbkarı da özü deyildi.
Hər
şey yavaş-yavaş cərəyan etmişdi və
bütün olanlar onun uşaqlıq vaxtlarından
başlamışdı.
Veysəl
bunu başa düşmüşdü. Onun ürəyi
doğulduğu gündəki kimi pak idi. Heç kəsə
pislik etməmişdi. Amma, uşaqlar hələ də onu
lağa qoyurdular. Sol ayaq dabanının arxası ilə
sağ ayağının topuğuna vura-vura Veysəl bu haqda
düşünürdü. O necə etsin ki, uşaqlar ona
gülməsinlər?
Uşaqlara
baxdı, sonra döndü, özünə baxdı. Tez
ayağını saxladı. Dabanı ilə topuğuna
vurmağı dayandırdı.
Sonra?
Sonra nə fərq var idi? Böyük qırmızı
papağını başından çıxardı, əlində
saxladı.
Başqa?
Başqa nə fərqi vardı? Gülümsədi...
Uşaqlardan başqa fərqi qalmamışdı. Artıq onu
lağa qoymayacaqdırlar, artıq ona gülməyəcəkdilər,
papağını alıb onu dolamayacaqdılar. Axı, o da
onlar kimi idi...
Birdən
Veysəlin üzündəki gülüş yox oldu.
Sanki, kimsə
onun üzündəki gülümsəməni bəyənməmişdi,
gülüşün gözəlliyini
qısqanmışdı və cırmaq atıb onun
dodaqlarından bu məsum gülüşü
qoparmışdı. Bunun səbəbi vardı.
Xarici görünüşcə
o başqa uşaqlardan fərqlənmirdi, amma daxili cəhətdən
tamam ayrı ayrı cür idi – Veysəl, bunu başa
düşməmişdi, səbəb də bu deyildi.
Onun
üzündəki gülüşü itirən səbəb
o idi ki, məktəbin ən dəcəl, ən avara və ən
cəsarətli uşağı, böyük
qırmızı papağını onun əlindən
qapmış və yola doğru
şığımışdı.
Sanki, o
papağı oğurlayan, həm də onun üzündəki
gülüşü də dartıb cırmışdı.
Həmin
an yoldan bir sürətli maşın keçirdi.
Məktəbin
ən dəcəl, ən avara və ən cəzarətli
uşağı bunu görməmişdi, heç başqa
uşaqlar da fikir verməmişdilər, onlar kənardan durub
sadəcə Veysələ gülürdülər.
Həmin
an o maşını görən tək insan Veysəl idi. Veysəl
dərhal onun papağını başından
götürüb yola şığıyan uşağın
arxasınca yola çıxdı, cəld uşağa tərəf
atıldı.
Həmin
gün kənd sakinlərinin gözünə yuxu girmədi.
Hadisə
haqda yeddidən yetmiş yeddiyə kimi – hamı
danışırdı. Hərə bir söz deyirdi.
Hər
şey ani – bir göz qırpımında olmuşdu deyə,
görənlər də dəqiq fikir deyə bilmirdilər. Hərə
bir söz danışırdı. Bu haqda Veysəlin
anasından da soruşurdular.
Onun
cavabı isə hamıya eyni olurdu. “Veysəl uşağı
kənara itələdi, uşağın heç burnu da
qanamamışdı. Amma, oğlumu yol apardı...”
Ölüm
- əbədi yuxudur, deyirlər. Veysəl həmin gün
yatdı.
Amma, o
gündən sonra anasının gözünə yuxu girmədi...
Musa Əfəndi
Kaspi.- 2011.- 18-20
iyun.- S.15.