Yubileyimizi təvazökar formada qeyd edəcəyik 

 

Hidayət Orucov: «Azərbaycanda dini dözümsüzlük meyillərinin qarşısının alınması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib»

 

Yeni Azərbaycanımızın yeni qurumlarından biri də yaranmasının 10 ili tamam olan Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsidir (DQİDK). Qoca tarix gündən-günə sürətlə inkişaf edən ölkəmizin geniş miqyasında bu, o qədər böyük təsəvvür yaratmaya bilər.

 

 Ancaq beynəlxalq aləmdə dövlət-din münasibətlərinin tənzimlənməsinin vacibliyi, incəliyi və aktuallığı, eyni zamanda deyilənlərin fonunda və əlamətdar tarix ərəfəsində Dövlət Komitəsinin Respublikamızın sosial-siyasi həyatında rolu və vəzifələri barədə ətraflı fikir öyrənmək maraqlıdır. Bu məqsədlə Trend Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovla müsahibəni təqdim edir.

- Cənab sədr, icazə verin Sizi rəhbərlik etdiyiniz qurumun kollektivini ilk yubiley əhval-ruhiyyəsi münasibətilə təbrik edim uğurlar arzulayım. Bilirik ki, Siz uzun müddət milli siyasət məsələləri üzrə dövlət müşaviri vəzifəsində çalışmısınız. Dövlət idarəçiliyi sistemində zəngin təcrübəniz var. Milli məsələlərdə dini dəyərlərin xüsusi çəkisi isə çox böyükdür. Həm bu baxımdan, həm də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri kimi belə bir dövlətçilik institutunun yaradılması hansı zərurətdən irəli gəlirdi?

- Təbrikinizə görə təşəkkür edirəm. Öncə qeyd edim ki, ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində Azərbaycan Respublikasında insan hüquqlarının qorunmasına dair qanunvericilik bazası beynəlxalq hüquq normalarına uyğunlaşdırıldı, dövlət-din münasibətlərinin tənzimlənməsi prinsipləri təsbit olundu, dini etiqad azadlığı ilə bağlı normativ hüquqi aktlara riayət edilməsinə nəzarət gücləndirildi, konfessiyalar arasında dözumlülük mühiti genişləndirildi, eləcə də dini-tarixi abidələrimizin tikintisi, bərpası və qorunması istiqamətində mühüm tədbirlər həyata keçirilməyə başlandı.

Beləliklə, beynəlxalq ictimaiyyət tərəfindən də təqdir olunan dövlət-din münasibətləri ənənəsi formalaşdırılmağa başladı. Çox keçmədi ki, həyat belə bir vacib sahənin idarə olunması mexanizmlərinin mərkəzləşdirilməsi ehtiyacını gündəmə gətirdi. Zaman müvafiq mərkəzi icra hakimiyyəti orqanının yaradılması zərurətini aktuallaşdırdı. Həmin illəri yaxşı xatırlayıram. Bölgədə missionerlik fəaliyyətləri, zərərli dini cərəyanların yayılması, bir sıra ölkələrin öz dövlət-din münasibətləri modelini Azərbaycanda tətbiq etmək cəhdləri müşahidə olunurdu. Xarici dövlətlərin ölkəmizdə maraqlarının həyata keçirilməsində din amilindən yararlanmaq istədiklərini qabaqcadan duyan ulu öndər Heydər Əliyev dini məsələlərə böyük uzaqgörənlik və həssaslıqla yanaşaraq, vətəndaşlarımızın dini məsələlərilə yaxından məşğul olacaq mərkəzi icra hakimiyyəti orqanının yaradılmasını vacib saydı. Ona görə də Prezident Heydər Əliyev 21 iyun 2001-ci ildə Dövlət Komitəsinin yaradılması barədə fərman imzaladı və Dövlət Komitəsinin qarşısına Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinin həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması, dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarına riayət olunmasına nəzarətin təmin edilməsi, dini qurumların dövlət qeydiyyatına alınması, zərərli təriqətlərin fəaliyyətinə son qoyulması digər vəzifələr qoydu.

Beləliklə, dövlət-din münasibətlərini tənzimləyən hökumət üzvü statusunda mərkəzi icra hakimiyyəti orqanı MDB ölkələri arasında ilk dəfə məhz Azərbaycanda yaradılmışdı. Sonradan MDB-nin digər ölkələri, eləcə də bir sıra Avropa ölkələri Azərbaycanın təcrübəsindən yararlanaraq bu tip dövlət qurumları təsis etməyə başlamışdılar. Qısa formatda şərh etdiyim məsələlər çərçivəsində də aydın görünür ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bilavasitə ulu öndərimizin yadigarıdır.

- On il o qədər də böyük zaman ölçüsü olmasa da, müstəqilliyini yenidən bərpa edən gənc dövlət üçün az da deyil. Dövlət Komitəsi bu yolu necə keçib? Necə deyərlər, "iki beşilliyi" necə xarakterizə edərdiniz?

- Təəssüf ki, Dövlət Komitəsi ilk illərdə qarşıya qoyulan vəzifələri yerinə yetirmədi, hətta çoxlu səhvlərə yol verdi. Dövlət-din münasibətlərinin tənzimlənməsi, ölkədə din sahəsində mövcud problemlərin aradan qaldırılması, zərərli dini təriqətlərin fəaliyyətlərinin qarşısının alınması istiqamətində zəruri tədbirlər həyata keçirilmədi. Dini icmaların qeydiyyatı üçün təqdim olunmuş sənədlərə obyektiv yanaşılmadı, müəyyən maraqlar güdüldü, dindarların fəaliyyətinə süni əngəllər yaradıldıbu da, öz növbəsində ölkədə dini sabitliyin bərqərar olmasına və dini qurumların fəaliyyətində neqativ halların baş qaldırmasına ciddi mənfi təsir göstərmişdi. Həmin dövrdə Dövlət Komitəsinin rəhbərliyi mövcud problemləri həll etməkdənsə, görüntü yaratmağa, əsassız ittihamlar irəli sürməyə, sensasiya məqsədi daşıyan müsahibələr verməyə və Qafqaz Müsəlmanları İdarəsinin nüfuzunu aşağı salmağa çalışırdı. Yeni yaranmış Dövlət Komitəsinin kollektivi, əsasən qeyri - mütəxəssislərdən təşkil olunmuşdu daxildə sağlam işgüzar mühit yaradılmamışdı. Belə olduğu halda hansı səmərəli fəaliyyətdən söhbət gedə bilərdi? Lakin o vaxtlar yol verilmiş ən böyük səhvlərdən biri icmalardan hüquqi ünvan kimi dini ibadət yerlərinin deyil, şəxsi evlərin göstərilməsi tələbi idi. Sonralar bu səriştəsizlik dini fəaliyyət sahəsində ciddi problemlər yaratmışdı...

- Bəs bu gün vəziyyət necədir? Azərbaycanda dövlət-din münasibətlərinin mövcud səviyyəsini necə dəyərləndirərdiniz?

- Öncə qeyd edim ki, hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət-din münasibətlərində dövlət siyasətini uğurla davam etdirir, onun beynəlxalq hüquq normalarına uyğun tənzimlənməsi, ölkədəki tolerantlıq mühitinin qorunub saxlanması, böyük tarixə malik dini məbədlərimizin bərpası istiqamətində ardıcıl tədbirlər həyata keçirir.

Milli-mənəvi dəyərlərimizin qorunması, tarixi-mədəni abidələrimizin bərpası istiqamətində YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu məqsədyönlü işlər görür. Bu gün Dövlət Komitəsində çevik işlək fəaliyyət mexanizmi mövcuddur. Keçmişdən qalmış problemlər həll olunmuş, ciddi nöqsanlar aradan qaldırılmış, beləliklə, bu sahədə gedən proseslərin dövlət tərəfindən tənzimlənməsində və dini maarifləndirmə işinin aparılmasında yeni mərhələ başlamışdır. Buna görə bəzi "dindarların" Dövlət Komitəsinin milli-dini adət-ənənələrə qarşı mübarizə apararaq onları cəmiyyət arasından sıxışdırıb çıxarmaq siyasəti apardığı barədə fikir formalaşdırmağa cəhd göstərmələri çox yersiz ədalətsiz görünür. Qanun çərçivəsində fəaliyyət göstərmək, əsrlər boyu formalaşmış həyat tərzinin, davranış qaydalarının tələbləri ilə yaşamaq həvəsini qoruyub təbliğ etmək nə vaxtdan yanlışlıqdır? Belə dardüşüncəliliklərə rəğmən bütövlükdə vətəndaşımız bizi dəstəkləyir, dünyəvi dəyərlərlə yaşamağa üstünlük verir. Cəmiyyətdə belə bir sağlam mövqenin formalaşmasında Respublikamızın digər qurumları ilə birlikdə Dövlət Komitəsinin də əməyi vardır.

Dini təsisatların qeydiyyatı ilə bağlı müraciətlərə operativ baxılaraq, müvafiq qərarlar qəbul edilmişdir. Son beş ildə həyata keçirilən əsas tədbirlərdən biri şəhərya rayon icra hakimiyyəti başçıları yanında fəaliyyət göstərən Dini işlər üzrə komissiyaların fəaliyyətinin yenidən qurulması olmuşdur. Dövlət Komitəsinin tövsiyəsi ilə yerlərdə yaradılmış həmin komissiyalar yeni planına və təlimata uyğun fəaliyyət göstərir və onların digər dövlət orqanları ilə əlaqəli işi uğurla koordinasiya edilir.

Yeni iş forması kimi 2007-ci ildə Dövlət Komitəsi sədrinin yanında təşkil olunmuş və üzvləri ölkəmızın əsas dini konfessiya rəhbərlərindən ibarət Məşvərət Şurasını qeyd etmək istərdim. Şura müntəzəm olaraq toplaşır, dinlərarası dialoq üslubunda qarşılıqlı anlaşma hörmət məsələləri müzakirə edilir, din sahəsində sabitliyin təmin olunması məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi barədə məsləhətləşmələr aparılır, dindarlar arasında radikal, ekstremist meyillərin, o cümlədən dini duruma neqativ təsirlərin aradan qaldırılması istiqamətində formaları nəzərdən keçirilir. Dövlət Komitəsindəki keyfiyyət dəyişikliyini son illər burada aparılan kadr siyasəti ilə də əlaqələndirərdim. Belə ki, əsasən yerli ali təhsil müəsislərində ilahiyyatçı ixtisasına yiyələnmiş mütəxəssislər, dinşünaslar işə cəlb olunmuş, etimadı doğruldan, yüksək dini biliyə malik mütəxəssislərin dövlət qulluqçusu kimi formalaşması üçün lazımi şərait yaradılmışdır.

Dövlət Komitəsində gənc mütəxəssislərin nisbəti xeyli artırılmışdır. Başqa sözlə desək, ştat vahidi 40-dan 85 nəfərə çatdırılmış, 23 nəfər ilahiyyatçı, 6 filoloq, 4 tarixçi, 3 hüquqşünas, 2 regionşünas, həmçinin politoloq, fəlsəfəçi, jurnalist, tərcüməçi və başqa zəruri ixtisaslar üzrə mütəxəssislər Dövlət Komitəsinə işə qəbul olunmuşdur. Bu işin davamlılığı və perspektivini nəzərə alaraq, ölkədə ali dini təhsilli mütəxəssislərin məlumat bankının yaradılması məqsədilə müvafiq tədbirlər görülmüş, onların bilik səviyyəsinin yüksəldilməsi üçün ali dini təhsil müəssisələri ilə əməkdaşlığa başlanılmışdır.

Beləliklə, Dövlət Komitəsinin fəaliyyətinin təhlili deməyə əsas verir ki, davamlı dövlət dəstəyi nəticəsində görülmüş işlər respublikamızda dövlət-din münasibətlərinin tənzimlənməsinə və daha sivil formalar almasına təkan vermişdir.

- Cənab sədr, Dövlət Komitəsinin yaranmasının 10 illiyini necə qeyd edəcəksiniz? Xoş əhval-ruhiyyə hiss olunurmu?

- Öncə qeyd edim ki, on illik gününə Fəxri xiyabanda ulu öndərin qəbrinin ziyarəti ilə başlayacaq, Şəhidlər xiyabanına gedəcək, sonra isə Dövlət Komitəsinin akt zalında respublikamızda fəaliyyət göstərən dini mərkəz dini icma rəhbərlərinin iştirakı ilə tədbir keçiriləcəkdir. Bildiyiniz kimi Prezidentimizin müvafiq sərancamı ilə əməkdaşlarımızdan üç nəfər "Tərəqqi" medalı, digər üç işçimiz isə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif etmişdir. Belə bir yüksək diqqətə görə dövlət başçısı İlham Əliyevə kollektivimiz adından təşəkkürümüzü bildirirəm. Ümumiyyətlə isə, tədbirimizi təvazökar formada qeyd edəcəyik. 

 

 

Kaspi.- 2011.- 21 iyun.- S.6.