“Adlara
divan tutmaq tarixə divan tutmaqdır”
Professor Minəxanım Təkləli:
«Rus dövlətçiliyində və xalqın içində
türk mənşəli məşhur insanlar ortaya
çıxarıldıqda onların kimliyi ilə
maraqlanırdım»
Filologiya elmləri doktoru, professor
Minaxanım Təkləli Ana dilinin və Vətən tarixinin
keçmişi, həmçinin müasir məsələlərinə
dair bir sıra tədqiqatların müəllifidir. O, eyni
zamanda rus yazıçılarının əsərləri
üzrə türk elementlərinin tədqiqinə
böyük diqqət ayırıb.
Özbəkistanda,
Moskvada, İranda, Türkiyədə keçirilən
türkoloji və şərqşünaslıq məsələlərinə
dair konfranslarda iştirak edib. Son illərdə “Mahmud
Kaşğari adına Türk Ocağının San
Yarlığı”, “Qafqaz-Media” təşkilatının “Cəsarətli
qələm”, Yazıçılar Birliyi Həmkarlar
İttifaqının “Vətən” mükafatlarına layiq
görülüb. Çoxsaylı elmi və bədii
məqalələrin müəllifidir. Professor
Minəxanım Təkləli “Kaspi”yə müsahibəsində
tədqiqatlarının davamı olacağını bildirib.
Yasaq mövzu
- «Türk kitabı»nızda
ön söz olaraq «Türkün ayaq izi pozulmaz» - deyə
yazmısınız. Araşdırmalarınızı
həyata keçirdiyiniz dövrdə pozulmuş çoxmu izlərlə
rastlaşdınız?
-
Çox… Əgər sənin malik olduğun
tarix bu şəkildə saxtalaşdırılır və onu
vərəqlədikcə bunun şahidi olursansa hər kəs
gözyaşı tökər. Sözün
həqiqi mənasında mənim ağladığım anlar
da olub. Tarix bir növ xalqın tərcümeyi-halıdır.
Məqsədli dəyişmələr,
saxtakarlıqlar millətin həyatında ciddi rol oynayır.
Obrazlı desək, Altaylardan Balkanlara qədər
göyün üzərində ulduzların öz biçimi
var. Mahmud Kaşğari kitabının girişində
yazır ki, türk tayfaları öz
düzülüşü ilə sədd çəkən
qoşunu xatırladır. Bu mənada mən
onu ulduzlara bənzədirəm. Ulduzlar nə
qədər uzaqda dayanıblarsa bir o qədər cazibədar və
parlaq görünür, bir o qədər də mübhəm
bir tarix daşıyırlar. Türklər
dünyanın qədim sakinləridir. Rus
dilində «Qədim türk sözü lüğəti»
adlı çox möhtəşəm kitab var. Orada toplanan
bütün türk sözləri hamısı kitabələrdən,
daşların üzərindən götürülüb.
Biz təkcə “Orxan Yenisey” abidəsini,
“Gültigin” abidəsini tanıyırıq. Ancaq Altaydan
bu yana nə qədər daşlar səpələnib.
Torpaqlar türkün sözünün
yazıldığı daşlarla doludur. Zaman
olub ki, türklər «Biz Altaylardan gəldik» deyiblər. Bu nəzəriyyənin tərəfdarları
çoxdur. Amma daha əsaslı
görünən, amma o qədər də səs salmayan nəzəriyyəyə
görə, türklər elə Qərbdən Şərqə
gediblər. Dönə-dönə olub ki,
türklər təkrar-təkrar Qərbdən Şərqə,
Şərqdən Qərbə köçüblər. Dünyanın qədim sakinləri olduğundan
torpağın da bağrında onun böyük mühacirət
dövrləri olub. Təbii ki, yol qət
etdikcə türklər yaşadığı məskənlərə
öz adını qoyub.
Zaman əldən-ələ keçdikcə bu adlar dəyişdirilib,
adlara divan tutulub. Adlara divan tutmaq tarixə divan tutmaqdır.
Məsələn,
Yerin,
torpağın adı
vətən tarixinin heç nə ilə əvəz
olunmayan dəlil və sübutlarıdır. Onları
heç xoş təsadüflərdə belə dəyişmək
düzgün deyil. İndi tarixi
adlarımızın qaytarılması mənə çox fərəh
verir. Qədim Biləsuvar, Xankəndi, Şirvan və s.
adların qaytarılması könül rahatlığıma
səbəb olur.
- Maraqlıdır, sizin tədqiqatlarınız
türk qaynaqları ilə üst-üstə düşürmü?
Bu araşdırmalara türk tarixçilərinin
münasibəti necədir?
- «Türk imzası» kitabı rus yazıçı və
alimləri, ictimai xadimlərinin daşıdıqları
türk mənşəli təxəllüslərinin
ensiklopedik lüğətidir. Bu, türk mənşəli
rus soyadları istiqamətində yazılan kitabdır. «Türk sözləri rus dilində» kitabının
üçüncü nəşri də türkoloji elmdə
yeni hadisələrdir. Sovet dövründə
Moskva və Peterburqda türkologiya mərkəzləri
böyük işlər görürdü. O cümlədən,
türkoloqlarımız Bakıda da böyük uğurlar əldə
edirdilər. Amma zaman öz sözünü
deyirdi, məhdudiyyətlər var idi. Etnos
məsələsinə toxunmağa icazə yox idi. Bu, onların özləri üçün də
qapalı mövzu idi. Mən tədqiqatlara
başlamışdım və konfranslarda məruzələr
edirdim. Azərbaycan müstəqillik
qazanandan sonra kitablarım nəşr olunmağa başladı
və tədqiqatlarımı genişləndirdim. Deyəcəksiniz ki, Baskakovun «Türk mənşəli
rus soyadları» kitabı var. Bu, mənim çox sevdiyim və
əsaslandığım mənbədir. Baskakov
bu lüğətdə 600 soyadın etimoloji təhlilini verib.
Mən isə Baskakova əlavə olaraq 800-dən
artıq türk mənşəli rus soyadlarının tarixi
etnoloji təhlilini aparmaqla yanaşı, həm də onu
daşıyan soyadların özlərinin tarixindən bəhs
etmişəm. Yasaq mövzu olduğuna
görə bu, ədəbiyyatlarda da birtərəfli izah
olunurdu. Çox çətinliklərlə
bunları ərsəyə gətirmişəm və neçə
illərimi sərf etmişəm.
Türk əsilli ruslar
- Rus dövlətçiliyi tarixində
və xalqın içindən türk mənşəli məşhur
insanları necə tapıb ortaya
çıxarmısınız?
- Rus
dövlətçiliyində və xalqın içində
türk mənşəli məşhur insanlar ortaya
çıxarıldıqda onların kimliyi ilə
maraqlanırdım. Bunlar Suvorov, Kutuzov, Anna Axmatova, Aleksandr
Kuprin kimi böyük şəxsiyyətlərdir
ki, onlar öz adları ilə böyük bir milləti ifadə
edə bilirlər. Türk əslini göstərmək
və haqlarında bilgilərim də olduğundan onlara portret
yazılar həsr etdim. Bu da «Türk əsilli
ruslar» kitabımın ərsəyə gəlməsinə səbəb
oldu. Onsuz da İvan Bunin, Anna Axmatova,
Aleksandr Kuprin sevdiyim yazıçılar idi. Onlar səmimiyyətlə özlərinin türk əsillərini
qeyd edirdilər. Məsələn,
İbrahim Mirzə nəslindən gələn Qavril Derjavin bir
çox şeirlərində özünün türk əslindən,
Anna Axmatova özünün türk-tatar nənəsindən
danışır.
- Eləcə də rus knyazı
İvan Qroznının, admiral Kolçakın türk əsilli
olduğunu qeyd edirsiniz.
- Rus hərb
adamı Kolçak da,
İvan Qroznı da türk əsillidirlər. İvan Qroznı üz cizgiləri, yaşam tərzi,
enerjisi, cazibəsi, xisləti baxımından Qızıl Orda
xanı Mamayın nəslindəndir. Təəssüf
ki, rus taxt-tacında türk əsilli insanın
oturmasını demək istəmirdilər. Ancaq həqiqət nə qədər gizlədilərsə
onun ortaya çıxmasının da bir zamanı var. İvan
Qroznının hakimiyyətinin axırıncı illərində
hakimiyyətə gətirdiyi Sayın Bulat türk əsillidir.
Mən ona ayrıca oçerk həsr etmişəm.
Bir şey yaxşıdır ki,
xristianlığı qəbul edən rus əsilzadələri
eyni zamanda, türk soyadlarını da saxlamışdılar.
Onlar siyasi tələblər üzündən
xristianlığı qəbul edirdilər. Rus-Osmanlı savaşlarının sonunda həmin əsilzadələr
xristianlığı qəbul etmək, öz siyasi vəziyyətlərini
düzəltmək, saxlamaq məcburiyyəti ilə bu
addımı atırlar. Faktlar sübut edir
ki, ruslarda böyük ailələr, türk soyları təməlsiz
yaranmayıb. Söhbət Volqa
çayı üzərində kütləvi surətdə
xristianlığı qəbul edən sıravi insanlardan
getmir. Rus tarixində
şanlı-şöhrətli soylar türk əsilzadələrinin
soylarıdır.
- «Rus dilində türk
sözləri» kitabınızda klassik rus ədəbiyyatında
işlənən türk sözləri toplanıb. Bu mövzunun araşdırılmasına
yenə də ehtiyac var?
- Bu kitab
dünyada birinci araşdırmadır. Türk alimləri ilə
görüşlərimdə bu əsərlərin
hər biri böyük məmnunluq hissi ilə qarşılanır.
Hətta, tanımadığım evlərə
bu kitabların yayılmasının şahidi olmuşam.
Ayrılıqda rus dilində türk geyim, bitki və s. adlar
lüğət şəklində işlənirdi. Ancaq monoqrafik araşdırmaya cəlb olunması,
türk sözlərinin rus dilinə keçmə vaxtı və
tarixi şəraiti öz yerində. Mənim
üçün əsas olan türk sözlərinin rus dilində
işlənmə xüsusiyyətləridir. Məsələn,
Puşkin, Tolstoy, Lermontov, Qoqol, Qorkinin dilində türk
sözlərinin necə işlənməsi
düşündürücü faktlar idi. Bu
mövzular işlənmədiyinə görə çətin
idi, digər tərəfdən əleyhdarlar da
tapılırdı. Hər şeyə
şübhə ilə yanaşırlar. Mən
bu araşdırmaları rus dilinin ən mükəmməl
lüğətləri əsasında aparmışam. Ümumiyyətlə, hər bir dildə alınma
sözlər var. Çox maraqlıdır ki, rus dilindəki
türk sözləri danışıq yolu ilə, şivələrdən
keçən sözlərdir. Bu da daha
geniş əlaqələrdən xəbər verir. Yəni əhali ədəbi dildən öncə
türk sözlərini işlədib ki, bunlar ədəbi dilə
də keçə bilib.
- Dediniz ki, araşdırmaların əleyhdarları
çox olurdu. İradlar
əsasən nə ilə bağlı idi?
- Mən
bu mövzuya təzə başlayan vaxtlarda, konfranslarda
çıxışlarım, bu mövzunun təsdiqi
zamanı bu cür çətinliklərlə
qarşılaşırdım. Ermənilərdə xəstəlik
dərəcəsində eqoizm, bizdə isə özümüzü
kiçiltmək xüsusiyyəti var. Bu
araşdırmaların sonunu gözləmək və
Qarabağ dəftəri
- Siz həm də bədii
yaradıcılıqla məşğulsunuz. Elmi
axtarışlardan yorulanda bədii yaradıcılığa
üz tutursunuz?
- Bu, əhval-ruhiyyədən,
ovqatdan asılıdır. Sözə olan
ehtiram, hörmət, nə fərqi var, elmi araşdırmalar
şəklində olsun və ya bədii üslubda deyilsin.
Mən ara-sıra şeirlər yazıram.
Türk dünyasına bələd olduqca
ağızdan-ağıza keçən rəvayətlər, əfsanələr
məni çox düşündürürdü. Mən onları şirin hekayətlərə
çevirməyə çalışıram. Bununla həm əfsanəni yaşatmaq, həm də
ürəyimdən keçənləri demək istəyirəm.
Ümid edirəm ki, onları hekayə şəklinə
salmaqla bu əfsanələr, rəvayətlər kitablara, dərsliklərə
düşür.
- Türkoloji sahədə daha
hansı tədqiqatlar aparmaq niyyətindəsiniz?
- Hər
zaman özümlə bir dəftər daşıyıram və
qeydlərimi edirəm. Rus dilindəki türk
sözlərinin təmiz lüğətini yazmaq istərdim.
Türk mənşəli rus soyadları ilə
bağlı çoxlu materiallar yığmışam. Bunları dördcildli lüğət şəklində
çap etdirmək istəyirəm. Hazırda
əlimdə olan işlər Azərbaycanla
bağlıdır. «Azərbaycan Övliya
Çələbinin gözü ilə» nəşrinə
hazırlaşıram. Könlümdə
Qarabağ dəftəri var. Qarabağın tarixi ilə
bağlı yazılarımı «Qarabağ dəftəri»
adı altında çap etmək istəyirəm.
Təranə Məhərrəmova
Kaspi.- 2011.- 21 iyun.- S.9.