Bu uşaqlar bizimdir!
www.ushaqlar.az saytının və
“Uşaq inkişafı üzrə tövsiyələr”
kitabının təqdimatı olub
“Uşaq hüquqlarının
qorunması cəmiyyətin ən ümdə vəzifələrindən
biridir. İnkişaf etmiş dövlətlərdə bu məsələ
həm dövlət, həm də cəmiyyət tərəfindən
daim diqqətdə saxlanılır. Azərbaycan dövlətinin
sabahının təmin edilməsi üçün bunun nə
qədər vacib olması hamıya aydındır». Bu fikirlər
iyunun 22-də Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin www.ushaqlar.az saytının və
«Valideyn və mütəxəssislər üçün
Uşaq İnkişafı üzrə Tövsiyələr”
adlı kitabın təqdimatına həsr olunan mərasimdə
səslənib.
Mərasimə
qatılan millət vəkilləri, ziyalılar, KİV
nümayəndələri, QHT rəhbərləri və məktəblilərə
sayt barədə ətraflı məlumat verilib. Qeyd olunub ki,
saytın tərtib olunmasında məqsəd valideyn və
uşaqları ilk növbədə faydalı informasiyalarla təmin
etməkdir. “Saytın yaradılmasında əsas məqsəd
valideyn və uşaqların ehtiyac və maraqlarının
ödənilməsi olsa da, eyni zamanda hər bir kəsin Azərbaycanda
uşaqların hüquqları, vəzifələri və
aparılan uşaq siyasəti haqqında məlumatlarla
yanaşı, uşaqlarla bağlı bir sıra elmi, nəzəri,
praktiki, informasiya xarakterli məlumatları da əldə etməsinə
şərait yaratmaqdır”.
Komitə
tərəfindən hazırlanan və saytda yerləşdirilən
«Valideyn və mütəxəssislər üçün
Uşaq İnkişafı üzrə Tövsiyələr
adlı kitabın da təqdimatı keçirilib. Qeyd olunub ki,
«Valideyn və mütəxəssislər üçün
Uşaq İnkişafı üzrə Tövsiyələr”
adlı kitab mütəxəssislər cəlb olunmaqla
hazırlanıb və valideynləri, himayədarları, qəyyumları,
həmçinin, uşaqlara xidmət göstərən
müxtəlif peşə sahiblərini uşaq inkişafı
mərhələləri və fizioloji böyümə prosesi
haqqında maarifləndirmək məqsədi
daşıyır.
Zamanın tələbi
Komitə
sədri Hicran Hüseynova Azərbaycanda uşaq
hüquqlarının müdafiəsi ilə bağlı
güclü siyasətin olduğunu qeyd edib: «Prezident İlham Əliyev
həmişə öz görüşlərində Azərbaycanın
gələcəyinin sağlam, təhsilli, möhkəm və
seçilmiş xalqlar kimi görmək arzusunda olduğunu
bildirir. Biz də bu istiqamətdə öz səylərimizi
birləşdirməliyik”. H.Hüseynova uşaqların
müdafiəsi sahəsində müəyyən
boşluqların və problemlərin olduğunu da istisna etməyib:
«Biz bunu gündəlik işimizdə də, bizə müraciət
edən insanların problemləri ilə tanış olanda da
hiss edirik». Komitə sədri qeyd edib ki, 2009-cu ildə Uşaq
İli çərçivəsində uşaqların və
QHT-lərin təşəbbüsü ilə Azərbaycanda
Uşaq Forumu keçirilib: «Uşaqların fikirləri,
arzuları bizim üçün çox vacibdir. Biz həmin
forumda uşaqların tövsiyələrini müəyyən
dövlət qurumlarına ünvanlayaraq onların da diqqətini
problemə yönəltdik. Artıq payız aylarında 2-ci
Forumun da keçirilməsi nəzərdə tutulub».
H.Hüseynova Azərbaycanda
uşaq saytının yaranmasını zamanın tələbi kimi qiymətləndirib.
Komitə sədrinin sözlərinə görə, hər bir
şəxs onu maraqlandıran suallara saytda cavab tapa bilər:
«İnanıram ki, bu çox maraqlı sayt olacaq və get-gedə
təkmilləşəcək. Biz hər bir istiqamətdə
Dəyirmi masalar keçirəcək, maariflənmə
kampaniyaları təşkil edəcəyik». H.Hüseynova rəhbərlik
etdiyi qurumun dəstəyi ilə işıq üzü görən
«Valideyn və mütəxəssislər üçün
«Uşaq İnkişafı üzrə Tövsiyələr»
adlı kitabın yazıldığını da diqqətə
çatdırıb. Komitə sədri həmçinin
KİV-in diqqətini uşaq hüquqları məsələsinə
yönəltmək üçün jurnalistlər arasında
uşaq hüquqları ilə bağlı müsabiqə elan
olunduğunu da qeyd edib: «Uşaq hüquqları ilə
bağlı tez-tez hansısa jurnalistin məqaləsini oxuyur,
hansısa verilişlərə rast gəlirik. Çox zaman
hiss edirik ki, həmin materiallarda uşaqların
hüquqları haqqında fikirləşmir, daha çox
populist çıxış etmək istəyirlər. Bu,
çox ağrıdıcı haldır. Hər bir yazıda
öncə uşaq hüquqları müdafiə
olunmalıdır. Bəzən o materiallarda uşaqların gələcək
taleyini düşünmürlər».
Millət
vəkili Gülçöhrə Məmmədova qeyd edib ki, Azərbaycan ailələrinin
sosial problemlərinin həllinə, təhsilin, səhiyyənin,
idmanın inkişafına yönəlmiş ardıcıl fəaliyyət
gələcək Azərbaycan nəslinin daha sağlam,
xoşbəxt və savadlı böyüməsində
böyük əhəmiyyət kəsb edir. “Uşaq problemlərinə
diqqət, onların sağlamlığı, təhsili və
s. ölkəmizin əsas göstəricilərindən biridir.
Bu, təkcə dövlət siyasətini həyata keçirən
forumlar üçün yox, eyni zamanda ictimaiyyət və
ictimai təşkilatlar üçün bir nümunədir”. G.Məmmədova
bu siyasətin həyata keçirilməsində Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin böyük rol oynadığını vurğulayıb:
«Biz komitənin müxtəlif layihələri ilə
vaxtaşırı tanış oluruq. Son 5 ildə aparılan
fəaliyyətin gücünün get-gedə artmasının
və daha effektli olmasının, geniş əhatə
almasının şahidi oluruq».
G.Məmmədova
təqdimatı keçirilən saytı və nəşri
aparılan siyasətin növbəti mərhələsi kimi dəyərləndirib.
Millət vəkili qloballaşan dünyada müasir
texnologiyaların inkişafını yüksək qiymətləndirməklə
yanaşı, tərbiyə metodlarımızın da
müasirləşməyə ehtiyacı olduğunu
vurğulayıb: «Bəlkə də uşaqlarımızı
ruhən daha azad etməliyik. Bəlkə də onların
yaradıcı potensialını, fiziki cəhətdən daha
yaxşı inkişaf etdirməyi bacarmalıyıq. İstedadlı,
potensialı böyük olan uşaqlarımız çoxdur.
Ancaq onların fiziki hazırlığı məni həmişə
narahat edir. Heç bir ölkədə idman üçün
bu qədər geniş şərait yaradılmır. Ancaq
hesab edirəm ki, gənclərimizin fiziki inkişafı qənaətbəxş
deyil. Valideynlər bu məsələni diqqətdə
saxlamalıdırlar».
Uşaqlara hüquqlarını
öyrədək
Milli
Teleradio Şurasının üzvü Sona Vəliyeva uşaq
hüquqlarının KİV-də işıqlandırılması
məsələsinə toxunub: «Millətin gələcəyində,
cəmiyyətin inkişafında böyük rol oynayacaq
uşaqların hüquqlarını müdafiə etmək
çox mühüm məsələdir. Kütləvi
İnformasiya Vasitələri də təxirəsalınmaz
şəkildə bu işlərin həyata keçirilməsində
komitənin yanında olmalıdır. Çünki bu
uşaqlar bizimdir və cəmiyyətin gələcək
inkişafında onlar böyük rol oynayacaqlar”. S.Vəliyeva
bildirib ki, müstəqillik əldə
edən respublikamızın dövlət siyasətində
uşaq hüquqlarının müdafiəsi mühüm yer
tutur. Belə ki, uşaqlara hüquqlarının öyrədilməsi
və bütövlükdə onlara verilən təhsil, fiziki
hazırlıq, sosial hüquqları və onların müdafiəsi
ilə bağlı hüquqlar uşaqların
yaşadıqları cəmiyyətə rəğbətini
artıracaq. “Uşaqlar cəmiyyətə məhəbbət
və rəğbət prinsipləri əsasında
formalaşmalıdır. Əks təqdirdə onlar
yaşadıqları cəmiyyətə nifrət edə bilərlər.
Şükürlər olsun ki, bu bizdə düzgün tənzimlənib”.
S.Vəliyeva qeyd edib ki, erkən gənclik dövrünü
yaşayanlar daha mübariz olur və daha çox şey
öyrənmək istəyirlər: «Onların ilk
maraqlandıqları məsələ hansı cəmiyyətdə
yaşamaları, hansı dövlətin nümayəndəsi
olmalarıdır. Bununla da onların beynində dövlətçilik
təfəkkürünün ilkin rüşeymləri
formalaşmağa başlayır. Bunlar gənclərdə vətənini,
millətini sevmək, dövlətini qorumaq və s. kimi
müqəddəs keyfiyyətlər aşılayır. Bu
hüquqların verilməsi uşaqların şəxsiyyət
kimi formalaşmasında böyük rol oynayır. Onlarda
özlərini, cəmiyyətdə gedən prosesləri dərk
etməyə və öz daxili potensiallarını cəmiyyətdə
gedən inkişaf prosesinə uyğunlaşdırmağa
kömək edir. Çünki insan öz
hüquqlarını biləndə güclü olur”.
MTRŞ
üzvü KİV-in uşaq hüquqlarının təbliğində
düzgün mövqe tutmasının tərəfdarı
olduğunu bildirib: «Populist çıxış etməmək,
hadisələri düzgün şərh etmək, qərəzsiz
mövqedən yanaşmaq, maneələri düzgün
göstərmək, düzgün araşdırma aparmaq
jurnalistlərin əsas vəzifəsidir. “Uşaqlara
hüquqlarını öyrədək, onların müdafiəsi
üçün əlimizdən gələni etməyə
çalışaq”.
Əhəmiyyətli hadisə
UNİCEF-in
Uşaqların Müdafiəsi Proqramının rəhbəri
Munir Məmmədli də uşaq hüquqları ilə
bağlı məsələlərin KİV-də
işıqlandırılmasının zəruriliyini
vurğulayıb. M.Məmmədli
jurnalistika fakültəsində uşaq hüquqları
ilə bağlı tədrisin həyata keçiriləcəyini
və jurnalistlər üçün xüsusi təlimlərin
təşkil olunacağını diqqətə
çatdırıb: «Bu biliklərin əldə olunması
onların gələcək praktikada həyata keçirilməsinə
kömək edəcək”.
Yeni
nəşrə münasibət bildirən M.Məmmədlinin
fikrincə, uşaq
hüquqlarının müdafiəsində ən böyük
məsuliyyət hökumətin üzərinə
düşür. “Bununla bərabər valideynlərin də məsuliyyəti
var. Bu baxımdan bu məsuliyyəti dərk edərək həmin
tövsiyələri həyata keçirmək
üçün valideynlərin bacarıqlarını
artırmalıyıq. Bu baxımdan təqdim olunan vəsaitin
böyük rolu var».
Azərbaycan
Praktik Psixoloji Assosiasiyasının prezidenti Elmira Mirzəyeva təqdim
olunan saytı və nəşri ölkənin ictimai siyasi həyatında
əhəmiyyətli hadisə kimi dəyərləndirib: «Əgər
prezident İlham Əliyev Azərbaycanın əsas
potensialını neft potensialı yox, insan potensialı hesab
edirsə, onda bu saytın nə qədər əhəmiyyətli
olduğu hamımıza bəlli olar». E.Mirzəyeva rəhbərlik
etdiyi təşkilatın araşdırmalarını diqqətə
çatdıraraq qeyd edib ki, bütün dünyadan fərqli
olaraq Azərbaycanda yüksək istedadlı uşaqlar 5 faiz,
istedadlı uşaqlar isə 10 faiz daha çox dünyaya gəlir:
«Əfsuslar olsun ki, biz bu istedadların bir qismini itiririk. Çünki
onlara düzgün yanaşa bilmirik. Bunun isə peşə,
ailə problemləri və sair səbəbləri var». E.Mirzəyevanın
fikrincə, bu gün ictimaiyyətin pedaqoji, psixoloji, tibbi biliklərinin
artırılmasına ehtiyac var: «Hesab edirəm ki, bu sayt cəmiyyətdə
yaranacaq boşluqların aradan qaldırılmasına kömək
edəcək”.
İnsan
Haqları İnstitutunun direktoru, millət vəkili Aytən
Mustafayeva saytın və kitabın təqdimatını nəinki
Azərbaycanda, hətta regionda yenilik kimi dəyərləndirib.
Kitabın
tərtibatçısı Aytəkin Hüseynli “Valideyn və
mütəxəssislər üçün Uşaq
İnkişafı üzrə Tövsiyələr” adlı nəşrin
ərsəyə gəlməsində komitənin göstərdiyi
köməyə görə təşəkkürünü
bildirib.
Tədbirdə
«Uşaq hüquqları və media» müsabiqəsinə start
verilib.
Qeyd
olunub ki, müsabiqənin keçirilməsində əsas məqsəd
uşaqlar üçün və uşaqlar haqqında
yazılarda uşaq hüquqlarına riayət edilməsini və
uşaq maraqlarının daha dolğun şəkildə əhatə
olunmasını təmin edən, yaxud bu sahədə
araşdırma aparan ən yaxşı yazarların müəyyənləşdirilərək
mükafatlandırılmasıdır. Müsabiqə oktyabr
ayının 1-də başa çatacaq.
Təranə Məhərrəmova
Kaspi.-2011.-23 iyun.- S.9.