“Əgər məqsəd varsa getdiyin yol bəllidir” 

 

“Mən evə qayıdıram” filminin rejissoru Samir Kərimoğlu deyir ki, birinci növbədə öz tamaşaçımız üçün film çəkməyə üstünlük verib

 

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Salnamə” kinostudiyasında istehsal olunan “Mən evə qayıdıram” filminin çəkilişləri başa çatıb. Film Müdafiə Nazirliyinin yardımı ilə ərsəyə gəlib.

 

Duad Poladov, Yaşar Nuri, Emil Bələdov Murad Abdullayev, Kamran Ağabalayev, Vladimir Yakovlev, Katerina Fedorova, Anna Kostenka kimi aktyorların çəkildiyi film hərbi vətənpərvərlik mövzusundadır. Filmin ssenari müəllifi İsmayıl Səfərəliyev, icraçı prodüseri Nazim Hüseynov, direktoru Mahir İbrahimov, quruluşçu operatoru Ayxan Salar (Almaniya), quruluşçu rəssam Əziz Məmmədovdur.

Filmin quruluşçu rejissoru Samir Kərimoğlu qəzetimizə verdiyi müsahibəsində birinci növbədə öz tamaşaçımız üçün film çəkməyin vacibliyini vurğulayıb.

 

Qəhrəmanlıq hekayəsi

 

- Bu yaxınlarda çəkilişləri başa çatan “Mən evə qayıdıram” filminin təqdimatı nə vaxt keçiriləcək?

- Əvvəla qeyd edim ki, “Mən evə qayıdıram” filmi 1992-ci ildə baş verən hadisələrə əsaslanıb, hərbi vətənpərvərlik mövzusundadır. Hazırlıq müddəti iki ay davam edən filmin çəkilişləri 51 günə yekunlaşdı. Buna səbəb çəkilişləri yay aylarına kimi qurtarmaq istəyimiz idi. Tarixi və geniş həcmli film üçün bu, çox qısa zaman kəsiyidir. Heç bir yerli tarixi film belə qısa müddətdə çəkilməyib. Çəkilişlər Quba, Xızı, Sitalçay və Kürdəmirdə reallaşdı. Filmin çəkilişlərinə fevralın 26-da start verdik və bu da təsadüfi deyildi. Xocalı soyqırımının 19-cu ildönümündə başladığımız film ilə düşməni diz üstə çökdürən oğullarımızın xatirəsini əbədiləşdirdik. İlk çəkilişlər Qubada gerçəkləşdi. Ancaq burda yaradıcı qrup təbiətin heç də xoş olmayan sürprizi ilə qarşılaşdı. Çəkilişlərin məhz qış fəslində, qarlı havada aparılması nəzərdə tutulsa da, Nügədi gölünün buz bağlaması problemə səbəb oldu. Motorlu qayıqların qıra bilmədiyi buzun öhdəsindən çəkiliş qrupu özü gəldi. Nəticədə motorlu qayıqları digər sahildən, yəni 300 metrlik məsafədən iplə dartmalı olduq. Amma buzu öz əllərimizlə qıra-qıra apardığımız çəkilişlər əziyyətimizə dəyərdi.

Onu da qeyd edim ki, ekran əsəri Azərbaycanın ən çətin illərində rus ordusunda xidmət edən Tərlan Seyidzadənin qəhrəmanlıq hekayəsindən bəhs edir. Bu film Tərlanın simasında Azərbaycanın şəhid olmuş bütün igidlərin şərəfinədir. Filmin təqdimatının 2012-ci ilin yanvar ayında keçiriləcəyi planlaşdırılır.

- Çəkiliş prosesində istifadə etdiyiniz avadanlıq ekran əsərinin hansı keyfiyyətlərinə təminat verib?

- Filmdə yeni kompüter effektləri, ən müasir aparaturalardan istifadə edilib. “Mən evə qayıdıramfilmində canlı səsyazma sistemindən istifadə olunub. Dünyanın qabaqcıl kino ölkələrində istifadə olunan bu sistem indiyədək Azərbaycanda çox az tətbiq edilib. Çəkiliş zamanı canlı səs yazmaq həm çətin, həm bahalı işdir. Bu çəkilişin müddətini iki qat uzadır. Filmdə xarici aktyorlar da rol aldığından bu sistemdən istifadə qaçılmaz idi. Qeyd edim ki, seçimlərdə filmə uyğun səs tembri olan aktyorlara xüsusi diqqət yetirdik. Ona görə əminliklə deyə bilərəm ki, filmdə aktyorların səsləri olduğu kimi qalacaq.

 

Uşaqlıq arzusu

 

- Bildiyimə görə, siz əvvəl  rejissorluq üzrə təhsil almamısınız. Rejissor olmaya-olmaya film çəkməyin hansı çətinliklərini hiss edirdiniz?

- Mən bu haqda çoxlu mütaliə edirəm. 10 ildən artıq praktiki olaraq rejissorluqla məşğul olmuşam. Həm filmlərimdə montajı özüm edirəm. Mən professional dərəcədə montajla da məşğul olmuşam. Montaj prosesi filmin əsas mərhələlərindən biridir. Hər kəsin bir uşaqlıq arzusu olduğu kimi kino çəkmək mənim uşaqlıq arzum olub. Allah bunu mənə nəsib etdi. Mən üç il Mədəniyyət İncəsənət Universitetində təhsil aldıqdan sonra Türkiyəyə yollandım. Orada turizm sahəsi üzrə ixtisaslaşaraq elə bu sahə üzrə çalışdım.  10 il Türkiyədə yaşadıqdan sonra Azərbaycana qayıdaraq bu arzuma çatdım. Mən Türkiyədə turizm sahəsi üzrə məşğul olurdum. Düzdür, tamamilə fərqli sahələr olsa da, ora da mənə müəyyən təcrübə verdi. İnsanlarla ünsiyyətdə olmaq, onların psixologiyasına yaxından bələdçilik bu gün rejissor kimi işimdə köməyimə çatır. Azərbaycana qayıdandan sonra Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Beynəlxalq Kino Məktəbində rejissorluq üzrə təhsil almışam.

- Bəs rejissor kimi çalışmaq arzunuzu niyə Türkiyədə reallaşdırmaq istəmədiniz. Çətin idimi?

- Əslində, mən Türkiyədə olanda Azərbaycana qayıdıb rejissor kimi çalışacağımı bilmirdim. Vətənpərvərlik hisslərim mənə orada qalmağa imkan vermədi. Əlbəttə, işə başlamamışdan fikirləşəndə çətin olur. Proses ki, başlayır hər şey öz axarına düşür. Bir görürsən ki, filmi çəkib başa çatdırmısan.

 

Peşəkarların rəyi

 

- Debütünüz olan "Sirat körpüsü"ndən sonra hesab elədiniz ki, artıq rejissorsunuz?

- "Sirat körpüsü" filmi "Buta film"in texniki dəstəyi ilə əmələ gəldi. Film uğurlu alındı. Çoxları bu nəticəni gözləmirdi. Heç kəs inanmırdı ki, bu cür az büdcəli bir filmi yaxşı nəticə ilə ortaya çıxarmaq olar. Sözsüz ki, çatışmayan cəhətlər vardı. Bunlar isə əsasən texniki imkanlarla bağlı idi. Maliyyə çətinliyinə görə filmdə cəmi 3 peşəkar aktyor oynayırdı, qalanları isə qeyri-peşəkarlar idi. Əlbəttə, əgər filmi yenidən çəksəydim, təbii ki, başqa bir cür alınardı. Bu filmlə qazandığım təcrübənin köməyi ilə "Bu meydan, bu ekran" layihəsində uğur qazandım. Orxan Fikrətoğlunun ssenarisi əsasında "Qanadlarıma sığal çək" filmim qalib oldu. Ssenarini oxuyandan sonra Orxan müəllimdən dəyişiklik aparmaq haqqında razılıq aldım. Ssenari müsabiqədə qalib gəldi. 5 film çəkildi mənim filmim qaliblər siyahısında oldu. Filmi Cavid İmamverdiyevin prodüseri olduğu "Ratio TV" prodüser mərkəzində istehsal etdik.

- Bəs peşəkar rejissorların hansı iradları ilə qarşılaşmısınız?

- Peşəkarların fikirləri mənə qarşı müsbət olub. Rüstəm İbrahimbəyov Yavər Rzayev "Qanadlarıma sığal çək" filmimə baxandan sonra mənimlə işləməyə razı olublar. Bu gün bununla fəxr duyuram.

- Filmlərinizin gələcək taleyi haqqında fikirləşirsiniz? Məsələn, hansısa festivalda iştirak etmək planlarınız varmı?

- Nazirlik bu işlə ciddi məşğul olaraq qısametrajlı filmləri bir neçə müsabiqələrə göndərib. Mənim filmim onların arasında idi. "Niyyət" filmi "Qızıl minbər" Vl Beynəlxalq müsəlman kinofestivalının müsabiqə bölməsində Azərbaycanı təmsil edib. Film həmçinin festivalın tammetrajlı filmlər bölməsində mübarizə aparıb. Festivalın təşkilat komitəsi müsabiqədən öncə "Niyyət" filmini "Müsəlman kinematoqrafiyasının inkişafına verdiyi tövhəyə görə" nominasiyasında xüsusi mükafatla təltif etdi. Bu film Qazaxıstanda "Şaken ulduzları" festivalında da  təmsil olunub. Özbəkistanda keçirilən Azərbaycan kino həftəsində filmin 2 böyük şəhərdə- Daşkənd Səmərqəndə premyerası oldu. İkisi çox böyük rezonans doğurdu. “Şaken ulduzlarıfestivalında isə film bağlanışda göstərildi tamaşaçı bir saat ərzində məni zaldan buraxmadı. Ən maraqlısı isə tamaşaçıların arasında başqa millətə dinə məxsus olan insanlardan xoş sözlər eşitməyim idi. Bir gənc qız mənə yaxınlaşaraq dedi ki, “mən neçə vaxt idi ki, özümü tapa bilmirdim, amma bu film mənə kömək oldu, çox sağ olun”. Əgər məqsəd varsa getdiyin yol bəllidir. Festivallar ölkəni tanıtmaq baxımından çox önəmlidir amma  indi birinci növbədə öz tamaşaçımız üçün film çəkmək lazımdır.

 

 

Təranə Məhərrəmova 

 

Kaspi.-2011.- 24 iyun.- S.9.