«Sənətdə olan qadınların həyatı daha çətindir» 

 

Həmidə Ömərova: «Bu yayı oğlumun qəbul imtahanlarına həsr edəcəyəm»

 

Müsahibələrinin birində “hər ad günümdə qəmli oluram, çünki yaşlanıram” - deyir. Əlbəttə bu sözü hər birimiz deyə bilərik, çünki bu həyatın qanunudur ildən ilə yaşlanırıq, qocalırıq, amma o... Həqiqətən də hamımızın, xüsusilə də xanımların ona qibtə etməyə haqqı var. Çünki biz onu hər zaman gözəl, gənc, təravətli görüb heyran olacağıq. Hətta bizdən sonra gələn nəsillər də. Nə qədər ki, milli kinomuz yaşayır, o da yaşayacaq. Müsahibimiz sevimli aktrisamız Həmidə Ömərovadır.

 

- Bu cür xoşbəxtçilik hər insana qismət olmur, Həmidə xanım, maraqlıdır  filmlərdəki obrazlarınıza baxanda hansı hissləri keçirirsiniz və özünüzü neçə yaşında hiss edirsiniz?

- İndi elə bil ki, tamaşaçı kimi baxıram. Baxanda deyirəm ilahi bu mənəm?! Yəni, bu günlər olubmu? Mənim başıma gəlibmi? Filmlərlə bağlı keçmiş mənim üçün şirin və gözəl yuxudur. Hərdən o illərə baxanda nostalji hisslər yaranır, həsrət illəri. Həmin vaxt çəkilişlə bağlı anları fikirləşirəm.

- Təcrübəli aktrisa kimi sizin fikrinizcə, rola düzgün yanaşmağa kömək edən əsas şərtlər hansılardır?

- Aktyora ümumiyyətlə plastilin deyirlər, rejissor isə onu qəlibə salandır. Elə aktyorlar var ki, onu mütləq rejissor yönəltməlidir. Amma bəzən baxıb görürsən ki, nə qədər peşəkar olsan da, rejissor səni yönəltmək əvəzinə daha da azdırır. O da rejissorun peşəkar və ya qeyri peşəkarlığından irəli gəlir. Aktyorun obraza girməsi üçün həm onu kamera qarşısına yönəltmək lazımdır, həm də rolun tapşırığını vermək lazımdır. Bu obraz nə demək istəyir? Obrazın əsas məqsədini, ideyasını düzgün başa salmaq lazımdır ki, bunları peşəkar aktyor özü də bilir. Sadəcə ona çəkiliş meydanında sərbəstlik yaradılmalıdır. Aktyorun üstünə qışqırmaq, onu təhqir etmək, qorxutmaq əlbəttə bunlar hamısı qeyri peşəkarlıqdan irəli gəlir. Aktyora və aktrisaya şərait yaratmaq və ruhlandırmaq lazımdır ruhdan salmaq yox.

- Aktyorda hansı keyfiyyətlər olmalıdır ki, rejissoru qane etsin?

- Aktyorda həm xarici gözəllik, həm də obrazı duymaq bacarığı, eyni zamanda obrazın psixologiyasını düzgün qavrayıb onu ifadə etmək qabiliyyəti olmalıdır. Hansı ki, bu keyfiyyətlər də nəinki rejissoru, eyni zamanda tamaşaçıları da qane etsin.

- Rejissor istədiyi kadrı almaq üçün nələr edə bilər?

- O rejissorun bacarığından asılıdır.

- Belə bir hadisə ilə rastlaşmısınızmı?

- Əlbəttə. Oqtay Mirqasımovun “Anlamaq istəyirəm” filmində çəkilərkən yer var idi ki, obrazın xarakterindən irəli gələrək mən o səhnədə ağlamalıydım, eyni zamanda da sözümü deməliydim. Yəni Çınarə Əhmədə sözünü deməliydi və ağlamalıydı. Mən də elə aktrisalardanam ki, xüsusən də gənclik illərində, məni ağlatmaq çətin idi. Mən durduğum yerdə ağlaya bilmirdim. Birdən Oqtay müəllim mənə elə bir söz dedi ki, mənim xətrimə dəydi. Dedi ki – “mən sənə inanmıram. Sən aktrisa deyilsən. Gör mən kimi gətirmişəm, mən kiminlə işləyirəm”. Bu sözlər mənə elə toxundu ki, qarşımdakı Əhmədi unutdum fikirləşdim ki, bu Oqtay Mirqasımovdur və ona olan nifrətimi içəridən gələn qəzəbimi məni yandıran sözləri yadıma düşdü, birdən-birə başladı gözümdən yaş tökülməyə. Monoloqu dedim, sonra Oqtay müəllim “bravo” deyəndə başa düşdüm ki, bu rejissor üslubudur. Amma mən hesab edirəm ki, ilk vaxtlarda belə şeylər olur. Bu yaxınlarda mən bir seriala çəkilirəm, o serialda bir səhnə var, mənim ən yaxın adamım ölüb onun qəbri üstündəyəm. Mən də bir peşəkar kimi bu obrazı oxumuşam, məşq etmişəm, obrazın psixologiyasına girərək çəkilirdim, öz üzərimdə yaxşı işləmişdim və tam hazır vəziyyətdə çəkiliş meydançasına gəlmişdim. Bilirəm ki, kinoda başqa cürdür və istəmirdim mexaniki təkrar olsun. Bu rejissor da görünür peşəkar deyil, aktyorla işləməyə öyrəşməyib. Əvvəlcədən demişdim ki, mən öz rolumu bilirəm. Bu da göstəriş verməyi xoşlayır. İfa etdiyim elə bir monoloqdur ki, bunu saxlamaq olmaz, çünki kulminasiyası var, kamera da çəkir, gözlərim dolub rola tam hazır vəziyyətdəyəm. Rolu ən yüksək səviyyəsinə çatdırıram və birdən... “dayan, dayan, dayan siz burda başınızı qaldırıb quşlara baxdınız...” Sizcə, mən nə günə düşərəm? Hətta bunu operator da hiss elədi dedi ki, “sən aktrisanı öldürdün”. Mən o rejissoru günahkar hesab eləmirəm. Özümdə günah görürəm ki, mən o filmdə çəkilməyə razılıq verdim. Çünki mən peşəkarlığımdan, həyat təcrübəmdən irəli gələrək əvvəlcədən öyrənməliydim ki, kimin filmində çəkilirəm və onun aktyora münasibəti necədir. Mən o an heç nə demədim və rola bir də qayıtmaq çox ağır oldu. Çox heyfsləndim ki, belə oldu. Teatr, kino, televiziya, radio bu peşəkarların meydanıdır. Peşəkarla qeyri peşəkar qarşılaşanda hər şey yarımçıq alınır.

- Kinoşünas Həmidə Ömərovanın nəzərində Azərbaycan kinosu hansı dövrünü yaşayır?

- Çiçəklənmiş. Yavaş-yavaş cücərtilər əmələ gəlir. Bu yaxınlarda disk alırdım öz verilişim üçün, bir nəfər gənc oğlan məni gördü və yaxınlaşıb soruşdu ki – “Siz “Sahə” filminə baxmısınız?” - dedim yox. – O isə bu kinoya baxdığını və Azərbaycanda belə bir film çəkildiyinə sevindiyini bildirdi. Mən tamaşaçıda o heyranlığı gördüm. Əgər bunu sıravi bir tamaşaçı deyirsə, kinonu mənə peşəkarcasına təhlil edirsə, əlbəttə məndə və məndən başqa bir neçə nəfərdə bu filmə maraq oyatdı. Mən də filmə baxdım və həqiqətən də çox uğurlu bir film alınıb. Mən tələbələrimdən də görürəm ki, Azərbaycanda çox böyük istedada malik gənclər var, sadəcə olaraq onları yönəltmək lazımdır.

- Yaradıcılığınızda hansı yeniliklər var?

- 4 ildir “Sənət qadınları” haqqında ssenari yazmışam onun üzərində işləyirəm. Sonra İncəsənət Universitetində tələbələrim 3-cü kursa keçdi onların proqramını hazırlayıram, Azərbaycan televiziyasının Mədəniyyət kanalında “Kino Ulduzu” verilişini aparıram. Artıq iki aydır ki, veriliş hər bazar günündə efirə çıxır. Sonra bu yaxın aylarda “Qorxma mən səninləyəm” filminin 2-ci hissəsi çəkilməlidir. Bilmirəm hələ nə dərəcədə mənim orda rolum var, amma bilirəm ki, film çəkiləcək ona sevinirəm.

- Kino ən güclü təbliğat vasitələrindən biridir. Siz bu vasitədən istifadə etməklə nəyi təbliğ edərdiniz?

- Azərbaycan qadınını düşündürən, narahat edən, yuxusuz gecələri oyaq qalmağa məcbur edən səbəblər problemlər və s. Əsas burada sənət adamlarının taleyi haqqında danışılır. Onlar haqqında deyirlər ki, « eə var ki kinoya çəkilirlər işləri bir o qədər də çətin deyil. Həyatları yağ-bal içində keçir». Bu cür səhv fikirlərdən onları yayındırmaq, əsas reallığı, həmin o qadınların həyatını göstərməkdir ki, onlara baxıb nəticə çıxarsınlar və bilsinlər ki, sənətdə işləyən qadınların həyatı daha çətindir.

- Həmidə xanım, uşaqlıqdan baxdığım “Humayın yuxusu” cizgi filmində səsləndirməniz, müxtəlif və rəngarəng obrazlarınız, dublyajdakı səsiniz yaddaşıma köçüb. Yazılarınızı oxuyanda, özünüz danışırsınız kimi gəlir mənə. Dublyajda isə səsləndirməklə yanaşı, obrazın xarakterini yaradırsınız. “Həzrəti Yusif”də Züleyxa obrazını səsləndirirsiniz və o rolu  oynayan aktrisa təsadüfən sizə çox bənzəyirdi...

- Hətta, mənə də deyirdilər ki, siz oynamısınız Züleyxanı? Hazırda Məryəm obrazını dublyaj edirik.

- Həmidə xanım, torpaqlarımızın erməni işğalı altında olduğu bir vaxtda Qarabağ müharibəsi ilə bağlı bir çox filmlər çəkilir. İnşallah torpaqlarımızın azad olunması ilə bağlı filmlər çəkiləndə özünüzü hansı obrazda görərdiniz? Qəhrəman əsgərin həyat yoldaşı, yaralı əsgərə şəfa verən həkim və ya qəhrəman oğul anası...

- Yaralı xəstəyə şəfa verən həkim. Bilirsiniz, nə üçün? Mən hesab edirəm ki, insanlara kömək etmək, xəstə olan və ya xəstəsi olana şəfa vermək, bəlaya düşən ehtiyacı olan adama qayğı göstərmək, Allah tərəfindən yaranan hər bir kəsin borcudur. Hər bir ana şəhid anası ola bilər, hər bir qadın qəhrəman da ola bilər, amma hər bir insan başqasına şəfa vermək üçün ona qayğı göstərməyə can atmır. O, taleyin hökmüdür. Bilmirsən səni qarşıda nə gözləyir. Faciə hər birimizin başına gələ bilər amma çətin anda özündə güc toplayıb, nəinki güc, istək tapıb kiməsə yardım etmək hər adamın işi deyil. Mənə çox deyirlər, məni bu yoldan hər an sapdırmağa, uzaqlaşdırmağa çalışırlar. Gərək Allahın sevgisi olsun ürəyinizdə ki insanlara yaxşılıq edəsən.

- Gərgin iş qrafikindən sonra çox güman ki, istirahət etməyi planlaşdırırsınız?

- Nə istirahət? Hərdən eyvana çıxanda deyirəm ki, bir saat təbiətin qoynunda olsaydım o mənə bəs edərdi. Bu yayı oğlumun qəbul imtahanlarına həsr edəcəyəm. Mənim üçün isə ən gözəl istirahət yaradıcı işlə məşğul olmaqdır.

 

 

Ruhiyyə Əli 

 

Kaspi.-2011.- 25-28 iyun.-S.7.