Mövsüm qapanır 

 

Paytaxt teatrlar ilə əlaqə saxlayıb mövsüm ərzində həyata keçirdikləri layihələrlə maraqlandıq

 

2010-2011-ci il teatr mövsümü başa çatır. Bəzi teatrlar artıq qapılarını bağlasalar da, bəziləri pərdələrini sentyabra qədər salmağa hazırlaşır. Paytaxtda fəaliyyət göstərən bir sıra teatrlarla əlaqə saxlayıb mövsüm ərzində həyata keçirdikləri layihələrlə maraqlandıq.

 

Təmirdən sonra

 

Akademik Milli Dram Teatrı mövsümü martın 10-da təmirdən sonra doğma binasında açıb. Mövsümü İlyas Əfəndiyevin «Qarabağnamə» əsəri ilə açıq elan edən kollektiv daha sonra M.F.Axundzadənin «Lənkəran xanının vəziri», Elçinin «Teleskop», Afaq Məsudun «Qatarın altına atılan qadın» tamaşalarının premyeralarını keçirib. Teatrın mətbuat katibi Elçin Cəfərovun bildirdiyinə görə, hazırda teatrda Nicat Kazımovun rejissorluğu ilə «Kabuslar», A.Saqarelinin «Xanuma» əsəri əsasında «Yengələr», V.Hüqonun «Mariya Tüdor» əsəri əsasında «Qadın məhəbbəti» və Sadıq Şendilin «Qanlı Nigar» tamaşaları hazırlanır. Bu tamaşaların premyerası yeni mövsümdə keçiriləcək. Mövsüm ərzində teatrın kollektivi Gürcüstan Akademik Dram Teatrının dəvəti ilə iki tamaşa ilə Tbilisidə qastrol səfərində çıxış edib. Kollektiv 21-27 iyunda Lənkəranda keçirilən “Yeni teatr” II Respublika Festivalında H.Mirələmovun «Xəcalət» tamaşası ilə təmsil olunub. «Azdrama»da həmçinin görkəmli rejissor Adil İsgəndərovun, Xalq artisti Ələsgər Ələkbərovun və görkəmli dramaturq Sabit Rəhmanın 100 illik yubileyləri də qeyd olunub.

“Azdrama” iyulun 14-də İ.Əfəndiyevin «Qarabağnamə» tamaşası ilə mövsümə yekun vuracaq.

 

102-ci mövsüm

 

Dövlət Opera və Balet Teatrı 102-ci  mövsümünü başa vurub. Kollektiv mövsüm ərzində tamaşaçılarına iki yeni premyera təqdim edib. Belə ki, bu ilin yanvar ayında Nikolay Rimskiy- Korsakovun musiqisi əsasında «Şəhrizad» baleti və italyan bəstəkarı Maskaninin «Kənd namusu» operasının premyeralarını keçirib. Teatrın mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyeva hər iki tamaşanın böyük uğurla keçdiyini bildirib. Hazırda teatrın kollektivi Motsartın «Sehirli fleyta» operası üzərində məşqlərini davam etdirir. Tamaşaya quruluş vermək üçün Almaniyalı rejissor Lyudviq Bauman və dirijor Korneliya fon Kerssenbrok dəvət olunub. Yeni tamaşanın premyerası yeni teatr mövsümünün əvvəlinə təsadüf edəcək. Ş.Əlimirzəyevanın bildirdiyinə görə, mövsüm ərzində teatr kollektivinin Rusiya Akademik Böyük Teatrına uğurlu qastrol səfəri baş tutub. Belə ki, fevralın 21-də teatrın balet truppası Böyük Teatrın səhnəsində görkəmli bəstəkar  Qara Qarayevin «Yeddi gözəl» baletini nümayiş etdirib. Hazırda teatrın simfonik orkestri Almaniyada keçirilən Münhen Opera Sənəti Festivalına hazırlaşır. Avqustun 4-9-da keçiriləcək festivalda kollektiv 60 nəfərlik heyətlə təmsil olunacaq və festivalın qala konsertində çıxış edəcək.

Mövsüm ərzində teatrın səhnəsində bir sıra gənc vokal və balet ustaları da uğurla debüt edib. Belə ki, tanınmış vokalçı Ramil Qasımovun «Koroğlu» operasında debütü, teatrın solisti Çinara Şirin C.Verdinin «Aida» operasında Aida partiyasının, balet artisti Elmira Mikayılovanın «Şəhrizad» baletində Şəhrizad rolunin ifası yaddaqalan olub. Ş.Əlimirzəyeva  bildirib ki, Opera və Balet Teatrı  ənənəsinə sadiq qalaraq bu il də bir sıra tanınmış balet və opera sənəti ulduzlarını öz səhnəsində çıxış etməyə dəvət edib. Teatr həmçinin xaricdə tanınmış bir sıra vokal və balet ustaları ilə əməkdaşlıq edir və onları qastrola dəvət edir. Teatrın üzvləri də həmçinin Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə bir sıra qastrol səfərlərində olub. Bu günlərdə teatrın gənc solisti İlahə Əfəndiyeva TÜRKSAL opera günlərində iştirak etmək üçün Türkiyəyə yollanıb. Teatrın simfonik orkestri nazirlik tərəfindən yüksək keyfiyyətli simli musiqi alətləri ilə təmin olunub. Mətbuat xidmətinin rəhbəri teatrın öz uğurlarını yeni mövsümdə davam etdirəcəyini də vurğulayıb. 

Builki mövsüm A.Şaiq adına Dövlət Kukla Teatrı üçün də uğurlu olub. Belə ki, mövsüm kollektiv üçün təkcə premyeralarla deyil, həm də festivallarda qazandığı uğurlarla yadda qalıb. Teatrın baş rejissoru Rəhman Əlizadənin bildirdiyinə görə, yaradıcı kollektiv mövsüm ərzində Abdulla Şaiqin «Dünya gözəli», Namiq Ağayevin «Quşcığaz», Şarl Peronun «Göy saqqal» tamaşalarının premyerasını keçirib. Teatrın direktoru Rəşad Əhmədzadə kollektivin Mərakeşdə keçirilən Beynəlxalq Teatr Festivalında Nizami Gəncəvinin «Xeyir və Şər» əsərinin motivləri əsasında hazırlanan eyniadlı tamaşa ilə birinci yeri qazandığını, eyni zamanda, Kazanda keçirilən festivalda Kamran Şahmərdanın «Ağ və Qara» tamaşası ilə «Ən mükəmməl tamaşa» diplomuna layiq görüldüyünü bildirib. Teatrda eyni zamanda, dövlət sifarişi ilə Qurban Səidin «Əli və Nino», Sent Eksüperinin «Balaca Şahzadə», M.F.Axundzadənin 200 illik yubileyi münasibəti ilə «Müsyo Jordan və Dərviş Məstəli Şah» əsərləri əsasında tamaşalar da hazırlanır. Həmçinin Andersenin «Bacatəmizləyən» hekayəsi əsasında tamaşanın məşqləri davam edir.

Kollektiv noyabr ayında Bakıda keçiriləcək Kukla Teatrları Festivalında iki tamaşa ilə təmsil olunacaq. Dövlət Kukla Teatrı iyulun 15-də builki teatr mövsümünü bağlı elan edəcək.

   

ASSİTECİ-ə üzv  

 

Musiqili Komediya Teatrı 101-ci mövsümünü başa vurur. Teatrın direktor müavini Elxan Ocaqov teatrın binasının təmirə dayanmasına, kollektivin ayrı-ayrı səhnələrdə çıxış etmələrinə baxmayaraq, mövsümün uğurlu keçdiyini bildirib.

Belə ki, yaradıcı heyət mövsüm ərzində Yusif Əkbərovun quruluşunda Ü.Hacıbəylinin ”Ər və arvad”, Bəhram Osmanovun quruluşunda N.V.Qoqolun ”Evlənmə”, quruluşçu rejissor Qoca Kapanadzenin quruluşunda V.Dolidze və A.Saqarelinin “Xanuma” tamaşalarının premyeralarını keçirib.

Bundan əlavə, Əsgər Əsgərovun quruluşunda  M.Kamilettinin “Xoşbəxt ailə oyunu oynayırıq və ya fransız sayağı qarnir”(rus bölməsi) tamaşası da təhvil verilib. Teatrda fəaliyyətə başlayan Uşaq studiyası da bir sıra uğurlara imza atıb. Kollektiv 

N.V.Qoqolun ”Evlənmə”  əsəri əsasında hazırlanan eyniadlı tamaşa ilə Lənkəranda keçirilən teatr festivalında iştirak edib.

Musiqili Komediya Teatrı mövsümü iyulun 29-da mərhum aktyor Elçin Həmidovun doğum gününə həsr etdiyi «Hərənin öz ulduzu» tamaşası ilə bağlayacaq.

83-cü teatr mövsümü Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı üçün uğurlu olub. Belə ki, teatr YUNESKO-nun nəzdində Uşaq və Gənclər teatrları Beynəlxalq ASSİTECİ-nə üzv olub. Beynəlxalq Təşkilatın İcraiyyə Komitəsi Fransada keçirilən qurultayında böyük səs çoxluğu ilə teatrı ASSİTECİ-in üzvlüyünə qəbul edib. Teatr eyni zamanda bu nüfuzlu təşkilatın Azərbaycan Milli Mərkəzi elan olunub. Teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov isə ASSİTEC-in Azərbaycan Milli komitəsinin sədri vəzifəsinə təyin olunub.

Mövsüm ərzində yaradıcı heyət xalq nağılı «Göyçək Fatma»,  Tamara Vəliyevanın «Mənim ağ göyərçinim», Əli Əmirlinin «Mən səni sevirəm», plandan əlavə hazırlanan Vaqif Əlixanlının «Əcəl atı» tamaşalarının uğurlu premyerasını keçirib. GTT həmçinin Xalq yazıçısı İlyas Əfəndiyevin «Məhv olmuş gündəliklər» əsəri əsasında eyniadlı tamaşa üzərində yeni heyətlə yaradıcılq işini başa çatdırmaq üzrədir. 

Teatrdan verilən məlumatda bildirilib ki, GTT bir sıra beynəlxalq layihəlar həyata keçirir. Hazırda Tumanaşvili adına Teatrın baş rəssamı Şota Qlurdjidze  «Romeo və Culyetta» tamaşasının tərtibatı, kostyum eskizləri və işığını, tamaşanın rəqslərini və döyüşləri qurmaq üçünsə Rusiyanın Əməkdar incəsənət xadimi Sergey Qrisay teatra dəvət olunub. Bundan əlavə, teatrda dövlət sifarişi ilə Ankara Cocuq Teatrının baş rejissoru Ülviyyə Karaca ilə  «Keçəlin toyu» adlı nağıl-tamaşa hazırlanacaq. 

GTT iyulun 21-dən 27-ədək Lənkəran şəhərində keçirilən «Yeni Teatr» II Respublika festivalında G. Fiqeyredonun «Ezop» tamaşası ilə çıxış edib.    

Kollektiv iyul ayının 4-dən Dövlət Proqramı çərçivəsində bölgələrimizdə yaşayan əhalinin asudə və istirahət vaxtının səmərəli keçirilməsini təmin etmək üçün Göyçay, Yevlax və Mingəçevir bölgələrinə qastrol səfərinə yola düşəcək. Yaradıcı heyət səfər zamanı M.F.Axundovun «Sərgüzəşti vəziri- xani Lənkəran» tamaşasını təqdim edəcək. Teatr özünün 83-cü mövsümünü iyul ayının 6-da Kürdəmir rayon Mədəniyyət evində bu tamaşa ilə başa vuracaq.

 

Zəfər çağırışı

 

İrəvan Dövlət Azərbaycan Dram Teatrı da mövsümü uğurla başa vuranlar sırasındadır. Belə ki, kollektiv bu mövsümdə iki tamaşanın premyerasını keçirib. Teatrın direktor İftixar Priyevin bildirdiyinə görə hər iki premyera uğurla başa çatıb. Teatrda türk yazıçısı Zehni Papaqçının «Soyqırım abidəsinin dastanı» adlı layihə böyük uğur qazanıb. Söz, oyun və hərəkət üzərində qurulan meydan tamaşasının ideya müəllifi Beyləqan İH-nın başçısı İrşad Əliyev, baş məsləhətçisi Hidayət Orucov, şeirlərinin müəllifi İftixar Priyev olan tamaşanın premyerası 31 martda Beyləqan rayonunda Soyqırımı abidəsinin qarşısında keçirilib. İ.Priyevin sözlərinə görə, tamaşa həmçinin Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıçın dəvəti ilə kültür mərkəzində, FHN əsgərləri, Anadolu universitetinin kollektivi üçün   oynanılıb. Bundan əlavə, tamaşa İzmir, İqdır, Qars, Ərzurum, Ankara və İstanbula dəvət alıb. «Bu tamaşa türk dünyasına qarşı soyqırımı hadisəsinə tutarlı cavab, torpaqlarımızın azad olunması üçün zəfər çağırışıdır”. Direktorun bildirdiyinə görə, İrəvan Teatrı bu tamaşa ilə həmçinin Azərbaycanın bölgələrinə də qastrol səfərinə çıxacaq. Teatr həmçinin Oruc Qurbanovun quruluşunda J.B.Molyerin «Zoran təbib» əsərini hazırlayıb. Ancaq teatrın normal səhnəsi olmadığı üçün tamaşanı oynaya bilməyib. «Biz tamaşanı öz məkanımızda oynamışıq. Ancaq genişmiqyaslı premyeranı keçirə bilməmişik. Nə zaman bizə oynamaq üçün səhnə verilərsə tamaşanı onda təqdim edəcəyik”.

Teatrda həmçinin Georgi Xuqayevin «Mənim qaynanam» tamaşasının məşqləri başa çatmaq üzrədir. Tamaşaya baxış keçiriləndən sonra kollektiv bu tamaşa ilə cənub bölgəsinə qastrola çıxacaq.

İrəvan Teatrı iyulun 20-də mövsümü bağlı elan edəcək.

Şuşa Dövlət Musiqili Dram Teatrı mövsüm ərzində yalnız bir tamaşanın - «Şuşasız” tamaşasının premyerasını keçirib. Hazırda isə teatrda Elçin Hüseynbəylinin «İki nəfər üçün oyun» əsəri əsasında tamaşa hazırlayır. Teatrın direktor müavini Azad Məmmədovun verdiyi məlumata görə, kollektiv builki mövsümü iyulun 15-də «Azərsun» Mədəniyyət Evində E.Abdullayevanın «Ağ qayıq» tamaşası ilə başa vuracaq. Qeyd edək ki, “Savalan” kinoteatrında yerləşən teatrın kollektivi binanın təmirsizliyi üzündən tamaşalarını ayrı-ayrı səhnələrdə oynayır.

«YUG» Teatrı mövsüm ərzində Üzeyir Hacıbəyovun və Cəlil Məmmədquluzadənin felyetonları, Mirzə Ələkbər Sabirin şeirləri əsasında «Məsəl, ya əməl» və Cəbran Xəlil Cəbranın «Sur» tamaşalarının premyeralarını keçirib. Kollektiv Lənkəranda keçirilən Respublika Teatr Festivalında da «Məsəl ya əməl» tamaşası ilə çıxış edib. Teatrın ədəbi hissə müdiri Elçin Cəfərov mövsümü ümumilikdə «YYG» üçün uğurlu adlandıraraq bir neçə tamaşanın məşqlərinin də davam etdiyini bildirib. Belə ki, teatrda Y.Onilin «Qarağaclar altında məhəbbət» əsəri əsasında «Kölgə» tamaşasının və «Qəbirqazma üsulu» əsəri əsasında eyniadlı tamaşaların məşqləri davam edir.

Kollektiv mövsümə iyulun 25-də mərhum rejissor Vaqif İbrahimoğlunun A.P.Çexovun “Albalı bağı” əsəri əsasında hazırladığı «Birinci akt» tamaşası ilə yekun vuracaq.

 

 

Təranə Məhərrəmova

 

Kaspi.-2011.-29 iyun.- S.10.