«Azərbaycan
diasporu misli görünməz mübarizliyə
və əqli potensiala malikdir»
Polşada
yerləşən Birliyik Cəmiyyətinin sədri Nəbi
İbadov əsas problemlərinin maliyyə ilə bağlı
olduğunu deyir
Azərbaycan
diasporu özünün 3-cü qurultayına
hazırlaşır. Dünyanın müxtəlif ölkələrində
yaşayan azərbaycanlılar qurultayda iştirak etmək
üçün Bakıya axışacaq, növbəti illər
üçün hərəkət strategiyalarını müəyyənləşdirəcək,
problemlərini müzakirə edəcəklər. Qurultay ərəfəsi
Polşada yerləşən Birliyik Cəmiyyətinin sədri
Nəbi İbadova müraciət etdik.
-
Nəbi müəllim, zəhmət olmasa, təmsil etdiyiniz təşkilat
barədə qısa məlumat verərdiniz?
- Təşkilatımız «Birlik Cəmiyyəti»
adı ilə 2009-cu ildə təsisçilərin birinci
iclası əsasında yaradılıb. Əsasən də
Varşava və ətraf şəhərlərdə
yaşayan həmyerlilərimizi özündə cəmləşdirir.
Cəmiyyətin əsas aparıcı qüvvəsini
1989-1991-ci illərdə tələbə kimi Polşaya gəlmiş
və artıq müxtəlif yerlərdə
çalışan azərbaycanlılar təşkil edir. Eyni
zamanda, 2004-cü ildən sonra Polşaya gələn azərbaycanlı
tələbə və doktorantlar da təşkilatımıza
cəlb edilib. Ötən illər ərzində təşkilatımız
böyük bir inkişaf yolu keçib. Biz müxtəlif
qeyri-hökumət təşkilatları ilə, partiya komitələri
ilə, ali məktəblər ilə və s. iş birliyi
qurub və əlaqələr yaratmışıq.
-
Yaşadığınız ölkədə Azərbaycan
diasporunun durumu necədir?
- Polşada yaşayan azərbaycanlılar
təşkilatlanmaya xüsusi diqqət yetirirlər. Təvazökarlıqdan
uzaq olsa da, deyim ki, gündən-günə inkişaf edirik və
artıq bir təşkilat kimi tanınmağa
başlamışıq. Ötən illər ərzində təbii
ki, bu işdə təcrübəmiz də artır.
Ümumiyyətlə götürdükdə mövcud durumumuz
malik olduğumuz imkanlar (maliyyə, insan potensialı) çərçivəsində
pis deyil.
-
Sizcə, Polşadakı Azərbaycan diasporumuzun hansı
nailiyyətləri və problemləri vardır?
- Ümumiyyətlə, burada fəaliyyət
göstərən hər bir cəmiyyətin özünəməxsus
nailiyyətləri var. Məncə, hər birinə aid olan
nailiyyətlər Azərbaycan həqiqətlərinin müxtəlif
strukturlara və qurumlara çatdırılmasıdır. Bu
baxımdan həm Azərbaycana olan təcavüzün və həm
də Azərbaycan mədəniyyətinin müxtəlif tədbirlər
vasitəsi ilə yerli xalqa çatdırılması və
onlarda fikir müxtəlifliyi yaratmaq nailiyyət sayıla bilər.
Bizim cəmiyyətə gəldikdə
isə söylənilənlərə əlavə olaraq məncə,
ən böyük nailiyyətimiz Avropa Parlamentinə üzv
olan polşalı deputat Tomas Porebanın («Qanun və Ədalət»
partiyasının üzvü) 2010-cu ilin dekabrında
Dağlıq Qarabağa Azərbaycanın icazəsi olmadan getməsinin
tənqidi və bununla bağlı protest aksiyalarımız
oldu. Tomas Porebanın məxsus olduğu partiyanın rəhbərliyinə,
onun özünə və müxtəlif şəhərlərdə
olan bürolarına etirazımızı bildirdik. Bununla
bağlı başqa partiyalara da bu cür hərəkətlərin
beynəlxalq qanunlara və Polşa dövlətinin xarici siyasətinə
zidd olduğunu bildirdik. Bu artıq Polşada yeni bir güc yaranır
deyə mesaj oldu.
Problemlərimiz isə əsasən
maliyyə çatışmazlığı ilə
bağlıdır. Məncə, bunu söylədiyim zaman
Amerika ixtira etmirəm. Bu problem məncə bütün diaspor
təşkilatlarına aiddir və bu bir nömrəli problem
olaraq qalır. Çünki heç bir lobbiçilik və yaxud
da başqa tədbirlər maliyyəsiz baş tutmur.
-
Dünya azərbaycanlılarının 3-cü qurultayından
gözləntiləriniz necədir?
- Əlbəttə ki, dünyanın
müxtəlif ölkələrində yaşayan diaspor təmsilçilərinin
bir araya gəlməsi böyük bir fürsətdir.
Bir-birimizi tanıyacaq, problemlərimizi müzakirə edəcək,
çıxış yolları axtaracağıq. Mən bu
qurultaydan müxtəlif diaspor təşkilatları və
dövlət strukturları ilə birgə mərkəzləşdirilmiş
və ya bölgələşdirilmiş iş birliyi gözləyirəm.
-
Qurultayda iştirak edəcəksinizmi?
- Bəli. Qurultay nümayəndəsi
seçilənlər arasında mən də varam.
-
Qurultayda hansı qərarların qəbul edilməsini istərdiniz?
- İstərdim ki, qərarlar söylənilən
problemlər və strateji planlar çərçivəsində
qəbul olunsun. Bu da diaspor təşkilatlarının daha da səmərəli
işləməsinə zəmin yaratsın.
-
Sizcə Azərbaycan diasporu erməni diasporu ilə mübarizədə
gücünü nümayiş etdirə bilirmi?
- Bəli, etdirir. Sadəcə biz onlarla
müqayisədə hələ cavan təşkilatıq,
maliyyəmiz müqayisəolunmaz dərəcədə
azdır və bəzi «sözükeçən» dövlətlərdə
sayımız onlar qədər çox deyil. Bunu nəzərə
alaraq, mən hesab edirəm ki, Azərbaycan diasporu misli
görünməz mübarizliyə, bacarığa və əqli
potensiala malikdir.
İlham QULİYEV
Kaspi.-2011.-
30 iyun.-S.8.