Sənət öz sözünü deyir 

 

II Respublika muğam müsabiqəsinin qalibi Aytən Məhərrəmova uğurunun sevincini bizimlə bölüşdü

 

Ötən həftə II Respublika muğam müsabiqəsinə yekun vurulub. Heydər Əliyev Fondu, Təhsil, Mədəniyyət və Turizm nazirliklərinin və Azərbaycan Milli Konservatoriyasının təşkilatçılığı ilə keçirilən müsabiqəyə 18 yaşından 35 yaşınadək ifaçılar qatılıb.

 

 Müsabiqənin sonuncu turunun nəticəsinə görə, Azərbaycan Milli Konservatoriyasının tələbələri Aytən Məhərrəmova 1-ci, Ehtiram Hüseynov 2-ci, Asəf Zeynallı adına Musiqi Kollecinin tələbəsi Nişanə Baxışova 3-cü yerlərə layiq görülüblər.

Aytən Məhərrəmova uğurunun sevincini bizimlə bölüşdü:

 

Zəhmətim hədər getmədi

 

- Hər bir kəs müsabiqədə qalib gələndə özünü necə hiss edirsə, mən ondan da yaxşı hisslər keçirirəm. Altı ildir ki, peşəkar səhnədəyəm. Ancaq  bu uğurum həmin 6 ildə qazandıqlarımı əvəz edə bildi. Ona görə də mənim uğurumun nə qədər böyük olduğunu istərdim ki, hər kəs təsəvvür edə bilsin. Təbii ki, bu uğuruma görə ustadıma - gözəl sənətkarımız Mənsum İbrahimova borcluyam. Çünki klassik muğam yolunu mən ondan öyrənmişəm. Bina tikiləndə özülü necə qoyulursa, həmin tikilinin davamlılığı da o cür olur. Sənət aləmində də belədir. Mən 12 yaşımdan Mənsum müəllimin yanında hazırlaşıram. Asəf Zeynallı adına musiqi kollecində onun tələbəsi olmuşam. Hazırda isə Milli Konservatoriyanın 4-cü kursunda oxuyuram və Mənsum İbrahimovun tələbəsiyəm.

- Qalib gələcəyinizə ümidiniz vardımı? Yoxsa buna şans deyərdiniz?

- Özüm çıxış edəndə onu görmürdüm. Ancaq ifaçılar, digər qulaq asanlar çıxışımı çox tərifləyirdilər. Fikirləşirdim ki, uşaqlarımız hamısı güclüdür və hər biri  qalib gələ bilər. Ancaq hiss edirdim ki, tamaşaçılar ən çox məni dəstəkləyirlər. Bacım ifalarımı yazırdı və hər dəfə çıxışımdan sonra öz ifama qulaq asır və səhvlərimi düzəldirdim. Adətən muğamda elə ritmik hissələr olur ki, onu nağara ifa edir. Ancaq biz elə məşq elədik ki, mən həmin ritmik hissələri qavalla həyata keçirdim. Münsiflər də yaxşı qiymətləndirdilər. Mənim zəhmətim hədər getmədi. İnanın ki, gün ərzində məşq edirdim. Təbii ki, bu uğuru tək qazanmamışam. Sənətdəki tərəf müqabillərim – tar ifaçısı Ədalət Behbudov və kamança ifaçısı Pərviz Fərhadova borcluyam. Təbii ki, ustadlarımızın cığırı ilə gedirik. Müəllimlərimiz hansı yolla gedirsə, biz də onların sənətindən öyrənirik.

- Siz Beynəlxalq Muğam Festivalında ölkəmizi təmsil edəcəksiniz. Özünüzü hazır bilirsiniz?

- Təbii ki… Hazırlıqlı olmağımı  məşqlərim də təsdiq edir. Mənə elə gəlir əziyyətimiz yerdə qalmaz.

- Siz 2005-ci ildə keçirilən I Televiziya muğam müsabiqəsinin də iştirakçısı olmusunuz. Həmin müsabiqədə qaliblərin seçilməsində SMS-lər də rol oynayırdı. Ancaq üçüncü Televiziya muğam müsabiqəsinin seçimində yalnız münsiflərin rəyi rol oynayır. Ümumiyyətlə, bu cür müsabiqələrdə qaliblərin seçilməsində SMS-lərin rolunu müsbət qiymətləndirirsiniz?

- Təkcə onu deyə bilərəm ki, II Respublika muğam müsabiqəsi SMS-lə keçirilsəydi, mən axırdan birinci olardım. Mənə elə gəlir ki, SMS hətta qalibin seçilməyinə mane ola bilər. Əsas ustadların fikri olmalıdır. SMS bol olanda ustadların fikri bir qədər kənarda qalır. Muğam sənəti elədir ki, burada heç bir SMS insanı xilas edə bilməz. Sənət öz sözünü deyir.

- Həmin müsabiqədə qalib gəlməməyinizi özünüz üçün uğursuzluq hesab etdiniz?

- Elə deməzdim. Keçən il keçirilən beynəlxalq muğam müsabiqəsinin heç onluğuna da düşməmişdim. Bunun günahını mən özümdə görmüşəm. Demək az əziyyət çəkmişəm və istənilən qədər fəaliyyət göstərməmişəm ki, onluğa düşə bilməmişəm. Demək nəyisə yaxşı ifa etməmişəm. O vaxtdan sənət yoldaşlarımla əl-ələ verib özümüzü bu günə hazırladıq. İndi isə inanın ki, hər kəs daha çox mənim əziyyətimdən danışır. Hamı “sən çox əziyyət çəkdin” deyir. Onların  fikirləri mənə az qala dünyanı bəxş edir.

- Müsabiqədə qalib gələndən sonra  sizdə: «Mən artıq xanəndəyəm?»; «Artıq bu sənətdə hər şeyi bilirəm, zirvədəyəm» fikirləri yaranmadı ki?

- Əgər hər hansı insanda elə hisslər yaransa, demək o, sənətdə irəli gedə bilməz. Düzdür, əgər bu gün müsabiqənin birincisi olmuşamsa bu, mənə inam verib. Ona görə yox ki, mən arxayınlaşmalıyam. Ona görə ki, mən Azərbaycanı təmsil etməyə layiqəm. Müsabiqə mənim üzərimə məsuliyyət qoydu ki, daha çox hazırlaşmalı və ölkəni təmsil edərək qalib olmalıyam. Təbii ki, məğlub olmağı da bacarmaq lazımdır. Əgər mən dünənki məğlubiyyətimdən nəticə çıxarmasaydım, bu gün qalib gələ bilməzdim. Elə insanlar var ki, məğlub olandan sonra ruhdan düşürlər, daha müsabiqəyə qatılmaq istəmirlər. Məncə insan hər bir səhvi özündə axtarmalı və onu düzəltmək üçün çalışmalıdır. Həyat mübarizədir.

- Belə bir məşhur fikir var: «Muğam bir dəryadır və hər gələn ordan yalnız bir damla götürür». Necə deyərsiniz, siz həmin dəryadan nə götürə bilmisiniz?

- Bu damlaya sahib olmaq mənim üçün hələ çox tezdir. Mən o damlanı götürmək üçün hələ çabalayıram.

 

Dəyişən auditoriya

 

-  Belə bir fikir də var: «Muğam yalnız yaşlı adamların zövqü üçündür».

- Bu, əvvəllər belə idi.  İndi muğamın auditoriyası tamam dəyişib. Dövlətimizin muğama göstərdiyi qayğı da  bunda rol oynayır. Sadəcə, muğamı elə bir formada təqdim etmək lazımdır ki, onu gənclər də qəbul edə bilsin. Məsələn, əgər hər hansı bir bayram konsertində dəsgah ifa etsəm, onu heç kim qəbul etməz. Mən elə formada çıxış etməliyəm ki, dinləyicı zövq almalı, yorulmamalıdır. Repertuarı tamaşaçı auditoriyasına uyğun seçmək xanəndənin üzərinə düşən vəzifədir. Xanəndə muğamımızı qorumaq şərtilə öz çıxışını auditoriyanın zövqünə də hesablamalıdır.

- Adətən, gənclər öz sələflərinin keçdiyi yola bir qədər köhnəlmiş, zamanı keçmiş yol kimi baxır, yeni cığırlar axtardıqlarını bildirirlər. Bəs muğam aləmində təzə yol nə deməkdir?

- Keçən ilin dekabr ayında mənim «Xətrinə dəymərəm» adlı yeni diskim işıq üzü gördü. Bu mahnı vaxtilə mərhum sənətkar Gülağa Məmmədovun ifasında orkestrin müşayiəti ilə oxunub. Biz isə həmin mahnını üçlüklə ifa etdik. Bu, artıq yenilikdir. Çox adam buna risk edə bilməzdi. Çünki orkestrin müşayiəti ilə ifa daha dolğun alınır. Amma bizim ifamız da dinləyənlər tərəfindən maraqla qarşılanır. Həmçinin Məmmədbağır Bağırzadənin ansamblın müşayiəti ilə ifa etdiyi «Darıxıram» mahnısını da üçlüklə ifa etdik. Təbii ki, bu ifalar zamanı ustadlarımızla məsləhətləşmişik. Bilirsinizmi,  artıq zaman dəyişib. Biz musiqiləri ayrı bir formada təqdim etməliyik. Çünki artıq insanlar həmin ifanı eşitməyə öyrəşiblər. İndi onlara yeni formada təqdimat lazımdır. Mən «Kəsmə şikəstə» ritmik muğamının sonluğuna bir bayatı əlavə etmışəm. Əgər gözəllik verəcəksə biz o yenilikləri gətirməyə çalışırıq.

- Siz Şuşa Musiqi Texnikumunda müəllimə kimi də çalışırsınız. Müəllimliklə tələbəliyiniz bir-birinə kömək edir?

- Mən tələbə kimi dərsə gedəndə həm də müəllimimi müşahidə edirəm. Bir pedaqoq kimi onun sirlərini öyrənməyə çalışıram. Artıq beş ildir ki, texnikumda dərs verirəm. Hiss edirəm ki, ildən-ilə pedaqoji fəaliyyətim irəliləyir. Orda tələbəyə öyrətdikcə özüm də öyrənirəm. Ona görə də müəllimliklə tələbəliyim bir-birinə kömək edir.

- Adətən gənc xanəndələr Opera Teatrının səhnəsinə çıxmaq arzusu ilə yaşayırlar. Sizin belə bir arzunuz varmı?

- Təbii ki, bu, hər bir xanəndənin arzusudur. Amma mən nədənsə hələ o barədə düşünmürəm. Mənim üçün əsas olan müsabiqədə iştirak etmək idi. Əsas arzum isə Beynəlxalq Muğam Müsabiqəsinin qalibi olmaqdır. Yəqin ki, bu müsabiqədən sonra o barədə də düşünərəm. Arzularımın hamısı sənətimlə bağlıdır. Magistraturaya qəbul olunmaq istəyirəm. Yeni mahnılarım var ki, onları lentə aldırmalıyam. 

- Tanınmış xanəndə Arif Babayev həmişə dərs verdiyi tələbələrinin və ümumiyyətlə, gənc xanəndələrin muğam yolunu sapıb estradaya üstünlük verməsinə görə onları qınayır. Maddi dolanışıq üçün sizin belə planlarınız yoxdur ki?

- Janrı müxtəlif səbəblərdən dəyişmək olar. Muğam sənəti çox çətindir və bu sənətlə inkişaf etmək də asan deyil. Mən heç kəsi qınamıram. Bunun tanınmaq, maddi və tamaşaçının qəbul edib-etməməsi tərəfləri də var. Bu baxımdan bəzən ifaçılar öz janrlarını dəyişirlər. Ancaq əgər hər hansı bir sənətdə insan özünə güvənirsə, onu heç nəyə dəyişməməlidir. Onu da qeyd edim ki, muğam oxuyan həm estrada, həm caz oxuya bilər. Çünki muğam boğazı bütün janrları ifa etməyə qadirdir.

 

Solo konsert arzusu

 

- Muğam müsabiqələrinin qalibləri nədənsə ölkə ictimaiyyəti qarşısında solo proqramlarla çıxış etmirlər. Daha çox xaricdə keçirilən konsertlərə üstünlük verirlər. Hərdən adama elə gəlir ki, bu müsabiqə onların daha çox xaricə can atmaları və tanınmaları üçün lazımdır...

- İnanın ki, iki ildir solo konsert arzusu mənim öz qəlbimdə yaranıb. Ancaq  konsertimi keçirə bilmirəm. İlk növbədə buna mənim maddi imkanım çatmır. İstərdim ki, bəstəkar və xalq mahnılarını, dəsgahları bir konsert proqramı çərçivəsində dinləyicilərə təqdim edim. Qoy tamaşaçı da görsün ki, mən işləyirəm. Təəssüf ki, indiyə qədər bu konserti keçirmək imkanım olmayıb. Həm də özümü sınamaq istəyirəm ki, görüm nə qədər tamaşaçı məni dinləməyə gələ bilər.

- Necə bilirsiniz, muğam müsabiqələrinin keçirilməsi, gənc istedadların üzə çıxarılması haradasa bayağı dediyimiz musiqini, müğənniləri sıxışdırıb sıradan çıxara biləcəkmi, yoxsa onların da öz yeri var?

 - Bayağı musiqilər də, müğənnilər də həmişə olacaq. Təbii ki, muğam ifaçılarının çoxluğu hardasa nəyisə ört-basdır edə bilər. Amma onları tamamilə sıxışdırıb sıradan çıxarmaq mümkün olmayacaq. Hamı asan yol seçə bilər. Mənə elə gəlir ki, asan yolu  zəif musiqiçilər seçir. Ancaq sənət aləmində həmişə zəif və güclü musiqiçilər olub və olacaq.

 

 

Təranə Məhərrəmova

 

Kaspi.- 2011.- 3 mart.- S. 11.