Türk dünyasının böyük
şəxsiyyəti
Onun qurduğu
Səfəvilər dövləti Avropa, Asiya və Afrika qitəsini
əhatə edib
Bu il Azərbaycan Səfəvilər
dövlətinin banisi Şah İsmayıl Xətainin (Səfəvi)
anadan olmasının 521 ili tamam olur. Şah İsmayıl Xətai-Azərbaycan
dövlətçilik tarixində özünəməxsus
yeri olan şəxsiyyətlərdən biridir. Şah
İsmayıl tarixdə ilk dəfə Azərbaycan türkcəsini
dövlət dili səviyyəsinə yüksəldib. O,
1487-ci il iyulun 17-də Ərdəbil şəhərində
kökü tarixin çox-çox uzaq çağlarına
gedib çıxan nüfuzlu azərbaycanlı zadəgan ailəsində
anadan olub. 13 yaşında İsmayıl artıq müstəqil
şəkildə siyasi fəaliyyətə başlayır.
1499-cu ilin avqust ayında İsmayıl özünün
yaxın tərbiyəçisi və məsləhətçisi
olan bir neçə qızılbaş tayfa
başçısı ilə birlikdə qoşun toplamaq üçün
Ərdəbilə yollanır. O, 1500-cü ilin yazında
Şamlı və Rumlu tayfalarından, habelə Qaradağ və
Talış əhalisindən ona qoşulmuş 2 minə
yaxın qızılbaşla Qarabağ, Çuxursədd,
Şuragil, Kağızman, Tircan yolu ilə Ərzincana gəlir.
Burada qızılbaş tayfalarından, habelə Qaradağ
sufilərindən təqribən 7 min tərəfdar toplayaraq
1500-cü ilin axırlarında Şirvana hücum edir və
müqavimətsiz Şamaxıya daxil olur. Daha sonra
Gülüstan qalası yaxınlığında Cabanı
adlı yerdə döyüşdə (Çobanı
döyüşü) Şirvanşah qoşunlarını məğlubiyyətə
uğradır. Döyüşdə Şirvanşah Fərrux
Yassar öldürülür. Bundan sonra şah İsmayıl
ona böyük sərkərdə kimi şöhrət gətirən
bir çox parlaq qələbələr qazanır, lakin
Cabanı yaxınlığındakı qələbəsi gənc
sərkərdənin tərcümeyi-halında onun həm
siyasi, həm də dini baxımdan özünü təsdiq
etməsi üçün ən vacib və ən əhəmiyyətli
döyüşü kimi yazılmışdır. «Azərbaycan
tarixi» çoxcildliyində göstərilir ki, həmin
dövrün Azərbaycan miniatürlərində məhz bu
döyüşün tez-tez təsvir olunması da təsadüfi
deyildir. İsmayıl kiçik bir dəstəsini
Gülüstan qalasının mühasirəsi
üçün saxlayaraq, Bakıya yollanır və buranı
aldıqdan sonra yenə geri, həmin dəstənin yanına
qayıdır. Burada xəbər tutur ki, Ağqoyunlu
hökmdarı Əlvənd Mirzə Ağqoyunlu onun üzərinə
hücuma hazırlaşır. İsmayıl
qızılbaş əmirlərini məşvərətə
yığaraq onlardan soruşur: "Siz nə istəyirsiniz,
Azərbaycan taxt-tacını, yoxsa “Gülüstan”
qalasını?" Onlar yekdilliklə Azərbaycanı
üstün tuturlar. Şirvanşahların xəzinəsi də
daxil olmaqla böyük bir qənimət qazanmış
İsmayıl öz qoşunu ilə Naxçıvan istiqamətində
hərəkət edir. 1501-ci ilin ortalarında Əlvənd
Mirzə onları Şərur düzündə
qarşılayır. Əlvənd Mirzənin 30 minlik ordusu ilə
döyüşə girən (Şərur
döyüşü) İsmayıl 7 minlik qoşunu ilə onu
darmadağın edir. 1501-ci ilin payızında Təbrizə
daxil olan İsmayıl özünü şah elan etdi. Bununla
da paytaxtı Təbriz olan Azərbaycan Səfəvilər
dövlətinin əsası qoyuldu. I Şah
İsmayılın tabe olmaq təklifini rədd edən
Ağqoyunlu hökmdarı Sultan Muradla 1503-cü il iyunun 21-də
Həmədan yaxınlığında döyüş də
qızılbaşların qələbəsi ilə nəticələndi.
Ağqoyunlu dövləti süqut etdi. Çox qısa
müddətdə şah İsmayıl Şeybani xanın
özbək dövlətindən tutmuş Osmanlı
imperiyasının sərhədlərinə qədər uzanan
möhtəşəm bir dövlət yarada bilir. Onun
dövründə Səfəvilər dövləti Yaxın
Şərqin qüdrətli dövlətlərindən birinə
çevrildi. Səfəvi dövləti öz yüksəlişinin
zirvə nöqtəsinə çatır. Onun ərazisinin sahəsi
2 milyon 800 min kvadrat kilometrə çatırdı.
Çaldıran
döyüşü
1514-cü ildə Sultan 1 Səlimin
(1512-1520) başçılıq etdiyi Osmanlı ordusu ilə
Çaldıran düzündə baş vermiş
döyüşdə (Çaldıran döyüşü)
qızılbaşlar məğlubiyyətə
uğradılar. Bu döyüşdə osmanlılar sayca
çox idilər. Bundan başqa onların daha bir
üstünlüyü də 300-ə qədər topun
olması idi. Bütün bunlar döyüşün
gedişinə təsir göstərməyə bilməzdi.
Üç gün davam eləyən gərgin döyüş
osmanlıların qələbəsi ilə nəticələnir.
Yaralı Şah İsmayılı təqib edən I Sultan Səlim
yol boyu Xoy, Mərənd və Təbriz şəhərlərini
tutur. Buna baxmayaraq, o, Təbrizdə çox qala bilməyib,
altıca gündən sonra şah İsmayılın tacı,
əlbisələri və bəzək əşyaları da
içində olmaqla xeyli qənimət götürərək,
şəhəri tərk edir. Sultan Səlim qənimətlə
birlikdə özü ilə İstanbula sonradan Türkiyənin
incəsənət və sənətkarlığının
inkişafında müstəsna rol oynamış bir çox
incəsənət xadimlərini və sənətkarları
da aparır. Dünyanın ən zəngin muzeylərindən
sayılan İstanbul topqapı sarayında, Əsgər
muzeyində Azərbaycan tətbiqi sənətinin
Çaldıran döyüşündən sonra buraya gətirilmiş
ən nadir nümunələri nümayiş etdirilməkdədir.
I Sultan Səlimin əlinə keçmiş əsirlər
arasında şah İsmayılın döyüş
paltarı geymiş arvadları Bəhruzə xanım və
Taclı xanım da vardı. Tarixçilərin bildirdiyinə
görə, Çaldıranda, döyüş meydanında
kişi paltarı geyib, öz ərləri ilə birlikdə
vuruşan xeyli qadın meyiti tapılmışdı. Azərbaycan
qadınlarının vətənpərvərlik və
igidliyindən heyran olmuş Sultan Səlim onların
döyüşçüyə xas ehtiramla
basdırılması üçün əmr vermişdi. 1515-ci
ildə Osmanlı imperiyası ilə sülh bağlanır.
Şərtə görə, Şərqi Anadolu həmişəlik
Osmanlıya verilir.
Sonrakı illərdə Şah
İsmayıl Şəki hakimliyini, Şirvanşahları,
gürcü çarlarını Səfəvilərdən
asılı vəziyyətə saldı. Hakimiyyətinin son
illərində şah İsmayılla Şirvanşah
Şeyxşah arasında dostluq və qohumluq münasibətləri
yaranır. Əvvəlcə Şah İsmayıl qızı
Pərixan xanımı Şeyxşahın oğlu Sultan Xəlilə
ərə verir, sonra isə özü Şirvanşahın
qızlarından biri ilə evlənir. Şah
İsmayılın toyu 1523-cü il 5 noyabrda Təbriz
yaxınlığında olur. Lakin bu toydan sonra Xətai
çox yaşamır. O, Şəkiyə növbəti səfərdən
Ərdəbilə qayıdarkən vəfat etdi. Onun
ölümü ilə bağlı qaynaqlarda belə bir qeyd
vardır ki, Şah İsmayıl ölümündən bir qədər
əvvəl ova çıxır. Şahdağda öz
adamları ilə cərgə ovu təşkil edir. Ov şənliyi
qurtarar-qurtarmaz o, ağır şəkildə xəstələnir
və dərhal Ərdəbilə qayıdır. Burada da onun
halı yaxşılaşmır. Tələsik Təbrizə
yola düşürlər. Yolda Sərab
yaxınlığındakı Mənqutay adlı yerdə
halı o qədər ağırlaşır ki, düşərgə
salmalı olurlar. Həkimlərin müalicəsi bir fayda
vermir. Hökmdar şair 1524-cü ildə mayın 23-də vəfat
edir. Nəşini Ərdəbilə gətirib Şeyx Səfi
kompleksində dəfn edirlər. Şah İsmayıl Xətai
38 yaşında, həyatının,
yaradıcılığının, arzularının ən
qaynar bir çağında dünyadan köçür, lakin
qısa ömrü müddətində gördüyü
işlər ona ölməzlik qazandırmış, onu Azərbaycan
xalqının siyasi və mədəni tarixinin ən parlaq səhifələrindən
birinin yaradıcısı kimi tanıtdırmışdır.
Şah İsmayılın yüksək hərbi istedadı
haqqında K. Marks yazmışdır: «Səfəvilər xanədanının
banisi Şah İsmayıl fateh idi. O, on dörd illik hakimiyyəti
dövründə on dörd əyalət fəth etmişdi»
Şah
İsmayıl şəxsiyyəti
Şah İsmayıl çox nadir
dühaya malik bir şəxsiyyət olub. O, hələ
uşaq yaşlarından idman oyunlarına, cıdır
yarışlarına böyük həvəs göstərir,
tez-tez ova gedirdi. Sərkərdəliyi dövründə o bir
neçə zorxana açdırmışdı ki, burada
bayram şənlikləri düzənlənər və pəhləvanlar
öz güclərini sınayardılar. Şah İsmayıl
həm də rəssamlıq və xəttatlıq
bacarığı ilə də seçilir, kitab
oxumağı çox sevirdi. Uzun Həsənin Təbrizdə
yaratdığı məşhur kitabxananın nəzdində
o, yeni tipli geniş bir kitabxana açdırmışdı
ki, buradan nəinki öz ölkəsinin əhalisi və alimləri,
hətta qonşu ölkələrin alimləri də istifadə
edirdilər. Venesiyadan olan bir tacir yol qeydlərində
özünün şah İsmayılla Təbrizdəki
görüşlərini belə xatırlayır: "İndi
onun 31 yaşı var. Ortaboylu, olduqca gözəl və mərd
bir kişidir. Saqqalını qırxır, bığ
saxlayır. Ona qız kimi vurulmaq olar. Solaxay olsa da bütün
əmirlərdən güclüdür. Oxatma məşqləri
zamanı adətən musiqi çaldırır. Rəqsi
çox sevir və rəqqasələr oynayarkən
ayaqlarını yerə döyərək, İsmayıla həsr
olunan mahnılar da oxuyurlar. O, hər gün əmirlərlə
oxatma yarışları keçirmək üçün
meydana çıxır və həmişə də
günün qaliblərinə mükafatlar verir. Bu
yarışlar vaxtı onun şərəfinə
çalıb-oxuyur, rəqs edirlər. Bu sufi öz təbəələri,
xüsusilə də əsgərlər tərəfindən
Allah kimi sevilir və pərəstiş olunur. Onun əsgərlərindən
bir çoxu döyüşə yalın əllə-dəbilqə
və zirehsiz girirlər, onlar əmindirlər ki,
İsmayıl onları döyüşdən salamat
çıxaracaq". Bütün müsbət keyfiyyətlər
bu böyük şəxsiyyətdə toplanmışdı.
Şah İsmayıl bütün bunlarla yanaşı gözəl
səsə də malik idi. O, bərbəd adlanan alətdə
gözəl çalır və oxuyurdu. O, uşaq
yaşlarından şeir yazmağa başlamışdı. Şeirlərini
elə aydın və nəsihətamiz tərzdə
yazırdı ki, onu oxuyan hər bir kəs, hətta əhalinin
ən savadsız təbəqəsi belə bu şerləri
oxuduqda nəsə öyrənir, özü üçün
nəticə çıxarırdı. Şah İsmayıl
dinə bağlı bir insan idi. Lakin bu xüsusiyyət ona
reallığı olduğu kimi qəbul etməyə mane
olmurdu. Şah İsmayıl heç vaxt tamahkar olmamış,
nəfsi ucundan səhvlərə yol verməmişdi və
şəxsiyyətini, ləyaqətini hər şeydən uca
tutmuşdu. O, insanlığa, gözəlliyə böyük
qiymət verir və hər şeydə gözəllik
axtarmağa çalışırdı. Şah İsmayıl
az həyat sürməsinə baxmayaraq yalnız xeyirxah işlər
görməyə can atmış, şərdən, pis əməllərdən
uzaq bir insan olmuşdu. Şah İsmayıl həm də məğrur,
azad fikirli, öz qüdrətinə inanan bir sərkərdə,
həqiqət yolundan zərrə qədər kənara
çıxmayan nəcib insan idi. Şah İsmayıl həmişə
xalqının rifahı üçün
çalışıb, qurduğu qüdrətli dövlətin
daim çiçəklənməsi üçün əlindən
gələni əsirgəməyib. Daima xalqın arasında
olub və xalqının dərd-sərinə şərik
olub. Hətta rəvayətə görə, Şah
İsmayıl dərviş paltarı geyinib məmləkəti
gəzib dolaşar və xalqın dərdi ilə
maraqlanarmış. O, uşaq yaşlarından sərkərdəlik
etməsinə baxmayaraq, dərin düşüncə qabiliyyətinə,
sərkərdəlik bacarığına malik idi. Tərəfdarlarına
qarşı həmişə sədaqətli olmuşdu və
dönüklüyə nifrət edirdi. Bu xüsusiyyətinə
görə də tərəfdarları ona dərin hörmət
bəsləyir və inanırdılar. Hər bir
addımında diqqətli, ehtiyatlı olan Şah
İsmayıl ağıllı məsləhətlərə də
qulaq asır, əqidə, məslək yolunda sədaqətlə
hərəkət edirdi. Döyüşə nikbin əhval-ruhiyyə
ilə gedərdi. O, böyüklə-böyük, kiçiklə-kiçik
olmağı bacarırdı. Şah İsmayılın
apardığı müharibələr onun vahid Azərbaycan
dövləti yaratmaq arzu və istəyindən irəli gəlirdi.
O, Azərbaycan türkcəsini dövlət dilinə
çevirmiş, ölkənin siyasi, ictimai, iqtisadi və mədəni
inkişafı üçün ölçüyəgəlməz
dərəcədə bölük işlər
görmüşdür.
Azər
NURİYEV
Material
KİVDF-nin dəstəklədiyi layihə çərçivəsində
hazırlanıb.
Kaspi.- 2011.-
12-14 mart.- S. 6.