Qədim, zəngin və
özünəməxsus mədəniyyət
Azərbaycan
xalqı qədim, zəngin və özünəməxsus mədəniyyət
yaradıb. Xalqımız bədii
yaradıcılığın ən müxtəlif sahələrində,
o cümlədən musiqi yaradıcılığı sahəsində
də qiymətli sərvətlər meydana gətirib. Azərbaycan
musiqi sənəti çoxəsrlik inkişaf yolu keçib.
Onun kökləri əsrlərin dərinliklərinə gedib
çıxır. Çox qədim zamanlardan, Qobustanda
qayaüstü rəsmlərdən (yallı-rəqs)
başlayaraq Azərbaycanda melodiya və ritm zənginliyi ilə
fərqlənən çoxlu sayda mahnılar, müxtəlif rəqslər,
çobanların tütəkdə çaldığı
havalar səslənir.
Mənbələr
sübut edir ki, Azərbaycanın musiqi
yaradıcılığı nəsildən-nəslə
ötürülərək inkişaf edib, təkmilləşib,
həyat dairəsi genişlənib, yeni-yeni janrları mənimsəyib
və zənginləşib.
Muğam ustaları və
ifaçılar
Çox-çox
qədim zamanlara malik, keçmişin klassik musiqi sərvəti
olan muğamlar milli musiqi mədəniyyətimizin əhəmiyyətli
bir hissəsini təşkil edir. Xanəndələr və sazəndələrin
yaradıcılığında zəngin klassik irsimiz olan
muğamlar inkişaf edərək bu gün yüksək
nümunələri ilə yaşayır. Azərbaycan musiqi sənəti
tarixinə çoxlu görkəmli muğam ustaları və
ifaçılar daxildir. Onlar XIX əsrin görkəmli incəsənət
ustalarından Səttar, Hacı Hüsü və b.
şöhrət qazanıb, muğam məktəbi
yaradıblar. XIX əsrin görkəmli incəsənət
ustalarından Səttarın, Hacı Hüsünün, Məşədi
İsinin, Ələsgər Şirinin, tarzən
Sadıqcanın və b. əsrimizin əvvəllərində
isə Cabbar Qaryağdının, Məşədi Cəmil Əmirovun,
Seyid Şuşinskinin, Keçəçi oğlu Məhəmməd,
Məşədi Məmməd Fərzəliyev, İslam
Abdullayev və b. xanəndələrin adları xüsusi qeyd
olunmalıdır.
Xan
Şuşinski, Zülfi Adıgözəlov, Haşım Kələntərli,
Hüseynqulu Sarabski, Həqiqət Rzayeva, Sürəyya Qacar,
Fatma Muxtarova və başqaları XX əsrin əvvəllərində
yaranmış məşhur müğənnilərdir. Bu
dövrdə muğam üzrə instrumental ifaçılardan
Qurban Pirimov, Mənsur Mənsurov, Əhməd Bakıxanov, Bəhram
Mənsurov və b. adları da şöhrət qazanıb.
Bəstəkarlıq məktəbi
XX əsr
Azərbaycan musiqisinin tarixində mühüm, əlamətdar
bir mərhələdir. Məhz bu dövrdə ölkəmizdə
yüksək peşəkarlığı ilə, orijinal musiqi
üslubu ilə seçilən bəstəkarlıq məktəbi
yaranıb. Azərbaycan musiqisi dünya professional musiqi mədəniyyətinin
ümumi sisteminə qovuşur, Azərbaycan bəstəkarları
və ifaçıları dünya musiqisinin səviyyəsinə
qalxıblar.
Dahi
bəstəkarımız, professional klassik musiqimizin banisi
Üzeyir Hacıbəyovun 1908-ci ildə yanvarın 8(25)-də
tamaşaya qoyulmuş “Leyli və Məcnun” muğam operası
milli opera sənətinin və Azərbaycanın bütün
professional bəstəkarlıq
yaradıcılığının inkişafının əsasını
qoydu. “Leyli və Məcnun” operası təkcə Azərbaycanda
deyil, ümumən bütün müsəlman Şərqində
ilk opera idi. Üzeyir Hacıbəyov isə (1885-1948) tariximizə
Azərbaycan musiqi mədəniyyətinin klassiki, onun yeni mərhələsinə
təkan verən, milli musiqi ənənələrini Avropa
musiqisinin qanunauyğunluqları ilə ilk dəfə üzvi
surətdə birləşdirən dahi sənətkar kimi daxil
olub. Azərbaycan professional musiqi
yaradıcılığının təşəkkülü
və inkişafı, bir çox janrların meydana gəlməsi
və təkamülü, bir sıra professional kollektivlərin
yaranması Üzeyir Hacıbəyovun adı ilə
bağlıdır. Ü. Hacıbəyov Şərqdə nəinki
ilk operanın, eləcə də ilk musiqili komediyaların - “Ər və arvad”, “O olmasın bu
olsun”, “Arşın mal alan”, həmçinin milli musiqi mədəniyyətimizdə
ilk kütləvi mahnıların, romans-qəzəllərin,
kantata-oratoriya musiqisinin, ansambl əsəri olan
“Aşıqsayağı” triosunun, fantaziyaların, eləcə
də - “Koroğlu” - birinci klassik operanın müəllifi
kimi musiqi tariximizə daxildir. Ü. Hacıbəyov milli mədəniyyətin
inkişafında həm də ictimai xadim, alim, folklorçu,
pedaqoq, jurnalist və s. kimi görkəmli rol
oynamışdır.
Milli
musiqimizin inkişafında Ü. Hacıbəyovla bərabər,
onun silahdaşı və məsləkdaşı
Müslüm Maqomayev də (1885-1937) Azərbaycan musiqi
teatrının təşkili işində böyük rol
oynayəıb. Üzeyir Hacıbəyovun muğam operası ənənəsini
özünün “Şah İsmayıl” operasında davam etdirən
Müslüm Maqomayev musiqi mədəniyyətimizdə bəstəkarlıqla
yanaşı musiqi ictimai xadimi, dirijor kimi əhəmiyyətli
yer tutub. M. Maqomayevin ikinci operası “Nərgiz” isə Azərbaycan
mədəniyyət tarixinə Avropa üslublu ilk milli opera
kimi daxil olub. Azərbaycanda ilk simfonik əsərlərin
yaranması da M. Maqomayevin əsərləri ilə
bağlıdır. Onun məşhur “RV-8” marşı, “Azərbaycan
çöllərində” və orkestr üçün
yazdığı digər əsərləri parlaq melodizmi və
nikbin əhval-ruhiyyəsi ilə diqqəti cəlb edir. M.
Maqomayev eyni zamanda, mahnı, kinofilmlərə və dram
tamaşalarına musiqi bəstələyən ilk Azərbaycan
bəstəkarlarından olub.
Azərbaycan
musiqisinin tarixi inkişafında əhəmiyyətli rol oynayan
simalardan biri də Hacıbəyovlar nəslinin digər
nümayəndəsi Zülfüqar Hacıbəyovdur
(1884-1950). Z. Hacıbəyov bəstəkar və teatr xadimi
idi, həvəskar aktyorların teatr truppasına rəhbərlik
edirdi. O, ilk Azərbaycan muğam operalarından biri olan
“Aşıq Qərib”, “Evliykən subay”, “Əlli
yaşında cavan” musiqili komediyalarının müəllifidir.
XX əsrin
əvvəllərində yeni milli mədəniyyət
qurucularının ön cərgəsində
çalışan nümayəndələrdən biri də
Asəf Zeynallıdır (1909-1932). Qısa, lakin dolğun, mənalı
yaradıcılıq yolu keçən A. Zeynallı Azərbaycan
Dövlət Konservatoriyasında professional təhsil
almış ilk bəstəkarımızdır. M. Maqomayevlə
yanaşı, Azərbaycanda ilk simfonik əsərlər yazan bəstəkarlardan
biri də o olub (“Fraqmentlər”). Ən başlıcası isə
A. Zeynallı ilk milli romansların (“Ölkəm”, “Sual”,
“Çadra”, “Seyran”, “Sərhədçi”), ilk fortepiano
(“Çahargah”, “Uşaq süitası”) və simfonik
miniatürlərinin (“Muğamsayağı”) müəllifidir.
Milli
musiqimizin təkamülündə əhəmiyyətli rol
oynayan sənətkarlardan biri də Azərbaycanda ilk baletin
“Qız qalası” baletinin (1940) müəllifi Əfrasiyab Bədəlbəylidir
(1907-1976). Ə. Bədəlbəyli
bəstəkar, dirijor və ictimai xadimdir. Gğrkəmli bəstəkar
“Nizami”, “Söyüdlər ağlamaz” operalarının,
simfonik əsərlərin, dram tamaşalarına
yazılmış musiqinin, həmçinin bir sıra balet
librettolarının müəllifidir.
Köhnə nəslin
davamçıları
30-cu
illərin sonu, 40-cı illərin əvvəllərində Azərbaycan
musiqisində yeni bəstəkarlar nəsli yetişir.
Yaradıcılıq axtarışlarının diapazonu
genişlənir, yeni janrlar, yeni təmayüllər meydana gəlir.
Avropa musiqisinin aparıcı təmayülləri - neoklassizm,
dodekafoniya, seriya texnikası milli zəmində işlənməsi
maraqlı sənət tapıntıları ilə nəticələnir.
Ən başlıcası isə, Azərbaycan musiqisi artıq
ölkə hüdudlarından çox-çox kənarlarda,
beynəlxalq miqyasda da geniş şöhrət qazanır. Belə
böyük uğurlar ilk növbədə üç dahi sənətkarın
- Qara Qarayev (1918-1982), Fikrət Əmirov (1922-1984) və
Niyazinin (1912-1984) yaradıcılıq axtarışları ilə
bağlıdır. Onların əsərləri
dünyanın bir çox ölkələrində səsləndirilib,
disklərə yazılıb və mükafatlara layiq
görülüblər. “Cəvahirləl
Nehru”, “Bela Bartok adına medal” və bir sıra beynəlxalq
mükafatlara layiq görülən Niyazi
dövrümüzün böyük dirijorları
sırasına daxildir.
Üzeyir
Hacıbəyovun ənənələrini davam etdirən bu
görkəmli sənətkarların hər biri özünəməxsus
musiqi üslubu yaradıb, milli bəstəkarlıq məktəbinin
sonrakı inkişafına böyük təsir göstəriblər.
Fikrət Əmirov Qərb musiqisinin simfonik ənənələrini
şərqin muğam sənəti ilə birləşdirərək
musiqi tarixində analoqu olmayan yeni janr yaradıb - simfonik
muğam janrı (“Şur”,
“Kürd Ovşarı”,
“Gülüstani-Bayatı-Şiraz”). Onun adı ilə
bağlı olan bu yeni janrlar sonralar Niyazi (“Rast” simfonik
muğamı), Süleyman Ələsgərov
(“Bayatı-Şiraz” simfonik muğamı), Tofiq Bakıxanov (“Nəva”,
“Humayun”, “Rahab”, “Şahnaz”, “Dügah”)
yaradıcılıqlarında da gözəl nümunələrini
yaradıblar.
1944-cü
ildə Tiflisdə keçirilən Zaqafqaziya Respublikaları
musiqisi ongünlüyündə səslənən Q. Qarayevin,
Cövdət Hacıyevin (1917-2002) və Soltan Hacıbəyovun
(1917-1974) təxminən eyni vaxtda meydana gələn birinci
simfoniyaları ilk Azərbaycan simfoniyaları kimi musiqi
tariximizdə əhəmiyyətli yer tuturlar. Bu üç bəstəkarın
Azərbaycan musiqisində simfoniya janrının mənimsənilməsində
xidmətləri əvəzsizdir. Məhz dodekafoniyanın
istifadəsi isə Q. Qarayevin simfoniyasında öz təzahürünü
tapıb.
30-40-cı
illərdə Azərbaycan musiqisində Səid Rüstəmov
(1907-1983) və Tofiq Quliyev (1917-2000) kimi mahir mahnı
ustaları meydana gəlir. S. Rüstəmov “Alagöz”, “Qurban
adına”, “Gəlmədin”, “Sürəyya”, “Oxu tar” və s.
gözəl mahnıları, “Beşmanatlıq gəlin”,
“Durna”, “Rəisin arvadı” musiqili komediyaları kimi əsərlər
yaradıb.
T.
Quliyevin Azərbaycan xalq musiqisi ənənələrindən,
habelə Avropanın estrada və caz musiqisindən qidalanan “Sənə
də qalmaz”, “Qızıl üzük”, “Bəxtəvər
oldum”, “Bakı haqqında mahnı”, “Zübeydə” və s.
populyar mahnıları Azərbaycan musiqisinin mahnı
yaradıcılığında gözəl nümunələrdir.
Azərbaycan
musiqisində xor musiqisinin də öz inkişaf mərhələsi
və gözəl əsər nümunələri
mövcuddur. Xor musiqisinin inkişafında əhəmiyyətli
rol oynayan Cahangir Cahangirov (1921-1992) “Arazın o tayında”
vokal-simfonik poemasının, “Füzuli” və “Nəsimi”
kantatalarının, “Sabir” və “Hüseyn Cavid-59”
oratoriyalarının müəllifidir. O, həmçinin
“Azad” və “Xanəndənin taleyi” operaları, dram
tamaşaları, kinofilmlərə musiqi, müxtəlif
instrumental əsərlər bəstələyib.
Süleman
Ələsgərov (1924-2000) ilk növbədə “Ülduz”,
“Milyonçunun dilənçi oğlu” və digər
operettaların müəllifi kimi tanınır. S. Ələsgərov
“Sərvi-Xuramanım mənim”, “Vətənimdir”, “Neylərəm?”
kimi gözəl mahnı və romansların,
“Bayatı-Şiraz” simfonik muğamın və b. əsərlərin
müəllifidir.
İfaçılıq məktəbi
Azərbaycan
musiqisində ifaçılıq məktəbi də
xüsusi yer tutur. Milli musiqimizdə klassik opera
ifaçılıq məktəbinin baniləri Şövkət
Məmmədova və Bülbüldür (Murtuza Məmmədov).
Şövkət Məmmədova (1897-1981) milli opera səhnəmizdə
çıxış edən ilk qadın müğənni
olub. Bülbül (1897-1961) sənətinin möcüzəsi
onun milli vokal üslubunun italyan vokal ənənələri ilə
üzvi surətdə birləşməsidir. Azərbaycan vokal
məktəbinin məşhur yetirmələri sırasında
Firəngiz Əhmədova, Fatma Muxtarova, Lütfiyar İmanov,
Şövkət Ələkbərova, Rəşid Behbudovun
adları vokal sənəti tarixində, Həqiqət Rzayeva,
Rübabə Muradova, Zeynəb Xanlarova muğam
ifaçılığında layiqli yer tuturlar. Müasir Azərbaycan
opera sənətinin ən parlaq nümayəndələri
Fidan və Xuraman Qasımovalardır.
Milli
mədəniyyətimizdə instrumental ifaçılıq sahəsində
də parlaq nümayəndələr yetişib. Azərbaycan
fortepiano məktəbinin ən parlaq ulduz bir neçə beynəlxalq
müsabiqələrin laureatı Fərhad Bədəlbəylidir.
Azərbaycan musiqisində görkəmli yer tutan pianoçu
Kövkəb Səfərəliyevadan (1907-1976) gələn ənənəni
davam etdirən milli fortepiano
ifaçılığının digər nümayəndələri
sırasında Rauf Atakişiyev, Elmira Nəzirova, Elmira Səfərova,
Simuzər Quliyeva, Zöhrab Adıgözəlzadə, gənclərdən
Murad Adıgözəlzadə və b. istedadlı
musiqiçilərinin adı var. Azərbaycanda skripka
ifaçılığının mahir nümayəndələri
sırasında isə Azad Əliyev, Sərvər Qəniyev
kimi ifaçılar nəinki ölkəmizdə, hətta onun
hüdudlarından kənarda da tanınıblar.
Bu
gün də Azərbaycan
ifaçılıq sənəti durmadan inkişaf edir,
yeni istedadlı nəsil yetişir.
Təranə Məhərrəmova
Material KİVDF-nin dəstəklədiyi
layihə çərçivəsində
hazırlanıb.
Kaspi.- 2011.- 12-14 mart.- S. 8.