Türk dünyasının böyük sənətçisi 

 

Əhməd Şəfəq: «Mənim gördüyüm hər bir işdə Mirzə Cəlilin, Əli bəy Hüseynzadənin, Əhməd Cavadın, Hüseyn Cavidin yolu var»

 

Musiqisevərlər türk dünyasının məşhur yazıçısı, bəstəkarı və estrada müğənnisi Əhməd Şəfəqi sənət həyatını türk dünyasının ürəyi ilə birləşdirən sənətçi kimi tanıyırlar. Bütün türk dünyasının sənətçisi adını alan müğənni əsərləri və mahnıları ilə bütünlüklə türk dünyasına xidmət edir. O, türk dünyasının qəlbində özünə layiqli taxt quran sənətçi kimi sevilir.

 

Əhməd Şəfəq İstanbulda dünyaya gəlib. Türkiyənin çeşidli qəzetlərində yazarlıq etdikdən sonra peşəkar musiqi həyatına salam deyib. «Yalnız Qurd» mahnısı ilə musiqisevərlər tərəfindən sevilən və böyük məşhurluq qazanan Əhməd Şəfəq «Ən yaxşı kişi sənətçi» ödülünə layiq görülüb. Əsərləri və mahnıları ilə bütünlüklə özünü ifadə edən, düşüncələrinin axtarışında olan  sənətçinin bu günə qədər 6 kitabı, 9 albomu işıq üzü görüb. Albomlarında yer alan mahnılarda  Əhməd Şəfəq bir tərəfdən Vətənə olan sonsuz  sevgisini anlatmağa çalışır, digər tərəfdən eşq mahnıları oxuyur. Bu mahnılar arasında yaratdığı harmoniya dinləyiciyə həm mücadilə, həm döyüşkənlik ruhu aşılayır, həm də  həsrətdən, intəhasız bir  sevgidən danışır...

 

Ölümsüz millətin mənsubu

 

Əhməd Şəfəqin rok üslubunda ifa etdiyi mahnılarında döyüşkənlik, mübarizlik ruhu bütünlüklə türk millətinin ruhunu ehtiva edir. Onun mahnılarını dinləyəndə adama elə gəlir ki, hamı əlinə silah alıb torpaqlarımızın azadlığı uğrunda döyüşlərə yollanacaq. Sənətçinin bütün məclislərdə oxuduğu  “Azərbaycan-Türkiyə” mahnısı marş kimi səslənir.

“Mən ölümsüz bir millətin mənsubuyam” - deyən Əhməd Şəfəq mahnılarının ruhunun millətin əhval-ruhiyyəsindən asılı olduğunu bildirir: “Millətim əhval-ruhiyyədən düşdüyü vaxt onları ruhlandırmaq üçün bir mücadilə aparıram. O üzdən istəyirəm ki, toplum ruhdan düşdüyü vaxt yenidən əhval-ruhiyyəyə köklənsin. Onu parçalamaq istəyənlərə qarşı milləti bütövləşdirmək üçün mücadilə edirəm. Bu mücadiləmdə dönməzəm”.

 

Türk millətinə sadiqlik

 

Əhməd Şəfəq dəfələrlə müsahibələrində “Vətən sevgisini ən böyük sevgi hesab edirəmdeyib. Sənətçinin ifa etdiyi mahnıların çoxu  da Vətən haqqındadır. Bu mahnıların hər birinin arxasında  böyük milli fəlsəfə dayanır - Türk milli fəlsəfəsi. «Ən böyük özəlliyim böyük türk millətinə sadiq olmağımdır» deyən, özünü Mustafa Kamal Atatürkün davamçısı adlandıran Əhməd Şəfəq “Bir sənətçi müğənni olmamışdan öncə millətinə mənsub olmalıdır» fikrindədir. Əhməd Şəfəq bu gün bütün dünyaya səpələnən türklərin birliyinin olmamasının səbəbini onların sözlə əməlinin üst-üstə düşməməsi, əməldə birliklərinin olmaması ilə əlaqələndirir: «Mənim gördüyüm hər bir işdə Mirzə Cəlilin, Əli bəy Hüseynzadənin, Əhməd Cavadın, Hüseyn Cavidin yolu var. Azərbaycanın çağdaş ədəbiyyatına möhür vuran müdhiş isimlərdir bunlar. Azərbaycan Türkiyə aydınlarının birləşməsinin toxumları haradasa Tənzimat dönəmi ilə (Osmanlı imperatorluğunu  yenilənmə dövrü) ilə başlayıb. Mən onların zaman-zaman gördüyü işləri mədəniyyətimiz, ədəbiyyatımız üçün həyata keçirmək istəyirəm. Mən öncəliklə Azərbaycana yönələn işlər görmək istəyirəm”.

 

Xəzinə ölkə

 

Əhməd Şəfəq yaradıcılığında türk millətinin ruhunu incəliklə ifadə edir. O,  təkcə mahnıları, əsərləri ilə deyil, bütün varlığı ilə həmişə xalqımızın yanında olduğunu bildirir.

Sənətçi Azərbaycan torpaqlarına ilk dəfə 2004-cü ildə qonaq gəlib. Əvvəlcə Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında, sonra Sumqayıtda Gəncədə maraqlı konsert proqramları ilə çıxış edib.  Daha sonra böyük miqyaslı konsertə imza atıb: sənətçinin 2007-ci ildə Heydər Əliyev adına sarayda təqdim etdiyi geniş konsert proqramı tamaşaçılar tərəfindən məftunluqla qarşılanıb.

Əhməd Şəfəq Azərbaycanla ilk görüşünü həyatının ən maraqlı anları sayır: “Çöldəki insandan, zirvədəki siyasətçisinə, şagirdindən müəlliminə, məmurundan nazirinə qədər görüşüb söhbətləşdim. Film də, klip çəkdirdim. İlk səfərimdə insanların türkcə danışmaları və hər addımda kiçik bir Türkiyə ilə qarşılaşmam olmuşdu. Hər bir azərbaycanlı Türkiyəni sarsılmaz bir duyğu ilə sevməkdədir. Allaha şükür etdiyim bir möcüzə idi bura. Təsəvvür edin, gəncliyinizdə bütün qəlbinizlə bağlandığınız bir ideal indi gerçəyə dönmüşdü siz bu gerçəyə toxuna bilirdiniz. Gerçəyin içində nəfəs alır, ideallarınızın həyata keçdiyini duyan, görən bir taleli olaraq şükür edirdim

Əhməd Şəfəq Azərbaycanı «Xəzinə ölkə» adlandırır. «Dünyanın gözü Bakının üstündədir» - deyir. «Bakı sadəcə bir şəhər deyil, eyni zamanda bir tilsimin adıdır. Elə qocaman, böyük, bir ucunu gəzərkən digər ucunu itirəcəyimiz ölçüdə bir şəhər deyil. Çox böyük deyil, amma əsrarlı bir havası var. Çox böyük deyil, amma sizi içinə çəkərək dərinlərində itirəcək bir parıltıya salar».

Böyük auditoriyalarda çıxış etməyə alışan, yüz minlərlə insanların qarşısında oxuyan sənətçi həmişə Azərbaycanın bayrağının yüksəklərdə olmasını arzulayır. Onun mahnılarını, televiziyalarda, mətbuatda çıxışlarını dinlədikcə, əsərlərini oxuduqca bir daha əmin olursan ki, Əhməd Şəfəq  Azərbaycan dərdini  elə xalqımızın özü qədər anlayanonun problemlərinin çözülməsində yaxından iştirak edən sənətçidir. Əhməd Şəfəqin yaradıcılığı həmçinin  Türkiyə-Azərbaycan münasibətlərinin qorunub sıxlaşmasına, daha da sıxlaşmasına xidmət edir. “Türkiyə ilə Azərbaycan dünyadakı gerçək qardaş, gerçək dost, gerçək müttəfiqdir. Bu gün 7-dən 77- yaşa qədər bütün azərilərin ortaq qəbulu olan «Bir millət, iki dövlətik» sözü bu torpaqların köklərindən püskürür. Azərbaycanla Türkiyənin qardaşlıqdan gələn yol yoldaşlığını bizə ibrətamiz dərslər verən tarix öyrətməkdədir. Azərbaycan və Türkiyə real siyasi anlamda iki müstəqil dövlətdir”.

 

Qardaş sevgisi

 

Əhməd Şəfəq sona çatmayan Qarabağ savaşının Azərbaycan xalqına gətirdiyi faciələrdən dünya ölkələrinin xəbərdar olması, problemin öz gerçək həllini tapması üçün çalışan vətənpərvər sənətçidir. İnsanlığın gözü önündə cərəyan edən Xocalı soyqırımını dünyaya yaymağı, hər kəsə xatırlatmağı həm bir türk, həm də həmin yüzildə yaşayan bir insan olaraq qarşısına məqsəd qoyub: “2005-ci ildə Sabirabada etdiyim bir səyahətdə çadırlarda, vaqon evlərdə, baraklarda yaşayan minlərlə qaçqını ziyarət etmişdim. Onların fəryadlarını dinləmiş, çəkdikləri Vətən, məmləkət həsrətlərinin onları nə vəziyyətə gətirdiyini gözümlə görmüşdüm. Erməni işğalında qalan cəbrayıllı bir qadın mənə «Mənə torpaqlarımı versinlər, orada ac qalmağa razıyam. Mən yağ, bal, pendir istəmirəm, kəndimi, bağımı, bağçamı istəyirəm» - deyirdi. İllər boyunca o sözlər qulaqlarımdan çəkilmədi...”

Qarabağ savaşlarında Azərbaycan xalqının qəhrəmancasına savaşdığını deyən sənətçi baş verən faciələrin memarının Rusiya olduğunu bildirir: “Rus tank birləşmələrinin Qarabağın işğalındakı rolunu artıq bütün dünya bilməkdədir». 

 

“Azərbaycana həmişə gəl”

 

Ölkəmizə hər gəlişindən sonra hami – böyükdən kiçiyə qədər  bütün insanlar ona  “Azərbaycana həmişə gəl, sən vətənə gəlirsən” deyirlər. Məhz bu sevgisinin nəticəsidir ki, sənətçi  keçən ilin sonlarında Azərbaycan-Türkiyə qardaşlığının nümunəsi olan «Eşq Vətən» adlı  albomunun təqdimatını da Bakıda keçirdi. Əhməd Şəfəq üçün dilinin əzbərinə çevrilən fikirlər də formalaşıb: «Artıq mən Azərbaycana, Azərbaycan da mənə alışdı. Türkiyə türkü olsam, qonaq deyiləm. Haraya gedirəmsə gedim, bu qardaşlığın hekayəsi xatirimdə canlanır”. Böyük sənətçinin albomunun təqdimatında söz verdiyi, Bakıda  möhtəşəm konsert proqramının gerçəkləşəcəyi günə - martın 18-ə isə sayılı günlər qalıb.

 

 

Təranə Məhərrəmova 

 

Kaspi.- 2011.- 15 mart.- S. 9.