Karikatura sənətinin banisi 

 

Görkəmli rəssam Əzim Əzimzadə Azərbaycan rəssamlıq sənətində yeni bir cığır açıb. Bu gün böyük rəssamın adına hər kəs hörmətlə yanaşır. Yeni rəssamlar nəsli onun ənənələrindən bəhrələnirlər. Əzim Əzimzadə yaradıcılığı boyu əsrlərdən bəri formalaşan Təbriz Azərbaycan miniatür məktəbinin və rus rəssamlıq məktəbinin ənənələrindən bəhrələnib. Rəssamlığa məşhur  “Molla Nəsrəddin” jurnalında öz əsərlərini dərc etdirməklə başlayıb. 1906-cı ildən "Molla Nəsrəddin", "Baraban", "Zənbur", "Tuti", "Kəlniyyət" və sair jurnalların səhifələrində satirik qrafik karikaturalarını nəşr etdirməklə Azərbaycan satirik qrafikasının əsasını qoyub.

 

“Səni bir də şəkil çəkən görməyim”

 

Əzim Əzimzadə kasıb və sadə bir ailədə doğulub. Atası Kərbəlayı Aslan daşyonan idi. Onun dünyaya gələn 5 övladından ancaq biri - üçüncü uşağı sağ qalmışdı. Uşağa babasının adını qoymuşdular. Ancaq hamı onu Əbdüləzim deyil, sadəcə Əzim çağırırdı. Əzimin atası Novxanıdan idi. Amma 1887-ci ildə Bakıya köçüb gəlmişdilər. Bir may – indiki Dilarə Əliyeva küçəsində üçotaqlı, səliqəli həyət-bacası olan ev aldılar. Atası tezliklə həmin üç otağı artırıb, altı otaq düzəltdi. Aslan kişi daşyonan idi. Əzimin anası Zəhra da bütün günü ev-eşiyinin iş-gücü, biş-düşü, yır-yığışıyla məşğul olurdu. Əzim uşaqlıqdan valideyn sevgisiylə böyüyürdü. Lap balacalıqdan evlərində gördüyü mehribançılıq Əzimin qəlbinə rahatlıq bəxş edirdi. Ata-anası başına pərvanə kimi dolanır, yolunda hər cür fədakarlıqdan çəkinmirdilər. Uşaq böyüyüb məktəb yaşına çatanda atası onu doğma Novxanıdakı molla məktəbinə verdi. O, bir ay ərzində ərəb əlifbasını və "Quran"ı oxumağı öyrəndi. Nə qədər nümunəvi şagird olsa da, arabir ona da çubuq dəyirdi. Bir gün yoldaşlarından biri mollaxanaya bir qutu rəng gətirdi. Əzim ilk dəfə idi ki, rəng görürdü. Ona görə də, hər şeyi unudub qutudakı rənglərə tamaşa edirdi. Şagirdin "nalayiq" hərəkətini görən molla özündən çıxır, rəngləri ondan alıb əlinə də bir neçə çubuq vurur. İnadlı uşaq o gündən başlayaraq hətta mollaxanada belə əlinə fürsət düşən kimi şəkil çəkirdi. Mollanın bütün haray-qışqırıqlarına baxmayaraq, Əzim dərslərdə yenə şəkil çəkir, digər uşaqların da fikrini yayındırırdı. Molla dəfələrlə onu tənbeh elədi. Mollaxanada şəkil çəkməyin günah olduğunu dedi, misallar çəkdi. Hətta “Səni bir də şəkil çəkən görməyim” xəbərdarlığının da əhəmiyyəti olmadı. Bir neçə gün sonra molla Əzimi yenə şəkil çəkdiyi yerdə yaxaladı. Daha səbri tükənmişdi. Elə həmin gün Əzimi mollaxanadan qovdu…

Ə.Əzimzadə xatirələrində yazır: "Bir gün mollam məni şəkil çəkəndə gördü. Başımın üstündən barmaqlarıma bərk çubuq vurub dedi: "Dur, xəbis, şeylərini yığışdır, buradan cəhənnəm ol!" Mən bərk xəcil olub evimizə gəldim... dəxi mollaxanaya getmədim".

Əzim evdə də rahat durmurdu. Həyət-bacada, məhəllədə qaralamadığı divar qoymazdı. Bir parça kömür götürüb əhəngli divarlarda şəkillər çəkərdi. Qonşular onun əlindən dad edir, elə hey ata-anasına şikayətlənirdilər.

Atasından xəbərsiz daxil olduğu rus-tatar məktəbini əla qiymətlərlə başa vuranda müəllimlər onun istedadını görüb atasına məsləhət görmüşdülər ki, Əzimin təhsilini yarımçıq qoymasın, onu realni məktəbə göndərsin. Kərbəlayı Aslan təklifi qəbul etməyib demişdi: "Mənim bir övladım var, razı olmaram ki, o, sabah gedib kafir cildinə girsin".

 

 “Get özünə sənət tap”

 

Əzim ayda 12 manat zəhmət haqqı aldığı metaltökmə zavodunda 6 aydan artıq duruş gətirə bilmir. Qohumlarının köməyi ilə Ağabala Quliyevin dəyirmanında kuryerliyə işə düzəlir. Gündə ən azı 16 saat işləməli olur. Dəyirman sahibi tez-tez Əzimi təzə tikdirdiyi evə göndərərdi. Evin küçəyə baxan hər iki fasadını bəzəyən daş oymalar Əzimi valeh edirdi. Bir dəfə o, binanın içərisində şəkil çəkən rəssam Durovla tanış olur. Əzim ilk dəfə idi ki, yağlı boyalarla işləyən sənətkar görürdü. Bu tanışlıqdan sonra o, vaxt-bivaxt sahibkarın evinə tələsirdi.

Təzə imarətin bəzək işləri başa çatdırıldıqdan sonra Ağabala Quliyev Durova Parisdə, Ümumdünya sənaye sərgisində öz dəyirmanının tarixini nümayiş etdirmək üçün şəkillər çəkməyi sifariş vermişdi. O, şəkillərlə birgə dəyirman sahibinin portreti də çəkilməli idi. Durov Əzimi özünə köməkçi etməkdən ötrü sahibkardan xahiş edir:

- Xozeyin, Əzimi mənə ver, bir-iki ilə onu hazırlayıb sizə talantlı bir xalq rəssamı verim.

Sahibkar cavabında Əzimə deyir:

- Sən müsürman balasısan, ağlını başına yığ, burda fikrini ticarətə ver, adam ol. Rəssamlıq nədir? Ata-baban şəkil çəkib? O, (Durov nəzərdə tutulur) sənə boş araq butulkasından başqa nə verə bilər? Get işinə yaxşı bax!

Sahibkarın bu məsləhəti Əzimə kar eləmir. O, fürsət tapıb gizlincə Durovla işləyir. Bir müddət sonra şəkillər hazır olur və Parisə göndərilərək Ümumdünya sərgisində nümayiş olunur.

Kuryerin vaxt-bivaxt şəkil çəkməsi sahibkarın xoşuna gəlmədiyindən onu işdən qovur. Əzim rəssamlıq məktəbinə daxil olmaq həvəsi ilə yaşayır. Bakıda belə bir məktəb olmadığından onun Moskvada, Kiyevdə və ya Tiflisdə təhsil almaq imkanı yox idi. Tanış-bilişin məsləhəti ilə milyonçulardan birinə müraciət edərək oxumaq üçün kömək istəyəndə: "Bala, ağlını yığ başına, get özünə sənət tap. Bizə mühəndis, həkim lazımdır, şəkil çəkən yox" cavabını alır.

Gənc Əzim Ələkbərov qardaşlarının un anbarında qulluq etməyə başlayır. Ələkbərovların kiçik qardaşı Əzimin "Molla Nəsrəddin" jurnalına şəkil göndərməsindən xəbərdar idi. O, bir dəfə söhbət zamanı Əzimə demişdi: "Mən hərçənd avam kişiyəm, lakin sənə fikir vermişəm, səndə alverdən, ticarətdən bir əsər yoxdur. Görünür, sənin həvəsin, fikrin şəkil çəkməyədir. Hərçənd şəriətimizdə bu haramdır, bu biri tərəfdən də ac qalmaq olmaz. Mən bu günahı Allah üçün eləyirəm, ta ki, sən hayıfsan, ac qalmayasan. Ehtiyat eləmə, hətta məvacibini də hər ay 15 manat artırıram. Ancaq bu 15 manat mənim öz hesabıma olacaq, qardaşım bilsə, razı olmaz".

 

Cəmiyyətin güzgüsü

 

Əzim rəssamlıqla bərabər ictimai fəaliyyətini genişləndirir və həyatını dəfələrlə təhlükə qarşısında qoyurdu. Onu daim hədələyir, öldürmək istəyirdilər. Ancaq o, heç kəsdən qorxmurdu. Evləri məscidin lap yaxınlığında yerləşdiyindən  Əzimzadənin əsas qəhrəmanları - mollalar hər gün onların küçələrindən keçirdi. Onlarla çiyin-çiyinə yaşamasına baxmayaraq, o, mollaları tənqid etməkdən çəkinmirdi. Əzim mollaların şəklini çəkir və pəncərədən onların ayaqları altına atırdı. Mollalar öz rəsmlərini görüncə hirslənir və kağızı cırırdılar. Hətta ömrünün son vaxtlarında, xəstə olduğu zamanlarda da pəncərə ağzında oturar, küçədə bir "tip" görən kimi şəklini çəkərdi. Əzim Əzimzadə dinə qarşı yox, dinin adından süni istifadə edən mollalara qarşı çıxırdı. O, deyirdi ki, insanlar Allahı qəlblərində sevməlidir. Görkəmli rəssamın əsərləri yaşadığı cəmiyyətin güzgüsü idi. Əzimzadənin əsərlərinin əsas mövzusunu sosial təzadlar, adətlər və xalqın məişəti təşkil edirdi. Cəmiyyətin müxtəlif təbəqələrinin mənfi ünsürləri - xəsis tacirlər, fırıldaqçı din xadimləri, şarlatanlar onun satirik qələminin hədəfində olurdular.

Əzim Əzimzadə bütün ruhuyla xalqını sevirdi. Onun başqa xalqlardan geri qalmasını, miskin, yazıq görünməsini istəmirdi. Karikaturaları ilə hər bir soydaşına “Daha bəsdir, biz də qəflət yuxusundan oyanmalıyıq, geri qalmamalıyıq, yumruq kimi bir hədəfə vurmalıyıq” deyirdi. O, öz əsərlərində mənfi surətləri gah kəsərli yumor, gah yumşaq kinayə ilə kəskin satira atəşinə tuturdu. Çəkdiyi "İt boğuşdurma", "Kişi arvadını döyür", "Varlı evində toy", "Su üstündə dava", "Köhnə bakılılar" kimi əsərlərində müxtəlif sosial təbəqələrə məxsus tiplərin iç üzünü açaraq qadın hüquqsuzluğuna, ədalətsizliyə qarşı çıxış edirdi. Bu mənada, o dövrdə cəmiyyətdəki sosial ədalətsizlikləri özündə daha qabarıq əks etdirən "Köhnə Bakı tipləri" və "100 tip" əsəri xüsusilə təqdirəlayiqdir. Orada dərc olunan bəzi karikaturaları yenə ya imzasız, ya da Şimmerlinqin imzasıyla gedirdi. Amma Əzim Əzimzadə dəst-xətti, üslubu özünü büruzə verirdi. Sonralar rəssam həmin karikaturaların altından “mənimdir” yazmaqla müəllifliyini təsdiq etdi.

Ə.Əzimzadə görkəmli satirik şair M.Ə.Sabirin "Hophopnamə"sinə çəkdiyi illüstrasiyalarla kitab qrafikası sənətinin də əsasını qoyub. Onun teatrlara çəkdiyi geyim eskizləri və dekorasiyalar Azərbaycan rəssamlığının bu sahədəki inkişafına xüsusi təkan verib.

Əsərləri dünyanın bir sıra muzeylərində nümayiş etdirilən rəssamın ilk fərdi sərgisi 1940-cı ildə təşkil olunub. Bakıda keçirilən birinci sərgidə tamaşaçılar rəssamın 1200-dən çox əsərinə tamaşa edə biliblər. 1920-1943-cü illərdə Ə.Əzimzadə Azərbaycan Rəssamlıq Texnikumunda müəllim, 1932-1937-ci illərdə isə direktor vəzifəsində çalışıb. Yaşadığı evdə rəssamın ev muzeyi açılıb, evin yaxınlığındakı bağda büstü qoyulub. Bakı Rəssamlıq Texnikumu, eləcə də paytaxt küçələrindən biri onun adını daşıyır.

Ə.Əzimzadə 1943-cü il, iyunun 15-də dünyasını dəyişib. O, müharibədə döyüşən oğlunun ölüm xəbərini eşidəndən sonra bu ağır itkiyə tablaşa bilməyərək xəstələnib. Görkəmli rəssama böyük hörməti olan Mircəfər Bağırov Əzim Əzimzadənin döyüşdə olan digər oğlunun geri qayıtması haqqında göstəriş verib ki, qoy o, öz oğlunun çiynində son mənzilə getsin. Ancaq oğlu özünü can üstə olan atasına yetirə bilməyib...

 

Hazırladı: Təranə Məhərrəmova

 

Material KİVDF-nin dəstəklədiyi layihə çərçivəsində hazırlanıb.

 

 

Kaspi.- 2011.- 6 may.- S. 12.