Azərbaycan musiqisinin məbədi - Şuşa
Əfsuslar ki, biz bu
mədəniyyət, musiqi məbədimizi
qoruya bilmədik
Dünyada bir neçə şəhər
var ki, musiqi
onun hər
daşına, qalasına, ab-havasına hopub.
Belə şəhərlərdən
Avstriyanın Vyana, İtaliyanın
Neapol, Azərbaycanın da
Qarabağının Şuşa
şəhəridir. Hətta xalq arasında məşhur kəlam
vardır ki, "Şuşada
körpələr bələkdə belə
muğam üstündə
ağlarlar".
Musiqimizin məbədi və beşiyi olan füsünkar
Dahi musiqiçilərin vətəni
Şuşa –
Mir Möhsün Nəvvabın, Xarrat Qulunun, Hacı
Hüsünün, Sadıxcanın, Məşədi İrsinin,
Əbdülbağı Zülalovun, Cabbar
Qaryağdıoğlunun, Keçəçi oğlu Məmmədin,
Məşədi Məmməd Fərzəliyevin, İslam
Abdullayevin, Seyid Şuşinskinin, Bülbülün, Zülfi
Adıgözəlovun, Xan Şuşinskinin, Məşədi Cəmil
Əmirovun, Qurban Primovun, bəstəkarlardan Üzeyir Hacıbəyovun,
Zülfüqar Hacıbəyovun, Fikrət Əmirovun, Niyazinin,
Əfrasiyab Bədəlbəylinin, Soltan Hacıbəyovun, Əşrəf
Abbasovun, Süleyman Ələsgərovun, müğənni Rəşid
Behbudovun vətənidir. Bu, əlbəttə Şuşa
musiqiçilərinin tam siyahısı deyil. Şübhəsiz
ki, bu mövzu bir məruzənin, hətta bir məqalənin
deyil, böyük tədqiqat əsərinin mövzusudur. Şərq
musiqisinin məşhur tədqiqatçısı V.Vinoqradov hələ
1938-ci ildə Üzeyir bəy haqqında kitabında
yazırdı: "Şuşada musiqi çoxdur Azərbaycanın
hər hansı rayonundan daha çox xalq mahnılarını,
rəqslərini, xanəndə və sazəndələrini
burada eşitmək olar. Şuşa qədim zamanlardan musiqinin
beşiyi kimi məşhurdur və bütün Zaqafqaziyada xalq
musiqi istedadlarının tükənməz bulağı kimi
şöhrət qazanmışdır. "Şuşa
musiqiçiləri" Azərbaycan musiqisinin tarixini
yaradırdılar və onu yalnız vətənlərində
deyil, digər Şərq ölkələrində təqdim
edirdilər".
XIX əsrin ikinci yarısında Azərbaycanın
bir sıra şəhərlərində musiqi məclisləri,
cəmiyyətləri, dərnəkləri təşkil
olunurdu. Belə ki, Bakıda Məşədi Məlik Mənsurovun
məclisi, Şamaxıda Mahmud Ağanın, Şuşada isə
Xarrat Qulu Məhəmməd oğlunun və Mir Möhsün Nəvvabın
musiqi məclislərinin Azərbaycan musiqisinin
inkişafında önəmli rolu olub.
Şuşada
birinci musiqi məclisi Şərq musiqisinin bilicisi Xarrat Qulu
(1823-1883) tərəfindən təşkil edilmişdi. Bu məclis
dini məqsədlə yaranmışdır, lakin burada həm
də muğam sənəti öyrənilirdi. Məhərrəmlik
qurtarandan sonra (onun keçirilməsinə bir neçə ay
hazırlaşırdılar) xanəndələr bu muğamları
artıq toylarda və başqa yerlərdə ifa edirdilər.
Xarrat Quludan sonra 80-ci illərdə Şuşada "Məclisi-Fərəmuşan"
(Unudulmuşların məclisi) və "Musiqiçilərin
məclisi" yaranır ki, onların rəhbəri, Azərbaycanın
XIX əsrinin mütərəqqi xadimi, alimi, şairi,
musiqişünası, rəssamı Mir Möhsün Nəvvab
idi. Nəvvab Şuşada doğulmuş, yaşamış,
yaratmış və orada da vəfat etmişdi (1833-1918).
Ensiklopedik biliyə və nadir istedada malik olan M.M.Nəvvab Azərbaycan
elmini, musiqi sənətini, ədəbiyyatını xeyli zənginləşdirmişdir.
Onun çoxşaxəli fəaliyyəti, elmi müddəaları
və tədqiqatları, müəllifin iyirmidən artıq əsərində
öz əksini tapmışdır. Bizim üçün M.M.Nəvvabın
musiqi ifaçılığı və musiqi elmi sahəsindəki
fəaliyyəti xüsusilə maraqlıdır. Keçən
əsrin 80-ci illərində məşhur xanəndə
Hacı Hüsü ilə birlikdə yaratdığı
"musiqiçilər cəmiyyəti"ndə musiqi sənətinin
estetik problemləri, xanəndələrin
ifaçılığı, klassik müğamları
müşayiət edən şeirlər müzakirə
olunurdu. Cəmiyyətə öz vaxtının məşhur
xanəndə və sazəndələri Hacı Hüsü,
Məşədi Cəmil Əmirov, İslam Abdullayev, Seyid
Şuşinski və b. daxil idi. Bir çox musiqiçilər
özlərinin ilk təhsilini məhz bu cəmiyyətdə
almışlar. Burada müzakirə olunan problemlərdən bəziləri
öz əksini və sonrakı inkişafını M.M.Nəvvabın
"Vüzuhül-ərqam" risaləsində
tapmışdır. Mir Möhsün Nəvvab musiqi sənəti
haqqında "Vüzuhül-ərqam" risaləsini (Rəqəmlərin
izahı) 1884-cü ildə Şuşada yazıb.
Böyük
tarzən Mirzə Sadıq Əsəd (1846-1902) də burada
böyüyüb başa çatıb. Xalq arasında o,
Sadıxcan kimi məşhur idi. Mirzə Sadıq Azərbaycanda
və Zaqafqaziya xalqları arasında böyük şöhrət
və məhəbbət qazanmış ustad sənətkar
idi. Onun "Sadıxcan" adlanması da görünür bu
məhəbbətin ifadəsi idi. Mirzə Sadıq İran
şahının oğlunun toyunda böyük bacarıq və
ustalıq göstərdiyinə görə, şah onu
"Şiri-Xurşid" qızıl medalıyla təltif
etmişdi. Mirzə Sadıqın musiqimizin tarixində xidmətləri
böyük idi. O, çoxəsrli tarı rekonstruksiya edərək
təkmilləşdirmiş, beş simli zəif səslənən
tara altı simi də əlavə edərək simlərin
sayını on birə qədər artırmışdı.
Tarın qolunda olan pərdələrin sayını isə
azaldaraq 17 pərdəyə endirmişdi. Mirzə Sadıq yeni
Azərbaycan tarının yaradıcısı idi. Onu
"tarın atası" adlandırırdılar. Mirzə
Sadıq tarla bərabər muğamları da təkmilləşdirmiş,
tarın qoluna "Zabul" pərdəsini, "Mirzə
Hüseyn Segah"ına isə "Müxalifi" əlavə
etmişdir. Sadıxcan iri əllərə, uzun və
güclü barmaqlara sahib idi, deyilənə görə onun
tarda işlətdiyi barmaqları, vurduğu mizrabları
heç kəs təkrar edə bilməmişdir. Ona baxmayaraq
qeyd etməliyik ki, Məşədi Zeynal, Məşədi Cəmil
Əmirov, Şirin Axundov, Qurban Primov kimi mahir tarzənlər məhz
Sadıxcan məktəbinin gözəl
davamçılarıdır. 1897-ci ildə Şuşada
yazıçı Əbdürrəhimbəy Haqverdiyevin rəhbərliyi
ilə həvəskar aktyorların ifasında dahi Azərbaycan
şairi Füzulinin poeması əsasında "Leyli Məcnunun
məzarı üstündə" musiqili səhnəcik
göstərildi. Məcnun rolunu məşhur xanəndə
Cabbar Qaryağdıoğlu (1861-1944) oynayırdı. 1902-ci ildə
"Fərhad və Şirin" mövzusunda ikinci belə
musiqili səhnə qoyuldu. Fərhad rolunu yenə də Cabbar
Qaryağdıoğlu ifa edirdi. O, xalq xanəndəsi və bəstəkarı
kimi məşhur idi. Cabbar Qaryağdıoğlu öz sözlərinə
çoxlu mahnı, təsniflər üçün isə şeirlər
yazmışdır. "Bakı", "Bəsti",
"Tiflisin yolları" və bir çox mahnıların
müəllifi idi. Cabbar, Qaryağdıoğlunun yüksək
tessitura və geniş diapazonlu gözəl tenoru var idi. Onun
kimi "Mənsuriyyə", "Heyratı",
"Kürdi-Şahnaz" oxuyan yox idi. Onun səsini məşhur
italyan tenoru Karuzo ilə müqayisə edirdilər. Yesenin onu
"Şərq musiqisinin peyğəmbəri"
adlandırmışdır. Hələ 1906-1912-ci illərdə
onun səsi Kiyev, Moskva, Varşavada bir sıra aksioner cəmiyyətlər
tərəfindən fonovalikə yazılmışdır.
Cabbar Qaryağdıoğlu Azərbaycan vokal sənətinin
tarixində yeni səhifə açmışdır. O,
musiqili-ədəbi və şərq konsertlərində
çıxış edərək, milli operanın
yaranmasında önəmli rol oynadı, onun üçün
münbit zəmin yaratdı. Cabbar Qaryağdıoğlundan
sonra Şuşa xanəndəlik məktəbinin ən parlaq
nümayəndəsi Seyid Şuşinski idi (1889-1965). Cabbar
Qaryağdıoğlu onu "Şərq musiqisinin incisi"
adlandırmışdı. Seyid Şuşinskinin 1908-ci ildə
Şuşanın "Yay klub"unda keçən ilk
uğurlu çıxışından sonra Cabbar səhnəyə
çıxıb Seyidi bağrına basaraq gözləri
yaşarmış halda demişdi: "indi mən ölsəm
də, daha qəmim yoxdur, çünki məndən sonra Seyid
vardı". Sonrakı çıxışlarının
birində isə Cabbar Seyidin oxumağından riqqətlənərək
öz qavalını ona bağışlamışdı.
Şərqdə ilk opera olan "Leyli və Məcnun"u digər
dahi Şuşalı Üzeyir Hacıbəyov 1907-ci ildə
yazmağa başlayır. Amma bu operanın mövzusu bir qədər
əvvəl 1897-98-ci illərdə hələ bəstəkar
Şuşada yaşayarkən qəlbində həkk
olmuşdur. Şuşada göstərilən "Məcnun
Leylinin məzarı üstündə" mövzusunda səhnəcikdə
balaca Üzeyir özü də xorda oxuyurdu.
Dahi Üzeyiri yetişdirən torpaq
Azərbaycan
musiqisinin klassiki, opera sənətinin banisi, görkəmli
alim-musiqişünas, alovlu publisist, istedadlı dramaturq, pedaqoq
və ictimai xadim Üzeyir Hacıbəyovun
yaradıcılıq yolu Azərbaycan musiqi mədəniyyətinin
yaranması və inkişafı tarixinin mühüm
dövrünü əks etdirir. Məhz elə buna görə
Üzeyir Hacıbəyovun (1885-1948) anadan olduğu günü
– 18 sentyabrı Respublikanın ictimaiyyəti musiqi bayramı
kimi qeyd edir. 90 ildən artıqdır ki, Hacıbəyov
musiqisi Azərbaycan xalqının canına, qanına sirayət
edərək, bədii mədəniyyətimizin ayrılmaz hissəsini
təşkil edir. Onun yaradıcılığı tək
doğma Qarabağın deyil, Azərbaycanın da
hüdudlarını aşaraq artıq müasir musiqi mədəniyyətinin
bədii hadisəsinə çevrilmişdir. Üzeyir bəy
dəfələrlə etiraf etmişdir ki, özünün
şedevri olan "Koroğlu" operasını yaradarkən ən
əvvəl Bülbülün səsini nəzərdə tutmuşdu.
Bülbül (1897-1961) Hacıbəyovun ölməz
operasında Koroğlu rolunun klassik ifaçısı oldu. Hələ
12 yaşından bu oğlan Qarabağ toylarında və
bayramlarında iştirak edib oxuyurdu. Çox tez o,
Bülbül adıyla məşhurlaşdı, populyar oldu.
Bülbül inqilabdan əvvəl xanəndə kimi,
muğamların ifaçısı kimi çıxış
edirdi. İnqilabdan sonra yeni Azərbaycan vokal sənətinin
banisi olmuşdur. Bakı konservatoriyasındakı illər,
İtaliyada ən yaxşı belkanto ustalarından
aldığı dərslər, rus, sovet və dünya
ustalarının sənətindən öyrənməsi
Bülbülü tamamilə yeni tipli Azərbaycan müğənnisi
etmişdir. O, öz sənətində milli məxsusluğu
dünyəvi texnika ilə məharətlə birləşdirə
bilmişdir. Biz inanırıq, əminik ki, gün gələcək,
Qarabağda, Şuşada, onun "Cıdır
düzü"ndə, "İsa bulağı"nda yenə
"Qarabağ şikəstəsi" səslənəcək,
yenə xalq mahnısı "Qarabağda bir dənəsən"
oxunacaq və yenidən yeni "Qarabağ bülbülləri"
cəh-cəh vuracaq!
Azər NURİYEV
Kaspi.- 2011.- 7-9 may.- S. 8.