"Mineral suların təbii muzeyi" 

 

Dünyada məlum olan mineral suların əksəriyyətinin analoquna Azərbaycanda rast gəlmək olar

 

Azərbaycanda əhalinin sağlamlığında müalicə əhəmiyyətinə görə özünəməxsus yeri olan mineral su yataqları 200 qrupda cəmlənib, onların 1000-dən çox təbii çıxışları qeydə alınıb. Amma cəmi 30 mineral qrup su yatağında tam geoloji-kəşfiyyat işləri aparılıb və istismar ehtiyatları təsdiq edilib.

 

 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) məlumatına görə, çox qiymətli mineral sular, xüsusilə, Naxçıvan MR ərazisində geniş yayılıb. Təsadüfi deyil ki, Naxçıvan "Mineral suların təbii muzeyi" adlandırılır. Bu ərazidə dünyada məlum olan mineral suların əksəriyyətinin analoquna rast gəlmək olar.

 

Azərbaycanın mineral sularını Ermənistan ixrac edir?

 

Muxtar Respublikanın ərazisində müalicə-içməli sular kimi mineral suların istismar ehtiyatları Şahbuz rayonunda Badamlı (Narzan tipli) gündə 690 min litr, Babək rayonunda Sirab (Barjomi tipli) - 178 min litr və (Narzan tipli) - 1468 min litr, Vayxir (Pyatiqorsk tipli) - 270 min litr, balneoloji təyinatlı Mineqorsk tipli Darıdağ - 4507 min litr miqdarında təsdiq edilib. Amma Naxçıvan MR ərazisində bu və ya digər mineral su yataqlarının istismar və proqnoz ehtiyatları bu rəqəmlərdən dəfələrlə yüksəkdir. Kəlbəcər rayonunda məşhur "Karlovı Varı" tipli mineral su yatağının analoqu olan Yuxarı İstisu sularının istismar ehtiyatı gündə 82 min litr, Aşagi İstisu - 260 min litr, Qoturlu - 70 min litr, Tutğun - 600 min litr təsdiq edilib. Mineral suların bazasında əvvəllər burada sanatoriya-kurort kompleksi, mineral su zavodu fəaliyyət göstərirdi. Kəlbəcər rayonunun mineral sularının istismar və proqnoz ehtiyatları yuxarıda göstərilən rəqəmlərdən dəfələrlə çoxdur. Ermənistan tərəfindən hazırda Kəlbəcərin mineral sularının böyük miqyasda xarici ölkələrə ixracı təşkil edilib. Bundan başqa, Dəvəçi rayonunda "Naftusiya" mineral suyunun analoqu olan "Qalaaltı" mineral su yataqlarının istismar ehtiyatları gündə 154 min litr həcmində təsdiq edilmişdir. Xaçmaz rayonunda "Nabran" (ehtiyatı 29,9 min l/gun), Şamaxı rayonunda "Çuxuryurd" (140 min l/gün), Çağan (252 min l/gün), Qax rayonunda "İlisu" (284 min l/gün), Lənkəran rayonunda "Meşəsu" (550 min litr/gün) və "İbadsu" (550 min litr/gün) termal suları bir çox xəstəliklərin (dəri-zöhrəvi, ürək-damar sistemi və s.) müalicəsində istifadə edilir. Abşeron yarımadasında Suraxanı mineral suları (istismar ehtiyatları 510 min l/gün), Mərdəkan (620 min l/gün), Buzovna (80 min l/gün), Bilgə (280 min l/gün), Pirşağı (35 min l/gün), Şıxov (150 min l/gün) geniş istifadə üçün perspektivli sayılırlar. Lerik rayonunda "Bülüdül" mineral sularının istismar ehtiyatları 86,4 min l/gün, Qazaxda "Salahlı" 10,8 min l/gün, Aşağı Salahlı 21,6 min l/gün, Əskipara 5,4 min l/gün, Əzizbəyli 2,7 min l/gün, Tovuz rayonunda Şamlıq 2,7 min l/gün, Kazımlı 10,8 min l/gün, Kəndalar 43 min l/gün, Şınıx 8064 min l/gün, Gədəbəydə Qizilca 86,4 min l/gün, Slavyanka 21,6 min l/gün, Qalakənd 108 min l/gün, Çayqarışığı 216 min l/gün, Şəmkir 43,2 min l/gün, Daşkəsəndə Yuxarı Daşkəsən 4,3 min l/gün, Aşagı Daskəsən 5,4 min l/gün, Alaxançallı 108 min l/gün, Qabıqtala 4,3 min l/gün səviyyəsində qiymətləndirilir. Faktiki olaraq bu suların istismar ehtiyatları dəfələrlə çoxdur və onlar çox qiymətli təbii sərvət kimi xalqın istifadəsinə verilməlidir.

 

Sənaye əhəmiyyətli suların respublika iqtisadiyyatında rolu

 

Sənaye əhəmiyyətli sulara gəlincə, bu ehtiyatlar təsdiq edilmiş yodlu-bromlu su yataqları uzun illər ərzində istismar edilərək respublika iqtisadiyyatında önəmli rol oynayıb. Respublika üzrə 5 yodlu-bromlu su yatağının (Xıllı, Babazənən, Mişovdağ, Binə-Hövsan və Neftçala) ümumi sənaye ehtiyatları 229,5 min m3/gün təşkil edir. Binə-Hövsan və Neftçala yataqları 1995-ci ilə qədər istismar edilib. Bu yataqların lay sularının tərkibində 40 mq/l-ə qədər yod, 60-80 mq/l-ə qədər brom və digər kimyəvi komponentlər var. Təkcə yeni Neftçala zavodunda ildə 800 t yod, 3000 t brom alınması nəzərdə tutulub. Hazırda İqtisadi İnkişaf Nazirliyi tərəfindən bu zavodun bərpa olunması üçün tədbirlər görülür. Bu yataqların istismar edilməsi üçün ekoloji tələblərə cavab verən, ətraf mühitin, o cümlədən Xəzər hövzəsinin çirklənməsinə yol verməyən qabaqcıl texnologiyanın tətbiq edilməsinə böyük ehtiyac var. ETSN-də hesab edilir ki, əvvəlki illərdə olduğu kimi yeraltı sulardan bor, kalium, stronsium, litium elementlərinin sənaye tullantısı kimi atılmasına yol verilməməli və bu elementlərin tam və kompleks şəkildə çıxarılması təmin olunmalıdır. Yod güclü radiasiyaya məruz qalmış insanları müalicə etmək üçün ən təsirli vasitələrdən biridir. Çernobıl qəzasında 10 minlərlə adam məhz Bakı zavodunda istehsal olunan yodun təsiri ilə şəfa tapıb. Son illərə qədər Binə-Hövsan yatağının bazasında fəaliyyət göstərən Bakı yod zavodunda texniki yod, kalium-yod ( yod) və kristallik yod istehsal olunub.

 

Termal sular təcrübi tədqiqatlarda

 

Termal sulara gəlincə, ənənəvi olmayan günəş, külək və yeraltı termal suların enerjisindən istifadə olunması problemlərinin həlli ilə əlaqədar dünyanın bir çox inkişaf etmiş ölkələrində elmi və təcrübi tədqiqatlar aparılır. Termal suların yeraltı istilik enerjisinin akkumulyatoru və yüksək istilik-enerji tutumluğu xüsusiyyətlərinə malik olması ənənəvi olmayan enerji mənbələri sırasında termal suları xüsusi əhəmiyyətli enerji daşıyıcısı kimi səciyyələndirir.

Azərbaycanda 1964-1970-ci illərdə Talış zonasında (Astara, Lənkəran və Masallı rayonlarında) termal suların öyrənilməsi üçün geoloji-kəşfiyyat işləri aparılıb. Bu məqsədlə 17 ədəd kəşfiyyat quyusu qazılıb və bu quyuların hamısında temperaturu 38-64°C olan termal sular aşkar edilib. Onlardan istilik enerjisi kimi istifadə edilməsi məqsədilə qış aylarında faraş tərəvəzin (pomidor, xiyar) yetişdirilməsi üçün 10 ədəd oranjereya yaradılıb və il ərzində 2-3 dəfə məhsul alınmasının mümkünlüyü müəyyən edilib. Xəzəryanı (Xudat-Xaçmaz) zonasının 3000 m-dək dərinliyi olan kəşfiyyat quyuları vasitəsi ilə ümumi debiti 30000 m3/gün-dən artıq və yer səthində temperaturu 50-81°C təşkil edən termal sular aşkarlanıb. Quba-Xaçmaz zonasında aşkar edilmiş Xudat-Xaçmaz termal sular yatağının kəşfiyyatı aparılıb və 25,7 min m3/gün miqdarında istismar ehtiyatları təsdiq edilərək Dövlət Balansında qeydə alınıb. Termal suların respublika ərazisində geniş miqyasda yayılmasına baxmayaraq, onlardan təsərrüfatın müxtəlif sahələrində istifadə edilməsi qənaətbəxş deyil. Hal-hazırda termal sulara qazılmış geoloji-kəşfiyyat quyuları Xaçmaz rayonunda müalicə və məişət-kommunal xidməti məqsədilə qismən istifadə edilir. Termal su yataqlarının geoloji materiallarının təhlili göstərir ki, bütünlükdə termal suların istismar ehtiyatları dəfələrlə artıqdır. Ekoloji cəhətdən təmiz enerji mənbəyi olan yeraltı termal suların başqa yanacaq növləri (əsasən neft, qaz) ilə bərabər, kompleks şəkildə öyrənilməsi və onun xalqın xidmətinə verilməsi böyük əhəmiyyət kəsb edir. Hazırda Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən respublika ərazisində aşkar edilmiş termal sulardan istifadə istiqamətlərinin müəyyən edilməsi məqsədi ilə xüsusi tədqiqatlar aparılır.

 

Yeraltı sular ehtiyatı

 

Bu gün hidrogeoloji tədqiqatların əsas istiqaməti əsasən yeraltı suların ehtiyatlarının müəyyənləşdirilməsi, bu ehtiyatlardan istifadə imkanlarının araşdırılmasına yönəldilib. Bu tədqiqatlar respublikada su ehtiyatlarının qeyri-bərabər paylanması və məhdud ehtiyatlara malik olması səbəbindən iqtisadiyyatın, ilk növbədə kənd təsərrüfatının inkişafında yaratdığı məhdudiyyətləri, əhalinin su təchizatında mövcud olan ciddi problemləri aradan qaldırmaq məqsədi ilə aparılır. Yeraltı su yataqlarının kəşfiyyatı, ehtiyatların hesablanması və istifadə imkanlarının müəyyənləşdirilməsinə dövlət standartları və normativ tələbatlar nəzərə alınmaqla yeraltı suların əlverişli toplanma şəraitinə malik düzənlik və dağətəyi bölgələrdə əhatəli geoloji-kəşfiyyat işləri həyata keçirilib. Müxtəlif illərdə Naxçıvan, Gəncə, Xankəndi, Yevlax, Ucar, Ağdaş, Göyçay, Qazax, Tovuz, Şəmkir, Quba, Qusar, Xaçmaz, Ağdam, Şamaxı, Beyləqan, İmişli, Füzuli, Zəngilan, Cəbrayıl, Ağsu, Şuşa, Xocavənd, Hadrut rayonlarının yaşayış məntəqələrinin, sənaye obyektlərinin su təchizatı məqsədi ilə yeraltı suların kəşfiyyatı aparılıb, ehtiyatları təsdiq edilib.

Bakı şəhəri və Abşeron yarımadasının su təchizatı problemlərinin həll edilməsi məqsədi ilə uzun illər ərzində III Bakı su kəməri ilə əlaqədar Samur-Vəlvələçay düzənliyinin yeraltı sularının dəqiq kəşfiyyatı aparılıb, ehtiyatları təsdiqlənib. Böyük miqdarda yeraltı su götürülməsinin ətraf mühitə, ilk növbədə meşə örtüyünə təsirini öyrənmək üçün Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Xaçmaz rayonu ərazisində xüsusi təcrübə sahəsində unikal tədqiqatlar aparılıb və neqativ təsirin olmaması müəyyən edilib. Bakı şəhəri və Abşeron yarımadasının alternativ su təchizatı mənbəyi kimi Alazan-Əyriçay vadisində, Oğuz və Qəbələ rayonları ərazisində hidrogeoloji tədqiqatlar nəticəsində saniyədə 15 m3 miqdarında yeraltı su götürülməsinin mümkünlüyü araşdırılıb. Ölkə başçısının Bakı, Sumqayıt və Abşeron yarımadasının digər yaşayış məntəqələrinin əhalisinin ekoloji təmiz içməli suya olan tələbatının yaxşılaşdırılması barədə tapşırığını yerinə yetirmək üçün "Azərsu" SC-nin sifarişi ilə 2005-ci ildə Oğuz-Qəbələ sahəsində yeraltı suların kəşfiyyatı aparılıb, saniyədə 5 m3 miqdarında yeraltı su götürülməsinin mümkünlüyü müəyyən edilib. Yeraltı sulardan suvarmada istifadə edilməsi imkanlarını araşdırmaq üçün respublikanın müxtəlif regionlarında əhatəli tədqiqatlar aparılıb və təkliflər verilib. Bu tədqiqatların nəticələri əsasında 70-ci illərdən başlayaraq respublika ərazisində 15 mindən çox su istismar quyusu qazılıb. Yeraltı sulardan suvarmada istifadə edilməsi imkanlarının müəyyənləşdirilməsi respublika ərazisinin hidrogeoloji-meliorativ şəraitinin tədqiqi ilə müşayiət olunub.

 

 

Hazırladı: Həqiqət İSABALAYEVA

 

Kaspi.- 2011.- 13 may.- S.12.