Sarı
Aşığın işığında
Dövlət Filarmoniyasında Azərbaycan
xalq ədəbiyyatının
klassiki Sarı Aşığa həsr olunmuş konsert proqramı təqdim edilib
Aprelin
30-da Müslüm Maqamayev
adına Azərbaycan Dövlət Filarmoniyasında Laçın
rayonunun aşıqları
“Sarı Aşığın
işığında” adlı
konsert proqramını
təqdim ediblər.
Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Aşıqlar
Birliyinin və Laçın Rayon İcra
Hakimiyyətinin birgə
təşkil etdikləri
gecədə tanınmış
elm və mədəniyyət
xadimləri, ziyalılar
iştirak etmişlər.
Konsertə ölkəmizin digər
bölgələrindən də
aşıqlar dəvət
olunmuşdular.
AMEA-nın Nizami adına Ədəbiyyat
İnstitutu direktorunun
müavini, professor Məhərrəm
Qasımlı Azərbaycan
aşıq sənətinin
xüsusiyyətlərindən danışmışdır. Hazırda Laçında
100-dək aşığın el sənətini davam etdirdiyini diqqətə çatdıran alim bunun təsadüfi olmadığını, onların
qüdrətli söz
sərrafı Sarı
Aşığın ilham
bulağından su içdiklərini demişdir.
Bildirmişdir ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın qayğısı
sayəsində Azərbaycan
aşıq sənəti
YUNESKO-nun “Qeyri-maddi mədəni
irs siyahısı”na daxil edilmişdir.
Sonra mərdlik
diyarı Laçının
tarixini, təbii gözəlliklərini və
memarlıq abidələrini,
eləcə də Sarı Aşığın
məqbərəsini əks
etdirən film nümayiş
etdirilmişdir.
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Ramiz
Cəbrayılov Azərbaycan
aşıq sənətinin
tarixi, o cümlədən
Sarı Aşığın
həyat və yaradıcılığı haqqında
məruzə etmişdir. Bildirmişdir
ki, Saz dar
gündə el-obanın
təskinliyi, dayağı,
gen gündə könülxoşluğu, gözaydınlığı
olmuşdur. Milli varlığımızın, bədii
təfəkkürümüzün şamı, çırağı
olan aşıq dünyası xalqımıza
ana laylası qədər şirin, məhrəm olmuş, toy və mərasimlərin yaraşığına çevrilmiş,
öz ecazkarlığı
ilə qəlbləri riqqətə gətirmiş, xoş arzulara, gözəlliyə,
saf duyğulara səsləmişdir. Buna görə
də sözün və sazın hikmətindən yaranan, qüdrətlənən, xalqın
ruhunu oynadan, qəlbini ovsunlayan bu qədim sənət
el arasında dərin
hörmət və məhəbbətə malik
olmuşdur.
Aşıqlıq sənəti saz çalmaq, oxumaq, şifahi xalq ədəbiyyatının nağıl,
dastan və başqa növlərini toylarda, məclislərdə
ifa edərək yaymaq deməkdir. Aşıq xalqın
sevimlisi, onun qəlbinə, ürəyinə
daha yaxın sənətkardır. Bir zamanlar
aşıqlar ordunu döyüşə getməzdən
öncə ruhlandırmaq,
onlarda döyüş
əzmini yaratmaq vəzifəsini yerinə yetirmişlər. Onlar həmişə
xalqın şad və qəmgin günlərində xalqla birlikdə sevinib kədərlənmişlər. Məhz buna görə də aşıq ədəbiyyatı və
aşıqlıq sənəti
xalq arasında rəğbətlə qarşılanaraq
yaşamış və
bu gün də yaşamaqdadır.
Bildirilmişdir ki, günümüzə gəlib çıxan rəvayətlərə görə,
el sənətkarı, saf
məhəbbət, zərif
duyğular tərənnümçüsü
Sarı Aşıq
XVII əsrdə Laçının
Güləbird kəndi
yaxınlığında yaşamış,
elə o torpağa da qovuşmuşdur. Sarı Aşıqdan
söz açan ilk yazılı qaynaq isə Əndəlib Qaracadağinin “Təzkirəyi-Qaradaği”
əsəridir.
Ramiz Cəbrayılov
deyib ki, Sarı Aşıq lirik nəğmələr
ustasıdır. O al, yaşıl
geyimli, çarpaz düyməli, zülfü
qulac-qulac gözəlləri
tərənnüm edərkən
sözlə gözəllik
lövhəsi yaradır.
O, hər şeydən
əvvəl, gözəllərdən
vəfa, etibar, sədaqət tələb
edir. Yaxşı gözəl o kəsdir
ki, öz gözəlliyinin qədrini
bilə, yerində danışıb, yerində
gülə.
Sarı Aşığın yaradıcılığında
ictimai-siyasi epizodlar da çoxdur. O ictimai
ədalətsizliyə, zorakılığa,
nadanlığa qarşı
cəsarətlə çıxış
edir. Dərin məntiqə, bədahətən
şeir demək qabiliyyətinə malik olan Sarı Aşıq öz hazırcavablığı ilə
də elin hörmətini qazanmış,
ayrı-ayrı aşıqlarla
deyişmələr zamanı
onları bağlamışdır.
Ölümündən sonra Sarı Aşığın qəbri
xalqın ziyarətgahına
çevrilmişdi. Nəinki
Laçın rayonundan,
ətraf rayonlardan, hətta İrəvandan da ürəklərində
niyyətlə onun
qəbrini ziyarətə
gəlir, məzarı
üzərində şam
yandırırdılar. Onun da, Yaxşının da qəbri müqəddəs
hesab olunurdu.
1989-cu ildə Güləbird
kəndindən olan görkəmli ziyalı, şair Səbahəddin Eloğlunun təşəbbüsü
və yaxından köməkliyi ilə
rayon rəhbərliyi tərəfindən
Sarı Aşığın
qəbri üzərində
onun büstü qoyulmuşdu. Büstün postamentində Yaxşının
da barelyefi düzəldilmişdi.
İcra
başçısı deyib
ki, aşıq yaradıcılığına dövlətimiz
tərəfindən göstərilən
yüksək qayğı,
bu sahədə Heydər Əliyev Fondunun, Mədəniyyət
və Turizm Nazirliyinin, Aşıqlar Birliyinin həyata keçirdiyi tədbirlər
aşıq sənətinin
nəinki ölkəmizdə,
xaricdə də geniş təbliğinə
imkan yaradır. 2010-cu ilin oktyabr
ayında Azərbaycanda
ilk dəfə Heydər
Əliyev Sarayında keçirilən və bütün türk dünyasını əhatə
edən I Beynəlxalq
Aşıq Festivalı
bu cəhətdən olduqca təqdirəlayiqdir.
Tarixlərdən keçən
aşıq sənətimiz
Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğısı nəticəsində hal-hazırda özünün
yüksək inkişaf
dövrünü yaşayır
və dünya səhnələrinə çıxır.
Bunun nəticəsidir
ki, 2009-cu ildən Azərbaycanın aşıq
sənəti UNESCO-nun dünyanın Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilmişdir.
Tədbirdə Aşıq Cabbar,
Aşıq Umbay, Aşıq Famil və başqa sənətkarların ifaları
səslənmişdir. Tamaşaçılar
Sarı Aşığın
kövrək bayatılarındakı
duyğuların saflığından
od almış
aşıq havalarını
heyranlıqla dinləmişlər.
Qeyd edək ki, ifalar
arasında gənc aşıqların çıxışları
daha yaddaqalan olub.
T.Qurbanova
Kaspi. -2011. -3 may. –S.
11.