Dünyanı dolaşan musiqili komediya

 

Görkəmli bəstəkar Üzeyir Hacıbəyovun komediyaları Azərbaycan mədəniyyət xəzinəsində Mirzə Fətəli Axundov Cəlil Məmmədquluzadənin klassik komediyaları ilə bir cərgədə durur. Lakin Ü.Hacıbəyovun komediyalarının ən ümdə cəhəti ondan ibarətdir ki, sənətkar tükənməz yaradıcılıq qüdrəti sayəsində dramaturgiyanı musiqi ilə qovuşdurmağa nail olub milli musiqili komediya janrının əsasını qoyub. Ü.Hacıbəyovun musiqili komediyalarında obrazların musiqi vasitəsilə səciyyələndirilməsi, onların musiqi portretlərinin yaradılması, bir sıra dialoqların musiqiyə salınması, xorlardan, rəqslərdən istifadə olunması, dramatik lirik səhnələrdə musiqinin geniş yer tutması mühüm xüsusiyyətlərdir. Eyni zamanda, Ü.Hacıbəyovun komediyalarının ədəbi mətni ayrılıqda da səhnədə eyni təsir gücünə malikdir.

 

«O olmasın, bu olsun» komediyası Ü.Hacıbəyov dramaturgiyasının ən parlaq örnəyidir. Dahi bəstəkar XX əsrin əvvəllərində, yaşadığı cəmiyyətdə kök salmış köhnə əqidə və baxışları, əxlaq normalarını, cəhaləti tənqid və ifşa etmək, xalqı ayıltmaq və mübarizəyə səsləmək üçün kəsərli bir «silahdan» - gülüşdən, satiradan istifadə edib. O, məhz dövrünün qabaqcıl ideyalarını təbliğ etmək üçün belə bir orijinal yol seçib. Ü.Hacıbəyovun yaratdığı obrazlar həm sənətkarın öz arzu ideallarının, həyatı gözəlləşdirmək istəyinin əks-sədasıdır.

Ü.Hacıbəyovun «O olmasın, bu olsun» musiqili komediyası 1910-cu ildə yazılıb və bu illər ərzində xalqın ən çox sevdiyi əsərlərdən birinə çevrilib. Azərbaycan xalqı arasında yəqin ki, «O olmasın, bu olsun» komediyasını oxumayan, səhnədə görməyən, filmə baxmayan adam tapılmaz. Təsadüfi deyil ki, bu əsərin demək olar, hər bir kəlməsi xalqın dilində zərb-məsələ çevrilib. Komediyadakı bir çox tutarlı ifadələr aforizm kimi işlənir. Eyni zamanda, əsərin musiqisi xalqın qəlbinə yol taparaq dillər əzbəri olub. Bu məziyyət, şübhəsiz ki, hər bir əsərə nəsib olmur. Xüsusilə əsərin baş qəhrəmanı Məşədi İbadın adı ilə bağlı xalq arasında bir sıra mənalı ifadələrin yaranması da bunu sübut edir. Məsələn, «Məşədi İbad kimi qocalığında yorğalıq edir», «Heç hənanın yeridirmi?», « Məşədi İbad kimi özündən çıxırsan?», «Məşədi İbadlıq eləmə» və s. fikirlər bu qəbildəndir.

 

Pulun pozucu mahiyyəti...

 

Ü.Hacıbəyovun özünəməxsus bədii üslubuna söykənərək komediyanın bütün personajlarını həyatda yaxşı öyrənib, onları müxtəlif vəziyyətlərdə təsvir edib, xarakterlərini məharətlə aça bilib. Tamaşaçı burada zadəgantacir təbəqəsinin həyatını bəzək-düzəksiz görür, onlara gülür və nifrət edir. Ü.Hacıbəyov bu əsərdə əsil mənfi tiplər qalereyası yaradıb. Onun qəhrəmanları kimlərdir? Cəmiyyətdə nüfuzunu itirən, müflisləşən, pul əldə etmək üçün gənc gözəl qızı Gülnazı qoca Məşədi  İbada ərə verən, mənəviyyatsız bir zadəgan Rüstəm bəy. Mətbuat səhifələrində yalan iftiralar yazıb pul qazanan jurnalist Rza bəy. Öz xeyrini güdən əqidəsiz millətçi Həsənqulu bəy. Boşboğaz davakar intelligent Həsən bəy. Öz dırnaqarası zəhmi və silahı ilə ətrafındakı adamları qorxu altında saxlayan Qoçu Əsgər. Və Məşədi İbad. Varlı bir tacir olan Məşədi İbad pulun pozucu mahiyyətini, cəmiyyətdə oynadığı rolu bütün varlığı ilə əks etdirir. O, öz təsəvvürlərində belə bir qənaətə gəlir ki, varlı olmaq, cəmiyyətin fövqündə dayanmaq güclü olmaq deməkdir. Pul insanın varlığını təyin edən əsas şərtdir, cəmiyyətin sağlam qanunları belə pulun qarşısında acizdir. Məşədi İbad bu sözləri təkrar etməyi sevir: «Məsəl var ki, deyirlər: O olmasın, bu olsun. Əlbəttə, nə zərəri vardır, cavanlıq olmasın, pul olsun. Pul elə şeydir ki, qocanı cavan eləyər pulsuzluq da cavanı qoca eylər». Avamcahil bir şəxs olan Məşədi İbad yeri gələndə özünü savadlı, mədəni, səliqəli göstərməyə çalışır. Onun təkrar-təkrar «mərifət elmindən» söhbət salması, «Tarixi-Nadir» kitabının adını çəkməsi, atalar sözü zərbi-məsəllərdən məqsədinə müvafiq istifadə etməsi məhz bununla əlaqədardır. Məşədi İbad həyatın mənasını alverdə gördüyü üçün Rüstəm bəylə çox ciddi sövdələşironun qızı Gülnazı iki min manata satın alır. Hadisələr mürəkkəbləşdikcə, Gülnazın və xərclənən pulun əldən çıxacağı qorxusu artdıqca, Məşədi İbad yenə özünün dediyi kimi, «bir ətək pul tökməli olur». Ailə, məhəbbət, həyat məsələlərinə onun yalnız alver adamı, tacir kimi münasibət bəsləməsi aydın görünür  Ustalıqla yaradılan Məşədi İbad surəti əsərdəki bütün mənfi xarakterlərin açılmasında mühüm rol oynayır. Rüstəm bəyi, Qoçu Əsgəri, Həsənqulu bəyi, Rza bəyi, Həsən bəyi Məşədi İbadsız təsəvvür etmək çətindir. Hambal surətinin hadisələrə müdaxilə etməsi də Məşədi İbadla bağlıdır. Məşədi İbad əsərin mənfi personajlarını birləşdirən, komik hadisələrin mərkəzində duran misilsiz bir surətdir.

 

Azərbaycanın ziddiyyətlərini əks etdirən güzgü

 

Lakin əsərdə bütün bu eybəcər tiplərin müqabilində digər bir aləm var: bir-birini sevən iki gəncin – Sərvər və Gülnazın saf səmimi hisslərlə zəngin olan bir dünyası. Onlar yeni həyata can atır, öz gələcək səadətləri uğrunda qarşılarına çıxan sədləri dəf etməyə çalışırlar. Onlar başa düşürlər ki, öz talelərini özləri həll etməlidirlər, ona görə cəsarətlə köhnə əqidəli insanlara qarşı mübarizəyə qalxırlar və onlara qalib gəlmək üçün, hətta kələk də qurmalı olurlar. Qulluqçu Sənəmbu işdə onlara köməklik göstərərək, qızı kimi sevdiyi Gülnazı müdafiə edir. «O olmasın, bu olsun» komediyası sözlə bədii surət yaratmağın klassik nümunəsidir. Məşədi İbad, Rüstəm bəy, Həsənqulu bəy, Həsən bəy, Rza bəy, Qoçu Əsgər, Hambal, Sənəm belə surətlərdir. Onlardan hər biri fərdi danışıq dilinə malikdir. Məhz bu səbəbdəndir ki, Ü.Hacıbəyov onların canlı portretini yarada bilib. Dahi bəstəkar hadisələri, məkanı, əşyaları, insanları, onların geyimini, hərəkətlərini elə təsvir edir ki, hər şey göz önündə canlanır. O, tapdığı orijinal, uyğun dəqiq sözlərlə mətləbi tam aydın ifadə edə bilib. Burada böyük sadəlik, təbiilik və inandırıcılıq özünü göstərir. Komediyada musiqi mühüm dramaturji rol oynayır. Bütün musiqi nömrələri səhnədə baş verən hadisələrin təbii ünsürü kimi personajların səciyyələndirilməsində böyük əhəmiyyət kəsb edir. Burada bir-birindən fərli iki obraz-intonasiya dairəsi özünü göstərir ki, bu da əsərin ziddiyyətli məzmununu qabarıq üzə çıxarır. İlk növbədə, əlbəttə ki, Məşədi İbadın musiqi portretini qeyd etmək lazımdır. Özündən razı tacirin məşhur «Mən nə qədər qoca olsam da» misrası ilə başlanan mahnısında çirkinqoca Məşədi İbad lovğalanaraq yüz cavana bərabər olduğunu bəyan edir. Ü.Hacıbəyov burada «Uzundərə» xalq rəqsinin melodiyasından istifadə edib. Rəqsin təsirli melodiyasının Məşədi İbadın dilində səslənməsi karikaturanı xatırladır. Tamaşaçıya əyandır ki, dərin insani hisslərdən, məhəbbətdən danışan Məşədi İbadın hərəkətləri, mahnısı evlənəcəyi gənc qızın qəlbində yalnız nifrət oyandıra bilər. Bu da Üzeyir bəyin istifadə etdiyi satira üsullarından biri kimi diqqətəlayiqdir. Bu mahnı Məşədi İbadın xarakterini çox gözəl açır. Musiqili komediyanın digər mənfi personajları isə ayrılıqda deyil, əsasən xor səhnələri ilə xarakterizə edilir. Bu xorlar adətən danışıq səhnələrinin üzvi tərkib hissəsi olub, canlı yumoru ilə seçilir. Lirik obrazlar aləmi isə əsərdə müstəsnalıq təşkil edir. Sərvər Gülnazın duetləri onların məhəbbət hisslərini, xəyalpərvər əhval-ruhiyyəsini əks etdirir. Bu qəhrəmanları səciyyələndirən musiqi nömrələrində bəstəkar Füzulinin qəzəllərindən istifadə edib. Beləliklə, «O olmasın, bu olsun» musiqili komediyasının bədii obrazları bir güzgü kimi o zamankı Azərbaycanın ziddiyyətlərini əks etdirir. Həyatın ziddiyyətlərini doğru, dürüst, adamların psixologiyasını ustalıqla verdiyi üçündür ki, bu əsər indiöz tərbiyəvi əhəmiyyətini saxlayır və nəinki ölkəmizdə, həm də dünyanın bir sıra ölkələrində tamaşaçıların marağına səbəb olur.

 

Həmişə müasir komediya

 

«O olmasın, bu olsun» musiqili komediyası zəngin səhnə həyatına malik  əsərdir. O, bir neçə dəfə redaktə olunaraq səhnələşdirilib. İlk dəfə musiqili komediya 1911-ci il aprelin 25-də Mailov qardaşları teatrında (indiki Opera Balet teatrında) səhnəyə qoyulub. Məşədi İbad rolunda Mirzə Ağa Əliyev, Sərvər rolunda Hüseynqulu Sarabski, Gülnaz rolunda Əhməd Ağdamski başqaları çıxış ediblər. Üzeyir Hacıbəyov tamaşaya dirijorluq edib. Sonrakı illərdə də musiqili komediyanın tamaşalarında bir çox görkəmli artistlər çıxış edib. Əsər həmçinin, bir çox dillərə tərcümə olunaraq, müxtəlif teatrların səhnəsində Zaqafqaziya şəhərlərində, Türkiyədə, Bolqarıstanda, Yəməndə və b. yerlərdə tamaşaya qoyulub. Әsәrin әdәbi mәtni ilk dәfә 1912-ci ildә Bakıda, Orucov qardaşları mәtbәәsindә nәşr olunub. Alim həkim Azad Əmirov 1912-ci ildə Şuşada “O olmasın, bu olsunkomediyasına quruluş verib, üstəlik, Məşədi İbad rolunu oynayıb. Üzeyir Hacıbəyli xatirələrində Əmirovun gözəl ifasını qeyd edib.

Əsərin sonrakı quruluşlarında bir çox aktyor və müğənnilər iştirak ediblər. Onların arasında Əlihüseyn Qafarlını (Məşədi İbad), Lütfəli Abdullayevi (hambal), Hacıbaba Bağırovu (Məşədi İbad), Nəsibə Zeynalovanı (Sənəm), Lütfiyar İmanovu (Sərvər, Rza bəy) başqalarını qeyd etmək olar. Operettanı ilk dəfə 1918-ci ildə Vaqram Papazyan ilə S.Lakka çəkməyə cəhd edirlər və Xanjonkovun o zaman yeni təsis olunmuş Yalta studiyasında çəkilişlərə başlayırlar. Ancaq ilk film uğur qazana bilmədiyi üçün tez sıradan çıxdı.  Musiqili komediya əsasında 1956-cı ildə «Azərbaycanfilm» kinostudiyası tərəfindən eyniadlı film çəkilib. Filmin ssenari müəllifi Sabit Rəhman, rejissoru Hüseyn Seyidzadə, musiqi redaktoru Fikrət Əmirovdur. “O olmasın, bu olsunekranlara çıxandan sonra kinoşünaslar filmi tənqidlə qarşıladılar: "Heç bir estetik qanuna tabe olmayan, mənasız və zövqsüz çəkilmiş səhnələr, lüzumsuz vuruşma, qaçışma, hay-küylər, eybəcər oyunbazlıqlar, gah naturalistcəsinə, gah da qeyri-inandırıcı şişirtmələr tərzində verilmiş əcaib kadrlar... Hər şeydən əvvəl isə filmdə Məşədi İbad obrazı yoxdur. Rejissor işinin pərakəndəliyi hər obrazda, hər kadrda özünü göstərir”. Ancaq tənqidlərə baxmayaraq, Asiya  Afrika ölkələrinin Beynəlxalq Daşkənd kinofestivalında göstərilən kinokomediya o vaxt yüksək qiymət aldı. Filmin xarici ekranlara çıxışı da uğurlu oldu. SSRİ Xarici Ölkələrlə Mədəni Əlaqələr İdarəsinin sədri A.Davıdov  Kinematoqrafçıları İttifaqına yolladığı məktubunda yazırdı: “O olmasın, bu olsunfilmi 40 ölkəyə, o cümlədən Yuqoslaviya, Yaponiya, Avstriya, ABŞ-da, Macarıstanda satılıb.

Üzeyir Hacıbəyovun «O olmasın, bu olsun» musiqili komediyası bu gün tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanır.

 

 

Təranə Məhərrəmova

 

Kaspi. -2011. – 3 may.- S. 12.