“Rejissura
dövlət kimidir”
“Xanuma”
operettasının quruluşçu
rejissoru Qoça Kapanadze Azərbaycan səhnəsində yeni tamaşalar hazırlayacağını istisna
etmir
Azərbaycan Dövlət Musiqili
Komediya Teatrı
mayın 10-da tamaşaçılara yeni “Xanuma” operettasını təqdim
edib.
İkihissəli operettanın quruluşçu
rejissoru Qoça Kapanadze tamaşa öncəsi “Kaspi”yə müsahibəsində tamaşaçıların
müsbət reaksiyası
ilə qarşılaşacağı
təqdirdə Azərbaycanda
yeni tamaşalar hazırlamağa razılıq
verəcəyini bildirib.
Mədəni əlaqələr
- Bu, sizin Bakıya ilk səfərinizdir?
- Bakıda çoxdan olmuşam. Hazırda isə tamaşa hazırlamaq üçün Bakıya gəlmişəm. Bu dəfə təəssüratlarım tam fərqlidir. Şəhər çox gözəldir. Hər gəlişimdə yeniliklərlə qarşılaşıram. Bu dəyişikliklər təkcə şəhərin mərkəzində deyil, regionlarda da, şəhərin kənarında da baş verir. Bu, çox sevindirici haldır.
- Bəs indiyə qədər Azərbaycanın mədəniyyəti, incəsənəti, ədəbiyyatı haqqında nə bilirdiniz?
- Çox şey bilirdim, əlbəttə. Hər şeydən əvvəl biz qardaş respublika olmuşuq, indi də qonşu respublikayıq. Bir-birimizin mədəniyyət və incəsənətinə yaxından bələdik. Bizim çox yaxın mədəni əlaqələrimiz var. Mən Tbilisidə Heydər Əliyev adına Azərbaycan Teatrının rəhbəriyəm. Azərbaycanın incəsənətinə bələd olmaq bir növ mənim peşəmlə bağlıdır. Mən təkcə Azərbaycanın klassik yazıçı və şairlərini deyil, həmçinin Kamal Abdulla, Əli Əmirli kimi yazıçı və dramaturqlarının da yaradıcılığına bələdəm. Mən Azərbaycanın mədəniyyətini, rəssamlığını, incəsənətini, musiqisini çox sevirəm. Bir neçə dəfə Müasir İncəsənət Muzeyində olmuşam. Belə muzeyə yalnız Londonda, Fransada rast gəlmək olur.
- «Xanuma» operettasını Bakıda özünüz səhnələşdirmək istədiniz, yoxsa sizi dəvət etdilər?
- Mən Musiqili Komediya Teatrının rəhbərliyindən təklif aldım. Baş rolda Afaq Bəşirqızının oynamasını istədilər. Biz məşqlərə başladıq və sonradan bu rolda Afaq xanım oynayacağı qərarını verdik. Xanuma aktrisa üçün çox gözəl roldur. Onu da deyim ki, keçmiş sovet məkanında 50 teatrda bu tamaşa oynanılıb. Bu yaxınlarda Tbilisidə də bu tamaşa təqdim olundu. Əsər məşhur olduğu üçün onu çox teatrlarda səhnələşdirirlər.
- Siz Azərbaycan dilini bilmədən aktyorlarla necə dil tapdınız?
- Onlar məni yaxşı başa düşdülər. Çünki hamısı yaxşı aktyorlardır. Onlar mənim temperamentimlə ayaqlaşa bildilər. Çünki hamımız qafqazlıyıq. Mən bu tamaşanı Çində də hazırlaya bilərəm. Müasir teatr dili hərəkətdir. Təbii ki, tamaşa qabağı həyəcan keçirirəm və bir qədər əsəbiyəm. Mənim üçün maraqlı olan tamaşaçının tamaşanı necə qəbul edəcəyidir.
- Yəqin ki, sizin gələcəkdə
Azərbaycanda hər hansı tamaşa hazırlayıb-hazırlamayacağınız
da tamaşaçının qərarından
asılı olacaq.
- Artıq bir neçə teatrdan dəvətlər almışam. Ancaq mən tələsmirəm. Təbii ki, tamaşaçının qərarını gözləyirəm. Zalın reaksiyası mənim üçün çox maraqlıdır. Mən ingilis, fransız, alman, rus və gürcü tamaşaçılarına çox yaxşı bələdəm. İndi mənim üçün maraqlı olan Azərbaycan tamaşaçısının reaksiyasıdır. Mən bu reaksiyadan çox şey öyrənəcəyəm.
Aktyor teatrı
- Tbilisidəki rəhbəri
olduğunuz teatrda Azərbaycan dramaturqlarının əsərlərini
səhnələşdirirsinizmi?
- Azərbaycanın
bir çox klassik və müasir dramaturqlarının əsərlərinə
quruluş vermişik. Məsələn, Mirzə Fətəli
Axundovun «Müsyo Jordan və Dərviş Məstəli
şah», eləcə də Kamal Abdullanın və başqa
dramaturqların əsərlərini səhnələşdirmişik.
Bu istiqamətdə yenə də işlər
görürük. Biz eyni zamanda dünya ədəbiyyatına
müraciət edirik. Bizim tamaşalar çox yaxşı
alınır. Çünki çox gənc və istedadlı
truppa ilə işləyirik. Düzdür, hazırda teatrda təmir
işləri gedir. Kiçik səhnədə işləsək
də, çalışırıq.
- Sizin tamaşalar yalnız Azərbaycan
dilində hazırlanır?
- Təbii
ki, Azərbaycan dilində hazırlanır. Biz həmçinin
regionlarda işləyirik. Xeyriyyə tamaşaları
hazırlayırıq. Rustaveli, Mardinaşvilinin adını
daşıyan məşhur səhnələrdə
çıxışlar edirik. Türkiyədən, Misirdən
və başqa ölkələrdən qastrol səfərlərinə
dəvətlər alsaq da maliyyə çətinliyi
üzündən gedə bilməmişik. Qeyd edim ki, bu il
teatrın 140 illiyi tamam oldu. Bizim böyük ənənəmiz
var və demək olar ki, bu, Gürcüstandakı
teatrların içərisində ən məşhur
teatrdır. Düzdür, sovet dövründə bir çox
ölkələrdəki, o cümlədən Bakıdakı
gürcü teatrı da bağlandı. Vaxtilə həmin
teatrda Gürcüstanın ən məşhur aktyorları
çalışıblar. Təkcə Qaxda gürcü
teatrı fəaliyyət göstərir və ona Azərbaycan
dövləti dəstək olur. Biz
isə Gürcüstanda artıq 10 ildir ki, teatrı bərpa edərək
işləyirik. Düşünürəm ki, nə vaxt
teatrın texniki avadanlığı, binası, səhnəsi
Avropa standartlarına cavab versə, biz onda Bakıya, həmçinin
digər ölkələrə səfərlərə
çıxacağıq.
- Gürcüstanda
tamaşaçılar teatrı sevirlərmi?
-
Gürcüstana gələn xarici qonaqlar, eləcə də
orada yaşayan gürcülər, azərbaycanlılar, ruslar
bizim teatra gəlirlər. Teatrımız şəhərin mərkəzində
yerləşir. Biz təkcə böyüklər
üçün deyil, ilk dəfə olaraq uşaqlar
üçün də tamaşa hazırladıq. Ona görə
də tamaşalarımıza böyüklərlə
yanaşı uşaqlar da baxırlar. Novruz Bayramında,
Xocalının işğalı günündə və s.
tarixi günlərdə ədəbi-bədii kompozisiyalar
hazırlayır, müxtəlif əsərlər səhnələşdiririk.
- Sizcə, müasir
tamaşaçının teatrdan tələbi nədir?
-
Müasir tamaşaçının zövqünə geniş
miqyasda yanaşmaq lazımdır. Sirr deyil ki, müasir gənc
nəsil teatra o qədər həvəs göstərmir. İnternetin,
kompyuterin ritminə alışan gənclər teatrın
salonunda oturub hər hansı bir tamaşanı iki saat seyr etməkdən
qaçırlar. Düzdür, bəzən elə
tamaşalarımız olur ki, onlar gəlirlər. Bütün
hallarda teatrı heç bir şey əvəz edə bilməz.
Çünki səhnədə insan faktoru var və hər
şey canlıdır. Gənclər bu yaxınlığı
duyduqca yenidən teatra qayıdırlar. Əgər səhnədə
onların valideynləri, dostları, sevdikləri ilə
münasibətləri, insan hissləri əksini tapırsa, onlar gəlirlər.
Ancaq siyasi tamaşaları gənclər sevmirlər.
Aktyor + rejissor + müəllif
- Bu gün bütün dünyada
«müasir teatr» anlamı mövcuddur. Sizin düşüncənizdə
müasir teatr nə deməkdir?
- Bu
barədə çoxdandır, bəlkə də yeni era
başlayandan müzakirələr davam edir. Mənim fikrimcə,
müasir teatr aktyor teatrı olacaq. Həmin teatrda aktyorlar
üstünlük təşkil edəcəklər. Teatrın
forması isə müxtəlif olacaq. Forma hər şeydən
əvvəl dramaturgiyadan asılı olacaq. Dramaturgiyanın
inkişafı rejissor fantaziyası ilə
uyğunlaşacağı təqdirdə gözəl
tamaşalar meydana çıxacaq. Səhnədə nə
lazımdırsa canlı olmalıdır. Özünüz də
bilirsiniz ki, Stanislavski hər hansı tamaşanı
hazırlayanda məsələn, o səhnədə canlı
inəyi də görmək istəyirdi. Bütün bunlar
aktyora zəmin verir. Səhnədə
nə olursa, onun özəyində aktyor durmalıdır.
- Yaxşı tamaşa: bu
aktyorlardan, rejissorlardan, yoxsa əsərin müəllifindən
asılıdır?
- Səhnədə
hər şey qarşılıqlı anlaşma şəraitində
yaranır. Teatr kollektiv sənətdir. Yaxşı dramaturqun,
aktyorun, rejissorun olması mütləqdir. Bu birlik keyfiyyət
yaradır. Aktyor öz işini görür. Əgər
rejissor və ya əsərin özü yaxşı olmasa, onda
hansı əla nəticədən danışmaq olar? Bu,
komanda peşəsidir. Mən komanda tamaşasını, səhnə
ansamblını çox sevirəm. Kiminsə səhnədə
solo ifa etməsi mənim xoşuma gəlmir. Səhnədə
hamı bir-birinə kömək etməlidir.
- Siz xarici ölkələrdə
çox olmusunuz. Tamaşaların hazırlanmasında və
yaxud hazır məhsulun özündə hansı fərqlər
var?
- Fərq
təkcə texniki baxımındandır. Söhbət aktyor
texnikasından yox, səhnə texnikasından gedir. Orada səhnə
işıqlanması həddən artıq moderndir. Söhbət
o deyil ki, onlar, yoxsa biz çox bilirik. Aktyorun aləti həmişə
hisslərdir, intellektidir. Təbii ki, yaxşı aktyorlar sizdə
də, bizdə də, xaricdə də var. Xaricdə bir
tamaşanın hazırlanmasına çoxlu pullar xərclənir.
Bu, yaxşı dekorasiya, musiqi, xoreoqrafiya və s. deməkdir. Bunlar
isə tamaşanın gözəl alınmasına müsbət
təsir edir. Orada layihələr çox baha başa gəlir.
- Necə bilirsiniz, keçmiş
sovet aktyorları daha çox intellektualdırlar, yoxsa
müasir?
- Əvvəllər də
intellektual aktyorlar var idi. Onları “persona” adlandırırdılar. Fikrimcə
indi də çoxlu mütaliə edən, dünya görüşü dərin
olan, simfonik konsertlərə, sərgilərə
gedən aktyorlar var. Əgər əvvəllər
aktyor yalnız öz «alətini» bilirdisə, bu gün artıq obrazın açılmasına
başqa cür yanaşır. Hazırda dinamika və
düşüncə başqadır.
Vətənpərvər
- Haradasa oxumuşam: əsl rejissor aqressiv olmalıdır. Bu fikir doğrudur?
- Bu fikirlə razı deyiləm. Əgər rejissor aqressiv
olarsa, demək o, «diktatordur». Rejissor təşkilatçı olmalıdır. Rejissura dövlət
kimidir. O, sevməli,
idarə etməli, bəzən nifrət etməli, bəzən qışqırmalı, bəzən
ağlamalı, bəzən
yalvarmalı və hörmət etməlidir.
O çox şey bacarmalıdır. Təsəvvür
edin ki, o salonda tək oturur, səhnədən isə ona 30-40-a yaxın adam
baxır. Onların hamısı inanmalıdır
ki, onun dedikləri 100 faiz həqiqətdir. Rejissor başa
düşür ki, səhnədəkilərin hamısı
marionetka yox, şəxsiyyətdir və
onlarla işləməyi
bacarmalıdır. Rejissura sərt
peşədir, amma rejissorun özü sərt olmamalıdır.
Bu sənət bizdən hər şeyi alır. Bəzən
biz məşqdən sonra
evə gedəndə sanki bizi 10 saat
ərzində kimsə
döyüb. Dünyanın heç bir yerində elə bir tamaşa və film tanımıram ki, onun rejissoru
aqressiya təbliğ etdirsin. O, təbiətən
humanist olmalıdır.
- Vaxtilə sizin oynadığınız
Hamlet Dövlət mükafatına
layiq görülüb.
Bəs nə üçün rejissor kimi “Hamlet”i hazırlamırsınız?
- Mən «Hamlet»in bir
neçə versiyasını
düşünürəm. İngilis, fransız,
amerikan və rus versiyalarını görmüşəm. «Hamlet»i zaman yetişdirməlidir
və onun üçün şəxsiyyət
olmalıdır. Səhnədə sənin öz fikirlərin, öz anlayışın olmalıdır.
Bilməlisən ki, nə üçün bu əsəri səhnələşdirirsən
və nə üçün Hamleti sevirsən. Mənim üçün Hamlet qəhrəman deyil.
O, mənim üçün
adi insandır və bütün insanlıq palitrası onun daxilindədir. Hər bir tamaşaçının
öz Hamleti var. Mən istəmirəm ki, hazırladığım
tamaşaya baxan tamaşaçı “bu, mənim «Hamlet»im deyil”, deyə düşünsün. Bunu tapmaq
çox çətindir.
«Hamlet» hər şeyin zirvəsidir.
Mən bu obrazı bir çox ölkələrin səhnəsində
oynamışam və
əmin olmuşam ki, «Hamlet»dən sonra hər şey oynamaq mümkündür.
- Bildiyimcə, siz İngiltərədə
də tamaşa hazırlamısınız.
- Mən İngiltərədə
iki əsəri səhnələşdirmişəm. Aktyorlar çox peşəkar idi. Onlar məni özləri
dəvət etmişdilər.
Çox
maraqlı tamaşalar
alındı. Mən həmçinin
Fransada da işləmişəm. Mən Sankt-Peterburq
Universitetinin tələbəsi
kimi Fransa teatrlarında təcrübə
keçmişəm.
- Bəs niyə oralarda qalmaq istəmədiniz?
- Mən ümumiyyətlə,
heç yerdə qalmaq istəmirəm.
- Siz vətənpərvərsiniz?
- Təbii ki, mən vətənpərvərəm. Mən öz
vətənimi, xalqımı,
anamın məzarını
çox sevirəm.
Mən gürcü olmağımla
fəxr edirəm.
Bir aydan çox başqa ölkədə olanda darıxmağa
başlayıram. Hətta, olub
ki, bir neçə
dəfə bilet alıb 3-4 günlüyə
geri qayıtmışam.
Əgər mən öz
vətənimi sevirəmsə,
demək, başqalarına
da hörmət edirəm. Əgər öz vətənini
sevmirsənsə, demək
sən heç kəsi sevə və hörmət edə bilməzsən.
Təranə Məhərrəmova
Kaspi.- 2011. -12 may.
–S. 9.