Pulu həmişə qazanmaq olar, sənəti yaxşı öyrən! 

 

Saatsaz Hacı kişi sənətə qul kimi gəlib, padşah kimi gedir

 

Azərbaycanın məşhur saatsazı usta Hacının sorağını eşitməyən çox az adam tapılar. Çünki, onun düzəltdiyi saat bir daha xarab olmur. Budəfəki «sadə peşə adamı» silsiləsindən olan yazımızı usta Hacıya və onun sənətinə həsr etmişik.

 

Sorağı məlum ustanın yerini bir həmkar dostumuzdan öyrənib, onunla daha yaxından tanış olmaq üçün Rus Dram Teatrının yanı, Mərdanov Qardaşları 12 ünvanına yollanırıq. Ustanın əlində işi olsa da, yanında heç kim yox idi. Əlindəki işi saxlayıb bizi xoşgəldinlə qarşılayır. İlkin tanışlıqdan sonra, özü və sənətə gəlişi barədə məlumat verir.

 

16 yaşından saat kimi işləyir

 

Fətəliyev Hacı Fətəli oğlu 1955-ci il mart ayının 21-də Bakı şəhərində anadan olub. 16 yaşına çatdıqda sənət öyrənmək qərarına gəlir. O dövrdə isə, uşağı harasa işə qoymaq çox çətin idi. Tanış-bilişsiz mümkün deyildi. 1971-ci ildə, müfəttiş işləyən dayısı onu aparır Sumqayıt Şəhəri Məişət Xidməti İdarəsinə. Hacı orada olan bir neçə peşənin içərisindən saatsazı seçir. Beləcə, yəhudi əsilli bir ustanın yanında şagird kimi çalışmağa başlayır. Bir il şagird kimi işləyir. Nəhayət, bir ildən sonra, Sumqayıtda sərbəst olaraq saatsaz kimi işləməyə başlayır.

Tanışları onun Bakıda gəlib işləməsini çox təkid ediblər. Hacı da, eləmə tənbəllik, 1994-cü ildə gəlir Bakıya. Mağazaların birində yer tapıb, elə həmin il də işə çıxır: “1998-ci ildə dükan bağlandı, mən yenə iş yeri axtarmalı oldum. Nəhayət, buranı seçib öz şəxsi pulumla aldım. Mənə deyirdilər, ay Hacı, bu nə yerdi, darısqaldı. Dedim məni görməyə gəlmirlər, saat düzəltdirməyə gəlirlər. Biri gəlib düzəltdirəcək, gedib yayacaq ki, belə bir yaxşı usta var. Belə-belə məşhurlaşdım, indi də hamı gətirib saatını mənə düzəltdirir”.

Usta bunları deyərkən, divarlardakı şəkillərə baxmaq kifayətdir ki, onun «hamı mənə düzəltdirir» ifadəsini anlayasan. Maşallah, həqiqətən də respublikada elə bir tanınmış adam yoxdur ki, saatını usta Hacıya düzəltdirməsin. Onun dediyinə görə, ümumiyyətlə, məşhur adamların 95%-i saatlarını ona düzəltdirir. Vəzifəli şəxslərdən də kimin saatı xarab olursa, göndərirlər ki, apar bunu Hacı düzəltsin. Bir sözlə, nazirdən tutmuş, müğənniyə kimi, hər kəs onu tanıyır. Öz dediyi kimi: “Respublikanın ən «bərkgedənləri» burda saat düzəltdirib və xatirə şəkli çəkdiriblər”.

 

Hacının analoqu olmayan kəşfi

 

Axı, bunun sirləri nədir belə, soruşduqda, deyir: “Sənətin pisi yoxdur, sənətkarın pisi var. Hansı sənətdə olursan ol, gərək onu sevəsən, işə ürəkdən girişəsən. O zaman, adam nailiyyətlərə çatır. Mən sənətimi sevirəm, onunla nəfəs alıram. Bəziləri bu sənətə gələndə ağa kimi gəlirlər, istəyirlər özlərini ağa kimi göstərsinlər. Amma, mən bu sənətə qul kimi gəlib, padşah kimi tanınmışam-balamın canı üçün. Həmişə arzum bu olub ki, məni yaxşı sənətkar kimi tanısınlar, barmaqla göstərsinlər. Şükür Allaha, bu dəqiqə belədir, hara gedirəm deyirlər Usta Hacı gəldi...”.

Bir məqamı xatırladaq ki, Usta Hacı dünyada analoqu olmayan kəşfi ilə də məşhurdur. Elə bir saat düzəldib ki, onun əqrəbləri geriyə işləyir. O, bu kəşfin səbəblərini belə izah edir: “Bakıya gələndə buranın saatsazları paxıllığımı çəkirdilər. O deyir, Hacı usta deyil, bu deyir, özünü çox şişirdir... Və mən yeni bir şey kəşf elədim - geriyə işləyən saat. Sonra, hərə bir söz dedi ki, onu mən də düzəldərəm, filan. Daha bir yenilik edərək elə bir saat düzəltdim ki, əqrəbi irəli getsin saniyəsi geri. Bunun dünyada analoqu yoxdur. Bu kəşfi ona görə etdim ki, ay saatsazlar, bilin ki, mən usta Hacıyam!”. Sənətkar sözarası dedi ki, bu texnologiyanın layihəsini Bakıda bir-iki saatsaza verib, hazırda onlar da düzəldir.

 

Cənab prezident məni şəxsən tanıyır

 

Dünyada elə bir saat yoxdur ki, Hacı kişi onu düzəltməsin: “Elə bir saat yoxdur ki, mən onu düzəldə bilməyim. Düzəltdiyim saat bir də xarab olmur. Dünyada düzəlməyən saat şüşələrini düzəldirəm. Elə edirəm ki, zavod istehsalından fərqlənmir. Məsələn, şüşə sınır, mən ora özümdən başqa şüşə düzəldirəm. Ümumiyyətlə, bura gələn ümidlə gəlir, çünki usta Hacını tanıyırlar. Vəzifəli şəxslərdən də məni tanımayan yoxdur, cənab prezident İlham Əliyev məni şəxsən tanıyır. Üç dəfə görüşüb mənimlə, sağ olsun, bilir ki, Azərbaycanda belə bir usta var. Birinci görüşündə dedi ki, «Hacı, sənin səsin –sorağın bizim Prezident Aparatını götürüb, hamı səndən danışır». Üç ay bundan qabaq İctimai televiziya mənim haqqımda sənədli film çəkib – «Vaxta bağlı sənətkar!»”. O, bunlarla fəxr edir, yenidən bir ömür yaşasaydı, bütün ömrünü saat düzəltməyə həsr edərdi…

Bunlara baxmayaraq, qəhrəmanımızın başqa arzu və istəkləri də var: “Yerim dardır. İstəyərdim ki, daha iri saatlar düzəldim. Dünyanın əksər ölkələrindən qonaqlar gəlir. Maraqlanırlar ki, belə bir usta var, gəlib hətta bura baxırlar. Geriyə işləyən saatın şəklini çəkirlər ki, aparıb xaricdə göstərsinlər. Özləri də hərdən sual verirlər ki, sənin kimi usta niyə belə bir şəraitdə işləyir..?”.

Onun üçün sənətin çətinliyi yoxdur: “Materialla bağlı çətinliklər olub. Elə olur ki, lazım olan materialı tapa bilmirsən. Çox nadir hallarda ola bilər ki, saat buradan geri qayıtsın. O da material çatışmazlığından ola bilər. Amma, indi alverçilər xaricdən hər şey gətirir. Artıq, nə cür ehtiyat hissəsi desən tapmaq olur”. Ustayla söhbət əsnası divarlara yapışdırılmış qəzetlər də nəzərimizdən qaçmır. Azərbaycan, rus və ingilis dilli qəzetlərin bir neçəsində 2007-ci ildə ustanın prezidentlə görüşünü əks etdirən «Prezidentin Saatsaz Dostu» başlıqlı məqalələr dərc olunub.

 

O, əmindir ki, dünyada düzəlməyən saatları düzəldə bilər

 

42 il ömür həsr etdiyi sənət dövrü ustanın gözündə sanki, qısa bir yoldur. Ömür necə gəldi, heç bilməyib. Həmişə belə deyir: “Ay Allah, ömür ver yaşayım, bu sənəti daha da inkişaf etdirim, ürəyimdən keçənləri eləyə bilim, bütün yeni çıxan qəliz saatları da düzəldim”. Sənət adamı maddi durumunu açıqlayaraq naşükür olmadığını deyir.  “Şükür Allaha, naşükür deyiləm. Bu sənətlə bütün uşaqlarıma da köməklik edirəm, özüm də dolanıram. Ümumiyyətlə, 70-ci illərdə necə işləmişəmsə, elə bil mənim üçün yenə həmin dövrlərdir. Yenə də həmin pulu qazanıram, həmin yağı, əti ala bilirəm. Bəziləri şikayətlənirlər ki, işsizlikdi. Ola bilər onlar üçün işsizlikdir. Mən sənətkaram!”.

O, əmindir ki, dünyada düzəlməyən saatları düzəldə bilər. Azərbaycanda yox ey, dünya miqyasında sənətkar axtarır ki, onun qarşısına çıxsın: “Xalq artıq məni imtahandan çıxarıb, bunların hamısını bilir. Elə başa düşürəm ki, dünyada düzəlməyən saatı düzəldə bilərəm. Ola bilsin ki, dünyada yaxşı sənətkarlar var. Mən saatda elə priyomlar bilirəm ki, qarşıma heç kəs çıxa bilməz, onları «mələdərəm». Əgər, dünyada saatdüzəltmə üzrə yarış keçirilsə, qızıl medalı boynumda birinci mən gətirərəm Azərbaycana. Güləşçi özünə inandığı kimi mən də sənətimə inanıram”.

Usta Hacının ali təhsili yoxdur. Nədənsə, özü oxumaq istəməyib. Lakin, hazırkı mövqeyinə görə, o, birinci növbədə sənətinə minnətdardır. Peşəyə mükəmməl səviyyədə yiyələnməsində isə, anası böyük rol oynayıb. Həmişə dayaq olub, onu işə həvəsləndirib. Saatsaz öz ustasını yaddan çıxarmayaraq, ona da Allahdan rəhmət diləyir: “Mənə həmişə deyirdi ki, səndən yaxşı sənətkar çıxacaq. Ola bilsin o vaxt o, məndə nəsə görüb ki, belə deyirdi. Deyirdi ki, pulu həmişə qazanmaq olar, sənəti yaxşı öyrən!”. Onun hazırda yanında tələbəsi yoxdur. Övladlarından da heç biri bu sənəti istəməyib. Lakin əvvəllər 4-5 tələbəsi olub. Onlar da hazırda şəhərin müxtəlif yerlərində saatsaz işləyirlər.

Hacı kişinin bir müsbət keyfiyyəti də var ki, çox zarafatcıldır. Hərdən bir danışdığı maraqlı məqamlara dodaqlarını qaçırmaya bilmirsən. Bir neçə belə maraqlı olay danışsa da, onlardan birini sizə təqdim edirik: “Bir dəfə bir qız gəlib yanıma. Adını dedi, Əsgərova Təyyarə. Mən də yazdım ki, Soldatova Somolyot. Deyir, ay dayı, bu nədi? Dedim, ay bacı, vallah Əsgərova Təyyarənin tərcüməsidir rusca”.

Usta Hacının yanından ayrılarkən yaranan təəssürat bu olur ki, sənətlə sənətkar bir-birinə sıx bağlıdır. Sənətkarın öz sənət sahəsindəki uğurları isə, aralarındakı bu sıxlıqdan xeyli asılıdır.

 

 

Elgün Mənsimov

 

Kaspi. -2011. -12 may. –S.13.