Azərbaycan
klassik ədəbiyyatının cəfakeş
toplayıcısı
Repressiya illərində
Salman Mümtazın bir yük maşını həcmində
əlyazmaları yandırılıb
Elə
ziyalılarımız var ki, bütün ömürlərini
şam kimi xalqın yolunda əridirlər. Əslində,
ziyalı sözünün mənası da nur, işıq deməkdir. Onlar hər zaman xalqın «görən
gözü», «düşünən beyni» olublar. Görkəmli
ədəbiyyatşünas-alim Salman Mümtaz kimi.
Millətin bağrından keçən təlatümləri, tarixi faciələri, müstəqilliyin yaşatdığı qüruru içindən keçirən, duyan, duyub gördüklərini şeirləri, məqalələri və ricətləri ilə ifadə edən Salman Mümtaz dövrünün bir çox mətbuatında, xüsusən də 1918-1920-ci illərdə Şərqdə ilk dəfə müstəqillik qazanmış Azərbaycan Cümhuriyyətinin orqanı olan "Azərbaycan" qəzetində çıxış edib. Zəmanəsinin bütün ziyalıları ilə əqidə dostluğu edən və onlarla bir sırada dayanan S.Mümtazın daha bir fərqli cəhəti də vardı. O, bir gününü, bir anını itirmədən Azərbaycanın keçmiş yüzilliklərdə yaşayıb yaradan aysberqlərin - şəxsiyyətlərinin həyat və yaradıcılığı barədə sənəd və materialları bir yerə toplayaraq arxiv yaratmış, gələcək nəsillərə çatdırmışdır. Salman Mümtaz 1883-cü ildə Şəkidə anadan olub. Tacirliklə məşğul olan atası Məhəmmədəmin Orta Asiyada -Aşqabadda işləri ilə əlaqədar orada yaşadığından Salman müntəzəm, ardıcıl təhsil ala bilmir. Lakin dərin hafizəsi, sözə, ədəbiyyata həvəsi, bir neçə dil bilməsi gələcəkdə ona bir şəxsiyyət kimi formalaşmasında kömək edir. İlk müəllimi Mirzə Əsədulla tərəfindən ərəb və fars dillərini, Hindistanda geniş yayılmış urdu dilini öyrənən S.Mümtaz Şərq aləmini və Azərbaycanın klassik yazarlarını daha geniş mütaliəyə başlayır, yaradıcı şəxsiyyətləri, ədəbi nümunələri dərindən öyrənir, təhlil və izahlarla birlikdə nəşr etdirir. İlk təhsilini mollaxanada alan Salman uşaqlıqdan çox zəkalı idi, qabiliyyəti, xüsusi istedadı ilə seçilirdi. Bəlkə buna görə də ərəb, fars, rus, urdu, özbək, qırğız dillərini öyrənmişdi. Salmanın ədəbiyyata çox böyük marağı vardı. Təsadüfi deyil ki, hələ gənc ikən «Molla Nəsrəddin» jurnalında «Xortdanbəy», «Sərçəqulubəy» və sair imzalarla müxtəlif şeirləri çap olunurdu. Klassiklərimiz haqqında yazdığı analitik məqalələri hələ o zaman diqqəti çəkirdi. S.Mümtazın unudulmaz fədakarlığı onu şair, ədəbiyyatşünas kimi də ədəbi aləmimizə tanıtdırmışdır.
S.Mümtaz adına Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymurov qeyd edir ki, 1908-1909-cu illərdə S.Mümtaz "Molla Nəsrəddin" jurnalı başda olmaqla "Zənbur", "Kəlniyyət", "Tuti", "Qardaş köməyi" jurnalları və "Səda", "Günəş", "Tərəqqi", "İqbal", "Yeni iqbal", "Açıq söz" və s. qəzetlərin səhifələrində vətən sevgisini, vətənə bağlanmaqla yanaşı, vətənin işinə kara gəlmək, xalqın unudulmuşlarını aramaq, millətin azadlığı naminə fəaliyyətini bir daha sübut etmişdi. Kamil bir jurnalist kimi "Azərbaycan" qəzeti ilə əməkdaşlıq isə onun sevincini daha da artırır. "Azərbaycan"ın səhifələrində müxtəlif məqalələrlə çıxış edir. Bu əməkdaşlıqla Üzeyir bəyin nigarançılığına da son qoyur. 1918-ci ildən Bakıya qayıdan və Bakıda yaşayan S.Mümtaz bir ədəbiyyatşünas kimi, Xalq Cümhuriyyətinin işlərini alqışlayan vətəndaş kimi fəaliyyətə başlayır. Azərbaycan xalqının çoxəsrlik zəngin mədəni irsini daha dərindən öyrənib, mətbuat səhifələrində əsl elmi yazıları ilə çıxış edir. "Xalq ədəbiyyatı həyatdan doğar" adlı ümumbaşlıq altında məqalələr yazırdı. 1918-1920-ci illərdə Abbas Səhhət haqqında da xüsusi tədqiqat aparmışdır. Mətbuatdan aydın olur ki, o, A.Səhhətin əlyazmalarını - məktublarını, tərcümə əsərlərini toplamış və yeri gəldikdə dövri mətbuat səhifələrində dərc etdirmişdir. Dövrünün yazarlarından olan Əbdül Qafar Mahmudovun "Azərbaycan" jurnalının 1963-cü il, 11 saylı nömrəsində dərc olunmuş "Mən Səhhəti tanıyırdım" adlı xatirəsi də maraqlıdır. Xatirədə oxuyuruq: "1918-ci ilin sonu idi. Bakıda idarədə oturmuşdum. İsmayıl Həqqi gəldi, (məşhur aktyor - M.T.) yanında bir nəfər də var idi. İsmayıl Həqqi bizi tanış elədi. Bu, şair Salman Mümtaz idi. İş günü qurtarmışdı. Bərabər küçəyə çıxdıq. Salman Mümtaz bizi evimizə getməyə qoymadı. Fayton çağırdı, bizi əyləşdirib öz evinə apardı və qonaq elədi, sonra dedi: "Mən Abbas Səhhətlə qardaşlıq idim. Hər dəfə Bakıya gələndə mənimlə görüşər, qonaq olar və çan-dildən söhbət edərdik". Bu xatirədən aydın olur ki, Ə.Q.Mahmudov A.Səhhətlə yazışarmış. O, yazışmaları - məktubları da S.Mümtaza vermiş və S.Mümtaz da A.Səhhət haqqında bir kitab yazıbmış. Çox təəssüflər olsun ki, S.Mümtazın həmin kitabı nə indiki Füzuli adına Əlyazmalar İnstitutunda, nə də bizim S.Mümtaz adına Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və İncəsənət Arxivində yoxdur. Ancaq A.Səhhət haqqında S.Mümtazın yazdığı "Xatirə"si Əlyazmalar İnstitutunda mühafizə olunur. "Azərbaycan" qəzetinin işıq üzü görməsini ürəkdən alqışlayan S.Mümtaz sevincini Üzeyir bəylə bölüşür, qəzetin səhifələrində müxtəlif məqalə və şeirlərlə çıxış edərdi. Qəzetin Təşrini-sani 18 (yanvarın 18-i) 1918-ci il 91-ci nömrəsində "Ədəbi sütunlar" silsiləsindən olan yazısında müstəqil Azərbaycanı belə öyürdü:
Cəhanə ilk çıxan tazə
ayə and olsun,
Cavanlığında dönən qəddü-yayə
and olsun,
Qəsə olmuş münirə, o
şahi-təbanə,
Şahabə, mirə, nura, ziyaya and
olsun.
Qəzetin
elə həmin il 55-ci nömrəsində həmin rubrikada
"Qürbət ellərdə yadi-vətən"
yazısında da bu tipli yazılar vermişdi. İndi o
günlərdən bizi 90 il ayırır. S.Mümtaz kimi vətənpərvərin,
əsl ziyalının özünün tərcümeyi-halı
və yaradıcılığının öyrənilməsi
bu gün daha çox vacibdir. 1911-ci ildə M.Ə.Sabirin vəfatını
A.Səhhət teleqramla S.Mümtaza bildirəndə o, çox
ağır xəstə imiş. Bu acı,
üzüntülü xəbərdən ürəyi
ağrıyan S.Mümtaz elə həmin gün
"Böyük şairə" adlı şeirini
yazmış və bu şəxsin vəfatı onu uzun
müddət rahat buraxmamışdır. Sonralar
"Unudulmuş yarpaqlar" silsiləsindən klassiklərlə
yanaşı, M.Ə.Sabirə də "klassik
şairimiz" - deyə onun haqqında tutarlı xatirələr
yazmışdır. S.Mümtaz Sabirin vəfatı günü
yazdığı şeirini sonralar xatirələrində belə
təsvir etmişdir: "Sabirin vəfatı günü mən
özüm də Sabirə bir şeir yazmışdım.
Xatirəmdə qalan misralar aşağıdakılardır:
Zəbani - xamə yazan dəm sənə
bu mərsiyəni,
Hal ilə səsləndi heyf Əli Əkbər.
Şüdi şerin ilə şerlər
işıqlandı,
Ziyai təbrik ilə oldu təblər
ənvər.
S.Mümtazın
"Azərbaycan" qəzetindəki fəaliyyəti daha
çox maraqlıdır ki, bu məsələ hələ tam
halında aşkarlanmamışdır. Bizə elə gəlir
ki, S.Mümtazın çox ciddi yazıları hələ
araşdırılmasını gözləyir. S.Mümtaz 20
mart 1925-ci ildə çox yaxşı yazıb ki, atalar
"varın verən utanmaz" demişlər. Odur ki, mən
də bu günə kimi toplaya bildiyim əlyazmaları "Azərbaycan
ədəbiyyatı" adı ilə hələlik
kiçik kitablar şəklində təb və nəşr
etməyə qərar verdim. Zənnimcə, hiss edilən
açıqlıq tamamilə olmasa da, qismən doldurulmuş olacaqdır.
Bu kiçik kitablar ilə ədəbiyyat maraqlarına olan mənəvi
borcumun cüzi bir qismini əda edə bilərsəm,
özümü bəxtiyar hesab edəcəyəm. Ədibin
bu uzaqgörən fikri XX yüzilliyin sonunda ikinci dəfə
müstəqilliyimizi, müstəqil dövlətçiliyimizin
bərpasında və möhkəmləndirilməsində bəşəri
əməli iş görən ümummilli liderimiz, mərhum
Prezidentimiz Heydər Əliyev tərəfindən yüksək
qiymətləndirilmiş və onun ruhu şad olsun deyə,
hazırkı Dövlət Ədəbiyyat və İncəsənət
Arxivinin adı 13 sentyabr 1996-cı il tarixli Sərəncamı
ilə belə adlandırılmışdır: "S.Mümtaz
adına Azərbaycan Respublikası Dövlət Ədəbiyyat
və İncəsənət Arxivi". S.Mümtaz xatirə və
yazılarında da bu əlyazmaları, söz yadigarlarını
necə əziyyətlə topladığını və gələcək
nəslə əmanət etdiyini bildirir. Bu tarixi
qanunauyğunluğun məsuliyyətini dərindən başa
düşən əməkdaşlarımız ədəbiyyat
və incəsənət sahəsində fəaliyyət
göstərən yaradıcı insanlarımızın şəxsi
fondlarını yaradır, hər il sənədləri
toplayır və bir mərkəzdə cəmləşdirirlər.
Lakin dövrünün görkəmli ziyalısı, cəfakeş
insan Salman Mümtaz 1937-ci ildə həbs edilərək
güllələnir. 1918-1920-ci illərdə "Azərbaycan"
qəzeti ilə əməkdaşlıq edən Salman
Mümtazın yaratdığı arxiv bu gün
xalqımızın ən dəyərli xəzinəsidir.
Repressiya qurbanı
Salman
Mümtaz 1918-ci ildə Ənvər və Nuru paşaların
Azərbaycana gəlişinə şeir həsr edir. Bununla da
Salman Mümtaz sonradan ona vurulacaq «panturkizm»in
damğasının qurbanı olacaqdı. Baxmayaraq ki, sonradan,
sovet dövründə Azərnəşrdə, Elmlər
Akademiyasının tarix, dil və ədəbiyyat institutunun
elmi işçisi vəzifələrində
çalışırdı, amma bir neçə dil bildiyinə
görə hələ ki ona toxunmurdular. Bu, 1937-ci ilə qədər
davam etdi. Və repressiyanın dəhşətli küləyi
bir çox ziyalılarımız kimi, onun da başı
üstündə əsməyə başlayır; onu
«burjua-millətçi», «pantürkist» kimi əvvəlcə
tutduğu vəzifədən uzaqlaşdırır və ev
dustağı edirlər. Amma işdən
çıxarılmağına baxmayaraq, Salman bəy nadir əlyazmaları,
kitabları toplayıb araşdırmaqda davam edirdi. Və
heç şübhəsiz ki, bu onun Azərbaycan ədəbiyyatında
ən böyük xidmətlərindən biri idi. Buna
bütün ömrünü sərf etmişdi görkəmli
yazıçı. O, əldə etdiyi əlyazmaları
«Kitabxaneyi-Mümtaziyyə» adlı kitabxanasında yerləşdirdi.
Amma əsl dəhşət hələ qabaqda idi. Onun sonralar
bir yük maşını həcmində əlyazmaları
yandırıldı. «Erməni barmağı» hər yerdə
özünü göstərirdi. Faktlara əsasən deyə
bilərik ki, o dövrdə Azərbaycanın 51 rayonundan 31-nin
Xalq Daxili İşlər Komissarlığı rayon
şöbələrinin rəisi erməni idi. Elə buna
görə də təkcə 1937-ci ildə «xalq düşməni»
adı ilə 29 min ziyalımız güllələndi. O
cümlədən Hüseyn Cavid, Mikayıl Müşfiq, Yusif
Vəzir Çəmənzəminli, Əli Nəzmi, Əhməd
Cavad və başqaları. Eləcə də Salman Mümtaz.
Onu 1937-ci il oktyabrın 8-də gecə saatlarında
yaşadığı Buynakski, 25 (indiki Şeyx Şamil
küçəsi) ünvanında siyasi dustaq kimi həbs edərək
barəsində ölüm hökmü çıxarırlar.
Hökm 1941-ci il dekabrın 21-də həyata
keçirilir. Baxmayaraq ki,
1956-cı il noyabrın 16-da ölümündən sonra bəraət
qazandı, haqqında olan ittihamnamə ləğv olundu, amma o
və onun kimi ziyalılarımıza vurulan mənəvi zərbənin
yarası tarix durduqca heç vaxt sağalmayacaqdır.
Azər NURİYEV
Kaspi. -2011. – 4
may. – S. 12.