“Mən doğru yoldayam”
Emin Ağalarov: “Azərbaycanlı olduğum
üçün qürur
duyuram”.
Məşhur
müğənni Emin Ağalarov
bu yay yenidən
Bakıda konsert verəcək.
Müğənninin sözlərinə görə, o, bundan əvvəl
London və Moskvada səhnəyə çıxmağa
hazırlaşır. Hazırda isə klip və film
çəkilişləri ilə məşğuldur. Ən
maraqlısı isə, çəkilişlərə dünyada məşhur ulduzlarla işləyən rejissor
Fil Qriffinin cəlb
olunmasıdır. İndi yalnız
film çəkilişləri edən rejissor azərbaycanlı müğənni üçün
istisna edib.
Müğənni planları və üzərində işlədiyi
layihələr barədə ANS telekanalına müsahibə verib.
- Pol
Makartni, Adele, Emi Vinhaus kimi
məşhur simalarla çalışan məşhur
rejissor Fil Qriffin bu dəfə
sizin üçün
iki klip və film çəkir.
- Əslində biz Fil Qriffinlə mənim
İngiltərədə yazdırdığım "Any Time You
Fall" və ikinci sinqlım “Falling” üçün bir klip çəkmək ideyası ilə işə
başlamışdıq. Amma o qədər dərinə
getdik ki, nəticədə
onunla artıq dördüncü klipimizi
çəkirik. "Falling",
"Any Time You Fall", “Wonder” və artıq işıq üzü görmüş
“Just For One Night” klipinin bəzi
işlərini tamamlayırıq.
Düşünürəm ki, əsas klipimiz “Any Time You Fall” olacaq.
Çox
gözəl klip olacaq. Çünki bu klipdə
İngiltərədən rəqqaslar
iştirak edəcək.
Onlar bu klip üçün
xüsusi xoreoqrafiya da hazırlayıblar.
Qeyri-adi və çox gözəldir, elə mahnının özü kimi.
- Rusiya mətbuatının yazdığına
görə, yeni klipin çəkilişləri
üçün bütün
günü çəkiliş
meydançasında olursunuz.
Yorulursunuzmu?
- Bilirsiniz, nəticəyə
işləyəndə heç
nədən yorulmursan.
İş o qədər çox
olur ki, vaxtı da unudursan.
Çəkilişlər uzun çəkir.
Əslində çəkiliş vaxtı 12 saat nəzərdə tutulur.
Bir qayda olaraq isə
12 saata istədiyini çəkə bilmirsən
və çəkiliş
16, 17, 18 saat çəkir.
Bu, günlərlə davam edəndə isə yorulursan. Amma sevdiyin işlə
məşğul olursansa,
iş heç vaxt sənə ağırlıq etmir.
- Həm həyat yoldaşı, həm ata, həm
də iş adamısınız, eyni zamanda mahnılar yazır, çəkilişlərdə
olursunuz. Bu qədər
işə vaxt və enerjini haradan tapırsınız?
- Sadəcə, çox şeyi çatdırmaq istəyirəm. Başa düşəndə ki, insan ömrü çox qısadır, mən isə ümumiyyətlə, məşğul
insanam, gördüyüm
heç bir iş mənim üçün ağır
deyil. Bütün bunlardan həzz
alıram. Həm biznes,
həm mənim ailəm, musiqi və ümumiyyətlə,
hər gün işləri öz zövqüm üçün
edirəm. Mən işə
ağır deyə bilmərəm.
- Görəsən, Emin Ağalarov mahnı yazmağa və bu işlə məşğul olmağa
necə başlayıb?
- 15 il əvvəl
nə isə yazmaq üçün eksperimentlərə başladım.
Zaman keçdikcə başa düşdüm ki, bu mənim xoşuma
gəlir. Və bu
işlə daha çox məşğul olmağa başladım.
İstənilən işlə çox
məşğul olduqca
daha çox öyrənirsən, potensial
olaraq daha çox insanların xoşuna gələ biləcək mahnılar yazmağı öyrənirsən.
Bu, eynilə idmandakı
təcrübəyə bənzəyir.
Əgər hər gün
idmanın eyni növü ilə məşğul olursansa, onda getdikcə həmin işin peşəkarına çevrilirsən.
Mahnı
bəstələməklə ümid edirəm ki, mən də
nə vaxtsa peşəkar olacam. Hələlik isə onu deyə bilərəm ki, mən doğru
yoldayam.
- Xaricdə yaşayan azərbaycanlı
olaraq Emin Ağalarov qazandığı
uğurlarla kimə həsr edir?
- Bilirsiniz, deyə bilmərəm ki, mən ölkəmin xüsusi bir nümayəndəsiyəm. Amma onu bilirəm ki, öz ölkəmi çox sevirəm və azərbaycanlı olduğum üçün qürur duyuram. Və çalışıram ki, bunu hər yerdə deyim. Amma öz üzərimə Azərbaycan incəsənətinin səfiri statusunu götürmürəm. Bunu edən və Azərbaycanı dünyada təmsil edən mədəniyyət sahəsinin insanları var və onların sayı çoxdur. Mən isə populyar musiqi sahəsində Rusiya və Avropada özümü reallaşdırmaqdayam. Və bu mənim xoşuma gəlir. Əgər bununla Azərbaycanın imici üçün töhfə vermiş oluramsa, bundan sadəcə, xoşbəxtəm. Amma bu, məqsəd deyil.
Kaspi. -2011. -5 may.
–S. 16.