Meşələrin
bərpası və artırılması bəşəriyyəti
fəlakətlərdən qoruyacaq
Azərbaycan “ağ ciyərlərimiz”in
sıradan çıxmaması üçün real
addımlar atır
Meşələr bəşəriyyətin
“ağ ciyərləri” sayılır. Ancaq bu ağ ciyərlər
insan kimi oksigen udub, karbon qazını buraxmır. Əksinə,
karbon qazını udub, insan üçün zəruri oksigen
buraxır. Digər tərəfdən, bu prosesdə oduncaq da
yaranır ki, bu da insan cəmiyyəti üçün tikinti,
yanacaq baxımdan zəruri vasitələrdən biridir.
Həm də meşələr yenilənən, daim inkişafda olan və genişləndirilə
bilən qaynaqlardandır.
Meşələr eyni zamanda heyvanların yaşayış məskəni,
suyun buxarlanmasının qarşısının
alınması baxımından da mühümdür. Meşələr
çölləri küləklərdən, güclü seldən
qoruyur, suyu saxlayaraq onun çaylara keçməsinə mane
olur, torpağın sovrulmasının qarşısını
alır. Meşələrin məhv olması çox zaman
yerli təbii şəraitin pisləşməsi ilə nəticələnir:
yarğanların böyümə sürəti və
torpaqların yuyulması artır, çaylar dayazlaşır.
Məsələn, alimlər hesablayıblar ki, torpaqların
sovrulması və yuyulması nəticəsində Yer kürəsində
50 milyon hektardan artıq məhsuldar torpaqlar məhv edilib. Əvvəllər
mövcud olmuş ümumi meşə ərazisindən indi
yalnız 1/3-i qalan ABŞ-da hər il çöllərdən
və otlaqlardan 3 milyard ton torpaq yuyulur.
Meşələrin
məhv olmasının mənfi təsirləri heyvan və
quşlardan da yan keçmir. Ümumdünya Vəhşi Təbiət
Fondunun məlumatına görə, Avstraliya meşələrinin
məhv olması səbəbindən 9 mindən çox koala
məhv olub. Ümumilikdə 2 milyondan çox məməli
heyvan meşələrin sıradan çıxması ilə
qurbanlıq olub. Məhv olmuş quşların sayının
isə təxminən 4 milyon olduğu bildirilir.
Dəhşət doğuran statistika
Vaxtilə yaşadığımız planetin
quru ərazisinin az qala yarıya qədəri meşələrlə
örtülü olub. İndi bu rəqəm iki dəfə
azalıb. Taxta-şalban istehsalı xüsusilə meşələrin
azalmasına, meşə ekosisteminin pozulmasına səbəb
olur. Cənubi Amerikada, Uzaq Şərqi Asiyada və Sakit okean
adalarında həm taxta-şalban istehsalı, həm də əkinçilik
meşələrin axırına çıxır. Meşələr
tədricən özünü bərpa etmək xüsusiyyətinə
malik olsalar da, insanın dağıdıcı antropogen fəaliyyəti
qarşısında aciz qalır, son nəticədə
özünü bərpa etmək xüsusiyyətini tam itirərək
savannaya, çöllüyə çevrilirlər.
Qeyd edək
ki, meşələrin yarıdan çoxu 5 ölkədə -
Braziliya, Kanada, Çin, Rusiya və ABŞ-dadır. Rusiya
özünün 850 milyonluq hektarı ilə dünyanın ən
böyük meşə sahəsinə sahibdir. Ancaq indi bu
ölkələrdəki meşələrdə də
böyük ərazilərdə artıq ağac yoxdur, kəsilib.
2000-2005-ci illər arasında ən çox Afrika və Cənubi
Amerikadakı meşələr məhv olub, hər il təxminən
4,3 milyon hektar meşə sahəsi xəritədən silinib.
BMT hesabatına görə, dünyada hər il təxminən
Yunanıstanın sahəsindən 100 dəfə böyük ərazilərdə
meşələr yox olur. BMT-nin 229 ölkədə
apardığı araşdırmalarının nəticələrinə
görə, təkcə 2000-2005-ci illər arasında 7,3
milyon hektar meşəlik sahə yox olub. Ümumiyyətlə,
son iki əsrdə meşələrin 40 faizi, ötən 40
ildə 460 milyon hektarı məhv olub. Bundan başqa,
dünyadakı ağac növlərindən 10 faizi, yəni 8
mindən çox ağac növü yox olma təhlükəsi
ilə üzləşib.
İnsanların
meşələri qırmasının üstünə təbii
fəlakətləri, meşə yanğınlarını da
gələndə, meşələrdən əsər-əlamət
qalmır. Həm də , dünyada baş verən meşə
yanğınlarının cəmi 4 faizi ildırım
vurması, vulkan nəticəsində və s. təbii səbəblərdən
baş verir. Əksər yanğınlarsa qəsdən və
ya yanlış aparılan meşə təsərrüfatı
siyasəti nəticəsində insanlar tərəfindən
törədilir. Dəhşətli meşə
yanğınlarının əsas səbəbləri
sırasında qəsdən yanğın törətmə, hədsiz
istilər, su çatışmazlığı, süni
ekzotik meşələr göstərilir. Meşələrdə
yerə düşən kiçik bir şüşə
qırığı belə günəş
şüaları ilə alışıb, yanğına səbəb
olur. Hətta illərlə torpaqda qalmış şüşə
belə fəlakətə gətirə bilər. Son illər
baş verən yanğınlar Sakit okean bölgəsi,
Aralıq dənizi hövzəsi
və Şimali Amerika bölgələrində meşə sahələrinin
azalmasına gətirib çıxarıb. Ancaq
yanğınların meşələrə vurduğu ziyan
ağacların kortəbii, amansızcasına
qırılması ilə müqayisəyə gələ bilməz.
Təqribi hesablamalara görə, dünyada icazəsiz ağac
kəsmələri ilə ortaya çıxan illik itki 10 milyard dollardır.
Azərbaycan reallığı
Beləliklə,
bu gün dünyada mövcud olan meşələrin ümumi
sahəsi 4,1 milyard hektardır. Dünyada adambaşına 0,6
hektar meşə sahəsi düşür. Azərbaycan ərazisinin
isə 11,8 faizini meşələr tutur və ümumi sahəsi
1 milyon 213 min hektara çatır. Azərbaycanın meşə
ehtiyatlarının 49 faizi Böyük Qafqaz regionunun, 34 faizi
Kiçik Qafqaz regionunun, 15 faizi Talış zonasının və
2 faizi Aran zonasının (Naxçıvan Muxtar Respublikası
ilə birlikdə) payına düşür. Ölkəmizdə
adambaşına 0,12 hektar meşə sahəsi
düşür ki, bu da ümumdünya göstəricisindən
dörd dəfə azdır. Digər tərəfdən, o da
inkar edilə bilməz ki, Azərbaycanın müstəqillik
qazandığı ilk illərdə enerji təchizatı
sistemində yaranan problemlər, xüsusən bölgələrin
qazla təmin etməyin mümkün olmaması nəticəsində
meşələr sürətlə qırılıb.
Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi və
Prezident İlham Əliyevin uğurla davam etdirdiyi neft-qaz
strategiyası Azərbaycanda qaz təminatı, enerji təchizatı
sahəsindəki problemlərin sürətli həllinə yol
açıb. Rayonlarda əhalinin təbii qazla təminatının
yaxşılaşdırılması, ucqar kəndlərə
belə qaz çəkilməsi xəbərini tez-tez
eşidirik və bunu sadalamağa da ehtiyac yoxdur. Eyni zamanda
2010-cu ilin Prezident İlham Əliyev tərəfindən
“Ekologiya İli” elan olunması da Azərbaycanda təbiətin
qorunmasına xüsusi diqqət yetirildiyini bir daha sübut etdi
Ümumiyyətlə,
ölkədə dağlıq ərazilərdə meşələrin
qırılmasının qarşısı kifayət qədər
alınıb.
Ancaq
bununla belə, yenə də az da olsa, meşələrimizdə
ağacların qanunsuz kəsilməsi, qazanc məqsədi ilə
qanunsuz oduncaq əldə edilməsi hallarına rast gəlinir.
Məsələn, Ekologiya və Təbii Sərvətlər
Nazirliyi ötən ilin noyabrında Daxili İşlər
Nazirliyi ilə birlikdə meşələrin
qırılmasının qarşısının
alınması məqsədi ilə ı bir həftəlik
reyd keçirib. 34 belə fakt
aşkarlanıb. 14 rayonda qanunsuz ağac kəsənlər
ümumilikdə 3 min manata yaxın cərimə olunublar.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi davamlı və
ardıcıl olaraq meşələrin qorunub mühafizə
olunması ilə bağlı araşdırmaları davam
etdirir. Meşələr özünü bərpa etmək
xüsusiyyətinə malik olduğundan mühafizə tədbirləri
də meşə sahələrinin artmasına zəmin
yaradır.
Digər
tərəfdən, yeni meşə sahələrinin
salınması da bu işə ciddi töhfə verir. Məsələn,
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə
Mühafizəsi və Bərpası Müəssisələrinin
əməkdaşları tərəfindən 2011-ci ilin
yanvar-aprel ayları ərzində dövlət meşə
fondu torpaqlarında nazirliyin daxili imkanları hesabına 1304
hektar sahədə meşə əkini və səpini işləri
aparılaraq 2 milyon 906 min ədəd
müxtəlif cinsli ağac və kol bitkisi əkilib. Əkilən
ağaclar müəssisələrin öz tinglik sahələrində
yetişdirilib. Eyni zamanda müəssisələr tərəfindən
müxtəlif ağac və kol cinslərindən 12 min 698 kq toxum tədarük edilib və
83,64 hektarda tinglik sahəsi salınıb. Bakı və onun ətraf
ərazilərinin 140 hektar sahəsində isə 180 000 ədəd
müxtəlif cinsli ağac və kol bitkisi əkilib.
Ümumiyyətlə, 2011-ci ilin yanvar ayından etibarən
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən
Respublika ərazisinin ümumilikdə, 1444 hektar sahəsində
3 milyon 86 min ədəd müxtəlif cinsli ağac və kol
bitkisi əkilib. Bu iş davam etdirilir.
Paralel
olaraq sistemli şəkildə meşələrimizin
yanğınlardan qorunması istiqamətində də iş
aparılır. Məsələn, keçən ilin yayında
qabaqlayıcı tədbirlər həyata keçirilmək
üçün Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin tabeliyindəki bütün müəssisələrdə
sutkalıq növbətçilər təşkil edilib.
Mütəmadi olaraq reydlər keçirilib, əhali
arasında izahat işləri aparılıb. Yanğın təhlükəsi
olan ərazilərdə 1500 km-dək məsafədə
yanğın əleyhinə mineral zolaqlar çəkilib. Əvvəlki illərdə
olan mineral zolaqların
da 700 km-i təmir olunub. Bundan başqa, Fövqəladə Hallar Nazirliyi ilə birgə ilin əvvəlindən birgə
tədbirlər planı
hazırlanıb. Həmin
plana uyğun olaraq da müvafiq
addımlar atılıb
və keçən il ciddi zərərlərə
yol açan yanğın hadisələri
qeydə alınmayıb.
Ekologiya və
təbii sərvətlər naziri Hüseynqulu Bağırovun
da qeyd etdiyi kimi, məhz aparılan bu sistemli işin nəticəsidir
ki, Azərbaycanda son 10 ildə ölkə ərazisinin 0,4 faizi
qədər meşələrin ərazisi artıb.
Ekologiya
sahəsində fəaliyyət göstərən QHT-lər də
ölkədə meşələrin bərpası və
artırılması istiqamətində görülən
işləri təqdir edirlər. Ekoloq Jurnalistlər Birliyinin
sədri Cəmşid Quliyev Azərbaycanda meşələrin
bərpası və artırılması istiqamətində
xeyli iş görüldüyünü söyləyir. Onun
sözlərinə görə, dövlət
başçısının ekoloji problemlərin həllinə
önəm verməsi QHT-lərin də bu sahədəki təşəbbüslərinə
dəstəkdir. Ekoloq Jurnalistlər Birliyinin sədri qeyd edir
ki, yeni iri milli park və
qoruqların yaranması, kökü kəsilən nadir
növlərin qorunması, sənaye tullantılarının
meşələrə zərərinin minimuma endirilməsi sahəsində
görülən işlər təqdir olunmalıdır. O, Azərbaycanda
bu sahədə görülən işlərin qonşu
ölkələr üçün də örnək ola biləcəyini
vurğulayır. Eyni zamanda hesab edir ki, hələ orta məktəbdə,
parta arxasında oturarkən uşaqlara ətraf meşələrin
bəşəriyyət üçün nə dərəcədə
lazımlı, önəmli olduğu
aşılanmalıdır: “Biz gənc yaşlarımızda əsası
qoyulan inanclarımız üzərində böyüyü, inanclar
üzrə yaşayır, fəaliyyət göstəririk. Ona
görə də gənclərin ekoloji tərbiyəsi daim
diqqət mərkəzində dayanmalıdır”.
Lakin
bütün bunların fonunda Azərbaycanın 261 min hektar
meşə fondu sahəsinin hazırda Ermənistanın
işğalı altında olması ən ağrılı problemlərdən
biridir. Təbii ki, orada meşə təsərrüfatı ilə
amansız rəftar edilir, qiymətli ağaclar qanunsuz şəkildə
kəsilərək Ermənistana daşınır, meşə
yanğınları törədilir. Meşələr
baxımsız vəziyyətdə məhv olur. Son üç
il ərzində işğal altındakı torpaqlarımızda
6 min hektaradək ərazi yandırılıb.
İşğal altında olduğu üçün bu mənfi
tendensiyaya müdaxilə də müşküldür. Bəşəriyyətin
qlobal problemlərinin həllinə diqqət yetirməli olan
beynəlxalq təşkilatların üzərinə bu sahədə
böyük vəzifə düşür və artıq
onların qəti fəaliyyətə keçməsi, ilk
növbədə Azərbaycan torpaqlarının
işğaldan azad edilməsi sahəsində qətiyyətli
mövqe ortaya qoymalıdırlar.
İşğalçının meşə, təbiət qədri
bilməsini gözləmək də absurddur.
Meşələrin ili
Yeri gəlmişkən,
meşələrin atmosferi oksigenlə zənginləşdirməsini,
torpaq qoruyucu, yol qoruyucu, tarla qoruyucu kimi xüsusiyyətlərə
malik olmasını, dünyada 1,6 milyard insanın
yaşayışını, milyonlarla flora və fauna
növü üçün həyat sahəsini təmin etməsini,
o cümlədən iqlim dəyişikliyinin mənfi nəticələrinin
qarşısının alınmasında oynadığı
mühüm rolu nəzərə alan BMT-nin Baş
Assambleyası 2011-ci ili Beynəlxalq Meşələr İli
elan edib. Beynəlxalq Meşələr İlində
“İnsanlar üçün meşələr” əsas
mövzudur. Aprelin 2-də Azərbaycanda Beynəlxalq Meşələr
İlinin rəsmi açılışı münasibətilə
ağacəkmə mərasimi keçirilib. Ekologiya və Təbii
Sərvətlər Nazirliyi və BMT-nin Azərbaycandakı
nümayəndəliyinin təşkil etdiyi iməcilikdə 5
hektar sahədə 4 min ədəd zeytun ağacı əkilib.
Bütövlükdə 60 hektar ərazidəki bataqlıq sahəyə
1050 min kubmetr torpaq gətirilərək qurudulub və 39 hektar ərazidə
zeytun ağacları əkilib.
Ekologiya və
təbii sərvətlər naziri Hüseynqulu Bağırov
Beynəlxalq Meşələr İlinin qeyd olunması çərçivəsində
2011-ci ildə Azərbaycanda 1000 hektar ərazidə
ağacların əkilməsinin
planlaşdırıldığını bildirib.
Nuranə Məmmədova
Kaspi. -2011. – 17 may .-S. 11.