Türkmənistan prezidenti səsimə vurğundur

 

Gülyanaq Məmmədova: “Mən bu sənətdən niyə küsüm!?”

 

“Azadinform”un suallarını Rəşid Behbudov adına Mahnı Teatrının solisti, Əməkdar artist Gülyanaq Məmmədova cavablandırıb.

 

- Bu yaxınlarda Türkmənistanda keçirilən “Türk xalqlarının mədəni irsi” beynəlxalq festivalında iştirak etmisiniz. Hansı təəssüratla dönmüsünüz?

- Aşqabadda çox gözəl festival oldu. Mədəniyyət və Turizm Nazirliyi təşkil etmişdi və Türkmənistan dövləti, eləcə də TÜRKSOY-un birgə təşkilatçılığı ilə gerçəkləşən möhtəşəm tədbirlərimiz oldu. Bizim Rəşid Behbudov adına Mahnı Teatrının musiqi kollektivinin bədii rəhbəri, Xalq artisti Kamil Vəzirovun başçılığı ilə konsert proqramlarımız keçirildi. Bacım Gülyaz Məmmədova ilə bərabər konsert proqramlarımız çox maraqla qarşılandı. Eləcə də Aşqabaddakı «Vətən» kinoteatrında «Niyyət» bədii filmimiz nümayiş etdirildi.

- Gülyanaq xanım, Türkmənistan artıq sizə yad ölkə deyil. Hətta siz “Türkmənin qızıl əsri” müsabiqəsinin qalibi olmusunuz. Necə oldu ki, türk ölkələri arasında məhz bura ilə sıx əlaqələriniz yarandı?

- İlk dəfə bir neçə il bundan əvvəl Türkmənistanda keçirilən tədbirlərdən birində iştirak etdik. Daha sonra bir neçə dəfə dəvət oldu. Onların mənim səsimə, ümumiyyətlə, Azərbaycan musiqisinə çox böyük maraqları və məhəbbətləri var. Keçən il də məni orda solo konsert vermək üçün dəvət etdilər. Geniş, maraqlı bir konsert proqramı keçdi.

- Türkmən dilini ora tez-tez getməyiniz nəticəsində öyrənmisiniz?

- Əlbəttə. Bunu da deyim ki, türkmən dili ilə Azərbaycan dili çox yaxındır. Sadəcə, onlarda bir az dildə sındırmalar var. Mən hətta orada olanda türkmən dilində şeir də dedim.

- Yəqin, az keçməz Türkmənistanda fəxri ad alarsınız...

- Sadəcə deyim ki, mənim üçün xoşbəxtlik odur ki, Türkmənistan prezidenti mənim səsimə gerçəkdən vurğundur. Mən öz prezidentimizdən də çox razıyam. Bizə hər bir şərait yaradır. Bu yaxınlarda yenidən prezident təqaüdünə layiq görülmüşük. Hər bir şeylə təmin olunmuşuq, sağ olsunlar. Onlara can sağlığı diləyirəm. Çünki xoşbəxtlikdir ki, mən həm öz prezidentimizin, həm Türkmənistan prezidentinin, həm də hər iki xalqın hörmətini qazanmışam. Bu, Azərbaycan musiqisinin qüdrətidir.

- Son aylar tələbələriniz öz həmyaşıdları arasında çox populyar olub. Xüsusilə də muğam müsabiqəsinə qatılandan sonra. Onlara siz məsləhət gördünüz müsabiqəyə qatılmağı? Sizin onlara ümidiniz nə dərəcədədir?

- Mən hər zaman istəyirəm ki, tələbələrimin içindən daha gözəl səslər gəlsin. Yəni yaxşı tələbəyə həvəslə dərs keçirik. Hər kəs bu dəqiqə bizə tələbəmizin, xüsusən də Kamilə qızımızın muğam müsabiqəsində gözəl oxuduğunu deyir, onun çıxışına görə bizə təşəkkür edir. Əlbəttə, biz bununla fəxr edirik. Gərək tələbənin canında ola, istedadı ola. Elə tələbə ilə işləmək çox rahat olur. Nə boğazı öyrədiriksə, o qız elə bil göydə götürür.

- Bacınız Gülyaz xanım Opera və Balet  Teatrının solistidir. Siz nə vaxtsa Opera teatrının səhnəsində çıxış etmək istəmisinizmi? Belə bir təklif,  ya da dəvət olubmu?

- İstəmişəm, dəvət də olub. Dəfələrlə “Gülyanaq gəlsin Leyli obrazına, əsl Leyli üçündür, həm səs imkanlarına görə, həm də  boy-buxun, incəliyinə görə” deyiblər. Mən özüm də İncəsənət Universitetinin aktyorluq şöbəsini bitirmişəm. Yəni özümün də istedadım buna yol verir. Həvəsim, qəlbimdən gələrək aktyorluğa böyük sevgim olub. O arzu ilə gəlmişəm bu sənətə. Nədənsə aktyorluq sənətinin ardınca yox, sadəcə, öz mahnılarımın, musiqinin ardınca getdim. Amma mən sizə deyim ki, elə hər bir mahnının  səhnədə bir obrazını yaratmaq, onu obrazlı şəkildə tamaşaçıya təqdim etmək lazımdır. Əgər yaşaya bilirsənsə, o mahnının sözü, musiqisi özü də bir kiçik teatr tamaşasıdır. Bəzən sözləri ağlamalı lirik mahnılar oxuyurlar, bir də görürsən müğənni onu elə şən əhval-ruhiyyə ilə ifa edir.  Amma bu, düzgün deyil. Hər bir mahnının öz obrazına girməlisən. İstəmişəm Operada olum, amma o vaxt qastrollarımız o qədər idi ki, biz demək olar, Azərbaycanda az-az olurduq. O baxımdan, vaxt da ayıra bilmədim. Özüm də bir az tənbəllik etdim. Amma indi arzulayıram cavanlar, bizim gənclərimiz getsin. Opera mən bilən onlarda daha gözəl alınar. Ancaq inşallah qismət olarsa, bir-iki tamaşa oynayaram.

- Övladlarınızın da bu sənətdə olmasını istərdinizmi?

- Qızımın da, oğlumun da əgər gözəl səsi, istedadları olarsa, mən onları heç vaxt yarı yolda qoymaram, əksinə, kömək edərəm. Bilsəm ki, bu elə-belə reklam, ad-san üçündür, o zaman yox, razı olmaram. Sevilməyən bir səslə nəsə etmək düzgün deyil. Belə olarsa, özüm mane olaram ki, bu sənətə gəlməsinlər. Necə ki tələbələrimə məsləhət görürəm ki, vaxtlarını itirməsinlər, hansısa bir sənətə yiyələnsələr. Mən bu sənətə pis baxmıram. Bəzən müğənnilərimiz deyir ki, övladlarının bu sənətə gəlməsini istəmirlər, çox əziyyətli bir sənətdir. Amma zəhmətsiz iş olmur. Heç nə zəhmətsiz başa gəlmir. Hamımız həyatın, sənətin enişli-yoxuşlu yollarını keçmişik. Ancaq bu sənət mənə hər şey verib. Xalqın bu qədər sevgisi mənimçün elə birinci yerdə durur. Həm də mən kənddə, sadə bir fəhlə ailəsində doğulmuş bir qız idim. Tütün, ipəkqurdu becərmişik. Amma həmişə istəmişəm böyük səhnələrdə olum. Allah mənə yol açdı, gəlib bu arzuma çatdım. Efirdən baxıb həsəd apardığım böyük sənətkarlarla indi eyni məktəbdə çalışıram, eyni səhnəyə çıxıram. Bu mənim üçün əvəzsizdir. Allah insana daha nə verər?! Xalqımız da sağ olsun, aparırlar el məclislərinə. Bu boyda imkan, şərait yaradırlar. Həm dinləyirlər, həm arzulayırlar, həm də xeyir verirlər. Gəlin, açıq etiraf edək hər şeyi. Ona görə də mən bu sənətdən niyə küsüm!? Nəyinə pis deyim!? Hər bir şeyi insan öz zəhməti ilə əldə edə bilər. Allah insana həmişə yol açır.

- Siz ailə quranda artıq karyeranızın müəyyən bir zirvəsinə çatmış, tanınan və sevilən bir qadın idiniz. Belə bir xanım üçün ailə qurmaq çətin olmadı?

- Oldu ki, bu yaşa qədər gözlədim, ailə qurmadım də (gülür). Məni başa düşən bir adam axtarırdım. Və mən deyərdim ki, gözəl bir ailəm, ailə başçımız var. Allah övladlar da nəsib etdi. Az-çox tamaşaçı sevgisi qazandıqdan sonra düşündüm ki, ailə də lazımdır. İndi də görürəm ki, gerçəkdən, ailə əvəzsiz bir şeydir. 

 

 

Kaspi. -2011. – 18 may. – S.13.