Sabir Rüstəmxanlı təkcə
özü üçün yazmır
Tənzilə Rüstəmxanlı:
“O sanki öz taleyini yazır, ruhunu əks etdirir”
Mayın 20-də
Xalq şairi, millət vəkili, Vətəndaş Həmrəyliyi
Partiyasının sədri Sabir Rüstəmxanlının 65
yaşı tamam olur. Yubiley munasibətilə Dövlət
Filarmoniyasında onun yaradıcılıq gecəsi
keçiriləcək. Ziyalıların, qələm
yoldaşlarının, jurnalistlərin, gənclər və
Türkiyədən gələcək qonaqların iştirak
edəcəyi mərasimdə yubilyarın ömür
kitabı vərəqlənəcək, şeirləri səslənəcək,
ürək sözləri dinlənəcək, arzular
eşidiləcək.
Sabir Rüstəmxanlının
həyat yoldaşı Tənzilə Rüstəmxanlı
yubiley öncəsi qəzetimizə müsahibəsində
Sabir bəyin təkcə bir yazıçı və şair
deyil, həm də bir insan kimi xüsusiyyətlərindən
danışdı.
Şair
ömrünün bir parçası
- Sabir bəy keçiriləcək yubileyinə
necə yanaşır?
- Sözün düzü, Sabir bəyin heç yubileyini keçirmək fikri yox idi. Ona görə də yubiley tədbirini yaradıcılıq gecəsi kimi qeyd etməyi qərara aldıq. Sabir bəyin 50 illik yubileyi Opera Teatrında keçirilib. O zaman ümummilli lider Heydər Əliyev də yubileydə iştirak etdi. Eləcə də 55 və 60 illik yubileyləri də yaradıcılıq gecəsi kimi qeyd olunub. Sabir bəyin adı son vaxtlar yalnız Dünya Azərbaycanlıları Konqresinin sədri, siyasi partiya lideri, millət vəkili kimi hallanır. Ancaq bunların hamısından öncə Sabir Rüstəmxanlı şairdir, yazıçıdır. Ona görə fikirləşdik ki, onun yaradıcılıq gecəsini keçirək. Bu təşəbbüsü Türkiyə-Azərbaycan Dostluq Gənclər Təşkilatı göstərdi. Onlar Sabir bəyin yaradıcılığını çox yaxından izləyirlər. Yaradıcılıq gecəsini də onlar hazırlayırlar.
- Onun 65 rəqəminə
münasibəti necədir? Heç deyir ki, qocalıram?..
- Bu, təbii bir şeydir. Hər kəs kimi o da bunu fikirləşir. Ancaq boynuna almaq və bunun hallanmasını istəmir. Deyir ki, tədbir yaradıcılıq gecəsi olsun.
-
Özünüz necə, Sabir bəyə hər hansı
bir sürpriz
hazırlamısınızmı?
- Keçən yubileylərindən birində mənim Sabir bəyə çox gözəl sürprizim oldu. Sabir bəyə çoxlu oxucu məktubları gəlir. Uzun illər öncə ona yazılan çoxlu sevgi məktubları vardı. Sabir bəy həmişə çalışırdı ki, bunları arxivində gizlətsin. Bir dəfə arxivi ilə məşğul olanda, həmin məktubları gördüm və onlara heyfim gəldi. Orada vərəqləri saralmış çox gözəl məktublar var idi. O məktublar 30-40 il əvvəl yazılmışdı. Orada elə bir məktub vardı ki, mən onu 6-7 səhifəlik sevgi romanı adlandırardım. Fikirləşdim ki, bunlar itib-batar, köhnəlib sıradan çıxar. Mən o məktublara şair ömrünün bir parçası kimi yanaşdım. Onları yığıb bir kitab halında çap etdirdim və Sabir bəyə hədiyyə etdim.
- Sürpriziniz
necə qarşılandı?
- Əvvəlcə sanki şoka düşdü. Fikirləşdi ki, görəsən mən bunları necə əldə etmişəm. Amma çox xoşuna gəldi, dedi ki, həmin məktublar nə vaxtsa itib-batacaqdı.
Ömürdən
qopan illər
- Siz o məktublara
hər şeydən əvvəl yaradıcılıq məhsulu
kimi yanaşmısınız. Bəs bir qadın kimi onlar sizdə
qısqanclıq yaratmadı?
- Qətiyyən... Mənim fukrimcə,
qısqanclıq özünə inamı olmayan insanlarda olur. Mən Sabir Rüstəmxanlının şair
olduğunu bildiyim halda onunla ailə qurmağa qərar
vermişəmsə, bu məsuliyyəti öz ciyinlərimə
götürmüşəmsə, o cür xırda hisslərlə
yaşamaq olmaz. Çox zaman deyirlər ki, qısqanclıq
sevginin məhsuludur. Amma mən qısqanclığın
ən böyük sevgiləri məhv etdiyini görmüşəm.
Ümumiyyətlə, bir şairin, yazıçının və
ya sənət adamının xanımı olmaq çox
çətin işdir. Belə
bir adamla ömür boyu yürümək üçün səbirli,
dözümlü olmaq və hər şeydən əvvəl
onu anlamaq lazımdır. Fikirləşməlisən ki, bu
insanlar nəyi edə bilər, nəyi yox. Bu insanları mətbəxə
salmaq, evin xırda problemləri ilə uğraşdırmaq
olmaz. Bu adamlara şərait yaratmaq lazımdır. Onlar Allah
vergisidir. Tanrı bu insanları seçərək onlara
missiya verib. Bu missiyanın arxasınca getmələri
üçün onların yolunu təmizləmək
lazımdır. Düzdür, bəzən bu cür ailələrin
sonunun faciə ilə bitdiyi anlar da olur. Ancaq onları anlayanda,
bu insanların öz milləti üçün nə etmək
istədiklərinin mahiyyətini başa düşəndə,
onların hər məşəqqətinə qatlanır, yollarını təmizləyirsən.
Hərdən görürsən ki, şairlər tərki-dünya
olurlar. Məsələn, sənin üzünə baxır,
amma başa düşürsən ki, sənin yanında deyil.
Onun sənin yanında olmadığını hiss etmək
lazımdır. Sabir bəy yalnızlığı çox
sevir. O tək olanda yaza bilir. Gecə saat 3-də yuxudan
oyanır və səhər 7-yə kimi - o arada yazır. Bir
düşünün, insan nə qədər fədakar
olmalıdır ki, yuxunun ən şirin vaxtı ömründən
kəsib yaradıcılığa həsr etsin! Əslində
o, elə bil öz ömrünə balta vurur. Gecə
yuxusuzluqları onun ömrünün illərini qoparır. Ona
ailədə bu şəraiti yaratmaq lazımdır. Sabir bəy
bəzən Bakıdan getmək, sakit bir yerə çəkilmək
istəyir. Belə hallarda biz ona mane olmaq istəmirik.
- Bəs bütün diqqətini
yazıya yönəldib sizdən ayrıldığı
vaxtlarda onu əlindəki qələm-kağıza da
qısqanmırsınız?
- Mən bilirəm ki, onun həyatı, işi budur. Əlbəttə, çox çətin olur. O mənada ki, görəcəyi bəzi işlərə zaman ayıra bilmir. Artıq o missiyanı sən yerinə yetirməli olursan. Bu mənada aramızda heç zaman problem olmayıb. Sabir bəyi anladığım gündən bəzi şeylərdən imtina etmişəm. Bunun üçün bir çox fədakarlıqlara sevə-sevə getmişəm. İnanın, heç təəssüf etmirəm. Sabir bəylə aramızda çox gözəl dostluq münasibətləri var. Biz eyni yolun yolçusuyuq. Ruhən bir olanda, eyni davanın arxasınca gedəndə, insan çox rahat olur. Mənim gördüyüm işlərdə də Sabir bəy həmişə yanımda olub. Onun da yazı-pozusunda yanında olmaq zorundayam. Elə məqamlar var ki, qadın fədakarlıq etməyi bacarmalıdır. Mən də bunu sevə-sevə etmişəm. İçimdə narazılıq olanda da onu özüm yaşamışam. Çox sevinirəm ki, ailədə uşaqlar da onun böyüklüyünü gördülər və onu mənim kimi dərk elədilər. Bəlkə onlar da başqa gənclər kimi öz həyatlarını yaşamaq, gənclərə məxsus olan bəzi yerlərdə görünmək istəyərdilər. Ancaq bunu edə bilmədilər. Mənim uşaqlara həmişə bir sözüm olub: «Hər addım atanda fikirləşin ki, kimin soyadını daşıyırsınız». Ailə həyatımda həmişə düşünmüşəm ki, Sabir bəy bu millətə ömrünü xidmət üçün ayıran bir kişidir. Əgər millətinə xidmət edirsə, Sabir Rüstəmxanlının «Ömür kitabı» bu millətin şüurunda bir inqilab yarada bilibsə, Sabir bəyin «Salam, Gəncə qapısı», «Qan yaddaşı», «Difai fədailəri», «Bu sənin xalqındır» əsərləri bu millətin sırf milli fəlsəfəsini və mənəviyyatını yaratmağa xidmət edirsə, mən niyə bu adama xidmət etməyim?
O sanki taleyini
yazır
- Sabir bəy «Ömür kitabı»nda “O şeylərdən danışmaq istəyirəm ki, onlara içimdə inanıram”yazıb. Bu gün
onun inandıqları nədir?
- Sabir bəy inanmadığı şeyi yazmaz. O sanki öz taleyini yazır, ruhunu əks etdirir. Sabir bəy həm şair, həm də yazıçı kimi çox səmimi adamdır. İnanın, elə şeirləri olub ki, o, qələmini ürəyinin qanına batırıb yazıb. Mən onun şeirlərində bu ağrını hiss etmişəm. Sabir bəyin «Bu millət ölməyi bacarır hələ» adlı bir şeiri var. Bu şeirdə millətinə bir qədər tənqid var. Şeiri dərindən oxuyanda oradakı böyük ağrını hiss edirsən. Sabir bəyin çox gözəl lirik sevgi şeirləri var. Ancaq mən onun daha çox vətənpərvərlik şeirlərini görmüşəm. Millətə onun yazdıqları qalacaq. Hər şey unudulub gedir, söz isə heç zaman ölmür. Bir rəssamın yaratdığı əsər 100 illər keçəndən sonra da heç nə ilə alınıb-satılmır. Yazıçının, şairin qələmindən çıxan əsərlər də elədir. Mən bir ana, bir qadın kimi özümü çox xoşbəxt hesab edirəm ki, belə bir adamla çiyin-çiyinəyik, bir evdə yaşayırıq.
- Bir neçə il
bundan əvvəl Sabir bəy «Kaspi» qəzetinə müsahibəsində
Milli Azadlıq Hərəkatındakı iştirakını,
aktiv siyasi fəaliyyətini xatırlayaraq, «O illər
yaradıcılıqla məşğul olmaq üçün
zamanımı oğurladı» - deyə təəssüfünü
gizlətməmişdi. Sizcə, son illər onun
yazdığı əsərlər itirmiş olduğu
zamanını azca da olsa bərpa edə bildimi?
- Yaşadıqlarını Sabir bəydən gözəl kim ifadə edə bilər? Onun bir şeiri də var: «Neçə yazılmamış şeirlərimi atdım meydanlara». Mən Milli Azadlıq Hərəkatının şahidlərindənəm. O zaman Sabir bəy «Azərbaycan» qəzetinin baş redaktoru idi. Onun Ayaz Mütəllibova açıq məktubunu əl-əl oxuyurdular. Millətin bir aydınının öz xalqının taleyi ilə bağlı ortaya qoyduğu milli mövqe var idi. O dönəm onu tələb edirdi. Sabir bəy kimi aydınlar bunu etdilər. Onlar millətin arzusu ilə siyasətə gəldilər. Əlbəttə, Sabir bəyin siyasi fəaliyyəti onun yaradıcılığından çox şey qopardı. Bəlkə də Sabir bəy düzgün yol seçdi. Çünki meydanı boş buraxanda, o meydana çox çirkli siyasətçilər də toplaşır. Mən bilirəm ki, Sabir bəyin yürütdüyü siyasətin sonucu da millət, vətəndir.
Son şeirlərin
kədər notu
- Sabir Rüstəmxanlı
mənimlə müsahibəsində «Sevginin ömrü
qısalıb yaman» - deyə bir şeirindən misal də gətirmişdi.
Sizcə, şair niyə sevginin azalmasından şikayətçidir?
- Mənə
elə gəlir ki, Sabir bəy topluma baxaraq bunu deyib. Bir
qadının bir kişiyə sevgisindən söhbət getmir.
Cəmiyyətin bir-birinə münasibətindən söhbət
gedir. Elə bil insanların bir-birinə sevgisi azalıb. Sevgi
qısırlaşıb elə bil. Sabir bəyi rahatsız edən
budur. Fikrimcə, mənim tanıdığım Sabir Rüstəmxanlı
bunu demək istəyir.
- Sabir bəyin hazırda
yazdıqları nə barədədir?
- Özünə də deyirəm, son şeirlərində kədər notları daha çoxdur. Mənə elə gəlir ki, bu da insanın ömrünün müəyyən bir qismində meydana gəlir. Sabir bəyin çox gözəl sevgi şeirləri var. O, əvvəllər həmişə yazırdı ki, elə şeirlər yazmaq lazımdır ki, millətin ruhu oyansın. Amma son dövrlər görürəm ki, Sabir bəydə Allaha yaxınlaşmaq daha çoxdur.
- Heç kim inanmaz ki, Sabir bəy sizə şeirlər
yazmamış olsun. Bəs siz bunun cavabını necə
qaytarırsınız?
- Təbii ki, konkret mənə
yazdığı şeirlər də var. Mən də ona bu qədər
azadlıq, sərbəstlik vermişəm, onu bir çox
qayğılardan azad etmişəm. Elə bilirəm ki, bu da mənim
ona olan sevgimin nümunəsidir.
- Sabir bəyin yubileyində ona nə
arzulayırsınız?
- Mən
ona uzun və sağlıqlı ömür arzulayıram. O
qalan hər şeyin öhdəsindən gələcək. Sabir bəy çox dözümlü adamdır.
O, bir şeirində «Dünyanın ən kasıb evindənəm
mən. Varlılıq, yoxsulluq incitməz məni»
- yazıb. Sabir bəy maddiyyata bağlı adam deyil. Mən Sabir bəyə
ona görə Allahdan uzun ömür istəyirəm ki, onun hələ
yazacağı çox şeylər var. İstəyirəm
ki, yarımçıq qoyduğu, bir bəndini yazıb
saxladığı şeirlərini tamamlasın. Onun əlyazmaları var ki, bu millətin taleyi ilə
ilgili çox gözəl romanlar olacaq. Onları
tamamlaması lazımdır. Çünki
Sabir bəy təkcə özü üçün yazmır.
Onun yazdıqlarının bu millətin mənəvi
dəyərlərindən biri kimi tarixdə qalacağına əminəm.
Təranə Məhərrəmova
Kaspi. -2011. – 20 may. –S.9.