Mədəni irsin saxlanc yeri

 

Dövlət Teatr Muzeyində 130 min material qorunub saxlanılır

 

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin tarixi ilə tanış olduqca sənət ocağının çətin şərəfli bir yol keçdiyinin şahidi olmaq mümkündür.

 

Teatr Muzeyinin yaranması haqqında ilkin mənbələrdən məlum olur ki, muzey 1927-ci ildə Azərbaycan Xalq Maarif Komissarlığının qərarı ilə yaradılıb. Bir il sonra  Azərbaycan Xalq Maarif Komissarlığının qərarı ilə Teatr Muzeyi Teatr şöbəsi kimi Dövlət Muzeyinin (indiki Azərbaycan Milli Tarix Muzeyi) tərkibinə daxil edilib və fəaliyyətini burada davam etdirib.

1934-cü ildə Xalq Maarif Komissarlığı Teatr Muzeyinin yenidən qurulması və ona dövlət statusu verilməsi barədə qərar çıxarıb. Teatr Muzeyi yenidən müstəqil olmaq hüququ əldə edib. Muzey 1935-ci ildən Cəfər Cabbarlının adını daşıyır. Muzeyin tarixi ilə tanış olduqca ayrı-ayrı vaxtlarda həm repressiyanın amansız ittihamları, həm də köçmə əziyyətləri ilə qarşılaşdığını öyrənmək olur. Belə ki, 1940-cı ildə Teatr Muzeyi Kənd Təsərrüfatı Muzeyinin binasına köçürülüb. Elə həmin ilin iyul ayında isə İncəsənət İşləri İdarəsinin 1-ci mərtəbəsində və zirzəmisində yerləşdirilib. 1941-ci ilin iyul ayında indiki Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin binasının 1-ci mərtəbəsindəki otaqda məskunlaşan muzeyə həmin ilin dekabr ayında bu binanın 2-ci mərtəbəsində beş ekspozisiya zalı ayrılıb.

1968-ci ildə Respublika hökuməti «Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin təşkili haqqında» yeni qərar qəbul edib. Ədəbiyyat Muzeyinin 4-cü mərtəbəsi yeni yaradılmış Teatr Muzeyinə verilib.

1990-cı ildə Azərbaycan Ədəbiyyatı Muzeyində təmir işlərinə başlanması ilə əlaqədar muzey müvəqqəti olaraq İ.Fioletovun mənzil muzeyinə köçürülüb.

Sovet İttifaqının süqutundan sonra V.İ.Lenin Mərkəzi Muzeyinin Bakı filialı da öz əhəmiyyətini itirib. Bina respublikanın Mədəniyyət Nazirliyinə verilib. Nazirlik isə «Muzey Mərkəzi» yaradaraq bir neçə muzeylə yanaşı Teatr Muzeyini də bu binada yerləşdirib.

Muzeyə ilk dəfə Ağakərim Şərifov rəhbərlik edib. Daha sonra  muzeyə Sona xanım Cabbarlı direktor vəzifəsinə təyin olunaraq 25 il bu ocağa rəhbərlik edib. Sona xanım Cabbarlı təqaüdə getdikdən sonra muzeyə Turan Cavid direktor təyin edilib. 1991-ci ildən isə muzeyə Əməkdar Mədəniyyət işçisi Nuridə Nurullayeva rəhbərlik edir.

 

Keçilən tarixi yol

 

Hazırda Teatr Muzeyində yüzlərlə orijinal material qorunub saxlanılır. Onların içərisində müxtəlif janrlarda ilk teatr tamaşalarımızın proqram və afişaları, teatr fədailərinin, korifey sənətkarların həyat və yaradıcılığından bəhs edən unikal sənədlər, əlyazmalar, foto və neqativlər, tamaşalara çəkilmiş geyim və dekorasiya eskizləri, aktyorların səsləri yazılan lent yazıları var. Muzeydə toplanan 130.000-dən artıq materialın bir qismi ekspozisiyada sərgilənir. Bir qismi isə fondlar üzrə bölünərək qorunur və vaxtaşırı olaraq nümayiş etdirilir.

Muzeydə həmçinin arxiv-memuar, foto-neqativ, eskiz-maket fondları, foneteka və ekspozisiya – kütləvi iş şöbələri, kitabxana və fotolaboratoriya fəaliyyət göstərir.

Teatr Muzeyinin ekspozisiyası 7 zaldan ibarətdir. Zalları gəzdikcə hər bir salonun ayrı-ayrı teatrların keçdiyi inkişaf və tarixi yoldan bəhs edən materiallarla zəngin olduğu görünür.

Muzeyin ekspozisiya kütləvi şöbəsinin müdiri Lalə Rəsulova ekspozisiya zalları haqqında məlumat verərək bildirdi ki, muzeyin ekspozisiyası peşəkar Azərbaycan teatrının yarandığı ilkin dövrlərdən başlayaraq çağdaş dövrümüzü də əhatə edir.

Birinci zalda görkəmli rəssam Əzim Əzimzadənin «Novruz bayramı», «Günün tutulması», «Aşura günü», «Kukla oyunu» tablolarında teatr elementlərinə rast gəlmək olur. Bu əsərlər vaxtilə Teatr Muzeyinin sifarişi ilə çəkilib.

Ekspozisiyada görkəmli dramaturq Mirzə Fətəli Axundovun «Lənkəran xanının vəziri»nin orijinal nüsxəsi qorunur. Bu əsər böyük dramaturq Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə 1873-cü ildə martın 10-da səhnələşdirilib və bununla da ilk peşəkar tamaşa nümayiş olunub. Tamaşadan 1 ay 7 gün sonra böyük dramaturqun «Hacı Qara» əsəri səhnələşdirilib. 1887-ci ildə Həmid bəy Mahmudbəyov teatr həvəskarlarını başına toplayaraq kiçik truppalar yaradıb.

Zalın digər guşəsi Azərbaycanın görkəmli komik aktyoru Cahangir Zeynallıya həsr olunub. Böyük aktyorun yazdığı «Teatr dəftərçəsi»ndə oynadığı və baxdığı tamaşaların adları, eləcə də teatr haqqında fikirləri qeyd olunub. Ekspozisiyada görkəmli faciə aktyoru Hüseyn Ərəblinskinin oynadığı rollar, teatr tamaşaları haqqında fotoşəkillər və materiallar yer alıb. Ekspozisiyada həmçinin görkəmli aktyorun Ağa Məhəmməd şah Qacar obrazını oynayarkən geyindiyi xalat, tac və eləcə də qılıncı nümayiş etdirilir. Ziyarətçilər həmçinin Azərbaycanın ilk qadın dramaturqu Səkinə Axundzadə, ilk qadın aktrisa Göyərçin Qazıyevanın fotoşəkli ilə tanış ola bilərlər.

“Molla Nəsrəddin» jurnalının orijinal nüsxəsi və konsertlər zamanı istifadə olunan tar, nağara, kamança, çəqanə alətləri, həmçinin bir neçə nəfəs alətləri də muzeydə nümayiş olunur.

Görkəmli dramaturq Cəfər Cabbarlının Xızı rayonundakı evinin maketi, onun həm dramaturq, həm rejissor, həm də bəstəkar kimi Azərbaycan teatrındakı misilsiz xidmətini əhatələyən materiallar zaldakı guşələrin birində sərgilənib. Eləcə də Azərbaycan teatrına «İblis», «topal Teymur», «Knyaz», «Azər», «Şeyx Sənan» kimi əsərlər bəxş edən görkəmli dramaturq Hüseyn Cavidin yaradıcılığını əhatə edən materiallar ekspozisiyada nümayiş olunur.

Muzeyin ikinci zalı Azərbaycan Milli Dram Teatrının tarixinə həsr olunub. Görkəmli aktyor Abasmirzə Şərifzadə, Fatma Qədri, Əzizə Məmmədova, Mərziyə Davudova, Adil İsgəndərov, Hökümə Qurbanova, Ələsgər Ələkbərov, görkəmli rəssam Rüstəm Mustafayev... milli teatr tarixində müstəsna xidmətləri olan bu şəxsiyyətlərin portretləri hər bir ziyarətçi üçün maraqlıdır. Zalda həmçinin aktyor aktrisaların bir çox  tamaşalar zamanı geyindiyi geyimlər nümayiş olunur. Görkəmli rejissor Tofiq Kazımovun hazırladığı «Sənsiz», «Pəri cadu», «Məhv olmuş gündəliklər», «Bağlardan gələn səs» s. tamaşalardan fotoşəkillər, eləcə İlyas Əfəndiyevin teatrda hazırlanan bir neçə əsərinin fotoşəkilləri  qiymətli sənəddir.

Ekspozisiyanın 3-cü zalı Opera Balet Teatrının fəaliyyətinə həsr olunub. Fotoşəkillər afişalar da təsdiqləyir ki, 1908-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəylinin «Leyli Məcnun» əsəri ilə opera sənətinin əsası qoyulub. Ekspozisiyada ilk tamaşanın orijinal proqramı da nümayiş olunur.

Zalda  həmçinin Müslüm Maqamayevin «Şah İsmayıl» operası haqqında materiallar yer alıb. Görkəmli opera müğənnisi Bülbül, Şövkət Məmmədova, Fatma Muxtarovanın, eləcə onların oynadıqları tamaşaların fotoşəkilləri nümayiş olunur. «Koroğlu» operasının maketi diqqət çəkən materiallar sırasındadır. Azərbaycanın ilk qadın bəstəkarlarından olan Şəfiqə Axundovanın Şərqdə ilk opera sayılan «Gəlin Qayası»ndan fotoşəkillər, həmçinin «Karmen», «Şah İsmayıl», «Knyaz İqor» operasında aktyorların aktrisaların geyimləri nümayiş olunur. İlk milli baletimiz sayılan Əfrasiyab Bədəlbəylinin «Qız qalası»nın, tamaşanın baş qəhrəmanı Qəmər Almaszadənin fotoşəkilləri, görkəmli bəstəkar Qara Qarayevin «İldırımla yollarla», «Yeddi gözəl» baletlərindən fotoşəkillər həmin tamaşalara çəkilən dekorasiya eskizləri s. yer alıb.

Muzeyin digər zalında sərgilənən materiallar Musiqili Komediya Teatrı, Kukla Teatrı Gənc Tamaşaçılar Teatrının fəaliyyətinə həsr olunub. Bildiyimiz kimi, Nəsibə Zeynalova, Bəşir Səfəroğlu, Lütfəli Abdullayev bu teatrın görkəmli aktyorları olub. Zalın ortasında Nəsibə xanımın «Qayınana» tamaşasında oynadığı məşhur Cənnət xanım obrazına hazırlanan kukla nümayiş etdirilir.

Ekspozisiyanın 5-ci zalı Rus Dram Teatrının tarixinə həsr olunub. 1920-ci ildən fəaliyyətə başlayan teatrın keçdiyi  tarixi yol müxtəlif illərdə göstərilən tamaşaların fotoşəkilləri, aktyorların geyimləri, afişalar s. ilə nümayiş olunur.

Ekspozisiya həmçinin bölgə teatrlarının fəaliyyətinə həsr olunan fotoşəkillərlə zəngindir. Belə ki, Şuşa Dövlət Musiqili Dram Teatrı, Tiflis Azərbaycan Teatrı, Şəki Dövlət Teatrı, İrəvan, Naxçıvan, Gəncə, Lənkəran, Sumqayıt, Mingəçevir teatrlarının tarixinə həsr olunan materiallar, ümumilikdə Azərbaycan teatrının zəngin ənənəsindən tarixindən danışır. Həmçinin azsaylı xalqların teatr geyimləri ekspozisiyada yer alıb. Son 20 ildə yaranan teatrlardanBakı Bələdiyyə Teatrı, Dövlət Pantamim Teatrı, YUĞ Teatrının tamaşalarından fotoşəkillər həmin teatrların fəaliyyəti, yaradıcı kollektivi haqqında ətraflı bilgi verir.

Ekspozisiyanın sonuncu zalı sərgi zalıdır. Salon teatr rəssamlarının tamaşalara çəkdiyi dekorasiyalar obrazlara çəkdikləri geyim eskizləri ilə diqqəti cəlb edir. Zalda həmçinin muzeyin yaradıcısı, Bakı-Türk İşçi Teatrının aktyoru Ağakərim Şərifovun portreti yer alıb.

 

Eyni vəziyyət

 

Şöbə müdiri muzeydə tez-tez tədbirlərin keçirildiyini, məktəblilər, tələbələr, xarici qonaqların muzeyi tez-tez ziyarətə gəldiklərini bildirdi. Amma muzeyin təmirinin yüksək səviyyədə olmadığı da gözdən yayınmır. Ekspozisiya zallarının divarlarındakı çatlar, tavanda təmirsiz işıqlar, eksponatların sərgiləndiyi nimdaş şkaflar s. yüksək instansiyalar tərəfindən muzeyə diqqət qayğının ayrılmasını tələb edir. Qeyd edək ki, Muzey Mərkəzində icarədə olan Teatr Muzeyinə vaxtsa yeni bina veriləcəyi istisna olunmur. Amma qeyd edim ki, eyni sözləri İstiqlal Muzeyi Din Tarixi Muzeyindən reportaj hazırlayarkən eşitmişəm.    

 

 

Təranə Məhərrəmova 

 

Kaspi. – 2011 .- 24 may.- S. 9.