İldən-ilə dövlət
orqanlarının saytlarının
vəziyyəti yaxşılaşır
Osman Gündüz: “Amma hələ
də bu sahədə ciddi problemlər qalmaqdadır”
Azərbaycanda dövlət
orqanlarının fəaliyyətində
internetin imkanlarından
istifadə edilməsi
artmaqdadır. Bu günlərdə
Prezident Administrasiyasının
şöbə müdiri
Fuad Ələsgərov
bildirib ki, yaxın bir neçə ayda internetlə bağlı islahatlar həyata keçiriləcək. 3 ay
müddətində hər
bir dövlət orqanının saytında
xüsusi elektron xidmət bölməsi fəaliyyətə başlayacaq.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bu sahədə həyata keçirilən islahatları dəstəklədiyini bildirdi.
- Açığı, mən Amerikadan yeni qayıtdığımdan dövlət orqanlarının internet resurslarından istifadəsi ilə bağlı hazırlanmış yeni layihədən xəbərsizəm. Amma istənilən halda, dövlət orqanlarının elektron xidmətlər göstərməyə başlamaları alqışlanmalıdır. Hesab edirəm ki, bu təklifin reallaşması dövlət orqanlarının saytlarındakı məlumatların artmasına gətirib çıxaracaq. Vətəndaşa nə lazımdır? Əlbəttə, hər bir vətəndaş istəyir ki, evindən, redaksiyasından çıxmadan dövlət orqanının fəaliyyəti ilə bağlı sayt vasitəsi ilə məlumat alsın. Bütün dünyada da bu praktika var. Azərbaycanda da qanuna görə dövlət orqanlarının internet resursları vasitəsi ilə vətəndaşlara xidmət göstərilməlidir.
- Ümumiyyətlə,
bu gün dövlət orqanlarının
internet resurslarının
durumu qənaətbəxşdirmi?
- Mənim rəhbərlik etdiyim «Multimedia» təşkilatı son beş ildə dövlət orqanlarının saytlarının monitorinqini həyata keçirir. Yəni, biz araşdırmalar aparırıq ki, dövlət orqanlarının internet resurslarında hansı məlumatlar yer alır. Başqa sözlə, qanunda nəzərdə tutulan informasiyaların saytlarda yer alıb-almamasını yoxlayırıq. Eyni zamanda, dövlət orqanlarının internet resurslarının reytinq cədvəllərini düzəldirik. Araşdırmalar zamanı hansı dövlət orqanının saytında daha çox məlumatın yerləşdirildiyi, hansı saytda vətəndaşların suallarına daha operativ reaksiya verildiyi müəyyənləşdirilir. Təxminən 10 gündən sonra 2010-cu ilin yekunları ilə bağlı dövlət orqanlarının saytları barədə hesabatımızı açıqlayacağıq. Bununla bağlı böyük bir konfrans təşkil etməyi planlaşdırırıq. Əvvəlcədən deyim ki, keçən il 50-yə qədər dövlət orqanının saytının monitorinqini həyata keçirmişik. Hesabatımızı açıqlayarkən monitorinqini apardığımız saytlarda təkmilləşməsinə ehtiyac duyulan məqamları da vurğulayacağıq.
- Dövlət
orqanlarının saytları
qanunun tələblərinə
cavab verirmi?
- Mən hesab edirəm ki, bu sahədə ciddi problemlər var. Amma son 5 ilin nəticələrini ümumiləşdirsək,
tendensiya müsbət
istiqamətdədir. İldən-ilə dövlət orqanlarının
saytlarının vəziyyəti
yaxşılaşır. Müsbət tendensiyaya baxmayaraq, az
sayda dövlət qurumu var ki,
onların saytların
günün tələblərinə
cavab verir.
- Bu dövlət
qurumları hansılardır?
- Mən ilk növbədə
Vergilər Nazirliyinin saytını qeyd edirdim. Bu sayt
informasiyalarla kifayət
qədər zəngindir
və mütəmadi olaraq yenilənir. Digər dövlət orqanlarından
Daxili İşlər
Nazirliyinin saytı da çox normal fəaliyyət göstərir.
Prezident yanında Dövlət Qulluğu Məsələləri
üzrə Komissiyanın,
Dövlət Sosial Müdafiə Fondunun və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin
bu sahədəki işi də təqdirəlayiqdir. Ekologiya və
Təbii Sərvətlər
Nazirliyi də mütəmadi olaraq öz saytını yeniləyir. Yəni müqayisəli
şəkildə baxsaq,
adını çəkdiyim
dövlət qurumlarının
internet resursları digərlərinə
nümunə göstərilə
bilər. Son vaxtlar ölkə prezidentinin saytı da ən müasir
texnologiyalardan istifadə
etməyə başlayıb.
Bu yeganə saytdır
ki,
sosial şəbəkələrə
inteqrasiya olunub. Məsələn, istənilən
şəxs twitter və
facebook şəbəkələrindən
prezidentin saytına girə bilir.
- Bəs saytları günün tələblərinə cavab
verməyən dövlət
orqanları hansılardır?
- Mən ilk növbədə
Nazirlər Kabinetinin saytını qeyd edərdim. Uzun illər bu qurumun saytı ümumiyyətlə olmayıb.
Sayt yaradılandan sonra da biabırçı gündə fəaliyyət
göstərir. Vətəndaş bu saytdan özünə
lazım olan heç nə tapa bilmir. Saytları bu durumda olan
digər dövlət
qurumları da var. Hesab edirəm ki, həmin qurumlar qısa müddət ərzində
bu boşluğu aradan qaldırmalıdırlar.
- Bəs saytı ümumiyyətlə
olmayan dövlət qurumları varmı?
- Ən son məlumatları
deyə bilmərəm. Amma bir müddət bundan öncəyə qədər
nə Müdafiə, nə də Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin
saytı yox idi. Əslində dövlət orqanının
saytının olmaması
ciddi qanun pozuntusudur. Qanuna görə, hər
bir dövlət orqanının saytı olmalıdır və mütəmadi yenilənməlidir.
Saytları fəaliyyət göstərməyən
dövlət orqanları
bir növ qanuna üz çevirirlər.
İlham QULİYEV
Kaspi.- 2011. – 26
may.- S. 5.