Paytaxt yenidən qurulur

 

Yaxın gələcəkdə Bakıda əsaslı dəyişikliklər olacaq

 

Paytaxtın kompleks problemlərinin həlli ilə bağlı Dövlət Proqramının təsdiqlənməsindən sonra artıq bəzi işlərin icrasına start verilib. Enerji, su, qaz, yols. infrastruktur layihələrin gerçəkləşməsinə yönələn bu tədbirlərlə yanaşı, hazırda Bakının demək olar ki, yenidən qurulması da reallaşdırılır. Belə ki, yaxın gələcəkdə Bakıda əsaslı dəyişikliklər görə biləcəyik.

 

Bu dəyişikliklər sadalanan problemlərin həllindən başqa, həm də paytaxtın daha cəlbedici görünüşü üçün aparılan işlərlə əks olunacaq. 2005-2006-cı illərin tikinti bumundan sonra yaranan vəziyyət ölkə çox böyük sürətlə inkişaf etdiyi üçün müvafiq strukturların, o cümlədən layihə təşkilatlarının onunla ayaqlaşa bilmədiyini üzə çıxardı. Ağlagəlməz sürətlə gedən inkişaf bütün proseslərdə - infrastruktur layihələrdə, yeni tikilən obyektlərdə mütləq şəhərsalma tənzimlənməsini, müvafiq dövlət siyasəti, dövlət proqramının olmasını tələb edirdi. Bu məqsədlə Dövlət Şəhərsalma Arxitektura Komitəsi yaradıldı ki, onun da qarşısına müvafiq tapşırıqlar qoyulub. Hazırda bu tapşırıqların həlli istiqamətində Komitənin Bakı Dövlət Layihə İnstitutu tərəfindən işlər aparılır. Komitə ilk mərhələdə müzakirələrdən sonra təxirəsalınmaz tədbirləri istər mədəniyyət, istərsə şəhərsalma baxımından ən qiymətli tarixi sərvət sayılan Bakının mərkəzindən başlamağı qərara alıb. Qısa bir vaxtda mövcud vəziyyəti, başda tikintilər nəzərə alınmaqla razılaşdırılmış layihələri, bir sözlə, reallığı öyrənmək üçün mərkəzin maketi hazırlanıb. Real vəziyyəti daha aydın görmək üçün mövcud binalar, son dövrdə layihələndirilmiş, eləcə layihələndirilməsi nəzərdə tutulanlar həmin maketdə yerləşdirilib.

 Problemlər öyrənildikdən sonra məlum oldu ki, cənubdan Xəzər dənizi, şimaldan Bakıxanov küçəsi, qərbdən Qurtqaşenli küçəsi, şərqdən Yusif Səfərov küçəsi ilə hüdudlanan “Mərkəzi rayon" adlandırılan 1200 hektar ərazinin şəhərsalma sənədi işlənib hazırlanmalıdır. Belə ki, adıçəkilən layihənin hazırlanması üçün ilk növbədə mövcud ərazi öyrənilməlidir. Bu isə hər ev, küçə, mənzil üçün ayrıca zaman istəyən, çətin, uzun analiz tələb edən prosesdir. Çünki məhz binaların mövcud vəziyyəti, mərtəbəliliyi, təyinatı, orada yaşayan insanların sayı və s. haqqında dəqiq informasiyalar müəyyənləşdirilib təhlil edildikdən sonra layihə təklifləri hazırlanır. Şəhərsalma layihələri müəyyən bir dövr üçün nəzərdə tutulur ki, bu layihələrdə də sosial obyektlər, istirahət zonaları, yaşıllıqlar və s. kimi məsələlərin böyük bir hissəsi dövlət vəsaiti hesabına həyata keçiriləcək. Yaşayış binaları, otel və digər obyektlərin inşasının isə sahibkarlar tərəfindən aparılması nəzərdə tutulur. Hazırda Dünya Bankının xətti ilə maliyyələşdirilən “Böyük Bakının regional inkişaf planı” da hazırlanır. Layihənin iqtisadi təklifləri, inkişaf proqramının hazırlanması, ekoloji problemlər kimi hazırlanmasına xarici şirkətlər də cəlb edilib. Layihənin əsas koordinatoru isə Bakı Dövlət Layihə İnstitutudur. Abşeron, Sumqayıt, Xırdalan da daxil olmaqla paytaxtın bütün inzibati ərazilərini əhatə edən “Böyük Bakı” ilə bağlı layihə üzərində işlər artıq başlayıb. İnstitut ilkin materialların toplanması, onların analizi s. ilə məşğuldur. Qlobal layihə olduğundan ərazi tam öyrənildikdən sonra burada şəhərsalma problemləri əsaslı şəkildə qoyulur ilk növbədə sonrakı illərdə gözlənilən inkişaf nəzərdə tutulur. Belə ki, sənaye sektorunun inkişafı, sənaye zonalarının yaranması, müəssisələrin yerləşdirilməsi, potensialı, buna uyğun yaşayış məskənləri, bu ərazilərdəki kənd təsərrüfatı torpaqlarının gələcək istifadəsi s. nəzərə alınmalı, infrastruktur layihələri - nəqliyyat, mənzil, kommunikasiya s. qlobal şəkildə bir-biri ilə uzlaşdırılmalıdır.

 Ən böyük problemlərdən olan ekoloji məsələlər kompleks şəkildə qoyulmalıdır. Şəhərsalma layihələrinin tərkibində dendroloji planlar da hazırlanır. Hətta hansı ağacların harada əkilməli olması ilə bağlı onların növlərinə qədər göstərilir. Amma hazırda bu sahədə problemlər var. Belə ki, paytaxtda ağacların böyüməsi çox çətin proses olduğundan salınacaq yaşıllıqlar daha dəqiq seçilməli, onların uzunömürlülüyü, kölgəliyi, tozu, səsi udmaq xüsusiyyətləri nəzərə alınmalıdır. Yeni şəhərsalma layihəsinə gəlincə, burada şəhərin inkişafına uyğun olaraq, ilk növbədə sənaye zonası onun coğrafi mərkəzindən çıxarılacaq, yerində Bakıya tələb olunan yeni yaşayış məskənləri salınacaq. Layihədə Bakının Zığ, Türkan onun yaxınlığında Dübəndi adlandırılan ərazilər yaşayış məskənləri kimi nəzərdə tutulub. Amma Bakının özünəməxsus tarixi, ənənəsi, inkişaf istiqamətləri olan kəndlərin hər biri öyrənilməklə, yaşayış məskənləri ətrafında inkişaf zonası, sərhədlər müəyyənləşdiriləcək ki, inkişaf tənzimlənən istiqamətdə getsin. Gələcək kurort zonalarının inkişafı isə yaşayış məskənlərinin hesabına deyil, dəniz sahili ərazilərində olacaq. Bakının mərkəzindəki sənaye zonalarının köçürülməsinə gəlincə, onlar artıq effekti olmayan müəssisələridir. Sovet dövründə formalaşmış, o dövrün sənaye tələblərinə uyğun, keçmiş SSRİ-nin müxtəlif əraziləri ilə əlaqəli olan bu sənaye müəssisələrinə yaxın gələcəkdə tələbat olmayacaq. Ona görə bu zavodların modernləşməsi tələb olunur.

Hazırda Qaradağ rayonunda xarici investisiyalar da cəlb olunmaqla böyük sənaye müəssisələri formalaşır. Mütəxəssislərin fikrincə, istər infrastruktur, istərsə digər səbəblər baxımından məhz həmin ərazidə böyük sənaye zonasının formalaşması daha məqsədəuyğundur.

 

 

Həqiqət İSABALAYEVA 

 

Kaspi.-2011.-27 may.- S.9.