“Biz
öz yolumuzu tapmağa çalışırıq”
“Bakı Beynəlxalq Caz
Festivalı” 2007-ci ildən dinləyicilərə məşhur
caz ifaçılarını canlı dinləmək imkanı
yaradır
Mədəniyyət
və Turizm Nazirliyi, Azərbaycan Mədəniyyət Fondu və
“Sweet production” şirkətinin təşkilatçılığı
ilə keçirilən “Bakı Beynəlxalq Caz Festivalı –
2011”-ə yekun vurulub. Tanınmış cazmen Salman Qəmbərov
“Kaspi”yə müsahibəsində builki festivalın da ötən
ilkilər kimi tarixə qarışdığını
bildirdi.
Cazda fərdi axtarışlar
olmalıdır
- Bakı Beynəlxalq Caz Festivalı
nə ilə yadda qaldı?
-
Festival çərçivəsində Bakıya dünya
şöhrətli musiqiçilər gəldi. İki həftə
davam edən festival zamanı paytaxtın dörd məkanında
– Heydər Əliyev Sarayı, Beynəlxalq Muğam Mərkəzi,
Bakı Caz Mərkəzi, Azərbaycan Dövlət
Filarmoniyasında əcnəbilərlə yanaşı, yerli
caz ifaçılarının iyirmidən artıq konsert
proqramı keçirildi. Əsas odur ki, bakılılar və şəhərimizin
qonaqları Reyçel Farell, Marsio Faraco, Rudreş Mahantappa,
“Aleksandr Maşin və dostları” caz qrupu, De Phazz, Misirli Əhməd,
“Yeni adlar” caz layihəsi, Ben Vestbeech, və Yuri Kuznetsovun
ifalarını dinlədilər. O cümlədən
Elçin Şirinov, Şahin Növrəsli, Cəmil Əmirov
və “Savab” qrupu, İsfar Sarabski, Əfqan Rəsul, Rain
Sultanov, Vaqif Sadıxov, Sonny Emory “Cachet Fusion”, Jazzanova kimi
musiqiçi və musiqi kollektivlərinin
çıxışları maraqla qarşılandı.
Festival çərçivəsində həmçinin
görkəmli pianoçu və bəstəkar Rafiq Babayevin
anadan olmasının 75-ci ildönümünə həsr
olunan xatirə gecəsi də keçirildi. Festivalın
önəmli tərəfi odur ki,
artıq dünyanın ən tanınmış cazmenləri
dəfələrlə paytaxtımızda konsert proqramları
ilə çıxış ediblər. Həm də artıq ənənəvi
olaraq hər il caz festivalı keçirilir. “Bakı Beynəlxalq Caz
Festivalı” 2007-ci ildən bu yana dinləyicilərə məşhur
caz ifaçılarını canlı dinləmək imkanı
yaradır.
- Sizcə, paytaxtın caz
mühitində baş verən dəyişikliklər bu sahədə
böyük irəliləyişdən xəbər verir?
- Təbii ki, cazda fərdi axtarışlar, yeniliklər olmalıdır. Pərviz Rüstəmbəyovun dövründə caz mühiti yox idi. 40-cı illərin sonu, 50-ci illərin əvvəllərində caz musiqisi qadağan olunmuşdu. Amerika ilə “Soyuq müharibə” başlamışdı. Ona görə də oradan gələn musiqiyə də qadağa vardı. Evlərdə bu musiqiyə qulaq asırdılar. Vaqif Mustafazadənin yaradıcılıq dövrü isə 60-cı illərə təsadüf edir. Bu, artıq sovet məkanında cazın çiçəklənmə dövrü idi. Son vaxtlar isə mənə elə gəlir ki, biz keyfiyyətcə bir qədər itirdik. 95-ci ildən bəri olan dövrü mən romantik dövr adlandırardım. Bu dövr təxminən 2002-ci ilə qədər davam etdi. O zaman bu musiqinin ifası üçün daha geniş meydan var idi. İndi təkcə Bakı Caz Mərkəzi qalıb. Təəssüflər olsun ki, bu mərkəz də yayda işləmir! Bizə elə gəlir ki, yayda caz musiqisini dinləyən yoxdur. Adamlar elə fikirləşirlər ki, qışda toy, yayda isə yalnız əyləncə və dəniz olmalıdır. Ancaq caz musiqisi daim olmalıdır. Heç olmasa elə bir yer olmalıdır ki, o musiqini dinləmək istəyən insan həmin ünvana üz tuta bilsin. Bu konsertlər üçün 1-2 yaxşı klub olsa kifayətdir. Amma yay aylarında konsert vermək üçün bircə dənə də belə bir yer yoxdur.
- Ümumiyyətlə, bizdə caz musiqisinin dinləyiciləri yetərincədirmi?
- Əlbəttə,
kifayət qədərdir. Hər il bu marağın şahidi oluruq. Caz ifaçıları
üçün ən sevindirici hal odur ki,
artıq bu festival ənənəyə çevrilib. Cazsevərlər bu konsertləri izləyirlər. Müxtəlif salonlarda keçirilən konsertlərə insanlar həvəslə gəlirlər.
Biz çalanda qulaq asın!
- Caz üsullarının
hamısının ifaçıları Azərbaycanda
varmı?
- Təəssüf ki, yoxdur! Biz çox vaxt istiqaməti etno caza yönəldirik. Bu üslubda nailiyyətlər qazana bilərik. Amma mən çalışıram ki, öz layihələrimdə həm etno caz, həm avanqard caz, həm də xarici musiqiçilərlə birgə çıxışlarım olsun. Elə məkanlar var ki, orada relaks tipli musiqilər ifa etmək lazım gəlir. Yəni bizi dinləmək istəyənlər dinləyəcək, dinləmək istəməyənlərə isə gərək mane olmayaq. Gərək bu musiqini qulaq asanda təkcə dincəlməyəsən, həm də onu istəyəsən.
- Bizim caz məktəbi xarici ölkələrdə nə qədər tanınır?
- Məktəb demək olmaz... Kimsə bu sahədə təhsil alır, kimsə yox. Bizdə Vaqif Mustafazadə, Rafiq Babayev kimi caz ifaçıları məktəb keçməyib. Onlar özləri bu musiqiyə gəliblər və bu yol da davam edir. Bu həm müsbət, həm də mənfi nəticələr verir. Müsbət odur ki, öz yolumuzu tapmağa çalışırıq. Bəzi nümunələr göstərir ki, buna nail ola bilirik. Artıq bizi xarici ölkələrdə tanıyırlar. Biz nüfuzlu müsabiqələrdə, festivallarda, konsertlərdə iştirak edirik. Bizə dəvətnamələr göndərirlər. Hər halda biz bunu qazanmışıq.
- Caz ifaçılığından yaxşı çörək pulu qazanmaq olurmu?
- Caz musiqisi həyat tərzidir.
Restoranda, şadlıq evlərində caz
çala bilməyəcəksən. Çünki bu elə
bir musiqidir ki, heç kəs ona toyda qulaq
asmaq istəmir. Caz musiqisini gərək tox qarına dinləyəsən. Ola bilər ki,
qarşında kiçik qədəhdə içki olsun.
Amma tamada ilə, yeyib-içməklə dolu olan stol arxasında cazı
dinləmək olmaz.
Bu, caz musiqisinə aid olan mühit deyil. Bizim üçün “Range Rover” adi şeydir. Biz həyatda elə
şeylər haqqında
düşünmürük, çünki öz dünyamız var. Amma çörəyimizi qazana
bilirik.
- Caz ifaçılığı
yaradıcılıqdırmı?
- Caz musiqiçisi həm ifaçı, həm də bəstəkardır. O, fəlsəfə
elmləri doktoru da ola bilər. İfaçılar var ki, onlar əyləncə xarakterli çıxış
edirlər. 30-cu illərdə də Amerikada caz musiqisi
əyləncə forması
daşıyırdı. 40-cı illərdə bəzi musiqiçilər yazırdılar:
xahiş edirik, biz çalanda oynamayın, qulaq asın! Yəni biz əyləncə musiqisi ifa eləmirik. Mən düşünmürəm
ki, Vaqif Mustafazadənin musiqisini dinləyəndə adam oynamaq istəyir. Mənim üçün burada fəlsəfi anlar da var. Mənə
belə musiqi daha yaxındır. Mən iki min, üç min, dörd min tamaşaçısı
olan zalları xoşlamıram. Qoy zalda üç və ya beş yüz adam olsun, amma
musiqiyə qulaq assınlar. Bir var xaricdə diaspora üçün verilən konsertlər, bir də var
açıq havada verilən
konsertlər. Men açıq havada keçirilən konsertlərə
üstünlük verirəm.
Bizdə
müğənnilər xaricə
konsertə gedərkən
diaspor çərçivəsində
çıxış edirlər.
Orada fonoqram oxumaq qəti yolverilməzdir.
Ciddi musiqi ifaçılarını
isə dəvət edirlər. Hətta müəyyən festivallar üçün
musiqilər sifariş
verirlər.
- Bu gün caz ifaçılığında
yeni simalar yetişirmi?
- İstedadlı gənclər
var. Onlar axtarışlar
edir, dünya caz musiqisində baş verən proseslərlə maraqlanırlar. Gənc cazmenlərimizin
ifaları əcnəbi
dinləyicilər tərəfindən
maraqla qarşılanır.
Təranə Məhərrəmova
Kaspi.-2011.-1 noyabr.- S.9.