Muğam şəfa verəcək 

 

Əsrlərdir ki, insanlar arasında yayılmış belə bir məşhur fikir var: “Muğam dərmandı”. Biz xalq arasında yayılan bu fikir vaxtaşırı olaraq dəyərli xanəndələrimizin dilindən də eşidirik.

 

Folklorumuzda hansısa aşığın səsindən kiminsə şəfa tapması, nağıllarımızda da şah qızlarının xanəndə səsini eşidərək sağalması kimi mifik faktlar hamımıza yaxşı məlumdur.

ABŞ, Rusiya, Bolqarıstan, Rumuniya, İngiltərə kimi ölkələrdə musiqinin insanlara şəfa verdiyini, musiqidən fizoloji problemlərin aradan qaldırılması üçün istifadə olunduğunu bilirik. Hətta ABŞ-da xəstələrə təkcə musiqi ilə deyil, incəsənətin digər növləri ilə də terapiya tətbiq olunur. Ümumən tibdə bu proseslər art terapiya adlanır.

 

Musiqi alətlərinin və növlərinin tibbi əhəmiyyəti

 

Tibb elmində sübut olunub ki, skripka və fortepiano əsəbləri sakitləşirdirir, fleyta və violençelin səsindən insanların ürək ritminin sürəti sabitləşir. Qaboy, klarnet səsi isə qaraciyərin funksiyası aktivləşdirir. Hətta təkcə alətlərin səsi deyil, musiqinin janrları da insanlara ciddi təsir edir. Məsələn, hərbi marşlar əzələlərin tonusunu artırır. Major musiqiləri daha iti ritmdə çalınanda nəbzin vurmasını yaxşılaşdırır. Minor musiqilərdə isə fizioloji proseslər aktivləşir. Harmonik musiqilərin yaxşı yuxu gətirməsi də artıq öz “psixoterapevt” təsdiqini tapıb.

 

Muğam musterapiya kimi

 

Muğamın ecazkarlığı çox adamları heyran qoyur. Bu məstlik təkcə musiqinin ahəngdarlığı ilə yekunlaşmır. Dəfələrlə yaşlı adamlardan bu sözləri eşitmişik: “Muğama qulaq asdım, başım açıldı”. Deməli, musiqi məişət səviyyəsində belə, öz tibbi əhəmiyyətini sübut edir. Yaxın günlərdə Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimli “Tibb” qəzetinə müsahibəsində belə bir maraqlı fikir səsləndirib: ““Muğam terapiyası”nın effektiv təsiri əcnəbiləri Azərbaycana cəlb edəcək. Biz bununla, Azərbaycan muğamının qüdrətini bir daha sübut etmiş olacağıq. Məsələn, lya notu qaraciyərə, mədəaltı vəziyə müsbət təsir edir. Si notu ilə isə insanı hətta öldürmək olar. Hazırda cərrah dostlarım əməliyyat zamanı mənim musiqilərimdən istifadə edir, bunun effektinin yüksək olduğunu deyirlər”.

S.Kərimlinin bu fikirlərindən sonra artıq muğamın tibbi əhəmiyyəti araşdırılmağa başlanılıb. Hazırda muğamın terapiya sahəsindəki əhəmiyyəti ilə bağlı ciddi işlər görülür və bu işin icra edilməsinin əsas məqsədlərindən biri də əcnəbi ölkələrin musiqimizə və tibb elmimizə olan maraqlarını daha da artırmaq və dünya miqyasında tanıtmaqdır.

Musiqinin tibbi əhəmiyyəti ilə bağlı xanəndə Ehtiarm Hüseynovun fikrini öyrəndik: “Mən musiqinin tibbi əhəmiyyətinə inanıram. Bir şey ki sənin ruhunu əlindən alıb başqa bir aləmə aparacaq qədər böyük qüdrətə malikdirsə, deməli, şəfa da verə bilər. Muğamın tibbi sahədə araşdırılması yaxşı haldır. Ona görə ki, muğamımızın qüdrəti bu yolla da sübut olunacaq”.

Bu barədə psixoloq Azad İsazadənin fikirləri isə aspektik oldu: “Bilirsiniz, bunun xeyri ilə yanaşı, həm də ziyanı ola bilər. Musiqi terapiyası uzun illər əvvəl qəbul olunmuş müalicə üsuludur. Təkcə psixoloji deyil, həm də fizioloji problemləri həll etmək üçün musiqidən istifadə edirlər. Amma işin başqa bir tərəfi də var. Burda söhbət hansı musiqini harada və necə istifadə etməkdən gedir. Ola bilər ki, muğam terapiyası Şərqdən uzaqda olan bir adama tətbiq edilsə, müsbət əhəmiyyət verməsin. Amma Şərq xalqları üçün və yaxud Avropanın bizim musiqiyə rəğbəti olan, dinləyənlər üçün sözsüz ki, ancaq müsbət əhəmiyyəti ola bilər. Muğamın əhəmiyyəti və xüsusən tibbi əhəmiyyəti bu gün çox insanlara xeyir verə bilər. Biz muğamımızı təkcə incəsənət nümunəsi kimi təbliğ etməməliyik, çünki muğamın tibbi, elmi, fəlsəfi tərəfləri də var. Hesab edirəm ki, əgər muğamdan terapiyada istifadə etsələr, bundan çox adam xeyir görər. Muğam həm psixi, həm də fizioloji cəhətdən dərmandır, sadəcə, bunu reallaşdırmaq lazımdı”.

Biz inanırıq ki, yaxın aylarda muğamımızın ecazkar səsi xəstələrə şəfa verəcək və sənət gücü ilə yanaşı öz elmi-tibbi əhəmiyyətini də bir daha sübut edəcək.

 

 

Fərid Hüseyn 

 

Kaspi.-2011.-1 noyabr.- S.9.