“Neftə
arxayın olub digər sahələrin
inkişafını ləngidə bilmərik”
Əli Məsimli növbəti 10
ildə ÜDM-in 2 dəfə artırılmasının real
olduğunu düşünür
Nazirlər Kabinetində ilin 9 ayının sosial-iqtisadi
yekunları ilə bağlı müşavirədə prezident İlham Əliyev
növbəti dövr üçün
ölkənin inkişaf hədəflərini
açıqladı. Bu hədəflərə
əsasən növbəti 10 il ərzində
Azərbaycanda Ümumi Daxili
Məhsul iki
dəfə artırılmalı, daha böyük həə məhsul ixracına nail olunmalı, kənd təsərrüfatının
potensialından tam yaralanmaq
üçün yeni emal müəssisələri
yaradılmalıdır. Digər bir hədəf
isə Azərbaycan şirkətlərinin xarici
ölkələrə investisiya
qoymasına nail olmaq, korrupsiyaya qarşı mübarizəni daha da gücləndirməkdir.
Bəs, görəsən, Azərbaycanın bu
hədəflərə çatmaq üçün potensialı varmı? Mövzu ilə bağlı
suallarımızı Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü,
millət vəkili Əli Məsimliyə ünvanladıq.
- Əli
müəllim, 2011-ci ilin 9 ayının yekunlarına əsasən,
ölkədə ÜDM-in artım tempinin əvvəlki illərə
nisbətən aşağı düşdüyünü
görürük. Sizcə, bu, qanuna uyğun prosesdirmi?
-
Diqqət yetirsək, həqiqətən də əvvəlki
illərə nisbətən ÜDM-in artım tempində azalma
müşahidə edilir. Buna səbəb kimi neft
hasilatının azalmasını göstərə bilərik.
Həqiqətən də ötən dövr ərzində
neft hasilatı təqribən 7 faiz azalıb, qeyri-neft sektorunda
isə 8 faizlik artım qeydə alınıb. Bu, qanunauyğun
prosesdir. Əvvəlcədən də məlum idi ki, bu illərdə
Azərbaycanda neft hasilatı azalacaq. Buna müvafiq olaraq
ölkədə iqtisadi artım tempinin də aşağı
düşəcəyi gözlənilirdi. Amma sevindirici
haldır ki, belə bir şəraitdə Azərbaycanda
qeyri-neft sektoru təxminən 8 faiz artıb. Bu, o qədər
də kiçik rəqəm deyil. Əgər neft hasilatı
azalmasaydı, bu il də Azərbaycanda ümumi iqtisadi
artımın təxminən 8-10 faiz olacağını
proqnozlaşdırmaq olardı.
- Belə bir şəraitdə
prezident İlham Əliyev növbəti 10 ildə ölkədə
ÜDM istehsalının 2 dəfə artırılması tələbini
qoyub. Sizcə, bu hədəfə çatmaq realdırmı?
- Bəli,
Azərbaycanın bunun üçün kifayət qədər
potensialı var. Bu hədəfə çatmaq
üçün növbəti 10 il ərzində illik 8-10 faiz
iqtisadi artıma nail olmaq kifayətdir. Amma bunun
üçün bir sıra addımlar da
atılmalıdır. İlk növbədə ölkədə
iqtisadiyyatın idarəetməsinin keyfiyyəti
artırılmalıdır. Hökumət korrupsiyaya və
rüşvətxorluğa qarşı mübarizəni də
gücləndirməlidir. Eyni zamanda, iqtisadiyyatda haqsız rəqabət,
monopoliyalar aradan qaldırılmalıdır. Bu istiqamətdə
çox ciddi addımlar atılmalıdır. Mən həmişə
deyirəm ki, bu gün Azərbaycanın 3 ciddi problemi var.
Bunlar Dağlıq Qarabağ münaqişəsi, korrupsiya və
süni monopoliyalardır. İndi hamımız bilirik ki,
Dağlıq Qarabağ münaqişəsinin həlli
üçün bir sıra beynəlxalq reallıqlar nəzərə
alınmalıdır. Yəni, Azərbaycan bu reallıqları
nəzərə almadan işğal olunmuş
torpaqlarımızın geri qaytarılması
üçün konkret addımlar ata bilməz. Amma bundan fərqli
olaraq korrupsiya və monopoliyalara qarşı mübarizə
bizim öz əlimizdədir. Əgər bu problemləri həll
edə bilsək, növbəti illər ərzində 10 faizlik
iqtisadi artıma nail olmaq problem olmayacaq. Bu isə 10 ildən
sonra ölkədə ÜDM-in 2 dəfə artmasına səbəb
olacaq. Amma idarəetmədə səmərəliliyi artıra
bilməsək, korrupsiyaya və rüşvətxorluğa
qarşı mübarizəni gücləndirməsək
qarşıya qoyulan hədəfə çatmaq asan olmayacaq.
- Əli müəllim, prezidentin
müəyyənləşdirdiyi hədəflərdən biri
də növbəti illər ərzində xaricə məhsul
ixracının daha da artırılmasıdır. Sizcə,
bunun üçün potensialımız varmı?
-
İndi dünyanın bütün ölkələri iqtisadi
inkişafa nail olmaq üçün xaricə məhsul
ixracını artırmağı hədəfləyirlər. Azərbaycan
da bu istiqamətdə çalışır. Amma diqqət
yetirsək, bu gün bizim xaricə ixrac etdiyimiz məhsulların
90 faizdən çoxu neft və neft məhsullarıdır. Ona
görə də biz çalışmalıyıq ki,
növbəti illərdə dünya bazarına yeni məhsullarımızla
çıxaq. Bunun üçün yeni innovasiyalı
texnologiyalardan istifadə imkanları artırılmalı, kənd
təsərrüfatına diqqət yetirilməlidir.
Çalışmalıyıq ki, ölkəmizin bu sahədəki
potensialından daha səmərəli istifadə edək. Neftə
arxayın olub digər sahələrin inkişafını ləngidə
bilmərik.
- Siz
kənd təsərrüfatının inkişafından
danışdınız, hökumətin növbəti 10 il
üçün müəyyənləşdirdiyi hədəflər
arasında bu sahə də yer alır. Kənd təsərrüfatına
diqqətin artırılması təklifi yeni deyil. Bu təklif
neçə illərdir gündəmdədir, amma bu sahədə
ciddi inkişaf müşahidə olunmur. Büdcədən də
bu sahəyə ayırmaların yetərli olduğunu iddia etmək
olmaz. Sizcə, növbəti 10 il ərzində kənd təsərrüfatının
sıçrayışlı artımına nail olmaq
üçün hansı addımlar atılmalıdır?
- Kənd
təsərrüfatında islahatların aparılması
çox həssas məsələdir. Mən həmişə
qeyd etmişəm ki, bu sahədə islahatlar apararkən diqqətli
olmağa ehtiyac var. Vaxtilə biz kolxoz-sovxoz islahatları
apararaq kənd təsərrüfatına yararlı
torpaqları bütünlüklə dövlətin
ixtiyarına vermişdik. Müstəqilliyin ilk illərində
aparılan islahatlar zamanı isə torpaq bütünlüklə
kəndlilərin ixtiyarına verildi. Amma bu sahədə bir
spesfiklik olmalıdır. Bu gün dünyada həm kollektiv, həm
də fərdi kənd təsərrüfatı subyektlərinin
sürətlə inkişafının şahidi ola bilərik.
Uğurlu inkişafa nail olmaq üçün bəzi
reallıqlar nəzərə alınmalıdır. Məsələn,
nəzərə almalıyıq ki, Azərbaycan aztorpaqlı
dövlətlərdəndir. Bizim kənd təsərrüfatı
üçün yararlı torpaqlarımız o qədər də
çox deyil. Son islahatlar zamanı torpaqların ucdantutma kəndlilərə
paylanması onlardan istifadənin səmərəliliyini
aşağı saldı. Başqa sözlə desək, biz
yağışdan çıxıb, yağmura
düşdük. Yəni bir ifratdan başqa bir ifrata
keçdik. İndi bizim qarşımızda duran əsas məsələ
yol verilmiş bu qüsurların aradan
qaldırılmasıdır. İkinci əsas hədəf kənd
təsərrüfatında məhsuldarlığın
artırılması olmalıdır. Bu problemləri həll
etsək, bizim kənd təsərrüfatının
inkişafı ilə bağlı elə də ciddi problemimiz
yoxdur. Diqqət yetirsək, bizdə istehsal olunan kənd təsərrüfatı
məhsullarının böyük əksəriyyəti ekoloji
cəhətdən təmizdir. Sadəcə, daha çox məhsul
istehsalına nail olmalıyıq. Dövlət də bu sahənin
inkişafında öz qayğısını əsirgəməməlidir.
Elə işlər var ki, onların görülməsi kəndlilərin
imkanları xaricindədir. Buraya torpaqların erroziyadan
qorunması, suvarma sistemlərinin təmiri, bərpası,
yenidən qurulması, inkişafı və s. məsələlər
daxildir. Dövlət bu sahədə yardımlarını əsirgəməməlidir.
Bu sahəyə hər il təxminən 200 milyon manat vəsait
ayıra bilsək, təxminən 5-6 ildən sonra illik orta
hesabla 10 faizlik artıma nail ola bilərik. Digər diqqət
yetirilməli məqam isə kənd təsərrüfatının
inkişafında halallıq prinsiplərinin qorunmasıdır.
Dövlət çalışmalıdır ki, kəndlilərin
haqları yeyilməsin. Onlar yetişdirdikləri məhsulları
normal qiymətə sata bilsinlər. Məsələn, elə
etmək lazımdır ki, pambıqçılıqla məşğul
olan kəndlilər qazana bilsinlər. Yoxsa indiki kimi işin
astarı üzündən baha olanda inkişafa nail olmaq
çətindir. Dövlət emal müəssisələrinin
inkişafında da maraqlı olmalıdır ki, kəndlilər
əllərində qalan məhsulları həmin müəssisələrə
sata bilsinlər. İndi elə olur ki, alternativ imkanlar
olmadığından kəndli yetişdirdiyi məhsulu bəzən
su qiymətinə satmağa məcburdur. Bu isə növbəti
illərdə kəndlini həvəsdən salır.
İlham QULİYEV
Kaspi.-2011.-2 noyabr.- S.6.