Tələbələr
“Qatarın altına atılan qadın”ı müzakirə
etdilər
Məryəm Əlizadə:
“Tamaşadan sonra yüzlərlə heyrətlənmiş
göz varsa, deməli, yüksək sənətkarlıq da
var”
Dünən
Akademik Milli Dram Teatrında yazıçı Afaq Məsudun
“Qatarın altına atılan qadın” dramının
müzakirəsi oldu. Müzakirə Azərbaycan Dillər
Universitetinin Filologiya fakültəsinin tələbələri
arasında keçirildi. Tədbirdə aktyor Cəfər Namiq
Kamal, yazıçı Afaq Məsud, aktrisa Kəmalə
Hüseynova və professor Məryəm Əlizadə, eləcə
də universitetin müəllim və tələbə heyəti
iştirak edirdi.
Tədbirdə
çıxış edən Afaq Məsud tələbələrin
tamaşanı izləməsi və sonra da müzakirəsini
keçirtmək üçün təşəbbüs
göstərmələrinin alqışlanmalı bir hal
olduğunu qeyd etdi. Daha sonra Kəmalə Hüseynova
oynadığı rolun çətinliklərini və peşə
sirlərini açıqladı: “O rolda Gültəkin
Sarabskiyanın bir sözü var. O, deyir ki, sən
özünü fəda etdin, bəs onlar sənin
üçün neyləyəcəklər. Mən həyatda
belə bir qadın deyiləm. Amma o obrazın aqibəti
hamımızı gözləyir. Vaxt gəlir ki, aktyorlar qocalır
və heç kəsə lazım olmur. Səhnə və
ekran o vaxt gözəlliklə dolur ki, aktyor səhnədə
hər bir şeydə öz dünyasını qoya bilir. Mən
israrlı insanları oynamağı sevirəm. Əgər bu əsər
adi səhnə əsəri olsaydı, onda mən oynamağa
razı olmazdım. “Qatarın altına atılan
qadın” əsərində aktrisanın taleyini
canlandırıram, bu rolu
oynamaq çox çətindir.
Aktyor həmişə taleyindən
qaçmağı sevir, çünki
biz ancaq öz taleyini yaşayan adamlar deyilik. Məndən əvvəl
iki aktrisa bu rolu götürmüşdü
və aylarla məşq də eləmişdilər,
amma heç birinin fiziki gücü çatmamışdı bu əsəri oynamağa,
amma mən Allahın köməkliyi ilə
oynaya bildim. Şükür ki, o əzab mənə qismət oldu”.
Daha
sonra tələbələr aktyorlara və
yazıçıya əsərin qaranlıq məqamları ilə
bağlı suallar verdilər. Gəncləri ən çox
düşündürən isə əsərdəki
dramatikliyin sonsuzluğu idi. Səhnə ilə
reallığın bir-birinə qarışması və
qovuşması tələbələrin ən çox
müzakirə etdikləri situasiya idi. Çünki dramda səhnə
həm vağzaldır, həm də teatr. Aktyorun real
dünyası və səhnə həyatı eyni motiv kimi təqdim
olunur.
Sonda isə
professor Məryəm Əlizadə
çıxış etdi. O, öz
çıxışında qeyd etdi ki,
Afaq Məsudun bu əsərinə yaxın günlərdə
ABŞ-dan gələn
bir rejissor baxıb və heyrətlənib: “O inanmırdı
ki, Azərbaycan kimi bir ölkədə
bu cür tamaşa səhnəyə
qoyulur. Sənətin dili bu cür universal olmalıdır.
Əgər o, Azərbaycan dilini
bilməyə-bilməyə əsəri başa düşübsə, bu, sənətin və sənətkarın qüdrətidir.
Sənətkarın sənətinin böyüklüyüdür.
Bu cür çox az əsər
var ki, başdan-başa
gərgin dinamika ilə dolu olsun.
Əgər bu cür dinamika və tamaşadan sonra yüzlərlə heyrətlənmiş
göz varsa, deməli, yüksək sənətkarlıq da var”.
Xatırladım ki, əsərdə Xasay Dilgir adlı
bir obraz var. Xasay Dilgir dramaturqdur
və onun böyük vəzifəsi
olduğuna görə
öz əsərlərini
səhnəyə hansısa
dolayı yollarla qoydurur. O cür istedadsızlıqla
“süstlənmiş” əsərləri
isə istedadlı aktyorlar oynayırlar. Və beləcə istedadsız yazıçının əsərləri
istedadlı aktrisanı
da məhv edir. Bu yolla
aktrisa məhv olur. Bu gün
də həmin məlum problemlər teatrlarımızda yaşanmaqdadır.
Amma problemin maraqlı tərəfi ondan ibarətdir ki, axırda həmin istedadsız yazıçı
da arzusuna çata bilmir, o da unudulur. Əgər aktrisa teatrdan qovularaq cəmiyyətdən
kənarlaşdırılırsa, yazıçı da unudularaq məhv olur. Tamaşanın problematik tərəflərindən
biri də ondan ibarətdir ki, əsərdə tum satandan tutmuş,
baş qəhrəmanlara
qədər hər bir obraz məhv
olur, öz faciəsini yaşayır.
Tamaşa başdan-başa gərgin dinamika üstündə qurulub və yazıçının
bu cür üsula əl atması əslində qəhrəmanlıqdır. Çünki bu cür əsərlər teatral üslub üçün çox yazıçının
seçmədiyi bir yoldur. Birxətli tamaşalar üçün
bu bir qədər
yumşaq desək, uyğun deyil. Bir qədər sərt desək, tamamilə yad üslubdur. Çünki əsərin ümumilikdə
inkişaf dinamikası
eyni motiv üstündə cərəyan
edir və bununla da müasir
əsərlərə xas
modern oyunlar etmək bir qədər çətinləşir. Amma Afaq xanımın bu əsəri bütün modern oyunların
xaricində özünəməxsusluğu
ilə hamını heyrətə gətirir.
Hər həftənin cümə
günləri Akademik Milli Dram Teatrında saat 18:00-da başlanan tamaşa son dövrlər
ən çox tamaşaçı auditoriyası
toplayan əsərdir.
Gənclərin bu cür intellektual əsəri müzakirəyə çıxarması
isə doğurdan da sevindirici haldır.
Fərid Hüseyn
Kaspi.-2011.-3 noyabr.-S.9.