Fərqanə
Qasımova atası haqqında namizədlik işi
müdafiə etməyə hazırlaşır
Əməkdar
artist Fərqanə Qasımova elmi iş üzərində
çalışır. İfaçının “Azadinform”a
verdiyi məlumata görə, Milli Konservatoriyanın
aspirantı olan müğənni atası – Xalq artisti Alim
Qasımov haqqında namizədlik işi müdafiə etməyə
hazırlaşır: “Əlbəttə ki,
yaradıcılığımı daha da təməlli etmək,
elmimi artırmaq məqsədilə aspiranturaya daxil oldum.
Azərbaycan
üçün daha böyük işlər görmək
üçün bu məsuliyyətin altına girdim. Ancaq elmi
işim Alim Qasımov haqqında olduğu üçün
buna da ayrı bir vaxt tapmaq lazımdır. Lakin indi körpə
uşaqlarla və öz şəxsi işlərimlə əlaqədar
olaraq çox az vaxt tapıram, bu proses yavaş-yavaş gedir.”
Muğam ifaçısının sözlərinə görə,
Alim Qasımov haqqında olan elmi iş kitab formasında da
çap ediləcək. Nəşrdə Xalq artistinin həyat
və yaradıcılığının ən maraqlı məqamları,
eləcə də onların elmi təfsilatı yer alacaq:
“Kitab Alim Qasımovun improvizasiyaları, onun sənəti və yaradıcılığı
haqqındadır. Artıq 2 ildir Milli Konservatoriyada bu işə
başlamışam və elmi rəhbərim Sevil Fərhadovadır.
Muğamı gözəl bilən elmli bir xanımdır. Onun
köməyi ilə Allah qoysa yazacam. Bitirmək mənim
boynumdadır, məndən asılıdır. Bu elmi iş
üçün Alim müəllimlə tez-tez, çox
ünsiyyətdə olmuram. Çünki onun sənətə
gəlişindən indiyədək hamısını izləmişəm.
Bizim evdə arxiv var - qəzetlər, jurnallar, canlı olaraq isə
anam, babamla söhbətlər edirəm, məsləhətlər
və məlumat alıram. Ona görə Alim müəllimi
çox narahat etmirəm. Ondan hələ heç nə
soruşmamışam, özü haqqında elmi işin necə
getdiyindən xəbəri yoxdur”.
Kaspi.-2011.-3 noyabr.-S.16.