Şərqdə ilk ali musiqi təhsil ocağı 

 

Bu il Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının fəaliyyətə başlamasının 90 illiyi tamam olur

 

Prezident İlham Əliyev Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Təhsil Nazirliyinə Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 90 illik yubileyinə həsr olunan tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.

Bakı Musiqi Akademiyası Şərqdə ilk ali musiqi təhsili ocağı kimi fəaliyyətə başladığı vaxtdan etibarən ötən müddət ərzində zəngin bir yol keçib və milli mədəniyyətimizin çoxəsrlik tarixinə yeni parlaq səhifələr yazıb. Ölkəmizdə görkəmli bəstəkarlar və ifaçılar nəslinin yetişdirilməsində bu təhsil ocağının xüsusi rolu var.

 

Zəngin yol

 

Təbiidir ki, yaxın illərədək Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası adlanan Bakı Musiqi Akademiyasının keçdiyi yol nəinki əlamətdar və diqqətəlayiqdir, həmçinin, xüsusən araşdılırmalıdır. Konservatoriyanın tarixinə nəzər yetirsək, bir sıra hadisə və nailiyyətləri qeyd etmək olar. Belə ki, bu tarixi salnamədə yada salınmalı və xatırlanmalı hadisələr çoxdur. Məsələn, 1921-ci ili xüsusilə qeyd etmək lazımdır. Bu dövrdə konservatoriyanın təməlini qoyan Üzeyir Hacıbəyov Azərbaycanda bu təhsil ocağının təşkil edilməsi üçün ilk addımlarını atır.

Ü.Hacıbəyov zəngin və ahəngdar bir şəxsiyyət idi. O, görkəmli musiqiçi olmaqla yanaşı Azərbaycan xalq musiqisini dərindən bilir və onu yeni inkişaf həddinə çıxarmağa cəhd göstərirdi.

Konservatoriyanın yaranması bəstəkarın yeni axtarışlarından biri oldu. Görkəmli bəstəkar musiqi təhsili ocağının vacibliyini elə-belə dərk etməyib: o, Azərbaycanda musiqi təhsilinin inkişafı perspektivlərini görüb. Maarifçi-musiqiçinin qeyri-adi professional xüsusiyyəti - dərin dərrakəsi, möhkəm ruhu, musiqi təhsil ocağının yaranması uğrunda apardığı müvəffəqiyyətli mübarizəsinin rəhni oldu.

Konservatoriya sözün əsl mənasında Ü.Hacıbəyovun övladı idi. Ömrünün son otuz ilini bəstəkar tamamilə bu təhsil ocağının işinə həsr edib. Ona görə demək olar ki, konservatoriya onun həyatının mənası idi.

Bəstəkarın 1920-ci ildə irəli sürdüyü təşəbbüs tez həll olunan məsələ deyildi, çünki heç nə onun xeyrinə deyildi. O vaxt Bakıda musiqi məktəbləri mövcud idi, lakin onlarda musiqi təhsilli ixtisasçılar az idi.

Konsertoriyanın yaranması ölkənin iqtisadi vəziyyəti ilə də bağlı idi, maliyyə çatışmazlığı, binanın olmaması, musiqi alətlərinin, dərs vəsaitinin çatışmaması çətinlik yaradırdı. Bu çətinliklərə baxmayaraq, Ü.Hacıbəyov konservatoriyanın yaranmasını dayandırmır, tədricən öz məqsədinə doğru gedirdi.

Bu yolda Ü.Hacıbəyov bir çox çətinliklərlə qarşılaşırdı. Professional və iqtisadi səciyyəli obyektiv çətinliklərlə bərabər o, konservatoriyanın yaranma ideyasına qarşı çıxanlarla da mübarizə aparmağa məcbur idi. Onlar çox idilər. Onların arasında Şərq və Avropa musiqisinə tərəfdar olanlar var idi.

Bakı Musiqi Akademiyası (əvvəllər Azərbaycan Milli Konservatoriyası adlanıb) 1922-ci ildə yaradılıb.

BMA-nın tərkibindəki Musiqi Kolleci, (keçmiş A. Zeynallı adına Bakı Musiqi texnikumu) respublikada ən qədim musiqi təhsil ocağı, sonrakı inkişaf mərhələlərində isə bu təhsil bazası əsasında müxtəlif musiqi təhsili verən texnikum və ali məktəblər yaradılıb. BMA-nın tarixi ənənələri, məhz bu musiqi kollecinin bazası əsasında formalaşıb.

BMA-nın hal-hazırda yerləşdiyi binanın (M. İbrahimov küçəsi 8) özülü 1885-ci ildə qoyulsa da, ilk musiqi təhsil ocağı kimi 1895-cı ildən fəaliyyətə başlayıb. Musiqi məktəbinin əsasını Moskva konservatoriyasının yetirməsi Antonina Nikolayevna Yermolayeva qoyub. 1906-cı il 6 Dekabr tarixli 3036 saylı “YRMO”-nun sənədlərində göstərilir ki, A. N. Yermolayevanın təşkil etdiyi özəl musiqi texnikumu 1901-ci ildən “YRMO”nun nəzdində “Bakı Musiqi Sinifləri ” adlandırılıb. 1915-1916-cı ildə Bakı Musiqi Siniflərinə rəhbərlik etmək üçün Odessa Konservatoriyasının pianoçusu Y.A.Rijinskiy dəvət edilir. O, musiqi siniflərini 24 iyun 1916-cı il tarixli əmri ilə Musiqi texnikumuna çevrilir.

Azərbaycan musiqi mədəniyyətinin inkişafında əlamətdar hadisə 1920-ci ilin may ayında baş verib. Bu tarixdə Musiqi texnikumunun bazasında YRMO-nun Bakı şöbəsinin Xalq Konservatoriyası yaradılır və az keçmədən, yəni oktyabr ayında Azərbaycan Dövlət Konservatoriyası adlandırılır.

 

“Şərq konservatoriyası”

 

Azərbaycanda professional musiqi təhsilini qurmaq və kvalifikasiyalı peşəkar musiqi mütəxəssislərinin hazırlanması məqsədilə, Azərbaycan SSR-nin Narkomprosunun Kollegiyası tərəfindən konservatoriyanın nəzdində qısa müddətli “Şərq musiqisi” pedaqoji kursları yaradılır və o dövrün tanınmış xalq sənətkarlarından – Seyid Şuşinski, Ələsgər Abdullayev, Hüseynqulu Sarabski, pianoçu Xədicə Qaibova, tarzənlərdən – Qurban Pirimov, Şirin Axundov, Həsən Əliyev və başqaları oxumaq üçün bu kurslara göndərilir. Narkomprosun qərarında müsəlman qadınlar üçün “Şərq musiqisi” pedaqoji kurslarının da açılması nəzərdə tutulub.

Azərbaycan SSR-nin Mədəniyyət İdarəsinin rəhbəri, tanınmış bəstəkar M. Maqomayev “Şərq musiqisi” fakültəsini Konservatoriyadan ayırıb ona müstəqil status vermək məqsədilə 1922-ci ilin aprelin 22-də “Şərq Konservatoriyası”yaradılması haqqında əmr və göstəriş verir. Adı çəkilən Konservatoriyaya rəhbərlik Ü.Hacıbəyova tapşırılır. Lakin Narkomprosun Kollegiyasının qərarı ilə 1922-ci il 29 avqustda Azərbaycan Dövlət Türk Musiqi Texnikumu yaradılır və onu Musiqi Texnikumu və ya Şərq Konservatoriyası adlandırırlar. 1920-ci il 20 oktyabr tarixində Azərbaycan Dövlət konservatoriyasında Şərq musiqisi şöbəsinin yaranması haqqında etdiyi məruzə çox maraqlıdır. “Şərq musiqisinin əsil musiqi səviyyəsində inkişafı o zaman mümkündür ki, ona ümumi Avropa nəzəriyyəsi əlavə edilsin. Yalnız bu nəzəriyyənin vasitəsilə Şərq musiqisinin xüsusiyyətləri və ümumi qanunlarının qoyulması mümkündür” . Dahi bəstəkar  öz opponentlərinə cavab verərək qeyd edirdi ki, “Şərq musiqisinin xüsusiləşməsi tendensiyası Şərq musiqisi ilə maraqlanan həvəskarlar arasında nəzərə çarpır, həmçinin ümumi musiqi sənətinin qanunları ilə uyğunlaşmayan bu nöqteyi-nəzər, ümumiyyətlə musiqiyə olan diletant münasibətin nəticəsidir ”.

ADTMT-nun rəhbəri olan Ü.Hacıbəyov dövrün tanınmış sənətkarlarını və Rusiyada tanınmış musiqi kadrlarını Bakıya dəvət etməklə Azərbaycanda peşəkar musiqiçilərin yetişdirilməsi üçün əlverişli şərait yaradır və milli musiqi təhsili sistemini mükəmməl şəkildə qurmağa nail olur.

1939-cu ildə Ü.Hacıbəyov Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifəsinə təyin olunub. Onun rəhbərliyi ilə xalq çalğı alətləri üçün proqramlar müzakirə olunaraq qəbul edilir. Xalq musiqimizin inkişafında əvəzsiz xidmətləri olan tarzənlər - Əhməd Bakıxanov, Əhsən Dadaşov, Baba Salahov, Bəhram Mansurov, Ağası Məşədibəyov, Səid Rüstəmov məktəbin layiqli nümayəndələridir.

Ü.Hacıbəyov Azərbaycanda qabaqcıl Qərb və rus musiqi nailiyyətlərinin milli musiqi təhsili sisteminə inteqrasiyasını təmin etməklə az bir zamanda milli musiqimizi təmsil edən görkəmli bəstəkarların, peşəkar ifaçıların, xanəndələrin yetişməsinə nail olur.

1932-ci ildə Konservatoriyada Elmi-tədqiqat Musiqi Kabineti təsdiq edilir. Böyük Bülbülün təşəbbüsü ilə yaradıcılıq ekspedisiyaları təsdiq olunaraq kabinetdə zəngin folklor materialları toplanır. Zakir Bağırov, Fikrət Əmirov, Səid Rüstəmov digər bəstəkarlar ekspedisiyalara cəlb olunaraq xalq mahnılarını toplayır nota salırlar.

Bu gün onların ustadlıq ənənələri qorunub saxlanılır, təkmilləşir milli musiqi kadrlarının yetişdirilməsində geniş istifadə olunur.

Konservatoriyada əsas baza kafedraları tam şəkildə formalaşmışdı: ixtisas fortepiano, azərbaycan xalq musiqisinin tarixi nəzəriyyəsi, simli alətlər, nəfəs zərb alətləri, vokal, bəstəkarlıq, musiqi tarixi, musiqi nəzəriyyəsi, xor dirijorluğu, xalq çalğı alətləri, kamera ansamblı fəaliyyət göstərirdi. Müxtəlif illərdə akademiyada tanınmış musiqiçilər, bəstəkarlar, pedaqoqlar - Ü. Hacıbəyov, Bülbül, Ş.Məmmədova, B.Karaqiçeva, Q.Şaroyev, L.Rudolf, L.Rastrapoviç, Q.Qarayev, S.Hacıbəyov, C.Cahangirov, S.Rüstəmov, P.Brener, R.Atakişiyev, E.Səfərova b. çalışıb.

Hal-hazırda BMA-da 19 kafedranı birləşdirən 4 fakültə- fortepiano, ifaçılıq, tarix nəzəriyyə, İAF fakültələri mövcuddur. Təhsil Azərbaycan rus dillərindədir.

Hal-hazırda akademiyanın müəllimləri arasında C.Hacıyev, A.Məlikov, T.Quliyev, X.Qasımova, S.Ələsgərov, X.Mirzəzadə, F.Bədəlbəyli, V.Adıgözəlov, A.Rzayev, A.Babayev, R.Quliyev başqa görkəmli musiqiçilər fəaliyyət göstərir.

BMA-nın nəzdində opera studiyası, onbirillik məktəb-studiya, kitabxana, səsyazma kabineti, tələbə elmi cəmiyyəti, iki elmi laboratoriya (“Qədim musiqi alətlərinin bərpası təkmilləşməsiŞifahi ənənəli Azərbaycan musiqisinin tədqiqi problemləri"), aspirantura şöbəsi, ixtisasartırma fakültəsi vardır. 1991-ci ildən BMA-nın Şuşa filialı fəaliyyət göstərir. Akademiyada hal-hazırda 300-dən çox müəllim, o cümlədən 7 elmlər doktoru, 49 professor, 52 dosent, 58 elmlər namizədi işləyir. BMA-da Mülki Müdafiə kursu var.

BMA zəmanəmizin bir çox ali musiqi təhsili ocaqları ilə səmərəli əlaqələr yaradıb. Təhsil ocağının məzunları təyinatla Mədəniyyət Təhsil Nazirliyi sisteminə göndərilir.

BMA-nın Fikrət Əmirov, Zülfüqar Bağırov, Qara Qarayev, Tofiq Quliyev, Soltan Hacıbəyov, Cövdət Hacıyev, Vaqif Mustafazadə, Müslüm Maqomayev, Asəf Zeynallı kimi məşhur məzunları olub.

Şərqdə ilk ali musiqi təhsil ocağının yaranması ölkədə musiqi prosesinin irəliləyişi, tamamilə yeni ruhda tərbiyələnən musiqiçilərin meydana gəlməsi demək idi. BMA bu müqəddəs vəzifəni bu gün şərəflə həyata keçirir.

 

 

Təranə Məhərrəmova

 

Kaspi.-2011.-5-7 noyabr.-S.8.