“Alim Qasımovun
qızı” adını hər bir addan üstün
tuturam”
Fərqanə Qasımova:
"Atamın içindəki eşq yol vermirdi ki, mənə
qadağalar qoysun"
“Azadinform”un suallarını Əməkdar
artist Fərqanə Qasımova cavablandırıb.
- Muğam və xalq
mahnılarımızın ifaçıları çox zaman
canlı səslənməyə üstünlük verirlər.
Hər zaman bu cür ifa çətin deyil ki?
-
Muğam canlı musiqi olduğuna görə daim hərəkət
edir, daim yaşayır. Onun üçün muğamı və
xalq mahnılarını canlı ifa etmək daha məqsədəuyğundur.
- Sizi necə təqdim edəndə
xoşunuza gəlir – Əməkdar artist Fərqanə
Qasımova, yoxsa Alim Qasımovun qızı Fərqanə
Qasımova?
- Mən
belə düşünürəm ki, Alim Qasımov imzası
bütün adları özündə cəmləşdirib.
Orada artıq xalq da, əməkdar da, YUNESKO mükafatı da
var, xalqın, dünyanın sevgisi də var. Ona görə də
mən özüm üçün “Alim Qasımovun
qızı” adını hər bir addan üstün tuturam.
- Atanız Alim Qasımov olmasaydı,
Fərqanə Qasımova bu sənətdə olardımı?
-
Çox şey olmasaydı, çox şey olardı. Ona
görə də bu cür də olmalıdır. Alim
Qasımov olmalıdır, Alim Qasımov muğam sənətkarı
olmalıdır və onun qızı Fərqanə onun sənətinin
davamçısı olmalıdır. Daha doğrusu, belə
düşünmək lazımdır və şükür
ki, bu belədir.
- Sənətə gələndə
Alim Qasımovun sizə tövsiyəsi və məsləhəti
nə oldu, onun hansı kəlməsini qulağınızda
sırğa etmisiniz?
-
Baxmayaraq ki, Alim müəllimin mənim sənətimin üzərində
çox əziyyəti var, ancaq o, həmişə mənə
deyirdi ki, “bu sənətə gəlmə, çox
ağır sənətdir”. Bu sözü deyirdi, amma həm də
məni öyrədirdi. Bu çox maraqlıdır: bilir ki,
övladı ağır sənətə gedəcək, ancaq
içindəki eşq yol vermirdi ki, mənə qadağalar
qoysun. Onun içindəki eşq rəhminin
qarşısını kəsib.
- Alim müəllim Fərqanənin
ifasından razıdırmı? Sizi tez-tez tənqid edir, yoxsa tərifləyir?
- O məni
əsla tərifləmir, hər zaman tənqid edir və bu da mənim
çox xoşuma gəlir. Bəzən pis oluram, ruhdan
düşürəm, amma sonra öz-özümə deyirəm
ki, “yox, məni həyatda ən yüksək zirvələrdə
görmək istəyən mənim həm atam, həm də
müəllimimdir. Demək hələ o məni istədiyi səviyyədə görmür ki,
tənqid edir”. Onun tənqidinə görə mən çox
çalışmalıyam ki, tərifini qazanım.
- Sizin atanızla ifa tərzinizi yerli
tamaşaçılara çatdırmaq daha çətindir,
yoxsa əcnəbi tamaşaçılara?
- Atam həmişə
deyir ki, “mən özüm üçün, özüm
razı qalmağım üçün oxuyuram”. Yəni əgər
mən onun yolu ilə gedirəmsə, bu mənə də təsir
edir. Əsas odur ki, özümüz razı qalaq,
özümüz o rahatlığı tapaq. Hər halda insan
hissidir, insanlara o hissi çatdırmaq eyni olur. Sadəcə
olaraq biz həmişə deyirik ki, xaricdə oxumaq asandır.
Çünki orada tamaşaçılar üçün fərqi
yoxdur mən “bərdaşd”ı mayedən etdim, yoxsa zildən.
Ancaq burdakılar hamısı muğamı bilirlər,
tanıyırlar, boğazları, zəngulələri
aydın-aşkar anlayırlar. Biz demirik ki, gedib xariciləri
aldadırıq, yox, əsla. Amma burada muğamı bilən
insanlara çatdırmaq lazım olduğu üçün məsuliyyət
daha da artır.
- Repertuarınızda muğam və
xalq mahnıları ilə bərabər bəstəkar
mahnıları da var. Hansı bəstəkarların
mahnılarını ifa edirsiniz və bu cür
mahnıların muğam formasında, improvizasiyalarla səslənməsi
ideyası necə yarandı?
-
Biri-birindən gözəl, maraqlı çox mahnımız
var. Ancaq hər ifaçının özünə uyğun
bir mahnı tərzi olmalıdır. Elə ifaçı var
ki, lirik, elə ifaçı var ki, ritmik mahnılara
üstünlük verir. Ancaq bizim repertuarda hər cür
mahnı olur - həm lirik, həm
ritmik. Lirik olarsa, çalışırıq onu
canlandıraq. Çünki onu tam həzin oxumaq da düz gəlmir.
Bir də görürsən elə mahnı var ki, qulaq
asırsan, amma fikir vermirsən. Üstündən bir müddət
keçir, bir də baxırsan ki, onu zümzümə edirsən.
Deməli, o mahnı səni çağırır ki, “gəl
məni oxu”, o mahnı özü insanın qəlbinə gəlir.
İstər Alim Qasımov, istərsə də mən
mahnıları seçərkən həm bəstəkar, həm
də xalq mahnılarına müraciət edirik. Bu da
mahnının öz gözəlliyindən irəli gəlir.
Elə bəstəkar mahnıları var ki, xalq
mahnılarına çevrilib. Əsasən Ələkbər
Tağıyev, Səid Rüstəmov, Cahangir Cahangirovun
mahnılarına çox üstünlük veririk. Mən
özümü çox xoşbəxt hiss edirəm ki, Alim
Qasımovla ifa etdiyimiz Cahangir Cahangirovun “Getmə-getmə”
dueti dillər əzbəri olub. Eyni zamanda “Qaşların
kamandır” mahnısı da çox sevilir. Bu yaxınlarda Alim
Qasımovla Cahangir Cahangirovun “Sevgilim” mahnısını da
duet ifa etdik. Bu mahnı da populyarlıq qazandı.
- Mahnıların ənənəvi
olmayan üslubda ifası necə yarandı, Alim müəllim
məsləhət gördü, yoxsa elə ifa zamanı
öz-özünə belə alındı?
- Mən
anamın laylası, Alim Qasımovun muğamı ilə
böyümüşəm. Ona görə də bu üslub
artıq düşünülməyən bir üslub olub və
ifa zamanı alındı. Yəni ki, içdən gələn
bir tələbdir. Müəllimin tutduğu nöqsanlardır
ki, “belə oxuma və ya belə oxumaq lazımdır”. Bunlar
hamısı anbaan, günbəgün, ilbəil yetişən
bir üslub olur.
- Olubmu ki, məşq zamanı
başqa cür ifa etmisniz, amma səhnədə tamam başqa
cür improvizasiyalar ortaya çıxıb?
-
Çox olub. Bir də görürsən ki, məşqdə
çox gözəl oxuyursan, onu ifada verə bilmirsən. Elə
vaxt da olur ki, məşqdə oxuyan zaman həvəssiz
alınır, amma səhnədə görürsən ki,
ürəyin istəyəndən artıq bir şey
alındı. Muğam hər an hərəkət edir, hər
an insan hissi, insan ruhu ilə əlaqədə olur. İnsan
ruhu ilə əlaqədə olduğuna görə də hər
an dəyişə bilir.
- İfa zamanı gözlərinizi
yumursunuz. Həmin an özünüzü hansı, necə bir
məkanda hiss edirsiniz?
- Ən
azından olduğum məkandan uzaqlaşıram.
- Dünyanın bir çox ölkəsində
konsert proqramları ilə çıxış etmisiniz.
Hansı ölkədə Azərbaycan musiqisi və ifanıza
olan maraq sözün həqiqi mənasında sizi təəccübləndirib?
- Hər
dəfə konsertdən sonra bizi yeni görmüş, yeni
duymuş kimi qarşılayırlar, çox böyük həvəslə,
yorulmadan dinləyirlər. Ancaq Yaponiya bizə çox
maraqlı oldu. Ümumiyyətlə, yaponlar düşüncələri,
davranışları ilə bir az fərqli millətdir. Onlar
bizim musiqini o qədər gözəl qarşıladılar
ki... Bizim musiqini ekzotik musiqi adlandırdılar. Belə musiqini
heç vaxt eşitmədiklərini dedilər. Ona görə
də daha çox maraqlandılar. Hətta yaponlar arasında
bizim ifaya ağlayanlar da oldu, ayaq üstə durub
alqışladılar. Konsertdən sonra göz yaşları
ilə bizə yaxınlaşdılar. Oradan bizim
yaddaşımızda belə bir təəssürat
qalıb.
- Siz Asəf Zeynallı adına musiqi
məktəbində müəlliməsiniz. Maraqlıdır, tələbələrə
öz üslubunuzu tədris edirsiniz, yoxsa ənənəvi
üslubları öyrədirsiniz?
- Əvvəla,
uşaqlara muğamı onları qorxutmadan, asan bir üslubla
öyrətmək lazımdır. Tələbələrin
üzərinə düşən məsuliyyət
muğamın başlanğıcı, onun biz “ayaq” deyirik
- şöbələrə ayaq
verməyi ən azından gözəl öyrənmələri
lazımdır. Çünki elə tələbə var ki, 10
dərsə mayenin başlanğıcını gətirib
müəllimə təhvil vermir, eləcə də
muğamın ayağını. Hər dərs birinci sinif kimi
onları tənbeh edirik. Yəni ən böyük məsuliyyət
tələbənin əvvəlcə əlifbanı öyrənməsidir.
- Tələbələrinizdən
razısınızmı?
- Tələbələrimdən
razı deyiləm, narazıyam. Çünki əvvəla,
seçimlərini düzgün etmirlər, muğamı
seçməli deyillər, gəlib muğamı seçirlər.
Əgər səs və ruh buna imkan vermirsə, muğam sənətini
seçməli deyilsən. Baxıb görürəm ki, bundan
muğam oxuyan olmayacaq, ancaq 4-5 il həsr edəcək bu
yollara, gedəcək-gələcək. O baxımdan
narazıyam.
- Özünüzün ən
çox sevdiyiniz, ruhunuza yaxın olan muğam və ya xalq
mahnısı hansıdır?
-
Muğamlar topluluqda hamısı çox gözəldir.
Hansı ifaçının hansı muğamı sevməsi
zövqlə bağlıdır. Ümumiyyətlə isə
“Segah” muğamı bütün Azərbaycan xalqı - istər
ifaçı olsun, istər adi bir vətəndaş
üçün sevimli muğamdır. Ancaq əsl xanəndəyə
qalanda o, hər bir muğamın öhdəsindən gəlməlidir.
Necə bizim ustadımız Alim Qasımov o muğamların
öhdəsindən gəlir, bax elə bir formada bütün
muğamların öhdəsindən gəlmək hər bir
xanəndənin borcudur. Bizim ifa etdiyimiz “Durnalar”
mahnısını xanəndələr oxumayıb, lirik
mahnı kimi gedir. Bu mahnı mənə yaxın gəldi,
fikirləşdim ki, ondan olduğundan daha canlı və
gözəl bir mahnı alınar və onu mən tar-kamanla ifa
etdim, başqa cür alındı. Sonra dostlardan biri bu
mahnını aranjeman etdi, gözəl də alındı.
Sonra “Ceyran” mahnısı var, atamın da çox xoşuna gəlir.
Xalq mahnısı “Yaz”, “Mən aşıq oyanınca”,
“Arzular”, “Hardasan yar?” belə mahnılar həqiqətən
sevilir və sevə-sevə oxuyuram.
- Leyli olmaq əksər muğam
ifaçılarının arzusudur. Siz də
özünüzü opera ifaçısı kimi sınamaq
istərdinizmi?
- Mənim
ən böyük arzum budur ki, “Leyli və Məcun”
tamaşasında oynayım. Amma bu şərtlə ki, Məcnun
rolunu Alim Qasımov ifa etsin.
- Leyli və Məcnunun
obrazını ifa edən ifaçılardan kimi daha çox bəyənirsiniz?
- Kimisə
bəyənmək və ya kimisə bəyənməmək
özü bəyənilməyən bir haldır. Bütün
ifaçılar Leyli obrazına girməyə
çalışır, o obrazı yaradır. Mən uşaq
vaxtı daha çox bu tamaşaya baxmışam. Əvvəllər
atam tez-tez Məcnun rolunu ifa edirdi, biz də hər dəfə
- onda 12-13 yaşımız olardı - operalara gedirdik, amma atam
operadan uzaqlaşandan sonra biz də uzaqlaşdıq.
- 4 uşaq anasısınız və
ilboyu yetərincə səfərlərdə olursunuz.
Uşaqlarla bu iş çətin deyil və sizə kim
kömək edir?
- Mənim
köməkçim, sirdaşım, canım, ürəyim
anamdır. O mənə bu işlərdə kömək olur.
O, tək nənə deyil, artıq nənəlik vəzifəsini
də ötüb, hətta analıq vəzifəsini də
yerinə yetirir onlar üçün. O mənim çox
köməyimə çatır.
- Mən
eşitmişəm ki, sizin adınızın tarixçəsi
var, Fərqanə adı təsadüfi
qoyulmayıb.
- Mənim
rəhmətlik nənəm – anamın anası hələ o
dövrdə səyahətə getməyi çox sevən
qadın olub. Mən doğulan ərəfədə nənəm
Özbəkistandan – Fərqanədən gəlib və mənim
adımın Fərqanə olmasını istəyib, belə də
mənim adımla razılaşıblar.
- Gənc muğam
ifaçılarından kimləri dinləyirsiniz?
- Gənc
muğam ifaçıları oxuyan zaman əgər Alim
Qasımov televizorun kanalını çevirmir, onlara qulaq
asırsa, mən də qulaq asıram. Ən azı necə ifa
olunduğunu bilmək, yeni bir boğazın
olub-olmamasını öyrənmək üçün.
Qaldı ki, ümumi muğama, biz evdə Hacıbaba
Hüseynov, Mütəllim Mütəllimov, Seyid
Şuşinski kimi dünyasını dəyişən sənətkarları,
qədim valları dinləyirik. Çünki oradan
qaynaqlanırıq, oradan qaynaqlanma o qədərdir ki, hələ
götürmək olmur. Ömrünün sonunadək də
qulaq assan, hələ oradan qaynaqlanmaq olar.
- Hansı müğənniləri və
başqa janrlarda olan musiqiləri, məsələn, caz, rok,
pop, estrada dinləyirsinizmi?
- Dinləyirik,
bəli. Bizim evdə dünyanın hər yerindən gələn
caz, instrumental musiqilərin çoxlu CD-si var. Əsasən
hind mahnılarına daha çox qulaq asırıq. Mənbələnmək,
ilhamlanmaq üçün Afrika, ərəb, türk mahnılarını
da tez-tez dinləyirik.
- Heç ağır rok musiqisi dinləmisinizmi?
-
Çalışıram bu cür mahnılara qulaq asmayım.
Deyirlər, həm günahdır, həm də ki, özüm
də qulaq asanda pis oluram. Bu cür mahnı mənim ruhuma
heç bir zövq vermir.
-
Başqa janrda ifa edən müğənnilərimizdən kimləri
dinləyirsiniz?
- Onlara
qulaq asmıram. Maşında CD olur. Radioya isə, ümumiyyətlə,
az qulaq asıram.
- Övladlarınızın da sizin
yolu davam etdirməsini istərdinizmi?
-
Hamısının içində, fitri istedad, səsləri,
həvəsləri var. Amma zamanın öhdəsinə buraxaq
görək necə olacaq.
- Ev işləri ilə məşğul
olmağı sevirsinizmi?
- Əlbəttə,
ev işləri ilə də məşğul oluram, xörək
də bişirirəm, ev də
yığışdırıram, uşaqların dərsləri
ilə də məşğul oluram. Gərək hər bir
işin öhdəsindən gəlməyə vaxt tapasan. Vaxt
tapmaq lazımdır və tapmaq olur.
- Siz hicabla səhnəyə
çıxan yeganə azərbaycanlı xanım
ifaçısınız. Bunu tənqidi qarşılayanlar
oldumu?
- Mən
17 yaşımdan artıq atamla səfərlərə
çıxırdım, konsertlərdə oxuyurdum. Amma 24
yaşımda hicablanmışam, yəni oxumaqdan çox sonra
hicaba keçmişəm. Allaha şükür gözəl
qarşılandı. Şükür ki, nə bizim dövlətimiz,
nə də xalqımızdan buna heç bir qadağa
olmadı. Bu da özü dinə və Allaha olan böyük
məhəbbətdir. Mən də çox rahat oldum.
Şükür ki, heç bir maneə olmadı, əksinə,
çox xoşlarına gəldi.
- Bəs xarici ölkələrdə
necə qarşılandı?
- Xaricdə
də maraqla və gözəl qarşılandı. Xaricdə
müsəlmanların terrorist kimi təqdim edildiyini deyirlər.
Amma hicablı qadının ifasına baxanda, bu cür
muğam, bu cür gözəlliyin onlarda başqa fikirlər
yaratdığını etiraf etdilər.
- Səhnəyə atanızla, yoxsa tək
çıxanda daha məsuliyyətli olursunuz?
- Tək
olanda daha çox məsuliyyətli oluram. Alim Qasımovla səhnəyə
çıxanda özümü çox rahat hiss edirəm.
- Alim
Qasımovun səhnədə tamaşaçı kimi əyləşib
sizi dinləməsini necə təsəvvür edirsiniz?
- Bunu mən
hərdən fikirləşirəm. Ona görə də o
anın, o hadisənin qarşısında durmaq
üçün muğama tam hazır olmalıyam. Buna tam
hazır olub, sonra o yükün altına girmək istəyirəm.
Ümidə Həsənli
Kaspi.-2011.-11 noyabr.-S.9.