«Ziyalı həmişə dövlətini sevməli və onu qorumalıdır» 

 

Seyran Səxavət hesab edir ki, ziyalıların cəmiyyətdən mənəvi inciklikləri var

 

Son vaxtlar cəmiyyətdə ziyalının yeri ilə bağlı müzakirələr intensivləşib. Bəziləri ziyalılara diqqətin azalmasından, bəziləri isə ziyalıların özlərinə münasibətinin dəyişməsindən şikayətlənirlər. Ziyalıların cəmiyyətdən və dövlətdən gözləntiləri ilə bağlı da müxtəlif fikirlər var. Biz də yazıçı Seyran Səxavətlə söhbətimizi bu mövzu üzərində qurduq.

- Seyran müəllim, bugünkü cəmiyyətdə ziyalıların rolunu necə qiymətləndirirsiniz?

- Sualınız kifayət qədər ümumidir. Amma bu mövzuda ümumi danışsaq, söhbətimiz maraqlı alınmayacaq.

- Onda sualımı bir qədər konkretləşdirib soruşmaq istəyirəm ki, doğurdanmı müasir cəmiyyətimizdə ziyalılar gündəmdən çıxırlar? Onlara əvvəllər olduğu qədər ehtiyac yoxdur?

- Əgər ziyalılar doğurdan da cəmiyyətin gündəmindən çıxırlarsa, deməli, bu gündəmin özündə nəsə problem var. Belədirsə, biz gündəmin özündə günah axtarmalıyıq, ondan şübhələnməliyik. Ziyalı gündəmdən çıxırsa, deməli, bu gündəm heç dayanmalı gündəm deyil. Gözümüzün qabağında bütün canlılar, flora, fauna hamısı həmişə işığa meyilli olur, bu istiqamətə can atır. Bizim də işığımız ziyalılar olmalıdır. Biz niyə onları gündəmimizdən çıxarmalıyıq axı? Görünür, gündəmdə əndrəbadi nələrsə var. Bu barədə mənim fikrimi soruşursunuzsa, hesab etmirəm ki, bu gün ziyalılar gündəmdən çıxırlar. Əslində ziyalının gündəmdən çıxmasının özü bir gündəmdir. Ola bilsin ki, ziyalıların cəmiyyətdən mənəvi inciklikləri var. Bir qədər yekə çıxmasın, mənim fikrimcə, cəmiyyət öz ziyalısını həmişə diqqətdə saxlamalıdır. Gərək insanlarımız ziyalılardan nümunə götürsünlər, onlara baxıb düzlənsinlər. Mənə elə gəlir ki, ziyalısı olmayan cəmiyyət qışın günündə işıq idarəsinin əməkdaşları tərəfindən elektriki kəsilmiş ev kimi bir şeydir. O cəmiyyətdə ki, ziyalıya basqı var, deməli, orda anormallıq var. Ziyalıya basqı quran cəmiyyət öz gələcəyini təhlükə altına alır.

- Sizcə, zaman keçdikcə ziyalılığın kriteriyaları dəyişirmi? Yoxsa bu kriteriyalar dəyişməzdirlər?

- Ziyalılıq kriteriyası heç vaxt dəyişmir. Elə ziyalılığın bel sütunu da bundan ibarətdir. Zaman dəyişir, amma bu kriteriyalara heç nə təsir etmir. Amma onu da deyim ki, bu kriteriyaların dəyişməməsi ziyalı insanlara çox baha başa gəlir. Mən deyərdim ki, dünyadakı ən bahalı şey elə budur. Mənim fikrimcə, ziyalılıq kriteriyası heç vaxt dəyişilməməlidir. Belə olanda da ziyalılar çox böyük məhrumiyyətlər yaşayırlar. Primitiv müqayisə olsa da, deyəcəyəm. Tutaq ki, hansısa bir restoranda oturub yoldaşınla yemək yeyirsənsə, hesab verməlisən. Ziyalılıq kriteriyalarının dəyişməməsi üçün sonda bu hesabı cəmiyyət verməlidir. Amma bu, məcburi olmamalıdır. Cəmiyyət özü o qədər həssas olmalıdır ki, bu yükü üzərinə götürə bilsin. Yəni cəmiyyətin həssaslığı da ən azı ziyalılar qədər olmalıdır. Cəmiyyət o hesabı verməyəndə ziyalının vəziyyəti yaxşı olmur. 

- Belə çıxır ki, bir ziyalı kimi siz də cəmiyyətin ziyalılara münasibətindən narazısınız? Düz başa düşmüşəmmi?

- Bilirsiniz, ziyalının cəmiyyətdən narazılığı həmişə olub. Bu, müxtəlif zamanlarda, müxtəlif dövlətlərdə davamlı müşahidə olunur. Amma ziyalının bu narazılığı məncə, həmişə cəmiyyətin xeyrinə olub. Əgər cəmiyyət bu narazılığı demaqoqcasına qəbul edirsə, vay o cəmiyyətin halına.

- Seyran müəllim, sizcə ziyalının dövlətə münasibəti necə olmalıdır? Bizdə bəzən bununla bağlı fikir ayrılıqları müşahidə olunur.

- Ziyalı həmişə dövlətini sevməli və onu qorumalıdır. Külli halında götürəndə dövlətin addımlarından asılı olmayaraq, ziyalı onu sevməlidir. Çünki bu dövlət həm də ziyalınınkıdır. Amma bəzən dövlətin elə addımları ola bilər ki, bu, xalqın ziyanına işləyər. Belə olanda ziyalı Novruz Bayramında sacın üstündə qovurulan buğda kimi çırt-çırt yanır. Ola bilər ki, ziyalının bu çırtaçırtı yüksək vəzifəli bəzi çinovniklərin xoşuna gəlmir. Çünki onlar hiss edirlər ki, bütün bunlar əleyhlərinə işləyə bilər. Diqqət yetirsək görərik ki, tarix boyu çinovniklər də çox həssas olurlar. Çinovnik həssaslığı özünüqoruma instinktini yaradır. Belə olanda həmin instinkt işə düşür və bütün qüdrəti ilə işləməyə başlayır. Bunun nəticəsində bəzən xoşagəlməz hallar yaranır. Mənim fikrimcə, ziyalı dövlətin siyasəti ilə bağlı nəsə deyirsə, onu yaxşı-yaxşı dinləmək, saf-çürük etmək lazımdır. Ziyalının dediyi söz dövlətimizin də, xalqımızın da, bayrağımızın da, pulumuzun da xeyrinə işləyər. Amma bəzən ziyalılara qarşı qeyri-adekvat reaksiyaların da şahidi oluruq. Bəzən fikirləşmədən, tələm-tələsik qərarlar qəbul olunur. Mənim xoşuma gəlməyən bir ifadə də var. Bəzən görürsən kimsə nəsə təkliflə çıxış edir, başqaları durub sual edirlər – «O kimdir axı?» Məncə «o kimdir» sualını ümumiyyətlə, leksikonumuzdan çıxartmalıyıq. Əgər dövlət olmaq, xalq olmaq, dünyada sayılıb-seçilmək istəyiriksə, bunu mütləq etməliyik. Hamımızın bir müəllifi var, o da Allahdır. Əgər Allah məsləhət bilib bizi yaradıbsa, ikinci bir bəndənin onun yaratdığı əsərə «bu kimdir» deyə müraciət etməsi yersizdir. Bizim heç birimizin bu sualı verməyə haqqımız yoxdur. Bu, nə Allaha xoş gələn şeydir, nə də cəmiyyətə.

- İndiki məqamda ziyalılar dövlətdən və cəmiyyətdən nə umurlar?

- Bilirsiniz, mən indi hamının adından danışa bilmərəm. Hamının adından danışsam, yaxşı çıxmaz. Ancaq özümdən soruşursunuzsa, deyim. Öz adımdan deyə bilərəm ki, şəxsən dövlətdən yalnız bir umacağım var. Bu da odur ki, dünyada sayılıb-seçilən olsun, sözü keçsin, ona hörmətlə yanaşsınlar. Yeganə umacağım budur. Xahiş edirəm, səmimiyyətimə inanın, başqa heç bir umacağım yoxdur. Amma indi dövlətdən cəmiyyətdən umacağı olan ziyalılar da var. Bəzən bunun üçün onların haqqı olur. Subardinasiya deyilən bir şey var. Onu hamımız gözləməliyik. Gözləməyəndə istər-istəməz xoşagəlməz hallar yaşanır. Həm axı ziyalı, yazıçı, dövlət xadimi olmazdan qabaq bizim hamımız insanıq. Bizim hamımız ailələrdə yaşayırıq. Hər birimiz ayrı-ayrılıqda kiçik bir dövlətin başçısıyıq. Tutaq ki, qonşuda biri ziyalı pərdəsi altında, bu addan istifadə edərək «yarıyırsa», uşaqlarımız da onu misal gətirib «Filankəsin atası gör nələrə nail olub» - deyirsə, əsl həqiqəti uşağa başa salmaq çətin olur. Uşaqların bu cür məsələlərə münasibəti çox həssasdır. Onlar əsl reallığı başa düşmək üçün böyüməlidirlər, təhsildən bəhrələnməlidirlər. Əlbəttə ki, vaxtsa özləri başa düşəcəklər. Başa düşməyin iki forması var - biri var səni başa salırlar, biri var özün başa düşürsən, dərk edirsən. Yuxarıda qeyd etdiyim nümunədə uşağı başa salmaq çətindir. Gərək o, özü böyüyüb başa düşsün. Belə olanda daha möhkəm olur. Amma uşağın böyüməsini gözləyənə qədər ziyalı çox məhrumiyyətlərlə üzləşir. Problem bundadır.

 

 

İlham QULİYEV

 

Kaspi.-2011.-12-14 noyabr.- S.5.