“Dövlətin
ziyalıya münasibəti cəmiyyətin münasibətindən
daha yaxşıdır”
Akademik Azad Nəbiyev
Azərbaycan cəmiyyətində ziyalıların mövqeyinin həmişə yüksək olduğunu deyir
Son
vaxtlar cəmiyyətdə ziyalının yeri ilə
bağlı müzakirələr intensivləşib. Bəziləri
ziyalılara diqqətin azalmasından, bəziləri isə
ziyalıların özlərinə münasibətinin dəyişməsindən
şikayətlənirlər. Ziyalıların cəmiyyətdən
və dövlətdən gözləntiləri ilə
bağlı da müxtəlif fikirlər var. Bu mövzu ilə
bağlı növbəti müsahibimiz Bakı Dövlət
Universitetinin kafedra müdiri, Milli Elmlər Akademiyasının
müxbir üzvü Azad Nəbiyevdir.
- Azad müəllim,
cəmiyyətdə ziyalının yeri ilə bağlı
fikirlərinizi bilmək maraqlı olardı.
- Biz
bu günlərdə müstəqilliyimizin 20 illiyini qeyd edirik.
Bu illər ərzində çox böyük
uğurlarımız var. 20 il bundan əvvəlki Azərbaycanla
bugünkü Azərbaycan arasında çox böyük fərq
var. Ölkəmizin həm iqtisadi, həm mədəni həyatında,
həm beynəlxalq əlaqələrimizdə böyük
inkişafa nail olmuşuq. Biz özümüzü müstəqil
dövlət və xalq kimi dünyaya təqdim edə
bilmişik. Bir-birinin ardınca əldə olunan
uğurlarımız göz qabağındadır. Elə
ölkəmizin BMT Təhlükəsizlik Şurasının
qeyri-daimi üzvü seçilməsini qeyd etmək kifayətdir.
Bütün bunlar müstəqilliyini bərpa edən hər
xalqa nəsib olmur. Bizə belə imkan verilibsə,
yerüstü və yeraltı sərvətlərimizdən
istifadə edib mədəniyyətimizi dünyaya
çatdırmalıyıq. Bütün bunların əldə
olunmasında təbii ki, cəmiyyətimizin ziyalı təbəqəsinin
də xüsusi rolu var. Azərbaycançılıq
ideyasının inkişaf etdirilməsində əsas sükançı
ziyalılardır.
- Tarix boyu Azərbaycan
ziyalıları cəmiyyətin həyatında hansı rolu
oynayıblar?
-
Diqqət yetirsək Azərbaycan cəmiyyətində
ziyalıların mövqeyi həmişə yüksək olub.
Keçən əsrin əvvəllərində Həsən bəy
Zərdabi, Firudin bəy Köçərli, ondan sonrakı
dövrlərdə Nəriman Nərimanov, Üzeyir Hacıbəyov
xalqın taleyində böyük rol oynayıblar. Təsadüfi
deyil ki, Şərqdə ilk demokratik respublika Azərbaycanda
qurulub. Bu, milli dirçəlişin, demokratiya uğrunda
mübarizənin məntiqi nəticəsi idi. Təəssüf
ki, obyektiv və subyektiv səbəblər ucbatından Xalq
Cümhuriyyəti uzun müddət yaşaya bilmədi. Xalq
Cümhuriyyətinin yaranmasında əsas hərəkətverici
qüvvə də ziyalılar idi. Kifayət qədər
çətin tarixi şəraitdə, regionda böyük
güclərin savaşının getdiyi bir ərəfədə
Azərbaycan ziyalıları elə bir mövqe tutdular ki,
ölkəmizin ilk milli hökuməti yaradıldı. Sovet
Rusiyası Azərbaycanı işğal edəndən sonra
ziyalılarımıza qarşı repressiyalara başladı.
O vaxt 21 Azərbaycan generalı güllələndi. Azərbaycan
xalqının gələcəyini düşünən, milli
düşüncə adamı olan ziyalıları aradan
götürdülər. Ziyalılarımızın bir qismi
mühacirətə getməli oldular, bir qismi təzyiqlərə
dözməyib qələmi yerə qoydu, bir qismi isə
proletar ədəbiyyatının yaradıcılarına
çevrildi.
Sonrakı
dövrdə də Azərbaycan ziyalıları böyük
itkilər verdilər. Həm kollektivləşmə
dövründə, həm 37-ci illərdə
ziyalılarımıza qarşı böyük repressiyalar
oldu. Amma sonrakı dövrdə SSRİ-ni idarə edənlər
gördülər ki, səhv ediblər. Repressiyalar səngidi,
ölkədə yeni ziyalı nəsli formalaşmağa başladı.
Tezliklə xalqımızın yeni bir ziyalı təbəqəsi
ortaya çıxdı.
70-ci
illərdən sonra bizim çoxlu sayda
yazıçımız, şairimiz, incəsənət xadimlərimiz
yetişdi. Onlar SSRİ-nin yüksək fəxri adlarına
layiq görüldülər. Bütün bunlar hamısı
ümummilli liderimiz Heydər Əliyevin xidmətləri idi.
Ümumilikdə Azərbaycan ziyalıları tarixən öz
üzərlərinə düşən missiyanı çox ləyaqətlə
yerinə yetiriblər. Məsələn, 70-80-ci illərdə
Rəşid Behbudov Azərbaycanı bütün dünyada
tanıdırdı. Ona hətta, yeriyən Azərbaycan da
deyilirdi. Təəssüf ki, keçən əsrin
sonlarında, müstəqilliyimizin ilk illərində
ziyalılarımız yenə də ögey münasibətlə
qarşılaşdılar. Xalq hərəkatında onların
çox böyük rolu olsa da, o vaxt hakimiyyətə gələn
qüvvələr ziyalıların potensialından istifadə
etmədilər. Nəticədə cəmiyyətdə
parçalanma getdi. Ziyalılarla anlaşa bilməyən, idarəetmə
potensialı olmayan qüvvələrin hakimiyyətə gəlməsi
cəmiyyətin işıqlı simalarını bir qədər
arxa plana keçməyə məcbur etdi. Bilirsiniz,
ziyalılar adətən abırlı insanlar olurlar. Onlara diqqət
olmadığını görüb yavaş-yavaş siyasətdən
də, idarəçilikdən də, meydandan da çəkildilər.
- Bəs bu gün cəmiyyətimizdə
ziyalıların yerini necə görürsünüz?
- Bu
gün ziyalılar cəmiyyətin əsas hərəkətverici
qüvvəsidirlər. Son illər dövlət ölkədə
mədəniyyətin, elmin inkişafına böyük diqqət
yetirir. Muğam sənətinin, aşıq sənətinin
qorunub saxlanılması üçün genişmiqyaslı
layihələr həyata keçirilir. Azərbaycan mədəniyyətini
dünya arenasına çıxarırıq. Bütün bu
proseslərin önündə gedənlər
ziyalılardır. Heç vaxt ziyalının əlindən
xalqın düşünən beyni olmaq funksiyasını
almaq olmaz. Ziyalı həmişə öndə getməlidir.
Amma yeri gəlmişkən, ziyalıların bəzi problemlərinin
olmasını da deməliyəm. Bu gün ziyalıların cəmiyyətdəki
bir sıra proseslərdən kənarda qalmasını
müşahidə edirik. Heydər Əliyevin ziyalılara
münasibəti həmişə çox yüksək olub. Bu
siyasəti qoruyub saxlamaq lazımdır. Kadr təyinatları
zamanı ziyalıları yaddan çıxarmaq olmaz. Bəzən
baş verən diqqətsizlik halları ziyalıları
incidir. Bəzən həmkarlarımız inciyərək kənara
çəkilirlər. Biz bütün imkanlarımızdan
istifadə edib ziyalılarımızı qorumalıyıq.
Bizdə həmişə ziyalıya çox böyük
hörmət var. Bu gün də hakimiyyətin
ziyalılarımıza göstərdiyi qayğı çox
yüksək səviyyədədir. Amma bununla yanaşı bəzən
aşağı strukturlar bu münasibətə kölgə
salan səhvlərə yol verirlər. Əksər hallarda da
bunu yuxarıların adına yazırlar.
- Son vaxtlar bir qrup ziyalı ölkədəki
bütün ziyalıların adından danışmağa cəhd
edir. Buna münasibətiniz necədir?
- Bəli, belə hallar müşahidə edirik. Bəzən müəyyən qüvvələr ziyalıları
həvəsləndirirlər ki, çıxıb müəyyən şeyləri
desəniz, hər şey düzələcək.
Amma belə deyil. Əksinə,
bu cür davranışla biz cəmiyyətlə
dövlət arasındakı
uçurumu dərinləşdiririk.
4-5 nəfərdən ibarət qrup yaradıb, tanınmış
ziyalılarımızı da həmin bataqlığa
salıb məhv etmək doğru deyil. Ziyalı gərək bu
cür proseslərə
qoşulmasın. İndi
bizim əsas məqsədimiz Qarabağ
münaqişəsinin həllinə
nail olmaqdır. Ölkə
rəhbərliyi bu problemin həlli üçün ardıcıl
olaraq iş aparır. Bu kimi
məsələlərdə iqtidar-müxalifət yanaşması
olmamalıdır. Bu vətən hamımızındır.
Belə bir şəraitdə ziyalıları siyasətə
qatmaq, onları küçələrə çıxarmaq
nəyi həll edəcək? Biz bununla nə qazanacağıq? 90-cı illəri yenidən geri qaytarmağın Azərbaycan xalqına nə faydası var axı? Biz gərək daha
çox səfərbər
olaq. Qarşımıza
qoyduğumuz məqsədlərə
nail olmaq üçün
yekdil olmağımıza
ehtiyac var. Lideri olmayan xalq irəli
gedə bilməz. Bunu yaddan çıxarmaq lazım deyil. biz prezidentin ətrafında daha sıx birləşməliyik.
Biz öz ziyalı
mövqeyimizi ortaya qoyub ona kömək
etməliyik. Böyük
məqsədlərimizə yalnız bu yolla nail ola
bilərik. Gözümüzün qabağında dövlətimizə
qarşı bu cür haqsızlıqlar baş verir. Beynəlxalq təşkilatların Azərbaycan
torpaqlarının işğalı
ilə bağlı qəbul etdiyi sənədlər icra olunmur. Belə bir şəraitdə
ziyalı mütləq
haqqın tərəfində
durmalıdır.
- Dövlətin ziyalıya münasibətindən
danışdınız. Bəs cəmiyyətin
ziyalıya münasibəti
necədir?
- Dövlətin ziyalıya münasibəti cəmiyyətin
münasibətindən daha
yaxşıdır. Diqqət yetirsək,
cəmiyyətimizdə böyük-kiçikliyin
getdikcə itdiyini görərik.
- Bu gün Azərbaycan
ziyalılarının əsas problemləri kimi nələri
qeyd edərdiniz?
- Problemlər hər bir xalqın tarixində olur. Azərbaycan da bunlardan sığortalanmayıb.
Amma mən inanıram ki, üzləşdiyimiz problemlər xırda xarakterlidir və zaman keçdikcə həllini tapacaq. Ziyalılar gərək xırda məsələləri deyil,
vətənimizin gələcəyini,
qlobal problemləri düşünsünlər. Elə etməliyik ki, ziyalılar neqativ siyasiləşmə meyillərindən
kənarda qalsınlar.
- Ziyalı kimi sizi narahat
edən əsas problem
nədir?
- Mən ilk olaraq təhsilimizdəki problemlərdən
narahatam. Dövlət hər uşağa
görə büdcədən
135 manat pul ayırır. Buna baxmayaraq, orta məktəblərdə təhsilin
səviyyəsi aşağıdır.
Təhsilimiz repetitorların ümidinə
qalıb. Diqqət
yetirsəniz, son illər
Tələbə Qəbulu
üzrə Dövlət
Komissiyasının keçirdiyi
test imtahanlarında keçid
balı aşağı düşür.
Bu il keçid
balı 200-ə düşdü.
Bu, o deməkdir ki, sovet dövründə 3 alan tələbələri
də ali məktəblərə qəbul
edirik. 3 qiyməti alıb, ali
məktəbə daxil
olan tələbə nə oxuyacaq? Ondan hansı perspektivi gözləmək olar?
Elə etməliyik ki, gələcəkdə ziyalılarımızı
əvəz edənlər
olsun.
İlham QULİYEV
Kaspi.-2011.-17 noyabr.- S.5.