Lütfi Zadə zirvəsindən pay ummaq 

 

Əgər kimsə özünü bu dahi şəxsiyyətin tələbəsi hesab edirsə, niyə müəlliminə xilaf çıxıb Azərbaycana münasibətdə eyni mövqeyini paylaşmır? Bəlkə heç Lütfi Zadənin belə adda tələbəsi olmayıb?

 

Elmi nəzəriyyələri ilə bütün dünyaya səs salan və hətta Yaponiya kimi kəşflər ölkəsini belə heyrətdə qoyan, adı dünya elminin nəhəngləri – İsaak Nyuton, Albert Eynşteyn, Ernest Rezerford, Blez Paskal, Norbert Viner kimi dahilərlə bir sırada çəkilən Lütfi Zadənin  azərbaycanlı olması bizdə yalnız qürur hissi doğurur. Böyük alim özü də “heç zaman azərbaycanlı olduğumu gizlətməmişəm, əksinə, bununla qürur duymuşam”- deyir. Son vaxtlar Lütfi Zadənin adı bəzi spekuliyasiyalarda hallanır, onu da kimlərinsə maraqlarına xidmət edən cari oyunlar müstəvisinə salıb xırdalamaq cəhdləri özünü göstərir. Bu barədə sonra.

Hələliksə dünya şöhrətli alimin vətən sevgisindən danışmaq istəyirik. Elə böyük alimin vətənə olan məhəbbəti, ana yurdun təəsübkeşliyi onu öz maraqlarının oyunçusuna çevirmək istəyənlərə tutarlı cavabdır. 40 illik fasilədən sonra onun Bakıya gəlişini xatırlayırıq. O, prezident səviyyəsində qəbul edildi. Dövlət başçısı ilə görüşdə Lütfi Zadə ilk dəfə 1965-ci ildə Bakıda birgünlük səfərdə olduğunu xatırlatmış, budəfəki səfərinin onda böyük təəssürat yaratdığını söyləmişdi. Ötən dövr ərzində ölkəmizin xeyli dəyişdiyini, Bakıda böyük abadlıq və quruculuq işləri ilə yanaşı, elmin və mədəniyyətin inkişafının da yüksək səviyyədə olduğunu vurğulamışdı. Lütfi Zadə əldə olunan bütün bu nailiyyətləri Azərbaycan prezidenti İlham Əliyevin elmə və mədəniyyətə göstərdiyi qayğı və diqqətin təzahürü kimi dəyərləndirmişdi.

Dövlətimizin başçısı bildirmişdi ki, Azərbaycan hazırkı imkanlarından istifadə etməklə elmin, təhsilin və mədəniyyətin müxtəlif sahələrini inkişaf etdirməyi, ən müasir texnologiyaların tətbiqini qarşıya məqsəd qoyub. “İndi ölkə üçün başlıca prioritet məsələ qeyri-neft sektorunun inkişaf etdirilməsidir”.  İlham Əliye informasiya texnologiyaları sahəsində ölkəmizin dünyanın qabaqcıl şirkətləri ilə sıx əməkdaşlıq etdiyini və Azərbaycanın yaxın gələcəkdə bu sahədə regionun mərkəzinə çevrilməsi üçün yaxşı imkanlarının olduğunu vurğulamışdı.

Alim Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində yaddaqalan görüş keçirmişdi. Ona elm qarşısında göstərdiyi xidmətlərə görə AMEA-nın fəxri diplomu təqdim olunmuşdu.

Lütfi Zadə mətbuata müsahibəsində “İlham Əliyev işıqlı liderdir. Sizin ölkənin güclü lideri var. Azərbaycan nə Gürcüstan, nə də Ukrayna deyil ki, ölkə daxili qarşıdurmalar olsun. Ölkənin nefti var, adambaşına düşən gəlirlər çoxdur. Bundan başqa, mən Azərbaycanda olanda mədəniyyətə yüksək qiymət verildiyini gördüm. Bu, çox mühüm göstəricidir. Azərbaycan primitiv ölkə deyildir” deyə bildirib.

 

Doğmalıq hissi

 

Lütfi Zadənin uşaqlıq illərinin böyük bir hissəsi Bakıda keçib. Uşaqlıq illəri ilə bağlı hər şeyi yaddaşına köçürüb. “Hər şey olduğu kimi yadımdadır”- deyir. “Bəzən, dünyanın harasında olur-olsun, jurnalistlərin sevdiyi suallardan biri də budur ki, yenidən doğulsaydınız, necə yaşamaq istərdiniz? Mənim belə suala cavabım birmənalıdır: Yenidən dünyaya gəlsəydim, elə bu həyatı, bu ömrü yaşamaq istərdim. Hansı ki, böyük Yaradan taleyimi belə yazıb”.

 

Lütfizadə ailəsi ilə bərabər Bakıda keçirdiyi illəri tez-tez xatırlayaraq “bütün bu xatirələr məndə yalnız xoş hisslər oyadır” deyir. “Hər şey yaxşı mənada çox, mən deyərdim ki, müqayisəyəgəlməz dərəcədə dəyişib. Dəyişib demək azdır, Bakı başdan-başa dəyişib. Bakıda böyük abadlıq və quruculuq işləri ilə yanaşı, elm və mədəniyyətin inkişafı da yüksək səviyyədədir. Elə bunun nəticəsidir ki, Azərbaycanın paytaxtı, mənim anadan olduğum bu gözəl şəhər bu gün dünyanın sayılıb-seçilən toplantılarına ev sahibliyi edir. Təsadüfi deyil ki, son illər beynəlxalq, dünya miqyasında böyük önəm verilən tədbirlər Bakıda baş tutur. Nəzərə almaq lazımdır ki, bütün bunlara adi baxmaq olmaz. Buna birdən-birə, oturduğun yerdə qərar verilmir. Həmin şəhərin, elə ölkənin bütün parametrləri, inkişaf səviyyəsi, təhlükəsizliyi və digər amillər nəzərə alınır. Və uzun müzakirələrdən sonra belə qərar qəbul olunur. Bu gün Azərbaycan, onun paytaxtı Bakı doğrudan da sivilizasiyalararası dialoqun, tolerantlığın, Şərqlə qərbin kəsişmə nöqtəsi olan bir məkandır. Bu, hər addımda hiss olunur”.

Böyük alim Azərbaycanda insan amilinin mövcud olduğunu vurğulayıb. “Bura dünyanın az-az ölkələrindən biridir ki, din, dil, milli mənsubiyyət amili hiss olunmur. Bütün dinləri, millətləri təmsil edən insanlar heç bir ayrı-seçkilik olmadan çox rahat yaşayıb, fəaliyyət göstərirlər. Qaldı ki, anadan olduğum, uşaqlıq illərimin keçdiyi şəhərin mənə necə təsir etməsinə, insan özünü doğma evində, dünyaya göz açdığı şəhərdə necə hiss edər? Burada hər şey mənə əzizdir. Bakının, xüsusən, İçərişəhərin hər daşı, divarı, hətta yalnız Bakıya xas olan küləyi mənə elə doğmadır ki... Ölkədə böyük dəyişikliklər baş verib. Dəyişməyən yalnız o doğmalıqdır. Bu, hər addımda hiss olunur. Demək olar ki, bütün dünyanı gəzmişəm. Bakıda isə, özümü başqa cür hiss edirəm. Bu hissin adına doğmalıq desəm yəqin ki, daha doğru olar”.

Lütfizadə doğulduğu şəhəri bu cür inkişaf səviyyəsində görməkdən böyük qürur hissi keçirdiyini qeyd etmişdi: “ Bakı bir dünya şəhəridir. Bakı bəlkə də dünyanın yeganə şəhəridir ki, burada Şərqlə qərbin vəhdəti açıq və mükəmməl şəkildə öz əksini tapıb. İnanıram ki, burada bir dəfə olan şəxs  mütləq bir də Azərbaycanda, Bakıda olmağa can atacaq. Bir dəfə Xəzərin sahilində yerləşən bu şəhərdə olsan, o sənin yaddaşına birdəfəlik həkk olunur. Keçmişlə müasirliyin, dünənlə bu günün, şərqlə qərbin vəhdəti, son dərəcə qonaqpərvər, istiqanlı azərbaycanlıların vətəni, dünyanın ən dadlı yeməklərinin məskəni kimi. Mənim doğma Bakım haqqında o qədər söz demək olar ki. İnanmıram ki, dünyanın hansısa bir şəhəri qısa zaman kəsiyində bütün sahələrdə belə inkişaf etsin. Bu gün Bakı həm də bütün dünyada elmin, mədəniyyətin, incəsənətin, yuxarıda qeyd etdiyim kimi, tolerantlığın vətəni kimi tanınır”.

 

Zadə məntiqi

 

Bu gün dünya elminə Lütfi Zadənin 6 mühüm nəzəriyyəsi məlumdur. Yaratdığı nəzəriyyələrlə dünya elmində inqilabi çevriliş edən və dünyanın ümumi mənzərəsini dəyişdirən görkəmli alimin nəzəriyyələri elm və istehsalatda geniş şəkildə tətbiq olunur. Lütfizadə dünya şöhrəti qazandıran, onun dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsidir. “Mən bilirdim ki, bu çox vacibdir. Lakin heç zaman bunun dünya şöhrətli fenomen olacağını istəmirdim. Mənim gözləntilərim daha çox təvazökar idi. Elmi araşdırmalarımın əsasında belə bir fikir dururdu: təbii dilə əsaslanan real insan mühakimələri ənənəvi riyazi formalizmlər çərçivəsində verilə bilməz. O zaman mənim novator ideyalarım müxtəlif elmi dairələrdə, xüsusilə «xalis riyaziyyatçılar» arasında ehtiyatla, bəzi hallarda isə soyuq qarşılanırdı”- deyə alim xatırlayır.

Lütfizadənin qeyri-səlis məntiqini obrazlı şəkildə belə izah etmək olar: “Züdə məntiqi dünyanı bütün çalarları ilə qavramağa imkan verir”.

 

Lütfi Zadə ilə şəkil çəkdirmək

 

Qayıdaq yazının əvvəlində toxunduğumuz məsələyə, niyə Lütfi Zadənin adından istifadə edirlər? Hansısa konfransda Lütfi Zadə ilə yanaşı dayanıb şəkil çəkdirmək, ya da nəsə kəlmə kəsmək kimə əsas verə bilər ki, adını bu böyük alimin adına calaq eləsin. Burada yalnız bir məqsəd ola bilər Lütfi Zadə zirvəsindən pay ummaq. Əgər kimsə özünü bu dahi şəxsiyyətin tələbəsi hesab edirsə, niyə müəlliminə xilaf çıxıb Azərbaycana, onun müstəqil dövlətinə münasibətdə eyni mövqeyin paylaşmır? Bəlkə heç Lütfi Zadənin belə adda tələbəsi olmayıb? Dünya şöhrətli akademik qeyri-səlis məntiq nəzəriyyəsini kəşf etməklə dünyanı yalnız ağ, qara rəngdə görən adamlara sübut elədi ki bu iki rəngin arasında nə qədər fərqli çalar var. Yəni hər şeyi yalnız pisə və yaxşıya bölmək olmaz. Bəs niyə özünü bu nəzəriyyənin davamçısı olduğunu iddia edənlər hər şeyi yalnız qara rəngdə görür?  

 

“Belə mühitdə böyüdüyüm üçün...”

 

Vətəni Azərbaycanda Lütfi Zadə şəxsiyyətinə daim diqqət göstərilir. Görkəmli alim haqqında "Müasir elmin korifeyi, "Dünya dahilərsiz yaşaya bilmir" adlı kitablar işıq üzü görüb. Amerikada Azərbaycan diaspor təşkilatlarının fəxri sədri kimi böyük alim dünya azərbaycanlılarının birliyi uğrunda da çalışır.

1996-cı ildə rejissor Oqtay Babazadənin quruluş verdiyi “Uzaq və yaxın Lütfi Zadə” sənədli  filmi çəkilib. Filmdə böyük alimin bütün həyatı, elmi uğurları öz əksini tapıb. Hazırda onun iştirak etdiyi bütün beynəlxalq konfranslar bu filmlə başlayır. Təşkilatçılar onun haqqında əlavə məlumat verməyə ehtiyac duymurlar. Çünki onların söyləyəcəklərini "Uzaq və yaxın Lütfi Zadə" filmi daha geniş şəkildə deyir. “Evimdə Azərbaycanın görkəmli bəstəkarları – Qara Qarayevin, Fikrət Əmirovun, Cövdət Hacıyevin, müğənnilərdən Şövkət Ələkbərovanın, Bülbülün, Lütfiyar İmanovun, Flora Kərimovanın albomları var. İmkan düşdükcə onları dinləyirəm. Azərbaycan dilini yaxşı başa düşürəm. Sadəcə, səhv edə biləcəyimdən çəkinərək doğma dildə də danışmıram. Azərbaycan dilində təmiz danışmağım üçün 3-4 gün azərbaycanlıların arasında qalmağım bəs edər. Heç zaman azərbaycanlı olduğumu gizlətməmişəm, əksinə bununla qürur duymuşam. Geriyə dönüb baxanda düşünürəm ki, belə mühitdə böyüdüyüm üçün necə xoşbəxt olmuşam”- deyə Lütfizadə bildirib.

90 yaşını adlayan alim iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə azərbaycanlı olduğunu vüqarla səsləndirir. Bu gün Lütfi Zadə nəzəriyyələri nəticəsində milyardlar qazanan şirkətlər, böyük dövlətlər onu müxtəlif mükafatlar və fəxri adlarla təltif ediblər. Bu adların içərisində bütün soydaşlarımızın, Türk dünyasının qəlbini qürur hissi ilə dolduran yeganə bir ad var - AZƏRBAYCANLI. Heç şübhə yoxdur ki, Lütfi Zadənin özü üçün də bu ad, aldığı bütün mükafat və adlardan daha əzizdir.

 

 

Təranə Məhərrəmova 

 

Kaspi.-2011.-17 noyabr.- S.9.