Tərifləsələr,
maraqsız olar
Fuad Muradov: “Tənqid edirlər ki,
reaksiya verək və qrant almaq şansları
çoxalsın”
“Amnesty İnternational” təşkilatı yaxın günlərdə Azərbaycanda insan haqları ilə bağlı hesabat yayıb. Hesabatda yer alan məsələlərin həqiqəti əks etdirmə baxımından nə qədər düzgün və qərəzsiz olmasını Milli Məclisin deputatı Fuad Muradovla aydınlaşdırmağa çalışdıq.
– Fuad müəllim,
məlumdur ki, “Amnesty İnternational” Azərbaycan haqqında həqiqəti
əks etdirməyən hesabat yayımlayıb. Orada göstərilib
ki, son illər Azərbaycanda vətəndaş
hüquqları və siyasi azadlıqlar məhdudlaşdırılıb.
Sizcə, bu kimi təşkilatlar nəyə əsaslanır,
onların əsas qayəsi nədir?
– Bir
çox beynəlxalq təşkilatlar var ki, (bunlar əsasən
qeyri-hökumət təşkilatlarıdır) onların öz
proqramları, missiyaları var. Təbii ki, onların
yanaşması tənqidi olmasa, o təşkilata heç vaxt
maraq olmaz. Ona görə də onlar çalışırlar
ki, əksər hallarda tənqidi hesabatlar yaysınlar.
Onların “əsasları” isə çox vaxt heç bir fakta
söykənmir. Xüsusilə də “Amnesty İnternational”
kimi qurumları göstərmək olar. Əgər soruşsaq
ki, bu hesabat necə formalaşıb, hansı bilgilərə əsaslanıb,
onlar heç nə deməyəcəklər. Deyəcəklər
ki, filan qəzetdə belə yazılmışdı, filan
adamlar belə demişdi və s. Amma konkret olaraq nəyin əsasında
və yaxud da hansısa rəsmi məlumatı bizə göstərə
bilməyəcəklər.
Bu
haqda hərdən Milli Məclisdə də müzakirələr
olur. Biz orada fikrimizi bildiririk ki, həmin beynəlxalq təşkilatlarda
oturan insanlar hansısa qeyri-ciddi mənbəyə əsaslanaraq
hesabatlarını həyata keçirirlər. Hətta mənim
yadımdadır ki, bir il öncə Dövlət Departamentinin
hesabatı vardı, orada Azərbaycan tələbələri
ilə bağlı səhv bir fikir getmişdi. Sonra biz onu
araşdırdıq və onlara müraciət etdik. Onlar
bildirdilər ki, bəli, səhv yanaşma olub, düz mənbədən
istifadə etməmişik. Gördük ki, onların göstərdiyi
məqam heç bir fakta söykənmir. “Amnesty
İnternational”a desək ki, siz bunları yazmısınız,
indi faktları bizə verin ki, araşdıraq, bunu heç
vaxt təqdim edə bilmirlər.
– Eləysə onlar nəyə nail
olmaq istəyirlər?
– Bu
məlumatları elə-belə sənəd kimi yayırlar ki,
təşkilatları tanınsın və bizim ona
reaksiyamız olsun. Əslində bizim reaksiyamız onların təşkilatının
nüfuzunu qaldırır və onların yeni qrant almağa da
şansları çoxalır.
–
Hesabatda deyilir ki, hazırda Azərbaycan hökuməti internet
mediasının tənzimlənməsi üçün
hüquqi çərçivə hazırlanması məsələsinə
baxır. Onu da deyirlər ki, bu istiqamətdə olan qanunlar
layihəsinin qəbulu internet istifadəçilərinin
informasiya almalarını məhdudlaşdıra bilər…
–
Parlamentin üzvü olaraq bütün iclaslarda iştirak edirəm.
Mən parlamentdə, yaxud komitədə və ya hansısa
deputat təşəbbüs qrupundan belə bir məlumat
eşitməmişəm. Bu haqda, xüsusilə, qanunvericiliyin
sərtləşməsi ilə bağlı heç nə
eşitməmişəm. Yəni belə bir məsələ
yoxdur. Bu gün bütün dünyada təhlükəsiz
internet ifadəsi var. Bu, nə deməkdir? Bilirsiniz ki,
qadağan olunmuş porno saytlar, müəyyən aqressiya
artıran saytlar var. Qadağalar isə o ola bilər ki,
azyaşlı gənclər onlardan istifadə etməsinlər.
Bununla isə tək Azərbaycan deyil, bütün dünya
mübarizə aparır.
– Təşkilatın hesabatında
yer alan məsələlərdən biri də qəzetlərimizlə
bağlıdır. Orada deyilir ki, 80% qəzet dövlətin
mülkiyyətindədir. Buna münasibətiniz necədir?
– Azərbaycan
dövlət qeydiyyatından keçmiş qəzetlərin
sayına görə, bəlkə də Avropada birinci yerdədir.
O hesabatda hansı mülkiyyətdən söhbət gedir, mən
bilmirəm. Kütləvi İnformasiya Vasitələri
haqqında qanunda göstərilib ki, bir ərizə yazmaqla həmin
informasiya vasitəsini qeydiyyatdan keçirmiş olursan. Hətta
sənə rəsmi cavab da gəlməlidir. Yəni bu istiqamətdə
bizim qanunvericiliyimiz bütün Avropa ölkələrinin
qaydalarına uyğundur. Bizdə ümumiyyətlə, qəzetlərin
dövlət mülkiyyəti anlayışı yoxdur. Bizdə
var müstəqil qəzetlər, var hansısa siyasi
partiyanın nəzdində olan qəzetlər, bir də
internet məkanında olan veb səhifələr.
Həmin
o beynəlxalq təşkilatlar Azərbaycan KİV-ni
araşdırsalar, görərlər ki, istənilən
mövzuda olan yazıları oradan tapmaq mümkündür.
Bildirmək istəyirəm ki, həqiqətən Azərbaycanda
bəzi Avropa ölkələrindən də artıq KİV
qeydiyyatdan keçib və istədiklərini də azad şəkildə
ictimaiyyətə çatdıra bilirlər.
– “Amnesty İnternational” hesabatda nəticə
olaraq vicdan məhbusları məsələsinə toxunub və
bu barədə Avropa Komissiyasına müraciət ediblər. Müraciətdə
hökumətdən xahiş olunur ki, vicdan məhbusları dərhal
azadlığa buraxılsın. Sizcə, vicdan
azadlığı anlayışı nədir, bunun hüquqi tərifi
varmı?
–
Bizim bir çox beynəlxalq təşkilatlarda
üzvlüyümüz var. Bu haqda məsələlər ortaya
çıxdıqda biz də deyirik ki, bizə siyasi məhbusluğun,
vicdan məhbusluğunun anlayışını verin. Yəni
bütün dünyada bu anlayışları hər kəs
öz başa düşdüyü kimi qəbul edir.
Ümumiyyətlə isə, siyasi vicdan məhbusu
anlayışı yoxdur. Hansısa beynəlxalq təşkilatın
təhlili nəticəsində fikirlər formalaşır.
Onlar da təbii ki, hər ölkədə başqa cür qəbul
olunur. Biz də onun tərəfdarıyıq
ki, siyasi və vicdan məhbusu anlayışı olsun, biz isə
onu görək və o məsələləri qanunvericiliyimizə
daxil edək.
– Hesabatda göstərilib ki, Azərbaycanda
insan haqları 2009-cu ildə yayılan hesabatdan bəri guya
daha da pisləşib. Ümumiyyətlə, Azərbaycanda
insan haqlarının vəziyyətinə necə münasibət
bildirərdiniz?
– Əgər
onlar desəydilər ki, 2009-cu illə nisbətdə vəziyyət
müsbətə dəyişib, təbii ki, buna heç bir
maraq olmazdı. Ona görə də onlar məsələyə
əks istiqamətdə yanaşırlar ki, təşkilatları
tanınsın, məşhurlaşsın. Bizim qanunvericilik
bazamızda hər bir insanın hüquqi vəzifələrinin
anlayışı verilib. Azərbaycan demokratik-hüquqi əsaslara
dayanır, insanların əksəriyyəti ölkədə
gedən islahatlardan, ictimai ab-havadan çox razıdırlar. Nəzərə
almaq lazımdır ki, biz müharibə şəraitindəyik,
1 milyondan artıq qaçqın və köçkünlərimiz
var. Bu baxımdan bəli, bizim qaçqın və məcburi
köçkünlərimizin hüquqları - vətəndə
yaşamaq, mülkiyyət və s. hüquqları pozulub. Təəssüflər
olsun ki, beynəlxalq aləm hələ də bu məsələyə
öz etirazını bildirmir. Yüzlərlə
insanımız hələ də girovdur, əsirdir. “Amnesty
İnternational” da beynəlxalq təşkilat kimi əslində
bu işlərlə məşğul olmalıdır.
Elgün Mənsimov
Kaspi.-2011.-18 noyabr.-S.4.