“İkinci
belə bir səs sahibi
dünyaya gəlməyib”
Xan Şuşinskinin
110 illiyi qeyd edilib
Beynəlxalq Muğam Mərkəzində
Azərbaycanın görkəmli xanəndəsi, xalq artisti Xan
Şuşinskinin anadan
olmasının 110 illiyi münasibətilə
tədbir keçirilib. Muğam
Mərkəzinin foyesində görkəmli muğam
ifaçısının həyat və
yaradıcılığını əks etdirən fotosərgi
nümayiş etdirib. Yubiley mərasimi Opera və
Balet Teatrının baş
rejissoru Hafiz Quliyevin rejissorluğu, Milli Məclisin deputatı, Nizami
Gəncəvi adına Milli Ədəbiyyat
Muzeyinin direktoru Rəfael
Hüseynovun aparıcılığı
ilə baş tutub.
R.Hüseynov
Xan Şuşinskinin müstəsna istedada, geniş diapazonlu,
gur və məlahətli səsə, yüksək
ifaçılıq mədəniyyətinə malik olduğunu
qeyd edib. R.Hüseynov xanəndənin həyatından,
uşaqlıq dövründən də söz açıb:
“Xan Şuşinski Azərbaycanın canlı konservatoriyası
sayılan Şuşa şəhərində dünyaya göz
açıb. Əsl adı İsfəndiyar olsa da, məclislərin
birində onun məharətli ifası bütün qonaqları
heyran etdiyindən ustadı İslam Abdullayev şagirdinə
“Xan” adını verib.
Tədbirdə
sənətkarın həyat yolunu və ifaçılıq məharətini
əks etdirən videomateriallar nümayiş olunub. Gecədə
tanınmış və gənc muğam ifaçıları
geniş konsert proqramı ilə çıxış ediblər.
Mərasimdə iştirak edən Azərbaycanın xalq artisti
Habil Əliyev bildirib ki, bu gün sənət
adamlarının hər birinin Xan Şuşinskiyə borcu var:
“Çünki o bizim sənətimizi çox zirvələrə
və yüksəklərə qaldırıb, xətirli,
hörmətli edib. Bu tədbir bizim Azərbaycanımızın
Xan əmisinin gecəsidir. Bu insan həqiqi Xan və xanəndə
olub. Mən bura sürünə-sürünə də olsa, gəlməli
idim. Bu hər birimizin borcu idi. Allah Xan əmiyə rəhmət
eləsin”.
Akademik
Vasim Məmmədəliyev Azərbaycan mədəniyyət
tarixində ikinci Xan Şuşinskinin olmadığını
vurğulayıb: “İkinci belə bir səs sahibi dünyaya gəlməyib.
Xan əsrarəngiz səs sahibi idi. Onda olan səs, məlahət,
şirinlik heç bir kimdə olmayıb. Xan elə bir sənətkar
olub ki, onun səsini Cabbar, Seyid Şuşinski, Ələsgər
Abdullayev kimi nəhənglər də bəyənib. Ələsgər
Abdullayev ona deyib ki, səsini qoru, inanmıram ki, bundan sonra belə
bir səs ola. Xan bizim çox böyük sənətkarımızdır.
Xan özü bir məktəbdir”.
Kaspi.-2011.-23 noyabr.-S.16.