Uşaqların sevgisi tamam başqadır 

Gənc aktrisa Roza İbadova: “Onlar yerlərində otura-otura sanki həm də səhnədə səninlə birgə həyəcan keçirirlər, oynayırlar”

 

Roza İbadova gənc aktrisa kimi artıq bir çox rollarda çıxış edib və çalışdığı kollektivin sevimlisinə çevrilməyi bacarıb. Hazırda o, Mədəniyyət və İncəsənət Universitetinin 4-cü kurs tələbəsidir. Artıq 2 ildir ki, Gənc Tamaşaçılar Teatrında çalışır. Gənc olmasına baxmayaraq, yaddaqalan obrazlarla daim tamaşaçıların rəğbətini qazanan R.İbadova hələ özünündediyi kimi, sənətin ilk pillələrindədir. Onunla müsahibə hazırlamağa gedəndə həmin gün oynanılacaq tamaşanın məşqləri gedirdi. Roza xanımla söhbətimizə elə həmin tamaşadan başladıq.

- Roza, xanım indi hansı tamaşanın hazırlığı gedir?

- İndi biz “Qaraca qız” tamaşasını hazırlayırıq. Bu tamaşa uzun illərdir ki, oynanılır. Bu tamaşada Xədicə rolunda çıxış edəcəyəm. Tamaşa Süleyman Sani AxundovunAbdulla Şaiqin birgə ssenarisi əsasında səhnələşdirilib. Hazırda sevimli aktrisamız Aybəniz xanımı əvəz edirəm, çünki o, analıq məzuniyyətindədir. Bir həftədir ki, bu tamaşanı məşq edirəm, özüm üçün də maraqlı eksperimentdir. Ümumiyyətlə, mən yeniliyi, həyəcanı sevirəm. Belə olmayanda özüm üçün də darıxdırıcı olur. Tamaşaya hazırlıq müddətinin az olmasına baxmayaraq, özümü hazır hiss edirəm. Bu inam da mənə güc verir. Həmişə fikirləşirəm ki, gərək səhnədə özünə inanasan, özünə inanmayanda gücsüzlüklərdən asılı qalırsan. Bu fikri universitetdə müəllimlərimiz, teatrda isə rejissorlar bizə çox deyib.

- “Məhv olmuş gündəliklər” tamaşasında sizin rolunuz daha cəlbedici idi. O tamaşadakı rolunuzu bəyənirsinizmi?

- Məncə, hansı işdə sevgi varsa, o uğurlu olur. Həvəssiz və sevgisiz səhnəyə çıxa bilmirəm. Çünki aktyorun tamaşaçı sevgisinə ehtiyacı var. Alqış, sevgi, qayğı, yaxşı rol, verilən rolun yaxşı nümayişi hər aktyorun arzusudur. İlk rolum Carz Dikkensin “Oliver Tvistin macəralarıəsərində Oliver rolu olub. Oliver mənim həyatımın ən böyük sevgisidir. O rolu heç bir rol əvəz edə bilməz. Məni o rola Cənnət Səlimova məsləhət gördü, sonra Vaqif Əsədov bəyəndi etibar elədi. İnanıram ki, az da olsa etibarını doğrultmuşam. O rolu yalnız mən oynayıram, dublyorum da yoxdur.

- Bəs gənc Tamaşaçılar Teatrına gəlməyin necə oldu?

- Gənc Tamaşaçılar Teatrına gəlməyim Cənnət Səlimovanın istəyi ilə reallaşdı. O oxuduğum universitetdə kurs işində oynadığım rolu bəyəndi məni dəvət etdi.

- Səndə teatra həvəs haradan qaynaqlanır?

- Əvvəllər mən heç aktyor olmaq istəmirdim. Birinci kursda oxuyanda müəllimim mərhum Faiq Zöhrabovun bizimlə işləməyi bütün tələbələr kimi məndə maraq yaratdı. Sonra isə teatrımızın rəhbəri Mübariz müəllimin gənclərin istedadına verdiyi önəm məni daha da ruhlandırdı. Mən təkcə özümün irəli getməyimdən ruhlanmadım. Çünki gördüm ki, az da olsa istedadı olan hər aktyora rəhbərlik, rejissorlar kömək etməyə, üzə çıxarmağa, rol verməyə çalışırlar. Aktyora da lazımdır bundan artıq? Sonralar tamaşaçıların da alqışı məni səhnəyə daha da bağladı.

- Sizcə, tamaşaçının çox olması vacibdirmi?

- Əlbəttə, tamaşaçıların çox olması hər aktyorunun istəyidir. Amma elə rollar var ki, o, aktyora sənət baxımından önəmlidir. Sənət olan yerdə hər şeyə göz yumursan, hətta tamaşaçı azlığına da. “Oliver Tvistin macəralarıəsərini isə bir tamaşaçı da olsa oynamağa hazıram.

- Kinolara necə, dəvət almısınızmı?

- Birinci kursda oxuyanda Eldar Quliyevinİstanbul reysifilmində rol almışam. Daha sonra isə iranlıların çəkdiyiTacirləradlı çoxseriyalı filimdə oynamışam. Filmlərə çəkilməyə təkliflər olur. Amma tələbə olduğuma görə dərslərdən imkan olmur. Sağ olsunlar, teatrda tələbə olduğumu nəzərə alırlar. Amma film çəkilişləri elə deyil. Müqavilə bağlamısansa, hansı işdə çalışmağından asılı olmayaraq mütləq gedib iştirak etməlisən.

- Mətbuatda teatrların təbliği səviyyəsi sizi qane edirmi?

- Düzü, yox. Çünki yalnız premyeralar olanda, tamaşalar təhvil veriləndə gəlib yazırlar, şəkillər çəkirlər. Yerdə qalan vaxtlar demək olar ki, qəzetlərin çoxu teatrlarla ciddi şəkildə maraqlanmırlar. Sizin qəzetinizin yeni başladığıGənclər rubrikasıçox xoşumuza gəlir, izləyirik. Gənc aktyorları, rəssamları, rejissorları, sənətşünasları xalqa təqdim edirsiniz. Yaxşı olar ki, digər qəzetlər bu işlə məşğul olsunlar.

- Sizin görünüş fakturanız imkan verir ki, uşaq tamaşalarında da iştirak edəsiniz. Bu, bir aktrisa kimi sizə hansı əlavə imkanlar yaradır?

- Bəli, görkəmcə uşağa xas əlamətlərim, balacalığım bəzi məqamlarda mənə çox kömək olur. Siz bu cəhəti çox doğru müşahidə eləmisiniz. Pişiyin evitamaşasını oynayanda uşaqlar məni xeyli alqışladılar. Onların sevgisini duyandan sonra öz-özümə dedim ki, daha uşaqlar üçün oynamalıyam. Çünki uşaqların sevgisi tamam başqa bir şeydir. Onlar yerlərində otura-otura sanki həm səhnədə səninlə birgə həyəcan keçirirlər, oynayırlar. Böyüklərdə isə o sevinci, o təəccübü yaratmaq olmur.

Fərid Hüseyn 

Kaspi.-2011.-30 noyabr.- S.9.