Sözün Nurafizi
NURAFİZin “Hamı işıqdan keçir” adlı ilk şeirlər kitabını oxuyub qurtarandan sonra ilk ağlıma gələn fikir bu oldu: Bu adam şeirin axtarıb tapdığı adamdır. Bu şair sözün özünün kəşfidir.
Onun öz şeirləri ilə(və ya əksinə, şeirlərinin Nurafizlə) qəribə ünsiyyətini hiss elədim hər addımda. Başa düşdüm ki, poeziyanın özəl bir sevgisi var Nurafiz bəyə. Niyəsini, nədənini deyə bilmərəm. Bu mənim üçün də sirr olaraq qaldı. Eləcə onu deyə bilərəm ki, bu şair bir çoxları kimi şeirin arxasınca pələsəng olmur, onu arayıb-axtarmağa cəhd eləmir. Amma nədənsə bir-birindən gözəl, dürlü-dürlü poetik tapıntılar onu addım-addım izləyir elə bil. Məqam düşən kimi yaxalayır onu. Nurafizin isə onu yazmaqdan başqa çarəsi qalmır.
Nə xoş o şairin halına ki, sözün ona sevgisi var.
Yoxsa, sözü – özü də poeziyanın qoynunda
cilvələnən sözü kim sevmir ki?!
Allah, haray çəkirəm,
Görən yoxdu bu dərdi.
Susdum ki, lalam daha,
İçimdən söz
göyərdi.
Söz hər kişinin içini bəyənib
seçmir. Hər ürəkdə toxumluq dən kimi göyərib
boy atmır. O qədər sözün
ardıyca ayaqyalın, başaçıq yüyürənlər
var ki, gəl görəsən...
Onlar qaçdıqca söz
də onlardan qaçır.
Qəm dəhmərlər çəhlim boyu
Ağ günümün ağ atını.
Görən harda isladıbdı
Kəm bəxtim öz
barıtını?
Sözlər sanki misralara nəqş olunub. Zərgər
dəqiqliyi, barmaq yaddaşı, könül
göyçəkliyi bəndi
elə cilalayıb ki, iki göz
gərəkdi tamaşa
eləsin...
Fikri zorla mindirəndə
Nalsız
misranın tərkinə,
İki ömür bəs eləmir
Dözməyə sözün ərkinə.
Yandım,
Allah, nə zalımmış
Yetim dərdin
ərköyünü.
Söz gəzirəm çitəməyə
Ömrün-günün söküyünü.
Məndən başqa pay ummasın
Qohum-qardaş daha, lələ.
Gümanın bir sözə idi,
O da ki yoxumdu
hələ.
Nəhayət, şair qardaşım bu şeirdə mənim onun haqqında söylədiklərimi
etiraf etdi. Sözün ona
ərk elədiyini boynuna aldı. Eyni zamanda onu da
dilə gətirdi ki, sözün ərkinə dözmək
hər kişinin işi deyil. Söz səni seçib, səni sevəndə onun ərki də zülüm olur. Yaxşı ki, belə mübarək əzablara
tab gətirmək üçün
ürəyində təpər,
gözlərində nur,
dizində taqət var Nurafizin.
Bə nə bilmişdin, əziz dost?!
O ki, qaldı umacaq məsələsinə...
Heç kimin bu gözəl şeirdən artıq səndən bir şey ummağa haqqı yoxdu,- düşünürəm.
Bu şeirin ovqatında
haldan-hala düşən
adam özgə
nə uma bilər səndən?
NURAFİZ çağdaş poeziyamızda o şairlərdəndi ki, şeirləri məna yüklü, salğarlı və ləngərli bir söz karvanı misallıdı. Bu karvanın sarvanı ağıllı, təmkinli və tədbirli, uca könüllü və səxavətli bir türk kişisidir. Bu karvanın yükündəki matahdan hamımıza pay düşür, əziz oxucu.
Buyurun, oxuyun, payınızı götürün. Halal xoşunuz olsun!
İbrahim İLYASLI
Kaspi.-2011.-1-3 oktyabr.- S.16.