Kağız
üzərində mövcud olan muzey
Qarabağ Tarixi Muzeyinin
yaradılması lazımdırmı?
Torpaqlarımız
təcavüzə məruz qalandan bəri işğal
altında olan maddi-mənəvi sərvətlərimiz
haqqında danışılır. Ölkənin rəsmi dairələrində
məsələyə münasibət bildirilir, problemin beynəlxalq
ictimaiyyətin diqqətinə çatdırılmasından
ötrü müəyyən addımlar atılır.
Reallıq
isə budur ki, hazırda işğal olunmuş ərazilərdə
40 mindən artıq əşyanın toplandığı 22
muzey erməni silahlı dəstələri tərəfindən
dağıdılıb. Belə ki, muzeylər arasında keçmiş SSRİ-də yeganə
olan Ağdam Çörək muzeyi şəhərin
bombardmanı zamanı məhv edilib, Kəlbəcər
tarix-diyarşünaslıq muzeyinin 13 minədək,
Laçın tarix-diyarşünaslıq muzeyinin 5 mindən
çox qiymətli və nadir əşyası Ermənistana
aparılıb.
Şuşanın
zəbt edilməsi nəticəsində 8 muzey, 31 kitabxana, 17
klub, 8 mədəniyyət evi viran edilib. Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər,
Xocalı və Laçın rayon muzeylərinin eksponatları
tamamilə erməni işğalı altında qalıb.
Şuşa şəhərinin tarixi muzeyinin 5 minədək əşyası,
Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti
Dövlət muzeyi Şuşa filialının, Dövlət
Qarabağ Tarixi muzeyinin 1000-dək əşyası, Ağdam
tarix-diyarşünaslıq muzeyinin (2 mindən çox əşya),
Qubadlı tarix-diyarşünaslıq muzeyinin (3 mindən
çox əşya), Zəngilan tarix-diyarşünaslıq
muzeyinin (6 minədək əşya) fondları qarət edilib.
Görkəmli Azərbaycan musiqiçisi Qurban Pirimovun
Ağdam rayonundakı xatirə muzeyi, Cəbrayıl,
Füzuli, Xocalı rayonlarının
tarix-diyarşünaslıq muzeyləri də
dağıdılıb.
Vahid işğal muzeyi
Söz
Azadlığı Müdafiə Fondunun (SAMF) işğal
olunmuş ərazilərdə apardığı
araşdırmalardan da məlum olub ki, bütünlükdə
9 rayonun tarix-diyarşünaslıq muzeylərinin vəziyyəti
və eksponatlarının taleyi qənaətbəxş deyil.
Fondun Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurasının maliyyə dəstəyi ilə həyata
keçirdiyi “Dağlıq Qarabağ münaqişəsi nəticəsində
zərər çəkən rayonların
diyarşünaslıq muzeylərinin virtual pilot şəbəkəsinin
yaradılması” layihəsi çərçivəsində
apardığı müxtəlif istiqamətli tədqiqatlardan
məlum olub ki, Azərbaycanda fəaliyyət göstərən
muzeylər arasında Dövlət Qarabağ Tarixi Muzeyinin də
adı var. SAMF-ın
icraçı direktoru Vüqar Tofiqli işğal altında
olan diyarşünaslıq muzeylərinin vəziyyəti və
işğalda qalan muzeylərlə bağlı vahid bir mərkəzin
yaradılması təklifi ilə hazırladıqları məktubu
əlaqədar qurumlara, o cümlədən Mədəniyyət
və Turizm Nazirliyinə ünvanlayıb: “Muzeylərin
eksponatları, işğal altında qalan maddi-mədəni
irslə bağlı bütün məqamlar həmin muzeydə
öz əksini tapsın və bu, protokol qaydasına
salınsın. Əsas məqsəd bütün bu
eksponatların ölkəmizə gələn xarici qonaqlara təqdim
olunmasıdır. Yəni onlar bilsinlər ki, bizə bu qədər
ziyan dəyib, həmin ərazilər bizimdir və s.
SAMF-ın
araşdırmalarından məlum olub ki, 1991-ci ilin əvvəllərində
keçmiş mədəniyyət naziri Polad
Bülbüloğlunun sərəncamı ilə Şuşada
Qarabağ Tarixi Muzeyi yaradılıb və muzeyin ştat cədvəli
də müəyyən olunub. Altı ay müddətində həmin
muzeyə 1500-dən artıq eksponat toplanıb. Ancaq həmin
dövrlərdə hökm sürən gərgin vəziyyət
ucbatından muzey üçün yer müəyyənləşdirilməyib
və eksponatlar da nümayiş etdirilməyib. Nazirin əmri də
elə kağız üzərində qalıb. Yəni əmrin
icrası ilə bağlı heç bir addım
atılmayıb.
V.Tofiqli
muzeyin struktur olaraq nazirliyin saytında da yerləşdirildiyini
bildirir: «Əgər struktur varsa, nazirliyin özü də
maraqlı olmalıdır ki, həmin strukturun fəaliyyəti
hansı şəkildə qurulub». SAMF direktoru hesab edir ki,
muzeyin yaradılacağı təqdirdə işğal
altında olan rayonların maddi-mədəni irsi barədə
konkret material toplayıb gələn ziyarətçilərə
nümayiş etdirmək mümkündür: “Biz hamıya
isbatlaya bilərik ki, işğal olunan ərazilərdə
hansı eksponatlar olub”.
Arxeoloji eksponatların taleyi
Bundan
əlavə, SAMF işğal altında olan 9 rayonun
diyarşünaslıq muzeyləri haqqında da ətraflı
məlumat toplayıb və o materiallar diyarşunasliq.az
saytında yerləşdirilib. Fondun araşdırmalarına
görə, tarix-diyarşünaslıq muzeylərinin əksəriyyətində
olan zəngin eksponatlar o zaman Mədəniyyət Nazirliyinin
Muzey Mərkəzinə təhvil verilib. «Qaydalara görə,
fors-major halları nəzərdə tutulmadığı
üçün həmin eksponatların
çıxarılması qanuna zidd olub. Müəyyən mənada
eksponatların həmin muzeylərdən
çıxarılması sual altında qalıb. O vaxtkı
siyasi çəkişmələr prosesin lazımınca yerinə
yetirilməsinə imkan verməyib. Nəticədə muzeylərin
saysız-hesabsız eksponatları işğal altında
qalıb. Təkcə Lətif Kərimovun təşəbbüsü
ilə yaradılan Xalça Muzeyinin eksponatlarını və
Şuşa, Füzuli və Cəbrayıl rayon muzeylərinin
eksponat fondundan qismən materialları çıxara biliblər.
Həmin eksponatlar da Muzey Mərkəzinin fonduna təhvil
verilib. Ancaq onların taleyi necə olub? Biz onları
nümayiş etdirə bilirikmi?»
SAMF
direktoru bildirir ki, o muzeylərin bir qismi hazırda fəaliyyətini
davam etdirir. Belə ki, Xocalı diyarşünaslıq muzeyi
işləyir. Laçın muzeyi hansısa yataqxananın bir
otağında, Ağdam diyarşünaslıq muzeyi Qaradağ
rayonunda fəaliyyət göstərir. Tutaq ki, Ağdam muzeyində
1500, Laçın muzeyində 1000, Xocalı muzeyində 1500
eksponat var. Ancaq gəlin görək həmin muzeylər
bugünkü standartlara cavab verirmi?”
V.Tofiqlinin
sözlərinə görə, AMEA-nın arxeoloji
ekspedisiyası mütəmadi olaraq həmin ərazilərdə
qazıntı işləri aparır və onlar gətirdikləri
eksponatları tədqiq edirlər. “İndiyə kimi 100-150
eksponatı sərvət olaraq diyarşünaslıq muzeylərinə
hədiyyə ediblər. Ancaq biz həmin sərvətləri
gələcək nəsillərə ötürə biləcəyikmi?
Ərazilərdən hansı eksponatların tapılması
haqqında onlara məlumat verə biləcəyikmi?
Saytlarda
həmin materiallar yerləşdirilib. Ancaq mühafizə sistemi
yoxdur. Fəaliyyətdə olan muzeylərdə
apardığımız monitorinqlər nəticəsində məlum
olub ki, muzeylər birotaqlı,
şəraitsiz yerlərdə fəaliyyət göstərirlər,
digər tərəfdən
havasızlıq, həm
muzey əməkdaşlarının normal fəaliyyətini,
həm də toplanmış eksponatların qorunmasını
ciddi şəkildə sual altına qoyur”.
Gündəmdə olmayan məsələ
Qeyd
edək ki, rəsmi mənbələrdə işğal nəticəsində
respublikamıza dəyən ümumi zərərin məbləğinin
orta hesabla 7 milyard ABŞ dolları
civarında olduğu göstərilir. «Hələlik bizdə
bu qiymətin hansı standartlarla öyrənilməsi ilə
bağlı sistem yoxdur. Dünyada isə maddi-mədəni sərvətlərə
dəyən ziyanı öyrənən sistem mövcuddur.
Güman edirəm ki, bununla bağlı müvafiq strukturlar tərəfindən
sistemli iş aparılmalıdır. Dövlət Qarabağ
Tarixi Muzeyinin yaradılması, fəaliyyətinin bərpası,
sistemli şəkildə inkişafı da məhz həmin
proqramın tərkib hissəsindən biri olmalıdır.
Burada da maraqlı olan tərəf, daha doğrusu,
icraçı tərəf bu siyasəti həyata keçirən
Mədəniyyət və Turizm Nazirliyidır»- deyə V.Tofiqli
bildirir.
Qeyd
edək ki, Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət
siyasəti şöbəsi Vüqar Tofiqlinin
ünvanladığı məktuba cavab olaraq SAMF-ın
«Tarixdiyarşünaslıq muzeyləri və erməni
vandalizmi» mövzusunda keçirdiyi Dəyirmi masanı təqdirəlayiq
hesab edib. «İşğal olunmuş ərazilərin fəaliyyət
göstərməyən muzeylərinin, o cümlədən
90-cı illərdə əsası qoyulan Dövlət
Qarabağ Tarixi Muzeyinin işinin canlandırılması, habelə,
işğal olunmuş muzeylərə dəymiş maddi
ziyanın indiki qiymətlərlə hesablanması məsələsini
aktual hesab edir və bu işdə fond tərəfindən bizə
göstəriləcək əməli köməyə görə
öz minnətdarlığımızı bildiririk» - deyə
cavab məktubunda yazılıb.
Nazirliyin
mədəniyyət siyasəti şöbəsinin müdiri
Fikrət Babayev «Qarabağ Tarixi
Muzeyinin yaradılması ehtimalı varmı?» sorğumuza cavab
olaraq bildirdi ki, hazırda bu muzeyin yaradılması gündəmdə
deyil: «Qarabağ muzeyi hər halda Qarabağda
yaradılmalıdır. Biz güman edirik ki, gün gələcək,
işğal altında olan torpaqlarımız geri qayıdacaq.
Torpaqlarımızın erməni əlində olması
müvəqqəti bir haldır. Məncə, Qarabağ
muzeyinin Bakıda yaradılması bu gün üçün
aktual deyil. Gələcəkdə – torpaqlarımız
qayıdandan sonra həmin məsələyə baxıla bilər.
Bu gün isə gündəlikdə belə bir məsələ
yoxdur».
V.Tofiqli
isə problemin çarəsini məhz Dövlət Qarabağ
Tarixi Muzeyinin yaradılmasında görür. SAMF direktoru hesab
edir ki, məhz həmin muzeydə bu cür eksponatların
nümayişi keçirilə bilər. V.Tofiqlinin fikrincə,
muzeydə hər bir rayonun tarixi-mədəni irsi barədə
məlumat və eksponatların nümayişi çox
böyük səmərə verə bilər. Bu proseslərə
vətəndaş cəmiyyətinin cəlb edilməsi prosesin
həyata keçirilməsini daha da sürətləndirər:
“İşğaldan 20 ilə yaxın vaxt keçir. Artıq
müəyyən eksponatlar da itib, ziyan dəyib. Ancaq biz bunu bərpa
etməliyik. Bu, bizim borcumuzdur. Fikrimizcə, vaxtı ilə
yaradılan Dövlət
Qarabağ Tarixi Muzeyinin bərpası və onun adına layiq
bir yerdə fəaliyyəti gənc nəslin təlim-tərbiyəsində,
həm də ölkəmizin tanıdılmasında müstəsna
rol oynaya bilər”.
Təranə Məhərrəmova
Kaspi.- 2011.- 4 oktyabr.- S.9.